İƏT-in ekspertləri
faktaraşdırıcı missiyanın nəticələri ilə
bağlı Gəncədə mətbuat konfransı
keçiriblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizə səfər edən İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti Gəncə şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlının müşayiət etdiyi nümayəndə heyətinin üzvləri faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində aparılan monitorinq zamanı ağır artilleriya və raket atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş yaşayış binalarına, mülki obyektlərə, o cümlədən tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baxış keçirib, həyatını itirmiş mülki şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan yerlərə gül dəstələri qoyublar.
Dağıntılara məruz qalan ərazilərdə yenidənqurma işləri ilə tanış olan, şəhərin müxtəlif yerlərini, o cümlədən Qələbə parkını ziyarət edən nümayəndə heyətinin üzvləri sürətli şəkildə aparılan bərpa işlərini yüksək qiymətləndiriblər.
Sonra nümayəndə heyəti apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi ilə bağlı Gəncə şəhərində mətbuat konfransı keçirib.
Mətbuat konfransında əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində məlumat verilib.
Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı çıxışında bildirib ki, İƏT MDİHK-nın ölkəmizdə faktaraşdırıcı missiya aparmaq məqsədilə reallaşan rəsmi səfəri zamanı Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış ərazilərində yerində monitorinq aparılıb. A.Səfixanlı nümayəndə heyətinin Ağdam şəhərində milli və dini irsimizin məhv edilməsi məqsədi ilə uzun müddət ərzində memarlıq, tarixi və mədəni abidələrin talan edildiyinin, dağıdıldığının, ümumilikdə insan hüquqlarının kobud şəkildə pozulduğunun şahidi olduğunu vurğulayıb. Daha sonra faktaraşdırıcı missiyanın İkinci Qarabağ müharibəsi zamanı ən çox atəşə tutulan, qadağan olunmuş silahlardan istifadə etməklə intensiv atəşə məruz qalmış Tərtər şəhərində davam etdirildiyi bildirilib. A.Səfixanlı Tərtər şəhərində zərərçəkmiş sakinlərlə görüş zamanı nümayəndə heyətinin insan tələfatı və dağıntılar haqqında şahidlərdən məlumat aldıqlarını da qeyd edib.
Ombudsman Aparatının rəhbəri faktaraşdırıcı missiyanın Gəncə şəhərində davam etməsinin də təsadüfi olmadığını, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın tarixi şəhəri Gəncəyə bir neçə dəfə edilən raket hücumlarının ciddi dağıntıların baş verməsi və uşaq, qadın, ahıllar da daxil olmaqla, çoxsaylı insan itkisi ilə nəticələndiyini nəzərə çatdırıb.
İƏT MDİHK-nın sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Azərbaycana səfərin məqsədinin işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanması olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva ilə məhsuldar görüş keçirildiyini qeyd edən Komissiya sədri Milli Məclis, Minatəmizlənmə Agentliyi və digər dövlət qurumlarında da görüşlərin keçirildiyini və faktaraşdırıcı missiyanın məqsədləri barədə fikir mübadiləsi aparıldığını söyləyib. Qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaq.
Sonra çıxış edən Komissiya sədrinin müavini Hacı Ali Açıkgül bölgədə sabitliyin təmin olunması üçün Azərbaycanın vacib addımlar atdığını və bu istiqamətdə səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən itkin düşən 4000 mindən çox insanın taleyindən hələ də xəbər yoxdur. Ermənistan hökuməti buna görə də cavab verməlidir.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlərə, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi, eyni zamanda, faktaraşdırıcı missiyanın nəticələri, toplanmış sübutlar müzakirə edilib.
Sonda faktaraşdırıcı
missiyanın nəticələri ilə bağlı bəyanat
qəbul olunub.
Azərbaycan.-2021.- 26 sentyabr.- S.7.