27
sentyabr saat 06:00...
Qələbə
vədi ilə başlayıb Zəfərlə bitən
savaş tariximizin şərəfli səhifəsinə
çevrildi
27 sentyabr saat 06:00 radələri... 30 ilə yaxın
müddət ərzində Azərbaycana qarşı
davamlı təxribatlar törədən Ermənistan
silahlı qüvvələri həmin gün növbəti hərbi
əməliyyata başlayırlar.
Bu təxribatdan
az sonra Müdafiə Nazirliyi Ermənistan
silahlı qüvvələrinin yenidən
qoşunlarımıza əməliyyat apardığı barədə
məlumat yayır və Azərbaycan Ordusunun
komandanlığı tərəfindən
qoşunlarımızın buna cavab olaraq, bütün cəbhə
boyu əks-hücum əməliyyatına başlaması barədə
qərarın verildiyini açıqlayır.
Azərbaycan xalqı müharibənin
başlayacağı günü səbirsizliklə gözləsə
də, həmin anın artıq yetişdiyindən, verilən
qərarın arxasında müharibənin başlanma xəbərinin
dayanmasından hələ xəbərdar deyil.
Cəbhədə gərginliyinin artdığını
eşidən hər kəs tarixi torpaqlarımızın
işğaldan azad edilməsi üçün bu dəfə hərbi
qüdrətimizi göstərməyin vaxtı
çatdığını düşünərək Zəfər
bayrağımızı öz gücümüz hesabına həmin
torpaqlara sancmağı, bu münaqişənin birdəfəlik
həllini arzulayır.
Və 44
gün sonra bu arzu, nəhayət ki, gercəyə
çevrilir!
Müharibənin
elə ilk günündə xalqa Zəfər vəd edildi
Düşmənin hücum əməliyyatına layiqincə
cavab verən Azərbaycan beynəlxalq masalar arxasında 30 ilə
yaxın davam edən mənasız danışıqlardan sonra
Vətən müharibəsinə başladı. Xalq bu xəbəri Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevdən aldı: “Azərbaycan Ordusu hazırda
düşmənin hərbi mövqelərinə atəşlər,
zərbələr endirir və bu zərbələr nəticəsində
düşmənin bir çox hərbi texnikası sıradan
çıxıb. Bu gün Azərbaycan Ordusu
öz torpağında Azərbaycanın ərazi
bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir,
bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim
işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!”
Bu müraciətdən sonra yaşından asılı
olmayaraq, hər kəs qisasımızın alınması
üçün əlindən gələni etməyə
çalışdı. Əli silah tutan bütün kişilər
- gənclər, hətta yaşlılar belə
döyüşlərə könüllü qatılmaq
üçün Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
qeydiyyata alınmağa tələsdilər. Dəfələrlə ehtiyacın
olmadığının bildirilməsinə baxmayaraq,
qadınlar özlərinin bişirdikləri ləziz xörəkləri,
toxuduqları corabları əsgərlər üçün
göndərməyə çalışdılar,
yaşlı pensiyaçılar özlərinin aylıq təqaüdlərini,
işləyən şəxslər əməkhaqlarını
Silahlı Qüvvələrə Yardım Fonduna
köçürdülər. Bu Vətənin
övladı olan hər kəs müharibədən qalib
çıxmağımız üçün
bacardığını edirdi.
Xalqına zəfər
vəd edən və vədini yerinə yetirən Ali Baş
Komandanın rəhbərliyi altında aparılan Vətən
müharibəsinin elə ilk günlərindən xoş xəbərlər
eşitməyə başladıq. Qəhrəman
oğullarımızın canı-qanı hesabına
işğal altındakı torpaqlarımız
qarış-qarış, bir-bir azad edilirdi.
Müharibəni beynəlxalq hüquq prinsiplərinə
uyğun olmaqla aparan Azərbaycanın əsas məqsədi 30
ilə yaxın erməni işğalı altında qalan tarixi
torpaqlarımızı əsl sahibinə, yəni
özümüzə geri qaytarmaq idi.
Bunu
dövlət başçısı xalqa həmin gün etdiyi
müraciətində də dedi: “Biz öz
torpağımızda vuruşuruq. Bizim mövqeyimiz beynəlxalq
hüquqa və ədalətə əsaslanır... Erməni əsgərinin bizim torpağımızda nə
işi var?! Ermənistan ordusunun bizim
torpağımızda nə işi var?! Heç
kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ
ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan
vətəndaşlarından ibarətdir”.
Biz
müharibə istəmirdik
Azərbaycan xalqı nə qədər əzmkar,
döyüş ruhlu olsa da, yeni müharibənin
başlamasının tərəfdarı deyildi və səbirlə
erməni işğalçılarının torpaqlarımızdan
çıxacağı günü gözləyirdi.
Torpaqlarımızın
sülh şəraitində geri qaytarılmasını istədiyimiz
dəfələrlə ən yüksək səviyyələrdə,
ən ali tribunalarda da bildirilmişdi. Bunu
Ali Baş Komandan İlham Əliyev bu il
iyunun 26-da Azərbaycan Ordusunun rəhbər və şəxsi
heyətinin bir qrupu ilə görüşündə növbəti
dəfə xatırladıb: “Ümidlər var idi ki, Ermənistan
rəhbərliyində heç olmasa özünüqoruma
instinkti özünü büruzə versin və onlar öz
xoşları ilə bizim torpaqlarımızdan
çıxsınlar. Əgər bu olsaydı,
müharibəyə ehtiyac qalmazdı. Biz
müharibə istəmirdik və bu gün də istəmirik”.
Lakin Ermənistan torpaqlarımızın qeyd-şərtsiz
geri qaytarılması təklifini birmənalı şəkildə
rədd edərək işğalçılıq siyasətini
davam etdirdiyi üçün İkinci Qarabağ müharibəsi
qaçılmaz idi. İllərlə uzanan
danışıqların heç bir nəticə verməməsi
münaqişənin sülh yolu ilə həllini
mümkünsüz edirdi. Bu münaqişənin
yeganə həll yolu yalnız hərb gücündən
istifadə idi.
Milli Məclisin
deputatı Hikmət Məmmədov söhbətimizdə
bildirdi ki, əslində, Azərbaycan istəmədən
müharibəyə cəlb edilmişdi. 30
ilə yaxın müddət ərzində
torpaqlarımızın 20 faizi işğal altında
qaldığı üçün istəsək də, istəməsək
də müharibənin olması labüd idi.
Çünki mənfur düşmən olan Ermənistan
işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaq istəmirdi:
“Belə olduqda müharibə qaçılmaz idi və Azərbaycan
da buna bütün gücü ilə
hazırlaşırdı. Sadəcə,
müharibənin nə vaxt və necə olması zərgər
dəqiqliyi ilə hesablanmalı idi. Bütün
beynəlxalq, hərbi-siyasi və strateji şərtlər
lehimizə təmin edilməli, düzgün qiymətləndirilməli
idi. Əks təqdirdə, ikinci bir məğlubiyyətin
yükünü qaldırmaq bəlkə də mümkün
olmazdı”.
Deputat
qeyd edir ki, Azərbaycan Prezidenti böyük strateq və tarixi
şəxsiyyət kimi, bütün bu strateji incəlikləri
dəqiq hesablayaraq torpaqlarımızı işğaldan azad
etdi, düşmənə yüzilliklər boyu
unutmayacağı dərs verdi. Onun sözlərinə görə, heç bir
müharibənin nəticəsini əvvəlcədən dəqiq
proqnozlaşdırmaq mümkün deyil. Ancaq
Azərbaycan Prezidenti uzun illər boyu qələbəmizin təmin
olunmasına elə hazırlaşmışdı ki,
hüquqi, hərbi-strateji, iqtisadi, siyasi-diplomatik sahədə
heç bir çatışmazlıq yox idi. Buna görə də Azərbaycan xalqı öz
böyük liderinə inanırdı və ondan qələbə
gözləyirdi. Bu inamın, bu etimadın
nəticəsi isə göz qabağındadır.
Azərbaycan
xalqının birliyi - “dəmir yumruq”
44 gün davam edən hərbi əməliyyatların “dəmir
yumruq” adlandırılması təsadüfi deyil. Çünki
“dəmir yumruq” Azərbaycan xalqının iradəsini,
dövlətimizin, ordumuzun gücünü, xalq-Prezident-ordu
birliyini təcəssüm etdirirdi.
“Dəmir
yumruğ”un gücü adi yumruq
gücü deyil. Bunu Prezident İlham Əliyev də ötən
il noyabrda Şəhidlər xiyabanında
Azərbaycan xalqına etdiyi müraciətində demişdi:
“Bu günlərdə dəfələrlə Azərbaycan
xalqına müraciət edərək düşmənə
yumruq göstərmişdim. Demişdim ki, bu
yumruq elə belə yumruq deyil. Bu, “dəmir
yumruq”dur. Bu “dəmir yumruq”la düşmənin
başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax bu
gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə
belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik
bizə gələcəkdə də bütün vəzifələri
icra etmək üçün imkan yaradacaq”.
Ehtiyatda
olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirir ki, Azərbaycanda
dövlət-xalq-ordu birliyi qələbə gününü
bizə yaxınlaşdırdı: “Mən dövlət, xalq və
ordunu bir-birindən ayırmıram. Çünki
biz bu qələbə arzusunu birlikdə
yaşamışıq. Bu qələbə
üçün yalnız bir anı - Ali Baş Komandan,
Prezident İlham Əliyevin əmr verməsini gözləyirdik.
Ali Baş Komandan əmr verdikdən sonra ordumuzun
bu missiyaya hazırlığı qələbəmizi təmin
etdi. Bu, belə də olmalı idi. Qələbə çalacağımıza heç
vaxt şübhə etmirdik, bunun sadəcə geci-tezi var idi”.
Azərbaycan cəmiyyətinin müharibədə
böyük sınaqdan keçdiyi qənaətində olan hərbi
ekspertin sözlərinə görə, Prezident İlham
Əliyevin də dediyi kimi, biz bu müharibəni gənclərin
sayəsində udduq. Azərbaycan Vətən sevgisi olan, bu torpaq
üçün canından keçə bilən yeni gənc
nəsil yetişdirməklə bu qalibiyyəti əldə
etdi: “Çox zaman deyirlər ki, Birinci Qarabağ müharibəsində
torpaqlarımızın 20 faizini itirdik. Amma mən
deyirəm ki, biz torpaqların 80 faizini saxlamağa nail olduq.
Bu gənclər Birinci Qarabağ savaşında öz
canı-qanı hesabına Azərbaycan ərazisinin 80 faizini
düşməndən qorumağa nail olan ataların
övladlarıdırlar. Bu övladlar həmin
80 faizi yenidən 100 faizə çevirdi”.
Milli Məclisin deputatı Elman Məmmədov söyləyir
ki, torpaqlarımızın işğal altında olduğu
dövrdə hər bir azərbaycanlı onların azad edilməsi
barədə düşünürdü. Bu müddət
ərzində Azərbaycanın daxili və xarici siyasətinin
yeganə məqsədi qüdrətli ölkəyə
çevrilmək, güclü iqtisadiyyata, orduya, ümumxalq
birliyinə nail olmaq idi. Bu birlik ordunun arxasında elə
dayanmalı idi ki, düşməni torpaqlarımızdan
çıxara bilsin: “Biz Azərbaycan Prezidentinin rəhbərliyi
altında hər an bunun üçün
çalışırdıq. Bu müdrik siyasət
bizi qələbəyə apardı və biz
torpaqlarımızı işğaldan azad etdik. Bu qələbə labüd idi. Çünki
bu, Prezidentin rəhbərliyi altında ümumxalq hərəkatına
çevrilmişdi və nəticədə xalq-iqtidar-ordu
birliyi yaranmışdı. Ordu arxasında
dəmir yumruq kimi dayanan xalqı gördü. Bu birlik sayəsində biz zəfər
çaldıq”.
Azərbaycan
əsgərinin önündə onu ruhlandıran sərkərdə
var idi
Bu müharibədə Azərbaycan və Ermənistan
yalnız hərbi texnika və silahlarla təminat
baxımından bir-birindən fərqlənmirdi. Yüksək
döyüş qabiliyyəti və savaş ruhunun olması bu
müharibədə Azərbaycan hərbçisini erməni hərbçisindən
fərqləndirən ən əsas keyfiyyət idi.
Azərbaycan əsgəri döyüş meydanından
sağ-salamat qayıtmamaq ehtimalını gözə alsa da, əməliyyatlarda
yüksək əhvali-ruhiyyə ilə iştirak edirdi. Bu həm də ona görə
idi ki, Azərbaycan əsgəri arxasında deyil, məhz
önündə onu düşmənlə döyüşə
ruhlandıran baş sərkərdəsini, həmçinin
generallarını, ali rütbəli zabitlərini
görürdü. Bu müharibənin səngəri
yalnız əsgər üçün deyildi. Bu səngərdə sıravi əsgər öz
generalı ilə birlikdə düşmənə
qarşı mübarizə aparırdı. Tovuz
döyüşlərində şəhid olmuş general-mayor
Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ali rütbəli zabit kimi ön sıralarda
döyüşərək qəhrəmancasına həlak
olmaları da onu sübut edir ki, Azərbaycanın sıravi əsgərindən
tutmuş ən ali rütbəli zabitinə qədər hər
kəs döyüş tapşırığını ləyaqətlə
yerinə yetirməyə, Vətən torpağı uğrunda
fədakarlıq göstərməyə, canını fəda
etməyə hazırdır.
Bütün
bunlara görə idi ki, Azərbaycanın ali
rütbəli zabiti sıravi əsgərlə bir sırada,
eyni səngərdə döyüşürdü. Və onlar əsgərinə “irəli” deyil, məhz
“arxamca” komandasını verirdi.
Ermənistanın hərbçiləri arasında isə
vəziyyət tam əksinə idi. Müharibə dövründə erməni
idmançı Eduard Vartanyanın dediyi fikirləri yada salaq:
“Azərbaycan Ordusunun Cəbrayıla hücumu zamanı Ermənistan
ordusunun baş qərargahında baş operativ idarə rəisinin
birinci müavini Komitas Muradyan əsgərləri ataraq
qaçdı. O, yanından keçən çörək
maşınını saxlatdırdı, içindəki
yaralı əsgərləri çıxardı və
sürücüyə əmr elədi ki, onu döyüş
meydanından uzaqlaşdırsın”.
Müharibənin elə ilk günündə Ermənistan
hərbi komandanlığının fərari əsgərlərə
silah tətbiq edilməsi barədə əmr verməsi, fərarilərin
tutulub saxlanılması üçün işğal
olunmuş ərazilər ilə Ermənistan arasındakı
yollarda komendant postlarının qurulması erməni əsgərlərinin
bu döyüşə hansı əhvali-ruhiyyə ilə getməsinin
göstəricisi idi. Həmin postlarda silahın tətbiqi ilə
ciddi insidentlərin qeydə alınması, bunun nəticəsində
hətta ölən və yaralananların olması məsələsi
ermənilərin özləri tərəfindən də mətbuatda
kifayət qədər
işıqlandırılmışdı. Erməni
əsgərlərinin döyüş meydanından
qaçacağını görən ordu rəhbərliyinin
onların qolunu sükana qandallaması, çətin vəziyyətə
düşə bilən əsgərin qaça bilməməsindən
ötəri yük maşınlarının
qapısındakı kilidlərin sındırılması
faktı isə Azərbaycan hərbçilərinin ermənilərin
döyüş meydanında qoyub qaçdıqları hərbi
texnikalara baxış keçirmələri zamanı üzə
çıxıb.
Biz
güclü istehkam yaradan düşmənlə vuruşduq
“Global
Fire Power” araşdırma şirkətinin dünya ölkələrinin
orduları üzrə hazırladığı “2020: hərbi
güc reytinqi” adlı reytinq siyahısında Azərbaycan
Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsi
hesab edilib. Hərbi gücünə, büdcəsinə
görə Azərbaycandan xeyli geridə qalan Ermənistan
siyahıda yalnız 111-ci yerdə qərarlaşa bilib.
Bu imkanlarına baxmayaraq, Ermənistan böyük güc
dövlətlərinin dəstəyi ilə işğal
altında qalmış torpaqlarımızda uzun illər ərzində
güclü mühəndis-istehkam sistemləri yarada
bilmişdi. Belə
güclü istehkam sistemi yaradan, güclü dövlətlərdən
yardım alan Ermənistanı heç də
zəif düşmən hesab etmək olmazdı.
Bu fikirlə
razılaşan Şair Ramaldanov da hesab edir ki, aparılan
döyüşlər də Azərbaycan Ordusunun zəif
düşmənlə savaşmadığını
açıq şəkildə göstərirdi: “Ancaq burada bəzi
amillər var. Birincisi, haqq və nahaq. Azərbaycan
əsgərinin işi haqq işi idi. Azərbaycan
əsgəri öz torpağını azad edirdi, öz
missiyasını yerinə yetirmək, Vətənindən didərgin
düşənləri geri qaytarmaq üçün
vuruşurdu.
İstər Ulu Öndər Heydər Əliyevin, istərsə
Prezident İlham Əliyevin hakimiyyətdə olduqları
müddətdə Azərbaycanın ordu quruculuğu
birbaşa Ali Baş Komandanlığa bağlı olub. Ulu Öndərin
dövründə də Azərbaycan Ordusu bölgənin ən
güclü ordusu idi. Heydər Əliyevin
kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycan
Ordusunu müasir səviyyədə inkişaf etdirərək
onu döyüş hazırlığı yüksək olan 50
ən güclü ordu sırasına daxil edə bildi. Azərbaycanın bu savaşı XXI əsrin tələblərinə
cavab verən müharibə sayılır. Əlbəttə, bu fikir elə-belə söylənilmir.
Müasirlik amili bu müharibədə
üstün oldu. Ancaq modern silahların
istifadəsi üçün onu tətbiq edə bilən
şəxsi heyətin olması vacibdir. Buna
görə Azərbaycan Ordusuna intellektual potensiala sahib,
müasir silah idarə edə biləcək mütəxəssislər
cəlb edildi və yetişdirildi. Onlar
müharibədə həmin silahlardan məharətlə
istifadə etdilər”.
Şair
Ramaldanov əlavə edir ki, Azərbaycan Ordusu mümkün ola biləcək bütün variantları
irimiqyaslı təlimlərdə məlum ssenarilər üzrə
sınaqdan keçirirdi: “Müharibə zamanı bizim
üçün heç bir istiqamət gözlənilməz
deyildi. Biz bütün istiqamətlərdə
uğurla döyüşə bilirdik. Əgər
bir istiqamətdə uğur qazanırdıqsa, bu, başqa
istiqamətə keçdiyimiz zaman da baş verirdi. Müharibədə bütün qərarları Ali
Baş Komandanın özü verirdi. Ali
Baş Komandan böyük sərkərdəlik məharəti
göstərərək məhz uğur əldə edilən
istiqaməti seçirdi və buna görə də biz hər
gün yeni-yeni yaşayış məntəqələrini
işğaldan azad edirdik”.
Elman Məmmədovun sözlərinə görə, Azərbaycan
Ordusunun zəif Ermənistan ordusuna qalib gəlməsini
düşünənlər səhv edirlər. Ermənistanın 30 ilə
yaxın müddət ərzində işğal etdiyi ərazilərdə
yaratdığı güclü hərbi mühəndis istehkam
sistemləri dağıtmaq, həmin sədlərdən
keçmək üçün son dərəcə
güclü ordunun olması, ağıllı hərbi planlar tərtib
etmək bacarığı olan, qətiyyətli, cəsarətli
Ali Baş Komandan lazım idi: “Biz bilirdik ki,
qarşımızdakı düşmən necə
hazırlıqlar aparıb. Biz döyüş
qabiliyyəti kifayət qədər yüksək olan,
müdafiəyə uzun illər ərzində kifayət qədər
güclü hazırlanmış bir orduya, dövlətə
qalib gəldik. Ancaq bizim ordumuz bu ordudan
döyüş qabiliyyətinə, vətənpərvərliyinə
görə dəfələrlə üstün idi”.
Deputat qeyd edir ki, Ermənistan Azərbaycanın
müharibədə qələbə
çalacağını gözləmirdi. Bu dövlət Azərbaycanın
getdikcə gücləndiyini dərk etsə də, o, xam xəyallarla
yaşayır, Azərbaycan və Azərbaycan Ordusunun
1990-cı illərin əvvəllərində olan vəziyyətdə
qaldığını fikirləşirdi: “Onlar həmişə
bəyan edirdilər ki, əgər müharibəyə
başlasanız, sizin daha bir necə rayonunuzu alacayıq. Hətta Bakıya gəlib çatacağıq.
Onları belə xəstə xam xəyallar
arxayınlaşdırmışdı. Ancaq
“dəmir yumruq” onların başına elə dəydi ki, bu
gün də özlərinə gələ bilmirlər”.
Elman Məmmədov deyir ki, Azərbaycan zabitlərinin,
Ali Baş Komandanın hərbi bilikləri, dövlətimizin
hərbi qüdrəti, hazırlanan əməliyyatların qətiyyəti,
Azərbaycan əsgərinin döyüş ruhu, mübarizliyi
bu zəfəri bizə qazandırdı.
İnformasiya
savaşında qələbə
Müharibə dövründə Azərbaycan yalnız
Ermənistanla vuruşmadı. Müharibənin ilk
günlərindən məlum dövlətlər Azərbaycana
müxtəlif yollarla təzyiqlər göstərirdi. Ölkəmizə qarşı hər zaman ikili
standartlar nümayiş etdirən beynəlxalq aləm yenə
də daha çox Ermənistanın haqsız mövqeyini
qorumaqda israrlı idi. Prezident İlham
Əliyev bu təzyiqlərə qarşı
dözümlülük göstərərək savaşı
sonadək davam etdirmək qərarından dönmədi.
“Biz Qərb mediasını yaxından müşahidə
edirik və bu qırx gün ərzində mənim bəlkə
də, otuz müsahibəm olub. Onların
hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi,
sanki bir ittiham idi. Ermənistan tərəfində
heç nə baş vermir. Heç kim
Paşinyandan nəyə görə Gəncəyə ballistik
raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə
yetirib? Nəyə görə o, Tərtərdə
dəfn mərasiminə hücum edib? Nəyə
görə onlar 21 insanı qətlə yetirərək və
70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək
üçün kassetli bombalarla “Smerç”dən istifadə
ediblər? Heç kim ondan
soruşmur. Heç kim ondan silahları
haradan əldə etdiyini soruşmur? Yalnız
bizə hücum edirlər. Beynəlxalq
media yalnız Azərbaycanı ləkələyir”, - deyən
Prezident İlham Əliyev də müharibə dövründə
BBC-yə verdiyi müsahibəsində xarici media
qurumlarının Azərbaycana qarşı olan münasibətinə
xüsusi diqqət çəkirdi.
Milli Məclisin
deputatı Hikmət Məmmədovun sözlərinə
görə, istər müharibə, istərsə sonrakı
dövr ərzində bir daha aydın oldu ki, Azərbaycan
yalnız erməni faşizmi üzərində deyil, bu mənfur
faşizmi dəstəkləyən, ermənilərin
işğalçılıq siyasətinə bəraət
qazandıran, uzun illər davam edən, “status-kvo”nu əbədi
etmək istəyən çoxsaylı güc mərkəzi
üzərində də qələbə çalıb. İllər ötdükcə əldə etdiyimiz zəfərin
nə qədər böyük olduğunu daha çox dərk
edəcəyik. Milli kimliyimizin yeni
miladı, milli qürurumuzun yeni səhifəsi olan bu qələbə
tarixi düşmənlərimizin məğlubiyyəti olmaqla
Azərbaycanı dövlət kimi tamamilə yeni bir inkişaf
mərhələsinə qaldırmış oldu. Bu
böyük qələbəni təmin edən, müharibə
dövründə və ondan sonrakı “səssiz” müharibə
mərhələsində bizə edilən bütün təzyiq
və hədələrə qarşı duruş gətirə
bilməmizin üç əsas səbəbi var. Bunlar Ali
Baş Komandanın qətiyyətli və uzaqgörən
olması, illərlə formalaşdırılmış və
ən yüksək səviyyədə təchiz edilmiş
milli ordu və xalqın öz böyük liderinə
inamı, dəstəyidir. Digər
çoxsaylı strateji amili buraya əlavə etməli olsaq
da, böyük tarixi zəfərimiz bu üç
mühüm strateji amilin təmin edilməsi sayəsində
baş tutub.
Şair Ramaldanov deyir ki, müharibə dövründə
diplomatiya sahəsində də müəyyən risklər var
idi. Bu risklərin
qarşısını Ali Baş Komandan İlham Əliyev qətiyyətlə
alırdı: “Görürdük ki, müharibə vaxtı
bizə mane olan qüvvələr var. Hətta ATƏT-in Minsk
qrupunun üzvləri belə təzyiqlər göstərirdilər.
Ancaq Prezident İlham Əliyevin
apardığı siyasət sayəsində digər güc
dövlətləri Azərbaycanın haqq işinə
müdaxilə edə bilmədilər. Aprel
döyüşlərindən sonra Prezident İlham Əliyev
dedi ki, əgər Azərbaycan və Ermənistan ordusunu təkbətək
qoysalar, Azərbaycan Ordusu qısa zaman ərzində
işğalçı qüvvələri darmadağın edərək
ərazi bütövlüyünü bərpa edə bilər.
O zaman bizi təkbətək qoymadılar. Amma bu
müharibədə Prezident İlham Əliyevin
apardığı siyasət bizi o risklərdən qorudu.
Nəticədə üçtərəfli Bəyanat
ortaya çıxdı və biz ərazi
bütövlüyümüzü tam şəkildə bərpa
edə bildik”.
Hikmət Məmmədov Azərbaycanın müharibə
dövründə də informasiya müharibəsinin qalibi
olduğunu açıqlayır. O əlavə edir ki, müharibə
dövründə Azərbaycan Prezidenti İlham Əliyev
xalqı məlumatsız qoymayaraq dezinformasiyaların
yayılmasına şərait yaratmadı. Torpaqlarımızın
işğaldan azad edilməsi ilə bağlı bütün
xəbərlər birbaşa onun vasitəsilə xalqa
çatdırıldı. Hətta Ermənistan
da dəqiq informasiyaları Azərbaycan Prezidentindən öyrənirdi.
Azərbaycan Prezidenti Ali Baş Komandan kimi eyni vaxtda bir
neçə cəbhədə savaşdı və
hamısında qətiyyətli və mütləq qələbə
əldə etdi: “Hibrid müharibələrin çoxsaylı
komponentləri içərisində ən əsaslarından
biri psixoloji, digəri isə informasiya müharibəsidir. Digər
bütün istiqamətlərdə olduğu kimi, bu iki
mühüm istiqamət üzrə də Prezident
İlham Əliyev böyük qələbə əldə
etdi.
Dezinformasiyanın müharibə vaxtı çox önəmli
silah olduğunu bilən Ali Baş Komandanımız
xalqımızı bir an belə informasiyasız
qoymadı. Müharibənin gedişi haqqında dəqiq xəbərlər
verməklə az qala hər gün millətimizi
yeni müjdələrlə sevindirdi. Buna paralel
olaraq, dünyanın ən aparıcı media qurumları vasitəsilə
beynəlxalq ictimaiyyətə haqq səsimizi
çatdırdı. İmkan vermədi ki,
hansısa sahədə informasiya boşluğu yaransın və
bu boşluğu dərhal düşmənin dezinformasiya
maşını doldursun. Məhz bu cür
mükəmməl informasiya strategiyası qələbəmizi
təmin edən əsaslardan biri oldu”.
İlham
Əliyev mifik erməni ideologiyasını məhv etdi
Azərbaycan
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri,
deputat Zahid Oruc deyir ki, İlham Əliyev strategiyası
Qarabağı beynəlxalq masalardan birdəfəlik
çıxarıb və onun yerini quruculuq gündəlikləri
ilə əvəz edib. Onun strategiyası fədakar xalqının
məğlubiyyət şüurunu unutdurur, min illərlə
yaşı olan tarixinin qalibiyyət salnaməsinin
qırılmaz bağlarını yeni dövlət və millət
quruculuğunun təməllərinə daşıyır:
“Levon Ter Petrosyanın sabiq müşaviri və əqidə
silahdaşı olan, öz xalqının faciələrini açıq
söyləyən Jirayr Libaridyan deyir ki, savaşı əvvəlcədən
qazana bilməyəcəyimiz aydın idi və biz məğlubiyyətə
məhkum idik. Onun “suverenlik və müstəqilliyimizin
böyük bir hissəsini itirdik” sözləri ilk növbədə,
İlham Əliyevin təkcə ərazilər uğrunda
savaşı deyil, həm də ideya müharibəsini
udmasını və mifik erməni ideologiyasının üzərindən
xətt çəkməsini nəzərdə tutur”.
Deputat əlavə edir ki, iki əsrlik məğlubiyyət keçmişini dəyişmək mümkün deyil, lakin aldığımız dərslər yeni eranı Qələbə ilə başlamağa yol açdı: “İlham Əliyev bir millətin mədəniyyət və ideologiyasının səhv olduğunu bütün dünya erməniçiliyinə göstərməklə min illərin qələbəsini qazandı. Yeni eranın birinci 20 illiyini qələbə ilə keçirən
İlham Əliyev Qarabağ zəfərini möhkəmləndirərək Kəlbəcərdən Zəngilana qədər olan strateji coğrafi yüksəkliklərə nəzarəti təmin etdikdən sonra yeni siyasi doktrinə keçidi elan edir. O, uzun illər düşmənin adı ilə yanaşı işlənən İrəvan sözünün qədim və doğma mənasını ruhi, mənəvi düşüncələrə, təhlillərə, siyasi leksikona qaytarır”.
Zahid Oruc bildirir ki, bir vaxtlar Xəzərin ətrafında qurulan qlobal neft konsorsiumu və Qafqazları dəyişdirən iqtisadi müharibənin parametrləri indi Britaniya, Türkiyə, Rusiya və digər dövlətlərin Zəngilandan Kəlbəcərədək geniş bir zolaqda qızıl yataqları, təbii sərvətləri və böyük qayıdış ətrafında razılaşma formuluna köçürülür.
Onun fikrincə, əslində, “Əsrin kontraktı”nı Vejnəlidən Zod yataqlarınadək geniş zolağa daşımaq bir tərəfdən yeni torpaqlarda sülh və təhlükəsizliyi gücləndirmək üçün beynəlxalq zireh yaradır. Digər tərəfdən, aparılan müharibənin prinsiplərini heç vaxt unutmağa qoymur.
Bu müharibədə haqlı olan da, güclü olan da BİZ idik
Tariximizin yeni qızıl səhifəsini açan Vətən müharibəsində yenidən qazandığımız Qarabağ torpaqları indi canlanma mərhələsindədir. Postmüharibə dövrünü yaşayan Azərbaycan 10 noyabr Bəyanatının imzalanmasından ötən dövr ərzində Qarabağ bölgəsinin dirçəlməsi üçün yenidənqurma işləri aparır, hərbi, iqtisadi baxımdan mühüm strateji layihələr həyata keçirir.
Ancaq müharibə bitsə də, biz həm bu müharibəyə qədər, həm də müharibə dövründə olan erməni vəhşiliyini unuda bilmərik. “Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək”, - deyən Prezident İlham Əliyev də erməni vəhşiliklərinin hər zaman yaddaşımızda qalacağını xatırladır.
Bizim unutmamalı olduğumuz və gələcək nəsillərə ötürülməli olan bir mesajımız var: Biz bu müharibəyə başlamadıq, amma qətiyyətli iradəmizin verdiyi güc hesabına bu müharibəni məhz biz bitirdik və onun qalibi də biz olduq. Çünki bu müharibədə haqlı olan da, güclü, mübariz olan da, uğrunda döyüşdüyümüz torpağımız üçün canını fədakarcasına qurban edə bilən də BİZ idik.
İlhamə İSABALAYEVA,
Azərbaycan.-2021.-
26 sentyabr.- S.1;6.