Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində

 

 

Klassik ədəbi irs öz əbədiyaşarlığını təyin edən, bəşəri mənəvi sərvətə çevrilən ədəbi-estetik meyarları baxımından tarixin ictimai-sosial mahiyyəti ilə fərqlənən hər mərhələsində nəzəri fikrin “sınağına” çəkilir. Ədəbi-nəzəri fikirbu məqamda klassikanın müstəvisində imtahan verməli olur. Bu gedişatda klassika nəzəri fikrin yanlış “təhlil və dəyərləndirmə arsenalına” xitam verir, ədəbiyyatşünaslığın obyektiv elmi prinsiplərə əsaslanan təcrübəsi zəminində yeni ideya-bədii qatları ilə dövriyyəyə gəlir.

Xüsusən böyük klassiklərin yubiley tədbirləri çərçivəsində ortaya çıxan yazıların əksəriyyəti məlum elmi araşdırmaların publisist şərhindən çox da uzağa getmədiyi məqamlarda böyük yazarlar haqqında tarixi ədəbi-nəzəri sözün yenidən oxunmasına, onun öz missiyasının davaminkişaf səciyyəsinə nəzər yetirmək zərurəti yaranır. Bizim elə klassik ədəbiyyatşünas alimlərimiz var ki, onların ədəbi irsimizin tədqiq təcrübəsi müxtəlif istiqamətli elmi araşdırmaların əsasını qoymuşdur. Mir Cəlalın klassiklərinin oxuma və dəyərləndirmə dərsləri M.F.Axundzadə, F.Köçərli, M.Ə.Rəsulzadə, H.Zeynallı, Ə.Abid, F.Qasımzadə, H.Hüseynov, S.Vurğun, M.Cəfər, C.Cəfərov və Y.Qarayevin bizə ərmağan etdiyi zəngin elmi sərvətin tərkib hissəsidir. Mir Cəlalın Nizami, Füzuli, M.Cəlil, S.Vurğun və digər sənət korifeyləri haqqında tədqiqatlarının yaşarlığı onun sənətin estetik meyarlarına əsaslanmasından irəli gəlir. Mir Cəlalın Nizami Gəncəvi haqqında araşdırmaları ədəbiyyatın daxili inkişaf məntiqinə əsaslanır. Bu məqamda xatırlatmaq istərdim ki, bizim ədəbiyyatşünaslıq tariximizdə bədii məntiq, bədii paralellik kateqoriyalarını başlığa çıxaran, onun bədii-estetik funksiyasını NizamiFüzuli irsi əsasında müəyyən edən məhz Mir Cəlal olmuşdur.

Mir Cəlal müəllimin Nizami Gəncəvi haqqında yazdığı “NizamiFüzuli”, “Nizaminin müsbət obrazları”, “Yeddi gözəl”dəki hekayələr haqqında”, “Məhəbbət dastanı”, “Əsrlərdən gələn dostluq səsi” kimi məqalələri onun milli klassik irs haqqında nəzəri konsepsiyasının tərkib hissəsidir. Bu konsepsiyanın mərkəzində klassikanı milli bədii düşüncənin tarixi kimi oxumaq və şərh etmək missiyası dayanır. M.Cəlal NizamiFüzuli sənətini bəşəri sərvətə çevirən amilləri bədii gerçəkliyin dərin qatlarında axtarır. Ədəbiyyatşünaslıq tariximizdə “NizamiFüzuli” əsərinin nəzəri-metodoloji əhəmiyyəti zaman keçdikcə daha praktik elmi tutum qazanır. Ötən əsrin 70-ci illərində tarixi ədəbi gedişatı poetik sistemlərin, poetik kateqoriyaların müstəvisində öyrənməyin tarixi təcrübəsi yenidən dövriyəyə gəldi. Böyük ədəbiyyatşünas A.Veselovskinin tarixi poetika sahəsindəki araşdırmalarının vaxtilə kənarda qalmış nümunələrinin nəşri bu gündavam etməkdədir. Son yarım əsrin ciddi ədəbi-nəzəri faktları bir daha sübut etdi ki, milli ədəbiyyatın nailiyyətlərinin dünya arenasına çıxışını məhz müqayisəli ədəbiyyatşünaslıq vasitəsilə həyata keçirmək mümkündür. Belə tədqiqat üsulu hər bir ədəbiyyatın milli tərəfləri ilə bərabər bəşəri tutumunu da üzə çıxartmağa yardımçı olur.

Nizami Gəncəvi poeziyasının milli müəyyənliyi ətrafında mübahisələr vaxtaşırı ortaya atılır. Nizami poeziyasının milli müəyyənliyini tədqiq etməyə cəhd göstərən bəzi tədqiqatçıların sənətin bədii təkamül mahiyyətinə varmadan formal amillərə əsasən rəy demələri yaşarlı olmur. Bu baxımdan Mir Cəlalın “NizamiFüzuli” əsəri çağdaş ədəbiyyatşünaslığın öyrənməli olduğu mənbələrdəndir. Ədəbi inkişafın mahiyyətini, poeziyanın məzmun və estetik tutumunun təkamülünü mətnin ən dərin qatlarında gizlənmiş bədii sirləri zəminində öyrənən, müqayisəli ədəbiyyatşünaslıq prinsipləri ilə nəzəri səpgidə yazılmış nadir əsərlərdən biri Mir Cəlalın “NizamiFüzulisidir. Mir Cəlal müəllimin mətnlə işləmək məharəti, klassik poeziyanın ən incə mətləblərini duymaq istedadı bu əsərdə heyrətamiz şəkildə üzə çıxır. Bu əsərin çağdaş ədəbi-nəzəri prosesdə yaşamaq səlahiyyətini ehtiva edən hansı mətləblərdir? Birinci növbədə tədqiqatçının yüksək zövq sahibi olması, nəzəri təfəkküründə elmi və bədii qatların qovuşmasıdır. NizamiFüzuli kimi dahilərə kongenial olmaq, onların sənətini dərk edib dəyərləndirmək hər araşdırıcıya nəsib olmur. Digər tərəfdən, Mir Cəlal müəllim fars dilini mükəmməl bilirdi, bu dildə yazılmış mötəbər ədəbi abidələrə, başqa sözlə, poetik ənənələrə bələd idi.

Mir Cəlal müəllim digər tədqiqatlarında olduğu kimi, bu əsərində də elmi-nəzəri ədəbiyyata nadir hallarda müraciət edir, müqayisəli ədəbiyyatşünaslıq imkanları haqqında da söhbət açmır. NizamiFüzuli irsinin müqayisəli təhlilində ədəbiyyatşünas alimin sənəti duymaq fəhmi, intuitiv başlanğıc önə keçir və müqayisəli ədəbiyyatşünaslığın nadir nümunələrindən biri ortaya çıxır. Ədəbi-tarixi prosesdə Nizami sənətinin, Nizami poetik kateqoriyalarının inkişaf və davamını Füzuli poeziyası müstəvisində əyani göstərən bir əsər kimi bu tədqiqat ədəbi fikir tarixinin dinamikasını öyrənməyin ən səmərəli yolu kimi bu günmetodoloji məxəz kimi əhəmiyyətini saxlayır. Mir Cəlal yazırdı: “Ədəbiyyat tariximizdə Füzuli qədər Nizami ilə bağlı olan ikinci şair tapmaq çətindir”. O, bu tezisi Füzuli poeziyasında Nizami ənənələrini forma-məsnəvi, bəhr, bədii məntiq, bədii paralelizm, didaktika, bədii təsvir sistemi müstəvisində təhlil edir.

Görkəmli alim Füzuli sənətinin söykəndiyi ədəbi-elmi qaynaqlara dərindən bələd idiqeyd edirdi ki, “Füzuli öz sələflərindən üçünün adını xüsusi hörmətlə xatırlayır, onların sənətinə daha yüksək qiymət verir. Bunlardan biri ərəb şairi Əbu Nəvas, biri özbək ədəbiyyatının banisi Əlişir Nəvai, üçüncüsüŞeyx Nizami Gəncəvidir”.

Mir Cəlal NizamiFüzulininLeyli və Məcnun” poemalarının müqayisəli təhlilinə vəznlə başlayır. “Böyük şair (Füzuli - Ş.A.), eyni zamanda ustadının təcrübəsinə göz yummamışdır, təsadüfi deyil ki, Füzuli Nizaminin şeir bəhrini (məful-məfaülün-faülün) qəbul etmişdir. Bu vəzni demək olar ki, bütünLeyli və Məcnun” müəllifləri saxlamışlar. Çünki bu vəzn maraqlı eşq macərasının inkişaf etdirilməsi, əhvalatın səlis davamı üçün ən uyğun, ən yüngül bəhrdir”.

Tədqiqatçı NizamiFüzuli sənəti üzərində müşahidələri zamanı belə bir prinsipə əsaslanır ki, “Füzuli şeirinin xüsusiyyətinə yaxşı bələd olmaq üçün, şairin istinad etdiyi zəngin ədəbi mirası mütləq hesaba almaq lazımdır”. Leyli və Məcnunun vəsfi, söz, onun ictimai, sosial və bədii mahiyyəti, poeziyanın qüdrəti, eşqin poetik ifadəsi, baharın və payızın təsviri ilə bağlı paralellər Mir Cəlalın klassikləri tədqiq etməkdə əsasını qoyduğu, bu gündə yaşayan təhlil üsuludur. Belə təhlil üsulu Şərq poetik ənənələrini, ədəbi kanonlar və onların çərçivəsindən çıxmaq hünərini, bədii təsvir sistemindəki oxşar və fərqli cəhətləri görmək, dəyərləndirmək - bütün bunlar ilk baxışda adi görünən, lakin tədqiqatçının elmi-nəzəri imkanlarını təsdiq edən amillərdir. NizamiFüzuli irsində sözə və eşqə verilən elmi şərhlərdən Mir Cəlalın mövqeyi bu məfhumların paralel şərhində daha mükəmməldir və Nizami və Füzulidə söz əxlaqi mahiyyətindən başqa, daha geniş ictimai-fəlsəfi tutum qazanır və buna verilən şərh də digər tədqiqatlardakı yozumlardan fərqlənir. “Demək lazımdır ki, Nizamidə olduğu kimi, Füzulidə də bu mövzunun məzmun və mənası geniş götürülmüşdür. Yəni burada söhbət yalnız azya çox danışmaqdan, adi sözdən yox, sənətkarlıqdan, bədii söz ustalığından gedir. Hər iki şairdə şeir, bədii söz, təbin, ilhamın məhsulu olan söz inciləri qiymətləndirilir. Əksinə, boş, mənasız, hüdudsuz, çərçivəsiz sözün, nəzmin lüzumsuz olduğu təsdiq edilir”.

Nizaminin milli poetik gedişata təsirini Füzuli ilə müqayisə zamanı Mir Cəlal müəllim xalq ədəbiyyatından süzülüb gələn bədii paralellərin Nizami poeziyasında kəsb etdiyi ictimai məzmunu xüsusi qeyd edir və paralellərdəki “məfhumların daxili, məzmun vəhdəti, bədii məntiqin inkişafı nəzərdə tutulmuşdur”. Bu ənənənin Nizamidən sonra Füzuli və Füzulidən sonrakı şairlərin davam etdirdiklərini söyləyən tədqiqatçı xüsusi vurğulayır ki, “lakin hələ heç bir şairimiz NizamiFüzuli paralelləri və kontrastları yüksəkliyində və incəliyində nümunələr yarada bilməmişlər”. Alim bu tezislərini “Yeddi gözəl” əsərindən gətirdiyi nümunələrlə əsaslandırır. NizamiFüzuli sənətindəki “yaxınlığı və qohumluğu” hər iki şairin ədəbiyyata, poeziyaya baxışlarındakı üst-üstə düşən estetik meyarlar əsasında şərh edir.

Peyzaj, bədii portret kimi kateqoriyaların müqayisəli təhlili zamanı hər iki dahinin bu anlamlar zəminində psixoloji ovqat yaratmaq, obrazın mənəvi durumunu ifadə etmək baxımından bədii fikir tariximizdəki xidmətlərini üzə çıxardır. Təbiət təsvirinin NizamiFüzuli poeziyasındakı estetik tutumunu, onun ictimai məzmunu ilə kəsişən tərəflərini tədqiqatçı incəliklərinə qədər verir. “Əhvalatın inkişafında zaman və məkana münasib olaraq yazılan ötəri təsvirlərdən başqa, Nizami gecəni, gündüzü, səhəri, baharı və s. xüsusi və mükəmməl bir şəkildə təsvir etmişdir (“Leyli və Məcnun”, Həft peykər”, “XosrovŞirin”). Eyni ənənəni biz Füzulidə də görürük. Füzulinin səhəri tərif edən iki qəzəli vardır. Bu qəzəllərdə şair səhəri eşq, məhəbbət hissləri ilə bağlayır. Onun əhəmiyyətini və gözəlliyini də bu nöqteyi-nəzərdən izah edir. NizamininXosrovŞirin” əsərində ancaq sübhü təsvir edən başqa bir parçanı alaq. Nizami sübhün tərifini təbiət, coğrafi elementlərdən çox, ictimai həyat, insanın hiss və fikirləri ilə bağlayır”.

Ötən əsrin 40-cı illərində Nizami Gəncəvi poeziyasının tədqiqi, filoloji və bədii tərcüməsi sahəsində böyük yaradıcılıq işlərinin getdiyi bir vaxtda Nizamiyə həsr olunmuş hakim ideoloji sistemin qəlibləri çərçivəsində yazılmış tədqiqatların əksəri arxiv materialına çevrildi. Nizami sənətinin milli folklor qaynaqları, poetikası, bədii sənətkarlığının tarixi ədəbi gedişatda yerini araşdıran əsərlər isə Nizamişünaslıq məktəbinin istiqamətlərini müəyyən etdi. Mir Cəlalın “NizamiFüzuli”, “Məhəbbət dastanı”, “Yeddi gözəl”dəki hekayələr haqqında” araşdırmaları ədəbi-nəzəri fikrin yarım əsrdən artıq inkişaf mərhələlərinin hər birində öz elmi nüfuzunu saxlamışdır.

Nizamişünaslığın problemlərindən biri kimi onun dili, şəcərəsi, milli kimliyi haqqında mübahisələr, müzakirələr bu gündavam etməkdədir. Mir Cəlal müəllim bu problemin şərhində M.Ə.Rəsulzadə, H.Araslı kimi alimlərlə eyni mövqedən çıxış edirbunun tarixi-ədəbi prosesin xarakterik cəhəti kimi izah edir. Nizaminin farsca yazmasının obyektiv tarixi-mədəni səbəblərini hələ yarım əsr bundan qabaq tutarlı dəlillərlə izah edən milli ədəbiyyatşünaslığın irəli sürdüyü konsepsiya Avropa xalqlarının da tarixi taleyində özgə dildə yazmaq məcburiyyətinin mövcudluğunu iqrar edən, dünya ədəbiyyatı anlamının tarixi reallığa keçməsi prosesini maarifçilikromantizm epoxalarının bədii-fəlsəfi fikri kontekstində təhlil edən nüfuzlu tədqiqatlar bir daha təsdiq edir ki, Nizami, Xaqani, Məhsəti kimi klassiklərin fars dilində yazması onların milli kimliyini inkar etmir. Roma imperiyasında latın, Şimali Afrika və Yaxın Şərqdə ərəb, Uzaq Şərqin bir çox ölkələrində klassik çin, Cənubi Asiyada sanskut hakim olmuşdur.

Mir Cəlal NizamininFüzulinin dilindən danışarkən qeyd edirdi ki, “Nizami şeir məktəbini davaminkişaf etdirməkdə, Füzulini ilhamlandıran mühüm amillərdən biridil məsələsidir. Füzuli bütün başqa azərbaycanlılar kimi, Nizaminin fars dilində yazmağa məcbur olmasına acımış və heyifslənmişdir”. Nizaminin Azərbaycan folkloru, yazılı ədəbiyyatı ilə bağlılığını, başqa sözlə onun poeziyasının türk düşüncəsinin bəhrəsi olduğu ilə əlaqədar Mir Cəlalın dostu və həmkarı H.Araslı Türkiyəyə səfər xatirələrində yazırdı: “...Türk alimləri... Öz sualları ilə Nizaminin türk şairi olması məsələsi üzərində daha artıq dayanmağını istəyirdilər. Mən cavabında bu məsələni misallarla, Nizaminin çox zaman azərbaycanca düşünüb farsca yazdığını və bu beytləri fars şərhçilərinin başa düşmədiyini, hər azərbaycanlıya məlum olan belə ifadələrin hətta Əbdürrəhman Cami kimi böyük bir sənətkara da qaranlıq qaldığını söylədim. Çünki Cami “Xəmsə”yə yazdığı şərhində Nizaminin 350 beytini başa düşmədiyini və qiyamət günü böyük ustadın ətəyindən tutub o beytlərin mənasını izah etməyi xahiş edəcəyini demişdir. Bu beytlərin çoxu hər bir azərbaycanlı üçün aydın olan, xalq həyatından, məişət və folklorundan irəli gələn ifadələrdir”.

Nizaminin türk şairi olduğunu ötən əsrin 40-cı illərində M.Ə.Rəsulzadə, Həmid Araslı, Səməd VurğunMir Cəlal eyni metodoloji mövqedən araşdırırlar. Tədqiqatçıların bir qrupu mətnin poetik strukturu, poetik leksikanın semantikasına əsaslanır, digərləri isə bədii düşüncənin milli yaddaş tutumuna, onun milli ədəbi tarixi prosesdə təkamülünə istinad edirdilər. Mir Cəlalın klassik irs, o cümlədən Nizami Gəncəvi və Füzuli irsi üzərindəki müşahidələrində elə məqamlar var ki, bu klassiklərin yaşayıb yaratdıqları tarixi ədəbi gerçəkliyin mahiyyətini doğru anlamaqda müasir araşdırıcılar üçün ciddi elmi məxəzdir. Füzulinin öz dövrünün ədəbi-estetik meyarlarındakı konservatizmə etirazını tədqiqatçı həssas alim duyumu və səriştəsi ilə izah edirdi. Ərəb və fars tərkibli ifadələrlə yüklənmiş şeirlərinin nədən yazılması haqqındakı aşağıdakı mülahizələr o dövrün ədəbi zövq və sənət, onun dili haqqında meyarları anlamaq üçün açardır: “Füzuli, bu üslubu (dövrünün qəliz ərəb-fars tərkibli şeiri nəzərdə tutulur - Ş.A.) gözəl, mükəmməl bilsə də, bunun dalınca getməmişdir. Yəni qəlizliyə qaçmağa çalışmamışdır. Belə nümunələri məhz ona görə yazmışdır ki, zəmanəsində “yüksək və müzəyyən” sayılan ibarət və ifadələri fars-ərəb şairlərindən pis bilmədiyini isbat etsin”.

Tarixi şəxsiyyətlərin poetik obrazı, folklor motivlərinin, dastan və rəvayətlərin əsərin əsas ideyasını ifadə etməkdə bədii-estetik funksiyasının rolunu Mir Cəlal əsasən “Yeddi gözəl” əsərinin təhlili ilə şərh edir. “Yeddi gözəl” poemasının ədəbi-tarixi qaynaqlarına bələdliyi eyni mövzuya FirdovsiNizaminin yanaşmasındakı kəsişən və fərqli cəhətləri təhlil edir. FirdovsiNizaminin Bəhram obrazlarındakı yaxınlıq bu tarixi şəxsiyyətin ağıllı, bacarıqlı, ləyaqətli şah kimi təsviridir. “Lakin bu təsvirlər yalnız bədii forması ilə deyil, ideya-məzmun cəhətcə də ayrıdır. ... Əgər Firdovsidə Bəhram İran tarixi, milli xüsusiyyət çərçivəsində verilmişdirsə, Nizamidə bu obraz ən çox ümumi, bəşəri bir sima olmuşdur”.

Mir Cəlalı ən çox düşündürən Nizaminin bu poemasının ictimai siqləti, bəşəri ideyalar carçısı olmasıdır. Nizaminin Bəhram obrazının fonundaideal bir ictimai həyat” yaratması, bu ideyaların bir-birindən fərqli hekayələrdə təsvir olunan əxlaqi, ictimai-fəlsəfi detallarla əyaniləşməsi şairin bədii fikir tarixindəki böyük xidməti kimi dəyərləndirilir. Nizaminin tarixi hadisəni, tarixi şəxsiyyəti öz bəşəri ideallarının bədii ifadəsinə çevirməsi mənasında alimin aşağıdakı elmi ümumiləşdirməsi əsərin ideya-poetik təhlilinə əsaslanır: “Nizaminin yaratdığı Bəhram tarixi şəxsiyyət deyil, ümumiləşdirilmiş bədii bir obrazdır. Onun keçdiyi yol bir şahın tərcümeyi-halı deyil, böyük şairin yaratdığı ictimai məzmunlu xarakterlər ilə zəngin bir bədii süjetdir”.

Mir Cəlal “Yeddi gözəl”dəki hekayələr haqqında” məqaləsində də bu poemanın ideyası ilə poetik strukturundakı bir-birini tamamlayan məqamlar təhlil olunur. Bu hekayələrin hər birinin məzmununu sadə, hamı üçün anlaşıqlı bir dildə şərh etməsi əsas məqsədə, Nizaminin bəşəri, humanist ideyalar carçısı olduğunu sübut etməyə yönəlir. Nizaminin bədii ifadə sisteminin öz zəmanəsinin ictimai, ədəbi-bədii gerçəkliyinə paralel olmasını Mir Cəlal “Yeddi gözəl”lə Şərq ədəbi ənənələrini vəhdətdə öyrənir və belə qənaətə gəlir ki, “Bütün Şərq poemalarında, Nizaminin başqa poemalarında olduğu kimi, “Yeddi gözəl”də də əhvalat müxtəlif və əlvan səhnə və zəminlərdə inkişaf etdirilir. Burada real ictimai münasibət olan məişət, məhəbbət, müharibə, siyasət aləmi ilə yanaşı, əfsanə, möcüzə, xəyalət səhnələri də verilmişdir. Bunlar bir-birindən ayrı yox, üzvi bir surətdə verilmişdir ki, bu da tarixən dövrün ictimai şüuruna tamam uyğunmünasib idi”.

Görkəmli tədqiqatçı-alim “Yeddi gözəl”dəki say, rəng simvollarının daşıdığı məzmunun “əsərin bel sütunu” ilə daxili bağlılığını ilk dəfə yaradıcılığın bədii psixoloji qatı kimi təhlil etməklə poemanın poetik strukturunun orijinallığını, tarixi ədəbi qaynaqlardan gələn motivlərin yeni, dahiyanə yozumunu meydana qoyur. Ümumiyyətlə, Mir Cəlalın Nizami Gəncəvi haqqında tədqiqatlarında poetik kateqoriyalar əsas yer tutur və belə təhlil üsulu onun poetik sisteminin qaynaqlarını öyrənməyin səmərəli yolu kimi indiözünü təsdiq edir.

Mir Cəlalın “Leyli və Məcnun” poemasının tərcüməsinə həsr etdiyi və “Vətən uğrunda” jurnalının 1942-ci il 9-cu sayında çap olunmuş “Məhəbbət dastanı” məqaləsi həm Nizaminin bu əsərinin ictimai-fəlsəfi mahiyyəti haqqında irəli sürülən mülahizələrin bu gün də yaşarlığı, həm də tərcüməyə və tərcüməçiyə verilən dəyərin obyektivliyi ilə diqqət çəkir. Mir Cəlal müəllim farsca gözəl bildiyi kimi, yüksək bədii zövq sahibi idi. O, Məcnun obrazının ictimai-mənəvi mahiyyətini 40-cı illərin sosioloji dəyərlərindən fərqli bir elmi intonasiyaestetik baxış bucağından təhlil etmişdir. Onun Məcnun obrazı barədə fikirləri elmi aforizm kimi səslənir. “Şairin (Nizaminin - Ş.A.) fikrini məşğul edən, ömrü boyu düşündüyü ictimai məsələləri bir şeir dili ilə demək, zəmanəsində çəkdiyi ağır mənəvi iztirabları söyləmək üçün dastan Nizaminin əlində ən yaxşı vasitə olmuşdur. ...Məcnunun eşq günəşi ilə işıqlanan mənəvi aləmi isə çox böyükdür”.

Səməd Vurğunun tərcüməçilik fəaliyyəti haqqında çox yazılıb. LakinLeyli və Məcnun”un tərcüməsi haqqında xalq arasında, ədəbi-elmi ictimaiyyət içərisində yekdil rəy belə olub: “Səməd Vurğun NizamininLeyli və Məcnun”unu doğma dilinə qovuşdurdu. Mir Cəlal müəllim Səməd Vurğun sənətinin yüksək dəyərini verən, Vurğun şeirinin vurğunu olmuşdur. Mir Cəlal yığcam bir məqalədə fars mətninə dərindən bələd olmaqla yanaşı poetik tərcümənin də səviyyəsini sərrast müəyyən etmişdir: Bu tərcümənin gözəlliyi orasındadır ki, Səməd Nizami şeirinin canını, onun incəliyini, bədii alovunu saxlaya bilmişdir. 800 il bundan əvvəlki qədim mətndən əruzu hecaya çevirmək, Nizami kimi 10 min misranı başdan-ayağa eyni bir ölçüdə (6-5-11) davam etdirmək, hətta orijinalın stilistik məziyyətini - kontrastları, paralelləri saxlamaq tərcüməçidən böyük sənətkarlıq məharəti və davamlı əmək istər. ...Bu misraların (Məcnunla bağlı - Ş.A.) qüvvəti orasındadır ki, həm Nizami sənəti, həm Səməd Vurğun sənəti görünür”.

Nizami Gəncəvi poeziyasının yüksək əxlaqi-mənəvi dəyərləri daim Mir Cəlalın nəzərində olmuşdur. O, tədqiqatlarında olduğu kimi pedaqoji fəaliyyəti dövründə də Nizami irsini öz tələblərinə öyrətmiş, təsadüfi deyil ki, uşaqlar və gənclər üçün Nizami poeziyasından seçmə mətnlər hazırlamışdır. “Fitnə”, “Xeyr və Şər”, “İki rəssam”, “İlin fəsilləri”, “Kərpickəsən” kimi mətnlər Nizami irsinin təbliği, dərki baxımından bu gün də dəyərlidir. Mir Cəlal bu mətnləri bir yazıçı kimi işləmiş, onun hər yaş oxucu üçün anlaşıqlı qavranmasına nail olmuşdur. Təəssüf ki, bu ənənə indi davam etmir. Halbuki bu mətnlər klassiklərimizi öyrətməyin və sevdirməyin əyani təcrübəsidir.

XX əsr ədəbi-nəzəri fikrimizin klassiklərindən olan Mir Cəlal öz əsərləri ilə tarixi-mənəvi sərvətlərimizlə müasirliyi qovuşdurmaqda bir alim, yazıçı və pedaqoq kimi öz missiyasını davam etdirməkdədir.

 

 

Şirindil ALIŞANLI,

filologiya elmləri doktoru, professor

Azərbaycan.-2021.- 26 sentyabr.- S.11.