Əbədiyyət üfüqündə doğan günəşlər

 

 

Siz ey cənnət ətirli şəhidlər!

 

Ey ana torpağın şəhadət aşiqləri!

 

Qaraca torpağı laləzar Vətənə çevirən yurd fədailəri!

 

Üçrəngli bayrağa sarılıb ölümün üzərinə yeriyən ərlər, ərənlər!

 

Ey ölməz ruhlarla Tanrıya üz tutan əbədiyyət yolçuları!

 

Bizə bəxş etdiyiniz bu İlahi xoşbəxtliyə görə, ömür boyu sizlərə minnətdar olacağıq...

 

Varmı bəşər tarixində elə bir nümunə ki, oğullar özünü Vətənə qurban desin?!.

 

Minlərlə qəhrəmanVətən, sənə canım fədahayqıraraq ölümə meydan oxusun?!.

 

Vətən ananın qucağında əbədiyyət yolçuluğuna çıxmağı özünə şan-şərəf bilsin?!.

 

Al-qanıyla torpağaVətənyazmağa, torpağı Vətən etməyə hər zaman könüllü olsun?..

 

Yox, yox, keçmişdən süzülüb gələn nağıllardan, dastanlardakı əfsanəvi qəhrəmanlardan bəhs edirik...

 

Odlar yurdu Azərbaycanın müdafiəsinə qalxan şir ürəkli oğullardan, Vətən haraylayanda yer-yerdən hay verən Mübariz İbrahimovlardan, Fərid Əhmədovlardan, Raqif Orucovlardan, Əbubəkr İsmayılzadələrdən, Təbriz Musazadələrdən, Polad Həşimovlardan, İlqar Mirzəyevlərdən söz açırıq...

 

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin Qarabağ uğrundaİrəliəmrini eşidərək bir andaca irəli şığıyaraq düşmənin başında dəmir yumruğa çevrilən, bu torpaq uğrunda canını qurban vermiş bütün şəhidlərimizin qisasını alan, yüz minlərlə məcburi köçkünümüzün Vətən həsrətinə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən gözünü qırpmadan bu uğurda canını fəda edən minlərlə qəhrəman igidimizdən danışırıq...

 

***

 

Ötən ilin bu zamanlarıydı... Zəfər yürüşünə çıxan azman igidlərin qisas nərəsi dağları, daşları lərzəyə salmış, od saçan baxışları mənfur düşmənin köksünə ox kimi sancılmışdı...

 

Vətən uğrunda irəli atılan hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi. And içmişdilər: Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandıracaqdılar hər zaman ürəklərinin üzərində gəzdirdikləri müqəddəs üçrəngli bayrağımızı.

 

onların hər biri üçün bu yolda öldü vardı, döndü yox!..

 

***

 

Elə bu müqəddəs istəklə çətinliklərdən keçdilər, sıldırımlar aşdılar, silah-sursat olmadıqda belə, yalın əllə düşmənin üzərinə şığıdılar. Bu qəhrəman igidlərin çoxu mənfurların üzərinə yeriyərkən minaya düşmüşdü, qəlpə, güllə yarası almışdı, amma onların hamısı canlarını heçə sayıb haqq yolunda irəliləməkdən dönməmiş, tibbi yardımdan, arxaya təxliyyə olunmaqdan imtina edərək, elə qanları süzülə-süzülə torpaqlarımızı azad etməyə tələsmişdilər.

 

30 illik işğala son qoymağa, bu illərdə faciələrə məruz qalan, ədalətsizliyin qurbanı olan Azərbaycan xalqının qanayan yaralarına məlhəm olmağa çalışmışdılar...

 

Bu illər ərzində erməni faşistləri xalqımızın başına çox bəlalar gətirmiş soydaşlarımız tarixi dədə-baba torpaqlarından qovulmuş, soyqırımlarla üzləşmiş, tükürpərdici vəhşiliklərə məruz qalmışdılar. Faşist xislətli düşmən əsir, əliyalın mülki vətəndaşlarımıza qarşı olmazın işgəncələr həyata keçirmiş, yüz minlərlə vətəndaşımızı öz vətənində didərginə, qaçqına, köçkünə çevirmişdi...

 

Bu zaman ərzində o qədər körpələr doğuldu ki, öz ata-baba yurdunu görməyən, doğma vətənini yalnız fotolardan, xatirələrdən tanıyan...

 

O qədər insan öz yurd-yuvasını bir daha görmədən bu dünyayla vidalaşdı ki...

 

Bütün bu haqsızlıqları, zülmü, müsibətləri isə, göydə Allah, yerdə bəndə götürərdi...

 

***

 

Heç zaman nahaqla barışmayan, zülmə boyun əyməyən Azərbaycan xalqının hər doğulan körpəsi qisas hissi ilə böyüdü, bir gün düşməndən bütün bu zülmlərin intiqamını alacağına and içdi...

 

Və elə bu qisas hissindən yoğrulan qəzəblə də işğalçıya, yurdumuza göz dikən yağıya həddini bildirən qəhrəman oğullarımız Vətən müharibəsinin hər günündə şanlı tarix yazdılar. Sinələrini Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər. 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...

 

Bu şad xəbərləri Ali Baş Komandan İlham Əliyevdən alan Azərbaycan xalqı əllərində bayraqlar sevinclə meydanlara, küçələrə axışdılar, zəfərimizi qeyd etdilər. Bu qələbə sevincini paylaşmaq üçün minlərlə insan müqəddəs and yerlərimiz olan Şəhidlər xiyabanlarına ziyarətə yollandılar, şəhidlərimizin ruhuna dualar oxudular....

 

***

 

Vətən müharibəmizin həmin 44 günündə canını torpağa fəda edən şəhidlərin anaları, ataları göz yaşlarını ürəklərinə axıtdılar, “Vətən sağ olsun!”, - dedilər, “min oğlumuz olsa, minibu Vətənə qurban” deyə hayqırdılar...

 

Müqəddəs şəhidlərimiz, əgər bu gün başıuca, qələbə sevinci ilə, düşməndən qisasımızın alınmasının qürur hissi ilə yaşayırıqsa, bu məhz sizin fədakarlığınız sayəsindədir. Bir qərinədir ki, həsrətində olduğumuz dədə-baba yurdlarımıza, Qarabağa azadə ayaq basırıqsa, bu məhz sizin şücaətiniz sayəsindədir...

 

Siz anamız Azərbaycana əbədi xoşbəxtlik bəxş edib, ölməz ruhlarınızla Tanrının müqəddəs dərgahına üz tutdunuz...

 

Sizin bu Vətən üçün etdiklərinizi sözlə ifadə etmək mümkün deyil! Nə etsək də, nə desək də, nə yazsaq da, qanınızla imza atdığınız qəhrəmanlıq salnaməsinin qarşısında bir damla qədər qalar...

 

Əsrlər, minilliklər keçsə belə, bu fədakarlığınızı unutmayacaq, qəlbimizə, könlümüzə həkk edib, minnətdarlıq hissi ilə, dualarımızla yad edəcəyik.

 

Ey əbədiyyət üfüqündə doğan günəşlər, uca şəhadət zirvəniz qarşısında baş əyirik, haqqınızı halal edin!..

 

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.- 26 sentyabr.- S.9.