BMT platformasında Qarabağ zəfəri

 

Prezident İlham Əliyev bu nüfuzlu tribunadan Azərbaycanın qətiyyətli mövqeyini daim müdafiə edib

 

 

 

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən də ətraflı bəhs edərək, diqqəti bölgədə yaranmış yeni reallıqlara yönəltdi. Çıxışına “Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qürur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu” sözləri ilə başlayan İlham Əliyev BMT-nin əvvəlki sessiyalarından fərqli olaraq bu dəfə mesajlarını qalib dövlətin başçısı, müzəffər Ali Baş Komandan kimi dünyaya çatdırdı.

 

 

 

Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı

 

 

 

1992-ci ildə BMT-yə üzv qəbul olunmaqla Azərbaycan, ilk növbədə, beynəlxalq səviyyədə özünün maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdı. BMT ilə əməkdaşlıq çərçivəsində respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi, BMT-nin potensial imkanlarından istifadə etməklə problemin ədalətli həllinə çalışdı. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə Dağlıq Qarabağ və digər ərazilərin işğalı faktı qeyd edilərək, Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb olundu.

 

Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri düz 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı davam etdirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xəttini tutdu. Təəssüf ki, nə qətnamələrin müəllifi olan BMT, nə də danışıqlar prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilk gündən işğalçı Ermənistana heç bir təzyiq göstərmədi. Baxmayaraq ki, son onilliklərdə ayrı-ayrı dövlətlərlə bağlı qətnamələrin ən qısa vaxtda icra olunmasına dair təcrübədə nümunələr mövcuddur. 

 

Azərbaycan rəhbərliyi daim BMT-nin platformasından beynəlxalq ictimaiyyətin diqqətini artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə yanaşı, bu qurumun özünü də bu məsələdə səylərini artırmağa, qətnamələrinin tələblərini yerinə yetirmək üçün təsirli mexanizmlər həyata keçirməyə çağırıb. Hələ 1994-cü ilin sentyabrında BMT Baş Məclisinin iclasında nitq söyləyən Heydər Əliyev bu tribunadan Azərbaycanın haqq səsini dünyaya çatdırdı, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etdi. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Heydər Əliyev bu qurumun yüksək kürsüsündən mövcud qlobal problemlərə dair Azərbaycanın prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına diqqət çəkmişdi.

 

 

 

Biganəlik münaqişənin həlli prosesinə dağıdıcı təsir göstərdi

 

 

 

Prezident İlham Əliyev xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına mühüm önəm verməklə yanaşı, bu qurumu hər zaman Azərbaycan ərazilərinin işğaldan azad olunması, bu məqsədlə Ermənistana təzyiqlərin göstərilməsi üçün fəal olmağa səsləyib. Dövlət başçısı bu nüfuzlu tribunadan Azərbaycanın qətiyyətli mövqeyini daim müdafiə edib. BMT Baş Məclisinin 2004-cü il sentyabrın 24-də keçirilən 59-cu sessiyasının ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdü.

 

“BMT qətnamələri Azərbaycanın zəbt olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını və köçkün düşmüş insanların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtması üçün şəraitin təmin olunmasını tələb etmişdir. Sülhün, ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çağıran qətnamələrin heç biri münaqişənin həlli üçün əsas təşkil edən beynəlxalq hüququn fundamental prinsiplərini heç zaman tanımayan və onlara hörmət etməyən Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və Azərbaycanın 7 digər rayonu on ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Cənab Sədr, Təhlükəsizlik Şurasının biganəliyi münaqişənin həlli prosesinə dağıdıcı təsir göstərir” deyən Prezident İlham Əliyev diqqətə çatdırmışdı ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT və onun Minsk qrupunun problemə hazırkı passiv və biganə yanaşması və beynəlxalq birlik tərəfindən ciddi təzyiqin göstərilmədiyi indiki şəraitdə Ermənistan özünün təcavüzkar və destruktiv mövqeyindən geri çəkilməyəcəkdir.

 

Həmin çıxışında Prezident İlham Əliyev BMT-nin qarşısında dayanan vəzifələri yerinə yetirə bilməsi üçün bu qurumda islahatların həyata keçirilməsinin vacibliyinə də toxunmuşdu. “Bütün təhdidlərin öhdəsindən uğurla gəlmək üçün BMT özünü yeni şəraitə uyğunlaşdırmalıdır. BMT-də uzun müddət söhbəti gedən islahatlar məsələsi, nəhayət, öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının problemləri, xüsusilə də silahlı münaqişələrə aid olan problemləri həll etməyə qadir olmaması etiraf edilməlidir”, - deyə Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ şəkildə cavab verməlidir.

 

BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyasının 86-cı plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdi. Bu sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənirdi. Lakin ortada nə BMT-nin, nə də Minsk qrupunun qətiyyətli mövqeyi var idi və onların heç biri Ermənistana qarşı təsirli təzyiqlərin edilməsinə maraq göstərmirdilər.

 

 

 

İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında da prinsipial mövqeyini ortaya qoydu

 

 

 

2004-cü ildə Azərbaycanın torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacağını bəyan edən Prezident İlham Əliyev 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında prinsipial mövqeyini ortaya qoymuşdu. Sessiyada dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdi. “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. BMT həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir” - deyən Prezident İlham Əliyev bildirmişdi ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədilə vicdanla danışıqlar aparmaq əvəzinə Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər.

 

Prezident İlham Əliyev diqqətə çatdırmışdı ki, münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır. “Belə ki, münaqişənin başladığı andan ötən dövr ərzində çoxlu sayda insan azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraşdırıcı missiyasını göndərmiş və həmin missiya orada insanların məskunlaşması faktını müəyyən etmiş, “Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə” çağırmışdır. Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin”.

 

İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur.

 

 

 

Ermənistana vurulan növbəti siyasi-diplomatik zərbə

 

 

 

Danışıqlar prosesinin nəticəsiz qalmasına rəğmən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün istər siyasi-diplomatik, istər iqtisadi və digər sahələrdə genişmiqyaslı iş aparırdı. Bu məsələdə əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda ifşasına nail olmaq idi. Respublikamız bunun üçün bütün imkanlardan səmərəli istifadə edirdi. Buraya beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıqdan tutmuş qlobal informasiya müharibəsində aktiv fəaliyyət, hücum diplomatiyasının həyata keçirilməsi və s. daxildir.

 

Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana növbəti siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.

 

Azərbaycan Prezidenti BMT tribunasından həm işğalçı Ermənistana, həm də dünya ictimaiyyətinə mühüm mesajlar verdi. Dövlət başçısı beynəlxalq təşkilatları, fövqəlgücləri qınayaraq onların Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki susqunluqlarını ikili standartlar kimi qiymətləndirdi. “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir” deyən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

 

Beynəlxalq qurumlara öz mesajını ünvanlayan dövlət başçısı sual etdi: Necə olur ki, despotik və Orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Əlbəttə ki, bunun cavabı ikili standartlar idi. Cənab Prezidentin dediyi kimi, təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. “Bu siyasətə son qoyulmalıdır” deyən Prezident İlham Əliyevin sözlərinə görə, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.

 

Cənab İlham Əliyev Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın uşaq qatili olduğunu, mülki əhaliyə qarşı hərbi təcavüzün başında dayandığını deyərək ona layiq olduğu “qiyməti” verdi və terrorçuya öz yerini göstərdi.

 

Azərbaycan Prezidenti dünya ictimaiyyətinin böyük maraqla izlədiyi BMT tribunasından Ermənistana növbəti sərt xəbərdarlığını etdi. 2016-cı ilin aprelində Azərbaycanın 3 işğal olunmuş rayonunun - Ağdərə, Füzuli və Cəbrayılın ərazilərini işğaldan azad etdiyini və burada öz bayrağını qaldırdırdığını deyən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır: “Əks təqdirdə Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.

 

Bütövlükdə Prezident İlham Əliyevin Nyu Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı dövlət başçısının son illər həyata keçirdiyi çoxşaxəli müstəqil xarici siyasət kursunun Azərbaycanın milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemindəki gücünün və artan nüfuzunun göstəricisi idi.

 

 

 

İlham Əliyev “dəmir yumruq”la torpaqlarımızı azad etdi

 

 

 

2020-ci il sentyabrın 24-də, İkinci Qarabağ müharibəsinin başlanmasından 3 gün əvvəl keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında Prezident İlham Əliyev dünyanın ən ali tribunasından bir daha Ermənistanın işğalçılıq, faşist, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa etdi, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, müşahidəçi qalmamağa çağırdı.

 

2020-ci ilin iyul ayında Ermənistanın Tovuz istiqamətindəki təxribatı, avqustda Goranboydakı diversiya cəhdi bu ölkənin işğalçı siyasət yürütdüyünü bir daha təsdiqləyən hadisələr oldu. Bu ölkənin beynəlxalq cinayətə yol verərək Livan ermənilərini o zaman işğal altında olan Qarabağ və ətraf rayonlara yerləşdirməsi, cəbhə xəttində hərbi fəallığını artırması, könüllü hərbi birliklər yaratması kimi hərəkətləri danışıqlar prosesini tamamilə mənasız etmişdi. Prezident İlham Əliyev 75-ci sessiyanın ümumi debatlarında diqqəti buna çəkərək dedi: “Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməniəsilli livanlıları yerləşdirməklə məşğuldur”.

 

Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır.

 

Ötən il sentyabrın 24-də dövlət başçısı BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında beynəlxalq ictimaiyyətə xəbərdarlıq edərək bildirdi ki, Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları bu ölkənin Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Bundan cəmi üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı.

 

Hərbi əməliyyatların başlanması vasitəçilik missiyasını üzərinə götürənlərin Prezident İlham Əliyevin çağırışlarına səssiz qalmasının, beynəlxalq təşkilatların susqunluğunun, Ermənistana qarşı təsirli mexanizmlərin tətbiq olunmamasının nəticəsi idi. Bu günlərdə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verən Prezident İlham Əliyev bu barədə də fikirlərini bildirərək deyib: “Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları əslində danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur”.

 

Göründüyü kimi, Prezident İlham Əliyev iştirak etdiyi BMT-nin sessiyalarında daim qətiyyətli mövqe ortaya qoyub, Azərbaycanın milli maraq və mənafelərini inamla təmin edib. Dövlət başçısı bu sessiyaların hər birində Azərbaycanın torpaqlarının işğalı ilə barışmayacağını bildirərək, sistemli şəkildə dünya birliyini, BMT-ni, Minsk qrupunu problemin sülhlə həlli üçün səylərini artırmağa çağırıb. Azərbaycan Prezidenti prinsipial olaraq bu mövqeyini daim bəyan edib və eyni zamanda Ermənistana və dünya birliyinə problemin dinc həlli yolunu göstərib. Amma bu çağırışlar cavabsız qalıb. Problemin həllində iştirak edən ATƏT-in Minsk qrupu danışıqlar prosesində Ermənistana qarşı təzyiqlər göstərməkdən uzaq olub. BMT öz qətnamələrinin yerinə yetirilməsi üçün qətiyyət nümayiş etdirməyib və yalnız tərəfləri sülhə çağıran ifadələrlə kifayətlənib.

 

Belə bir vəziyyətdə daha da azğınlaşan, yeni müharibə planları hazırlayan, hərbi təxribatlarla məşğul olan, vaxtilə işğal etdiyi ərazilərimizdə humanitar cinayətlər törədən Ermənistan Azərbaycanın özü tərəfindən cəzalandırıldı. Bu ölkənin 2020-ci il sentyabrın 27-də törətdiyi təxribatlara cavab olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Beləliklə, Azərbaycanın ərazilərinin işğal altında qalması ilə barışmayacağını BMT platformasında daim bəyan edən Prezident İlham Əliyev “dəmir yumruq”la torpaqlarımızı azad etdi.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 26 sentyabr.- S.8.