Qüdrətin nümayişi
27 sentyabr 2020-ci ildə erməni ordusunun Tovuz istiqamətində növbəti hərbi təxribat hücumu Azərbaycanın səbir kasasını daşdırdı!
Ali Baş Komandan cənab İlham Əliyev qudurmuş düşməni yerində oturtmaq, işğal altındakı ərazilərimizi geri qaytarmaq üçün “İrəli” əmrini verdi!
Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda II Qarabağ müharibəsi, müqəddəs Vətən müharibəsi başladı!
Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü və imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi!
Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün axşam televiziya ilə xalqa müraciətini hamı bir nəfər kimi diqqətlə, nəfəs dərmədən dinlədi, razılıq və məmnunluqla qarşıladı:
“Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir”, - söyləyirdi dövlət başçısı.
İlham Əliyev xalqa müraciətini əminlik və nikbinliklə başa çatdırdı:
“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycan Ordusunun möhtəşəm hərbi əməliyyatları, 44 günlük zəfər müharibəsində Müzəffər Ali Baş Komandanın irəlicədən söylədikləri bütünlüklə həyata keçdi!
***
Vətən müharibəsi, ilk növbədə, zəka, uzaqgörənlik, müdriklik, qətiyyət və möhkəm iradə müharibəsi idi.
Döyüşən ordulara rəhbərlik edənlərin bu sahədəki fərqi özünü hərbi əməliyyatların gedişində, orduların hazırlıq səviyyəsində, seçilən taktika və strategiyada, müharibəyə hazırlıq və döyüşlərin davam etdiyi müddətdə yeridilən daxili və xarici siyasət, atılan diplomatik addımlar - bütövlükdə müharibənin nəticəsində özünü parlaq şəkildə göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinə hazırlıq, müharibənin aparılması və düşmənin təslim aktını imzalaması ilə başa çatması dövründəki gördüyü işlər ən yüksək tərifə layiq olmaqla bahəm, üstəlik ən mükəmməl nümunə və örnəkdir!
Hərb, diplomatiya və informasiya müharibəsi cəbhəsinin qalibi və qəhrəmanı sayılan cənab İlham Əliyev eyni zamanda Azərbaycan Ordusunun, diplomatiyasının, uzaqgörən siyasətinin qüdrətini də nümayiş etdirdi!
***
İqtisadi imkan, iqtisadi potensial, iqtisadi cəhətdən müstəqillik müstəqil siyasət yürütməyə, dünya birliyində hörmət və nüfuzlu yer qazanmağa, nəhəng layihələri reallaşdırmağa, yaxın və uzaq hədəfləri müəyyənləşdirərək ona uğurla çatmağa münbit şərait yaradır!
Azərbaycanın kifayət qədər karbohidrogen ehtiyatları, çox əlverişli geosiyasi mövqeyi vardır!
Lakin dünya bazarına çıxarılmadan bu sərvətlərdən bəhrələnmək mümkün deyil!
Əlverişli coğrafi mövqedən istifadəni bacarmasan, onun da heç bir əhəmiyyəti olmur!
Həm də sərvət və təbii üstünlüklər müəyyən problemlərə də səbəb olur...
Ondan pay almaq istəyən güclülər müxtəlif təzyiq və təsir vasitələrini işə salırlar...
Bütün bunları çox gözəl bilən və önləməyi bacaran cənab İlham Əliyev həm də ölçülü-biçili addımlar ustasıdır!
Odur ki, İlham Əliyev qazandığı bütün uğurları son məqsədə - torpaqların işğaldan azad edilməsinə yönləndirməyi məharətlə bacardı!
Milli maraqların əsas götürüldüyü, bərabərhüquqlu, iştirakçı tərəflərin də mənafeyinin təmin olunduğu əməkdaşlıq Azərbaycanın nəzərdə tutduğu bütün hədəflərə çatmasına şərait yaratdı.
Transmilli layihələr reallaşdırıldı, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri işə salındı, “Cənub qaz dəhlizi” ölkəmizi Avropaya daha sıx bağladı...
Bu addımların hər birində Azərbaycan həm vəsait, həm də dost qazandı!
Bu vəsaitlər hesabına iqtisadi cəhətdən güclənir, güclü ordu qurur, ən müasir silahlar əldə edirdi.
Yaranan dostluq əlaqələri hesabına isə haqq işini dəstəkləyənlərin sayı artırdı.
Vətən müharibəsi həm də Azərbaycanın iqtisadi qüdrətinin nümayişi oldu!
***
Prezident İlham Əliyev düşmənin xoşluqla sülhə gəlməyəcəyini, məsələnin danışıqlar yolu ilə həll edilməyəcəyini çox gözəl bilirdi.
Odur ki, yeni, müasir, güclü ordu quruculuğuna çox böyük diqqət yetirirdi!
Həm də hərbi əməliyyatlara hazırlıq hər gün, son dərəcə məxfi şəkildə, sülh danışıqları ilə paralel aparılırdı.
* Ən müasir silahlar alınır;
* Təkcə Azərbaycanda yox, dünyanın tanınmış ali hərbi məktəblərində azərbaycanlı zabit kadrları hazırlanırdı;
* Xüsusi təyinatlılar yetişdirilirdi;
* Sistemli şəkildə təlimlər keçirilir, döyüş şəraitində ordunun hərəkəti, komanda heyətinin fəaliyyəti öyrədilir, təkmilləşdirilirdi;
* Azərbaycan gəncinin yüksək vətənpərvərlik hissləri hərbi vərdişlərlə üzvi şəkildə əlaqələndirilirdi.
NƏTİCƏDƏ...
Heç bir hərbi təhsili olmayan, peşəkar zabit kimi orduda xidmət etməyən Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir müharibə apardı ki, indi dünyanın bütün hərbçiləri, güclü orduya malik dövlətləri ondan öyrənir, onun strategiya və taktikasının tətbiqi üçün öz ordularında islahatlar aparırlar!
Qüdrətli Sərkərdənin qüdrətli ordusu artıq bütün dünyaya nümunədir!
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim sülh danışıqlarına sadiq qalıb, Qarabağ probleminin danışıqlar yolu ilə həllinə çalışıb!
Ancaq ATƏT-in Minsk qrupunun hər uğursuz cəhdindən sonra (uğursuzluğun isə sayı-hesabı bilinmir) açıq şəkildə bəyan edib:
* Azərbaycan bir qarış ərazisini belə heç kəsə güzəştə getməyəcək!
* Azərbaycan öz ərazisində ikinci erməni dövləti yaradılmasına yol verməyəcək!
Ali Baş Komandan həm də xəbərdarlıq edib:
* Məsələ sülh yolu ilə həllini tapmasa, digər vasitələrlə torpaqlar qaytarılacaq!
Münaqişəni həll etməli olanlar, bu barədə üzərlərinə öhdəlik götürənlər isə xəbərdarlıqlara məhəl qoymadılar!
Bəlkə də inanmadılar ki, Azərbaycan hərbi əməliyyatlara başlaya bilər!
Ancaq Azərbaycan xalqı öz rəhbərini daha yaxşı tanıyır!
Həm də bilir ki, İlham Əliyevin sözü ilə əməli birdir!
Dedisə, hökmən edəcəkdir!
Budur, Müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətinin qüdrətini və imkanlarını ortaya qoydu!
44 gün ərzində dediyini etdi!
Həm də göstərdi ki, onun xəbərdarlıqlarını diqqətdən kənar qoymaq olmaz!
Sonradan peşmançılıq çəkənlər onu eşitməyənlər olur!
Vətən müharibəsi döyüşlərində Azərbaycan Ordusunun vuran əli I Qarabağ müharibəsindən sonra doğulan igid gənclərimiz oldu!
Tovuz hadisələri zamanı bu vətənsevər gənclər Bakının meydanlarına axışaraq torpaqları işğaldan azad etməyə hazır olduqlarını və orduya yazılmaq istədiklərini bəyan etdilər!
Müharibə dövründə belə gənclərin, xüsusi təyinatlılarımızın adı gələndə erməni əsgəri başını soxmağa kol axtarırdı!
Müstəqillik dövründə böyüyən, idman yarışlarında daim Azərbaycan bayrağını yüksəklərə qaldıran, yüksək təhsili, intellekti, torpaq həsrəti və vətən sevgisi ilə fərqlənən gənclər bu gün də hər birimizin fəxridir!
Vətənpərvər Azərbaycan gənci özünü döyüş meydanında, mənfur düşmənə qarşı mübarizədə də ən yaxşı cəhətdən göstərdi!
Bütün döyüş tapşırıqlarını cəsarətlə, igidliklə yerinə yetirdi!
Əsl igidlik, şücaət və qəhrəmanlıq nümayiş etdirdi!
Şuşa kimi qala şəhərini sıldırım qayalara dırmaşmaqla, çətin cığırlardan keçməklə, yüngül silahlarla az qala əliyalın aldı!
Azərbaycan gəncinin nəyə qadir olduğunu, əsl vətən sevgisinin necə olduğunu bütün dünya gördü!
***
Azərbaycan dövlətinin və ordusunun gücünü qat-qat artıran həm də xalqımızın milli birliyi oldu!
Elə bir azərbaycanlı yoxdur ki, ölkəmizin ərazi bütövlüyünün bərpasını istəməsin və buna açıq dəstəyini ifadə etməsin!
I Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı mənfur düşmənlə mübarizəyə qalxdı!
Bu gün müharibə qəhrəmanları arasında bütün millətlərin nümayəndələri vardır!
Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsi döyüşlərdə iğidliklə iştirak edib, onların bir qismi şəhidliyə yüksəlib və xalqımızın qəlbində özünə əbədi yer tutub!
Hərbi əməliyyatların başlandığı ilk anlardan Azərbaycanda iqtidar-müxalifət mövqeyi, qarşıdurması yox oldu!
Bütün siyasi partiyalar vahid cəbhədə düşmənə qarşı mübarizədə birləşdiklərini bəyan etdilər!
Beləliklə, düşmənlərimizin xalqı parçalamaq niyyəti tam iflasa uğradı.
Milli birliyimizin qüdrəti isə böyük zəfərimizə danılmaz töhfəsini bəxş etdi!
***
Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin ən mühüm uğurlarından biri də Azərbaycanın düşmənlərini dostlarına, bədxahlarını xeyirxahına, loyallarını dəstəkçisinə çevirməsidir!
Dövlət başçısı on səkkiz illik rəhbərliyi dövründə ikitərəfli münasibətlərin qurulmasında, beynəlxalq qurum və təşkilatlara rəhbərliyində daima bu məsələni ön planda saxlamışdır.
Dəfələrlə yeni dostlarımızın bizə xeyirxah yanaşmalarının və zəruri dəstəyinin şahidi olmuşuq.
İlham Əliyevin ən böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan dostluğunu qardaşlığa, sıx əlaqələri sarsılmaz və strateji tərəfdaşlığa çevirməsidir!
Bu gün Ərdoğan Türkiyəsi dünya dövlətinə çevrilib və çəkisi, sanbalı görünməmiş dərəcədə yüksəlib!
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qardaşlığı isə bu münasibətlərə yeni çalar, hərarət və möhkəmlik qatır.
Ərazi bütövlüyünün bərpası uğrunda apardığımız müqəddəs savaşda biz daim Türkiyəni, türk qardaşlarımızı yanımızda gördük, bütün sahələrdə dəstəklərini, köməklərini aldıq!
Hörmətli Rəcəb Tayyib Ərdoğanın “Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür” sözlərinin təsdiqinin biz Vətən müharibəsində dönə-dönə şahidi olduq!
Bu yenilməz dostluğun qüdrəti bizi məqsədimizə daha tez çatdırdı!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin, habelə Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında Ermənistanın cılızlığı və kiçikliyi daha aydın göründü!
Müharibədən əvvəl lovğalanıb bizə hədə-qorxu gələnlər hərbi əməliyyatlardan üç gün keçməmiş yalvar-yaxara başladılar, onun-bunun dabanını yalayıb, zəng edib, dəng edərək bizə minnətçi saldılar!
Lakin heç bir xahiş-minnət, heç bir təsir-təzyiq cəhdi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsinə zərrə qədər də təsir göstərə bilməzdi!
Müzəffər Ali Baş Komandanımız istədiyinə, irəli sürdüyü şərtlərə əməl olunmayınca heç bir güzəştə getmədi!
Yalnız düşmənin başını əzib, belini qırdıqdan, ərazilərin böyük bir hissəsini və Şuşanı azad etdikdən, ermənini alçaldılmış və zəlil günə saldıqdan sonra hərbi əməliyyatları dayandırdı!
Azərbaycanın bütün maraqlarını təmin edən kapitulyasiya sənədinə qol çəkdirməklə düşməni bir daha aşağıladı!
Budur Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrəti!
Budur qalib Azərbaycan Ordusunun qüdrəti!
Budur Azərbaycan xalqının
və dövlətinin
qüdrəti!
Düşmən bunu heç zaman unutmamalıdır!
Unutsalar
bir daha peşman olacaqlar!
Onlara edilən xəbərdarlıqları
da yadda çıxarmasınlar!
Dəmir
yumruq daim hazır vəziyyətdədir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 26 sentyabr.- S.1-2.