Ölkəmizdə
təhsilin və elmin inkişafına xüsusi diqqət
yetirilir
Sentyabrın
24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun
Binə qəsəbəsində yeni inşa edilən 88
saylı tam orta məktəbdə yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 88 saylı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Burada 28 sağlam təhsil sinif var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.
Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin
rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, bu sferada
innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi
istiqamətində son illərdə çox böyük
işlər görülüb. Dövlət səviyyəsində
bu sahədə həyata keçirilən tədbirlərə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr
verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrinin
coğrafiyası, sayı və miqyası ilbəil daha da
genişlənir. Təhsil müəssisələrinin əsaslı
təmiri, yenidən qurulması və yenilərinin
inşası, onların zəruri tədris
avadanlığı ilə təchiz olunması bu sahənin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və
bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb
binalarının və tədris korpuslarının
inşası həm də şagird
sıxlığını aradan qaldırmaqla, onların daha
keyfiyyətli təhsil almasına şərait yaradır.
Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda
təhsilin və elmin inkişafına xüsusi diqqət
yetirilir və dövlətin həyata keçirdiyi siyasətin
prioritetlərindən biri də insan kapitalının daha da
inkişaf etdirilməsidir.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.1-4.