Xalqına əbədi Zəfər qazandıran lider

 

44 günlük Vətən müharibəsi xalqımızın böyüklüyünü və məğrurluğunu bir daha təsdiqlədi

 

 

 

Milli dövlətçilik tariximizin ən qürurverici hadisələrindən olan, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin başlanmasının sentyabrın 27-də bir ili tamam olur. Azərbaycan ötən müddətdə mübariz hərbçilərimizin qəhrəmanlığını və şücaətini yüksək qiymətləndirmiş, şəhidlərimizin ruhuna dərin ehtiram göstərmiş, xatirəsini uca tutmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli sərəncamı bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si respublikamızda Anım Günü elan edilmişdir.

 

Xalqımız bu müharibədəki parlaq qalibiyyəti ilə torpaqlarımızın təxminən otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyev əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızın müəyyən qismini geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan lider kimi adını ən müasir tariximizə yazmışdır.

 

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ruhu, bunun ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli zəfər xalqın milli qürurunu özünə qaytarmışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsılmaz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir.

 

İnkaredilməz həqiqətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ötən 30 ildə müasir dövlətçilik ənənələrinin, vətəndaş cəmiyyətinin, iqtisadi-siyasi institutların formalaşdırılması prosesi xalqımızın Ümummilli Lideri, böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildən sonra Prezident

 

İlham Əliyev bu ənənələri daha da inkişaf etdirərək ölkəmizi bütün parametrlər üzrə tarixinin ən qüdrətli mərhələsinə çatdırmışdır. Bu illər ərzində cənab İlham Əliyevin özünün də formalaşdırdığı bir çox dövlətçilik ənənələri vardır ki, Vətən müharibəsi günlərində əldə edilmiş təcrübə bunlardan ən əhəmiyyətlisi sayıla bilər.

 

Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarımızdan könüllü şəkildə, sülh yolu ilə çıxması üçün aparılan danışıqlara uzun illər sadiqlik göstərmişdir. Münaqişənin hər iki tərəfdən insan itkilərinə yol vermədən, ölkələrin sosial-iqtisadi həyatına ziyan vurmadan yoluna qoyulmasından ötrü bütün mövcud imkanları səbirlə dəyərləndirmiş, təcavüzkar ölkədən də eyni davranışı gözləmişdir. Əfsuslar olsun ki, Ermənistan 30 ilə yaxın müddətdə danışıqlar prosesində beynəlxalq ictimaiyyəti aldatmaq yolunu tutmuş, işğal etdiyi torpaqlarımızı əlində qaytarmamağa, “status-kvo”nu saxlamağa yönəltmişdir.

 

Ermənistanın riyakar davranışlarını müşahidə edən vətəndaşlarımızda belə bir yəqinlik vardı ki, torpaqlarımızın sülh yolu ilə düşməndən təmizlənməsi mümkün olmayacaq, Azərbaycan gec-tez məsələnin hərbi yolla həllinə qərar verəcəkdir. Prezident İlham Əliyev çıxışlarında xalqımızın məsələnin sülh yolu ilə həlli arzusunu bildirməklə yanaşı, səbrimizin sonsuz olmadığını dəfələrlə bəyan etmiş, əgər danışıqlar səmərə verməzsə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad edəcəyini qətiyyətlə vurğulamışdır.

 

Dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun 2019-cu il 3 oktyabr tarixində keçirilən XVI illik iclasının plenar sessiyasındakı tarixi nitqi yaxınlaşmaqda olan Vətən müharibəsinin xəbərdarlığı idi. Həmin nitqində cənab İlham Əliyev Ermənistanın işğalçı siyasətini yüksək tribunadan növbəti dəfə ifşa etmiş, beynəlxalq təşkilatların təcavüzkarı torpaqlarımızdan çıxmağa çağıran sənədlərini xatırlatmış, münaqişənin Azərbaycanın dünyada tanınmış ərazi bütövlüyü çərçivəsində həlli zərurətini diqqətə çəkmişdir. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın sülhə, təhlükəsizliyə, qonşularla birgə əməkdaşlıq şəraitində davamlı inkişafa çalışmaq əvəzinə “Valday” sammiti ərəfəsində verdiyi “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” kimi sərsəm bəyanatını sessiya iştirakçılarının nəzərinə çatdıraraq demişdir: “Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Bu bəyanatdan sonra vətəndaşlarımız bir daha əmin oldular ki, Ali Baş Komandanın ordumuza torpaqlarımızı düşməndən təmizləmək əmri verəcəyi gün uzaqda deyildir. 2016-cı ilin Aprel döyüşlərindəki zəfərimiz, ardınca 2018-ci ildə Naxçıvanda - Güngütdə 11 min hektar ərazinin düşməndən təmizlənməsi hərbi əməliyyatların başlayacağı təqdirdə müzəffər ordumuzun qısa müddət ərzində nail olacağı nəticələrlə bağlı müəyyən ictimai qənaətlər formalaşdırdı.

 

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin artilleriya atəşi nəticəsində yüksək rütbəli hərbçilərimizin və bir mülki şəxsimizin həlak olması isə xalqımızın səbrini daşıran son damla oldu. Həmin günlərdə Azərbaycan hərbçiləri düşmənin layiqli cavabını verdi, təxribatın qarşısı alındı. Minlərlə insanın paytaxt və regionlarda küçələrə çıxaraq “Ali Baş Komandan, bizə silah ver” deyə yürüş etməsi isə Azərbaycan cəmiyyətinin artıq qisas və savaş ruhunda kökləndiyini bir daha təsdiqlədi.

 

Ümumiyyətlə, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı qəbuledilməz “7 şərt” irəli sürməsi, terrorçu qruplaşmaları, muzdlu döyüşçüləri işğal etdiyi ərazilərimizdə yerləşdirməsi, cəbhə bölgəsində, qoşunların təmas xəttində açıq təxribatlar törətməsi hərbi əməliyyatların bərpası ehtimalını daha da artırırdı. Bu azmış kimi Şuşa şəhərində qondarma rejimin “rəhbəri”nin “andiçmə mərasimi”nin təşkili, “Dağlıq Qarabağ parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi cəhdləri düşmənin növbəti təxribatları olub, Azərbaycanı adekvat tədbirlərə təhrik edirdi.

 

Nəhayət, Ermənistanın cəmi bir neçə gün sonra cəbhəyani rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalini hədəf seçməsinə, təcavüzkarın hücum cəhdlərinə cavab olaraq, Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başladığı çevik və qətiyyətli əks-həmlə əməliyyatları böyük zəfərə aparan yolun başlanğıcı olmuşdur. İlk saatlardan düşmənin ön müdafiə xəttinin yarılması, xeyli sayda kəndin və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızda qələbə əzmi və ovqatının güclənməsinə, “Qarabağ Azərbaycandır!” şüarının ictimai şüurda daha da möhkəmlənməsinə səbəb olmuşdur.

 

Hərbi əməliyyatların başlanmasından dərhal sonra xalqa ilk müraciətini edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Azərbaycan ərazilərində aparılan qanunsuz məskunlaşdırma siyasəti, verilən təxribat xarakterli bəyanatlar, danışıqların formatını dəyişmək cəhdləri, rejimin qondarma “parlamenti”nin qədim Şuşaya köçürülməsi qərarı məhz danışıqları pozmağa və status-kvonu saxlamağa yönəlmişdir. “Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər... Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Əks-həmlə əməliyyatlarının başlandığı ilk saatlardan xalq-iqtidar birliyi milli vəhdətimizin təntənəsinə çevrilmiş, cəmiyyəti “Hər çey cəbhə üçün, hər şey qələbə üçün” ovqatına kökləmişdir. Rəşadətli ordumuzun əks-həmlə əməliyyatlarına başladığını sevinclə qarşılayan minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələri qarşısına toplanaraq cəbhəyə göndərilmələrini istəyir, döyüş meydanına atılmaq, cəbhədə vuruşan əsgər və zabitlərimizlə çiyin-çiyinə vuruşaraq düşməni torpaqlarımızdan qovmağa tələsirdi. Həmin günlərdə vətəndaşlarımız ordumuza, döyüş bölgələrindəki əsgər və zabitlərimizə hansısa formada faydalı olmağı özünə borc bilir, insanlar yollarda dayanıb hərbi maşınlarla ötüb keçən əsgər və zabitlərimizə su, meyvə, evdə hazırlanmış azuqələr verməklə təskinlik tapır, mənəvi dəstəklərini ifadə edirdilər.

 

Müharibənin ilk saatlarından başlayaraq müşahidə edilən mənzərə Azərbaycanda son onilliklər ərzində necə nizamlı bir dövlətin qurulduğunu, bütün işlərin yerli-yerində, konkret sistem üzrə yerinə yetirildiyini, mərkəzi nəzarət və idarəetmə mexanizminin formalaşdırıldığını göstərmişdir. Müharibə dövrünün qayda-qanunlarına uyğun ciddi tədbirlər həyata keçirilmiş, düşmənin və Azərbaycanı istəməyən digər qüvvələrin cəmiyyətdə təxribat əməlləri törətməsinə, xaos, siyasi təfriqə yaratmasına imkan verilməmişdir. Hətta daxili siyasət məsələlərində hakimiyyətə qarşı radikal mövqe tutan, öz mövcudluqlarını iqtidarı yerli-yersiz tənqid etməklə qorumağa çalışan siyasi partiyalar da yüksək şüur nümayiş etdirərək, Ali Baş Komandanı dəstəkləmiş, verilən qərarları, qazanılan uğurları təqdir etmiş, hərbi qələbələr münasibətilə ordumuza və dövlət başçısına təbriklərini yetirmişlər.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən müharibəsi günlərində müxtəlif sosial şəbəkələrdəki paylaşımları, Heydər Əliyev Fondunun fəaliyyəti cəmiyyətdə milli birliyi daha da gücləndirmiş, bundan örnək götürən gənclər mövcud məlumat kanallarından yararlanaraq ölkəmizin informasiya savaşındakı uğurlarına sanballı töhfələr vermişlər.

 

Müzəffər Ordumuzun 44 gün müddətində cəbhə bölgəsində həyata keçirdiyi hərbi əməliyyatların dəqiq nizamı, strateji-taktiki xüsusiyyətləri, verilən hərbi qərarların düzgünlüyü, Azərbaycanın ən müasir silahlarla nümayiş etdirdiyi misilsiz döyüş nümunələri, ən əsası, əsgər və zabitlərimizin dastana çevrilmiş qəhrəmanlıqları bundan sonra öyrəniləcək, dünyanın aparıcı hərbi təhsil müəssisələrində tədris olunacaqdır. O ağır günlərdə şəhidlərimizin dəfn mərasimləri də ümumxalq izdihamına çevrilmiş, şəhid yaxınları nə qədər ağır olsa da, qəddini uca tutmuş, şəhid valideynləri, düşmənin raket atəşləri nəticəsində doğmalarını itirən, evi, əmlakı dağıdılan mülki vətəndaşlarımız Ali Baş Komandandan dayanmamağı, qələbəyə doğru irəliləməyi, şəhidlərimizin qisasını döyüş meydanında almağı xahiş etmişlər.

 

Vətən müharibəsi günlərində diqqəti çəkən ən mühüm məqamlardan biri də əhali ilə düzgün kommunikasiyanın qurulması olmuş, Ali Baş Komandan cənab İlham Əliyev bu məsələdə də tarixi örnək yaratmışdır. Dövlət başçısının 44 gün ərzində xalqa mütəmadi müraciətləri, sosial şəbəkələrdə, xüsusilə bütün dünyada populyarlığa malik “Twitter” platformasında etdiyi paylaşımlar bu gün də Vətən müharibəsinin undulmaz səhifələri kimi xatırlanır. Ümumilikdə, 44 gün ərzində cənab İlham Əliyevin Azərbaycan xalqına 8 müraciəti olmuş, daha 3 müraciət isə Ağdam, Kəlbəcərin və Laçının hərbi əməliyyatlarsız azad olunduğu günlərdə edilmişdir.

 

Dövlət başçısı Vətən müharibəsi günlərində auditoriya ilə kommunikasiyanı  yüksək  peşəkarlıqla - iki istiqamətdə qurmuşdur. Televiziya ilə xalqa müraciətlər, sosial media platformalarında paylaşımlar daxili auditoriya ilə aparılan işin əsas mahiyyətini təşkil etmişdir. Beynəlxalq ictimaiyyətə ünvanlanan mesajlar isə əsasən Qarabağ münaqişəsinin mahiyyətini anlatmaq, haqlı-haqsız tərəfləri göstərmək, təcavüzkarı ifşa etmək istiqamətində qurulmuşdur. Azərbaycan Prezidentinin Ermənistanın siyasi rəhbərliyinin faşist mahiyyətini ifşa edən çıxışları, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi geniş müsahibələr xarici kommunikasiyanın düzgün təşkilində mühüm rol oynamışdır.

 

Xarici auditoriya ilə qurulan ünsiyyət emosionallıqdan uzaq, izahedici, münaqişə ətrafında ortaya çıxa biləcək bütün suallara səbirlə, təmkinlə, soyuq məntiqlə aydınlıq gətirən diplomatik üslubda olmuşdur. Azərbaycan Prezidenti bu müsahibələrinin çoxunda münaqişənin həllindən sonrakı perspektivlərdən də bəhs etmiş, Ermənistan işğalçı mövqeyindən geri çəkilərsə, regionda yarana biləcək sülh və əməkdaşlıq mühitinin, bütün region ölkələri üçün yeni sosial-iqtisadi fürsətlərin aydın mənzərəsini yaratmışdır.

 

Ölkə daxilinə hesablanmış müraciətləri zamanı isə Prezident İlham Əliyev özünəməxsus yüksək nitq mədəniyyəti normalarını qorumaqla, o günlərdə qəlbi düşmənə qarşı nifrət hissi ilə coşan sadə insanların eşitmək istədikləri müəyyən kaloritli ifadələrdən də istifadə etmişdir. Azərbaycan Prezidentinin müxtəlif müraciətlərində qətiyyətlə səsləndirdiyi “Düşməni torpaqlarımızdan iti qovan kimi qovuruq”, “Nə oldu Paşinyan, bəs Cəbrayıla yol çəkirdin?!”, “Gorbagor oldu status, cəhənnəmə getdi status” və s. bu kimi maraqlı ifadələri o günlərdə dillər əzbərinə çevrilmişdi. Bu ifadələr xalqın qələbə ovqatını, əsgər və zabitlərimizin döyüş ruhunu daha da yüksəltmiş, insanlara nikbinlik aşılamışdı.

 

Dövlət başçısı İlham Əliyev Vətən müharibəsi günlərində paralel olaraq dünyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr vermiş, həqiqətləri dünya ictimaiyyətinə çatdırmış, faktiki olaraq iki cəbhədə döyüşmüşdür. Ali Baş Komandanın əsgər və zabitlərimizlə hərb meydanında qazandığı parlaq qələbələr qədər informasiya savaşında əldə etdiyi nailiyyətlər də möhtəşəm idi. Cənab İlham Əliyevdən müsahibə alan xarici media qurumları və təmsilçiləri arasında nə yazıqlar ki, erməni təəssübkeşləri də vardı. Bu, onların əvvəlcədən məqsədli şəkildə hazırladıqları təxribat xarakterli, yönəldici suallarından, Azərbaycan Prezidentinə geniş auditoriya qarşısında sərt suallar vermək cəhdlərindən aydın görünürdü. Bununla belə cənab İlham Əliyevin diplomatik təcrübəsi, dəmir məntiqi, təmkini, prosesləri dərindən bilməsi, bir neçə dildə sərbəst danışmaq bacarığı, ən əsası isə, haqq-ədalət mövqeyində durması həmin qərəzli jurnalistlərin özünü çətin vəziyyətə salırdı.

 

Xalqa müraciətlərinin birində dövlət başçısı bu məqama da toxunaraq demişdir: “Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik”.

 

44 günlük Vətən müharibəsi günlərində vətəndaşlarımız saatlarla ekran qarşısında əyləşərək radioya, televiziyaların ekranlarına diqqət kəsilir, sosial şəbəkələri izləyərək cəbhədən yeni xəbərlər gözləyir, dövlət rəhbərinin hər yeni müraciətini, paylaşımını diqqətlə təhlil edir, nəticə çıxarırdılar. Azərbaycan Prezidentinin müraciətlərindən çıxan əsas nəticə isə bu idi ki, düşmənlə artıq anladığı dildə danışmaqdan başqa yol qalmamışdır. Bu müraciətlər haqlı olduğunu isbat etməkdən ötrü həm də güclü olmağın zəruriliyi həqiqətinin nümayişi idi.

 

Nəhayət, noyabrın 8-də Azərbaycan Prezidenti xalqımıza ən çox gözlədiyimiz, intizarını çəkdiyimiz müjdəni yetirdi. Şəhidlər xiyabanından hərbi geyimdə etdiyi müraciətlə Şuşanın azadlığı xəbərini verməklə milyonların hədsiz sevincinə səbəb oldu. “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən cənab İlham Əliyevin səsləndirdiyi bu kəlmələr artıq qələbənin bircə addımlığında olmağımız demək idi. Bundan cəmi bir neçə gün əvvəl müsahibələrinin birində cənab

 

İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar” deyə bildirmişdi. Şuşanın azadlığı isə o demək idi ki, Azərbaycan müəyyən bir dövr üzrə qarşıya qoyduğu əsas strateji hədəfə nail olmuşdur.

 

Müharibəni artıq uduzduğunu görən düşmən 2020-ci noyabrın 10-da kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qalmışdır. Bu qələbənin nəticəsi kimi cənab İlham Əliyev Ağdamın, Kəlbəcərin, Laçının da bir güllə atmadan azadlığına nail olmuş, xalqa 20, 25 noyabr və 1 dekabr tarixli müraciətlərində həmin rayonların düşməndən təmizlənməsi xəbərini yetirmişdir. Bu, Azərbaycan Prezidentinin apardığı diplomatik mübarizənin məntiqi sonluğu, Vətən müharibəsində - döyüş meydanında əldə olunmuş şanlı zəfəri idi.

 

44 günlük Vətən müharibəsi geridə qalsa da, 8 Noyabr zəfərindən başlanan yeni qürur tariximiz davam edir. Azərbaycanın qazandığı nailiyyətlərlə, azad olunmuş  torpaqlarımızın dirçəlişi ilə, bu ərazilərdə geniş vüsət almış bərpa-quruculuq tədbirləri, Vətənimizdən dünyaya açılan qapılarla, sosial-iqtisadi fürsətlərlə bu zəfərin tarixi miqyası daha da böyüyür, genişlənir. Ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi fonunda Azərbaycan torpaqlarında məcburi köçkünə çevrilmiş insanların doğma yurdlarına qayıdışının təmini, həmin ərazilərin iqtisadiyyatın xüsusi əlavə dəyər yaradan sektorlarına dövriyyəyə cəlb edilməsi üçün əlverişli imkanlar qazanmışdır. İlk növbədə, bu ərazilərdə zəruri infrastrukturların yaradılması və azad edilmiş ərazilərin potensialının qiymətləndirilməsi məqsədilə müxtəlif sosial-inkişaf proqramlarının hazırlanması nəzərdə tutulmuşdur.

 

2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2.2 milyard manat vəsait hesabına bu ilin yanvar ayından etibarən ərazilərin minalardan təmizlənməsi, yol, nəqliyyat, elektrik enerjisi, su, qaz təchizatı, infrastruktur və sosial xidmət obyektlərinin, yaşayış məntəqələrinin inşası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına start verilməsi yeni konseptual yanaşma olaraq regionun iqtisadi inkişafını və müasir idarəetmə modellərinin reallaşmasını, son nəticədə vətəndaş məmnunluğunu təmin edəcəkdir.

 

“Böyük Qayıdış” proqramının icrasını və tikinti-quruculuq işlərinin ahəngdarlığını şəxsən təmin edən, nəzarətdə saxlayan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər və Şuşaya səfərləri zamanı mühüm infrastruktur və sosial xidmət obyektləri istifadəyə verilmiş, yeni layihələrin təməli qoyulmuşdur. “Zəfər yolu”nun, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilan və Kəlbəcərdə yeni hava limanlarının əsasının qoyulması quruculuq və dayanıqlı məskunlaşmanın nəzərdə tutulduğundan da sürətlə aparıldığını təsdiq etmişdir.

 

Azərbaycan ərazi bütövlüyünü təmin etmiş dövlət kimi iqtisadi siyasətində müəyyən yeniliklər etmiş, regionların inkişaf istiqamətlərinə və yeni geoiqtisadi şəraitə uyğun olaraq rayonlaşmanın yeni təsnifatını müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin reallaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Bu sənədlər özündə həm yüksək iqtisadi səmərəliliyi, həm də tarixi reallıqları ehtiva etməklə, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli şəkildə istifadə olunması üçün bütün işlərin vahid proqram əsasında reallaşdırılmasına imkan verir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın son illərdəki sürətli inkişafı və Vətən müharibəsindən sonra yaranmış yeni reallıq fonunda iqtisadi rayonların yeni bölgüsü təkcə coğrafi-iqtisadi deyil, siyasi baxımdan da aktual, vacib məsələ kimi gündəmə gəlmişdir.

 

Fərmanla ölkəmizdə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılmışdır. Ərazilərimizin iqtisadi rayonlar üzrə yeni bölgüsü ölkəmizin şəhər və rayonlarının daha dinamik, davamlı və tarazlı inkişafının təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu bölgü regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, iqtisadi potensialın gücləndirilməsinə, bununla da əhalinin maddi rifah halının yüksəldilməsinə töhfəsini vermiş olacaqdır.

 

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanına əsasən, Qarabağ Dirçəliş Fondunun yaradılması işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

 

Azərbaycanın yaxın 10 illik inkişaf strategiyasının ana sənədi olan 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu ərazilərdə iqtisadi və sosial quruculuq tədbirlərinin həyata keçirilməsi ilə bağlı mühüm hədəflər müəyyənləşdirmişdir. Sənədə əsasən, işğaldan azad olunmuş bölgələr cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatan olmalı, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

 

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il mayın 3-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Belə bir sərəncamın imzalanması Prezident

 

İlham Əliyevin ölkəmizdə “yaşıl enerji” zonası yaradılması layihəsinə mühüm əhəmiyyət verməsinin bariz təcəssümüdür. “Yaşıl enerji” konsepsiyası, ərazilərin ekoloji mühitinin, turizm potensialının qorunmasına xidmət etməklə yanaşı, respublikamızın gələcək iqtisadi inkişafının təmin edilməsi baxımından vacib əhəmiyyət kəsb edir.

 

İşğaldan azad edilmiş ərazilərimizin zəngin qızıl və digər filiz yataqları təkcə Azərbaycan üçün deyil, xarici sərmayədarlar üçün də cəlbedicidir. Zəngilan rayonundakı Vejnəli, eyni zamanda Kəlbəcər rayonundakı Söyüdlü (Zod) qızıl yataqlarının mənimsənilməsi ölkəmizə böyük valyuta axını vəd edir. Bundan əlavə, Kəlbəcərdəki “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının 30 il müddətində qardaş Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinin istifadəsinə verilməsi qızıl sənayesinin gələcək inkişafına etibarlı zəmin yaratmışdır.

 

İşğala qədər mövcud olmuş Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarının, habelə Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının bərpası flora və faunamızın tədricən yenilənməsinə, ekoloji mühitin yaxşılaşmasına imkan yaratmaqla bərabər, ekoturizmin inkişafında mühüm rol oynayacaqdır. Kəlbəcər, Laçın və Zəngilandakı təbii yaylaqlar, otlaqlar, örüş sahələri heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir.

 

Xatırlatmaq yerinə düşər ki, Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olmuş, işğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatları mövsüm zamanı bu yaylaqların imkanından yararlanmışdır. Artıq Kəlbəcərə “Böyük köç”ün əsası qoyulmuş, damazlıq qoyunçuluq və arıçılıq təsərrüfatları yaradılmış, dövlət başçısı bu rayona səfəri zamanı həmin təsərrüfatlara baş çəkmişdir.

 

Vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş ərazilərimizdə ənənəvi əkinçilik bərpa olunmuş, taxılçılıq üçün münbit torpaqlara malik Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında müasir aqrar təsərrüfatların yaradılması işlərinə başlanılmışdır. İşğaldan azad edilmiş ərazilərimizdə əkinçilik, meyvəçilik, tərəvəzçilik və digər mühüm kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması istiqamətində atılan addımların yaxın dövr üçün kənd təsərrüfatında 9 faizədək artıma səbəb olacağı proqnozlaşdırılır.

 

İlkin hesablamalar göstərir ki, qarşıdakı illərdə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarından əldə olunacaq əlavə dəyərin həcmi 2 milyard manatdan çox olacaqdır. Eyni zamanda iqtisadi artım ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəkdir. İqtisadi hesablamalara və proqnozlara görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra ölkəmizdə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi 70-80 faizdən 90-95 faizə çatacaqdır.

 

 “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması regionda fərqli geosiyasi mənzərə yaratmışdır. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasının təşviqi kimi məsələlər də yer almışdır.

 

“Yenidənqurma başlayıb, infrastruktur layihələri icra olunur, ancaq gələcək üçün nəhəng potensial var və digər ölkələrdən də yeni şirkətlər işə başlayacaq. Biz bütün dostlarımızın yenidənqurma işlərində iştirakını və bu imkanlardan faydalanmasını arzulayırıq” deyən Prezident İlham Əliyev Azərbaycanın qapısının bölgədə sülh və dayanıqlı sabitlikdə, faydalı əməkdaşlıqda maraqlı olan bütün dövlətlərin üzünə açıq olduğunu diqqətə çatdırmışdır. Dövlət başçısı eyni zamanda indiyə qədər bölgədə siyasi və iqtisadi münasibətlərin ahəngdarlığını pozan, regionun inkişafını ləngidən yeganə ölkə olan Ermənistanın çoxşaxəli kommunikasiyalarda, regional layihələrdə təmsil olunması üçün tarixi fürsət yarandığını bildirmişdir.

 

Vətən müharibəsi zamanı Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. 30 il müddətində barəsində saxta şəkildə “yenilməzlik mifi” formalaşdıran təcavüzkar ordunun məhv edilmiş, ələ keçirilmiş hərbi texnikası indi Bakının mərkəzində - Hərbi Qənimətlər Parkında nümayiş olunur. Azərbaycan isə qüdrətli iqtisadiyyata və orduya malik ölkə kimi öz ərazi bütövlüyünü qoruyub saxlamağa, təxribatlarını davam etdirəcəyi təqdirdə düşmənə növbəti “Dəmir yumruq”u vurmağa hazırdır. Ermənistan gələcəyi naminə bu reallığı, Qarabağ münaqişəsinin başa çatdığını qəbul edərək regional əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır. Bunun əksi Ermənistan üçün tənəzzül, fəlakət, erməni xalqı üçün yeni faciələr demək olar.

 

 

 

Qüdrət KƏRİMOV,

“Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2021.- 26 sentyabr.- S.1;4.