Muğam Mərkəzində
“TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi olub
Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı-2020”nin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid jurnalistlər - AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışova həsr olunmuş videoçarx nümayiş olunub.
Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan öz qədim tarixi ərzində heç vaxt görünməmiş bir yüksəliş yaşayır: “Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində qazanılmış uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycanın böyük Zəfəri bütün türk dünyası üçün önəm daşıyır.
Son 32 il ərzində Qarabağ ətrafında baş verən hadisələrin məntiqi nəticəsi - 27 sentyabr tarixdən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi oldu. Azərbaycanın Qələbəsi ilə nəticələnən döyüş əməliyyatları 10 noyabr tarixdə üçtərəfli razılaşmanın imzalanması ilə öz layiqli sonluğunu tapdı. Prezident İlham Əliyevin dediyi kimi, bu savaş xalqımız üçün Vətən müharibəsi idi. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi”.
Vətən müharibəsi günlərində və sonrakı dövrdə müharibə həqiqətlərini yerli və dünya ictimaiyyətinə operativ çatdıran jurnalistlərimizin son dərəcə böyük peşəkarlıq göstərdiyini söyləyən nazir deyib: “Cəbhə bölgəsinə ezam olunmuş öz peşə fəaliyyətlərini milli vətənpərvər ruhda fədakarlıqla yerinə yetirən KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlərlə yanaşı, bu haqq savaşında xüsusi fədakarlıq göstərmiş və müharibə həqiqətlərini dünyaya çatdırmaqda bizə yardımçı olan xarici media təmsilçilərinin də fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Fürsətdən istifadə edib bütün türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm. Builki media mükafatını Qarabağ savaşına həsr etdiyi üçün TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinova minnətdarlığımı bildirirəm. Tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf Rza Deqqəti və jurnalist Fulya Öztürkü salamlayıram.
Cəbhə bölgəsinə ezam olunmuş yerli və xarici jurnalistlər üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ bildilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər. Həyatlarını riskə atmaqdan çəkinmədilər.
İşğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular. Bu, təkcə Azərbaycan jurnalistikasına deyil, dünya mediasına yönəlmiş terror aktıdır”.
A.Kərimov daha sonra mətbuatın inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib: “Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi”.
Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı qeyd edib ki, türk xalqlarının tarixi zəfərlərlə doludur: “Bu tarixə 2020-ci ildə Azərbaycan daha birini əlavə etdi. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgəri qanları, canları bahasına düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək bu Zəfəri bizə yaşatdı.
Tədbir barədə məlumat verən Bilal Çakıcı, mükafatın TÜRKSOY tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına təqdim edildiyini söyləyib.
Bilal Çakıcı 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim olunacağını vurğulayıb.
O həm TÜRKSOY-un, həm də Azərbaycan dövlətinin birgə səyləri nəticəsində dostluq, qardaşlıq körpülərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Sonra “TÜRKSOY Media
Mükafatı-2020”i təqdim edilib. Mükafat şəhid jurnalistlər
Məhərrəm İbrahimov
və Sirac Abışovun ailə üzvlərinə verilib.
Həmçinin Türkiyə,
Qazaxıstan, Xorvatiya,
Azərbaycan, Özbəkistan
və Qırğızıstandan
olan jurnalistlər də bu mükafata
layiq görülüblər.
Mükafatçılar sırasında dünyaca
məşhur fotoqraf Rza Deqqəti və türkiyəli jurnalist Fulya Öztürk də var.
Təltif olunanlar əməklərinə
verilən yüksək
dəyərə görə
təşkilatçılara təşəkkürlərini bildiriblər.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistlərinin
ifasında “Qarabağ”
şikəstəsinin səslənməsi
ilə yekunlaşıb.
Azərbaycan.-2021.- 26 sentyabr.- S.12.