Müharibə qurtarıb,
Dağlıq Qarabağ münaqişəsi tarixdə
qalıb, özü də həmişəlik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə jurnalın saytında işıqlandırılıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Bununla belə, gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi?
- Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.
- “Dəmir yumruq” adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Nə üçün məhz bu ad qəbul edildi? Sizin rəhbərliyinizlə əks-hücum əməliyyatı planının hazırlanmasında kimlər iştirak edirdi?
- Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində informasiyanın azacıq da olsa sızmasından yaxa qurtarmaq mümkün deyildi. Biz güman edirdik ki, düşmən bizim nəzərdə tutduğumuz əməliyyatlar barədə ümumən məlumatlıdır. Döyüş əməliyyatları zonası yetərincə məhduddur və təbii ki, əsas əməliyyatların harada keçiriləcəyini hər bir hərbi mütəxəssis müəyyən edə bilər. Buna görə də biz döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edirdik. Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim.
Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.
Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub.
-Müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün sınaqdır. Sirr deyil ki, ərazisinin bir hissəsi uzun onilliklər boyu işğal altında olduğu şəraitdə Azərbaycan bu müharibəyə hazırlaşırdı. Siz Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş həmin hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edə bilərsinizmi?
- Bəli, siz tamamilə haqlısınız. Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın - həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi. Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər.
Lakin təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik. Buna görə də praktiki olaraq mənim Prezident vəzifəsində olduğum birinci gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzrə iş başlanıb. Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi.
Əlbəttə, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı. Yaxşı məlumdur ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Biz həmçinin 2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində öz imkanlarımızı çox məhdud şəkildə nümayiş etdirdik. O vaxt işğal altındakı ərazilərin bir hissəsi azad edildi və biz erməni tərəfin işğala son qoyması barədə mühüm qərar qəbul etməsinə imkan verdik. Təəssüf ki, o vaxt biz dayananda erməni tərəf bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi. Biz həmçinin 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində, necə deyərlər, qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirdik. Buna görə biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik və təbii ki, ermənilərdən fərqli olaraq, düşmənin imkanlarını sayıq qiymətləndirir və Ermənistanı işğal edilmiş əraziləri könüllü şəkildə tərk etməyə məcbur etmək üçün təsir vasitələrindən istifadə etməyə çalışırdıq. Mənim Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi barədə beynəlxalq qurumlara bütün çağırışlarımın məqsədi bu olub. Çünki əgər belə olsaydı, Ermənistan işğal etdiyi əraziləri tərk etməyə məcbur olar və müharibə baş verməzdi. Lakin təəssüf ki, belə olmadı. Son dövrdə Ermənistan rəhbərliyi açıq təxribatlara əl atdı. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları, əslində, danışıqlar prosesindən çıxmaq demək idi. Ermənistan müdafiə nazirinin Amerikada Ermənistanın yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşması barədə bəyanatı isə açıq-aşkar hədə və elementar sağlam düşüncə normalarına və beynəlxalq hüquqa hörmətsizlik nümayişi idi. Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur.
- Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü. Sizin, mən belə deyərdim, qətiyyətiniz, inamınız və təmkinliyiniz nəyə əsaslanırdı? Bu müharibənin tarixən ədalətli olmasını başa düşməyinizə? Sizin Ali Baş Komandan kimi regionda ən yaxşı ordulardan birinə malik olmağınızı başa düşməyinizə? Qarşı tərəfin, yəni, erməni tərəfin “əl-qol atması” fonunda Sizin bu cür müstəsna dərəcədə ləyaqətli, sakit, inamlı davranmağınızın əsası bu idimi?
- Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam.
Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır. Bundan əlavə, bilirsiniz ki, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə, - bu da cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir, - bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar, bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Eyni əhvali-ruhiyyə cəmiyyətə də keçir. Üstəlik, hərbi əməliyyatların elə ilk günlərindən biz uzun müddət gözlədiyimiz qələbə sevincini daddıq. Artıq dediyim kimi, elə ilk gün yaşayış məntəqələri azad edildi. Cəmiyyət praktiki olaraq hər gün mənim “Twitter” səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən, nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik. Hərçənd, əlbəttə, çoxları başa düşürdü ki, müharibə - gedişi qabaqcadan bilinməyən məsələdir. Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla bizim etdiyimiz kimi sürətlə irəliləmək çox çətin idi. Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi, taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi.
- Hər bir müharibənin müəyyən xronologiyası var. Siz sentyabrın 27-dən başlayaraq qələbə ilə - Azərbaycan üçün xüsusi məna kəsb edən, strateji əhəmiyyətli və müstəsna dərəcədə rəmzi məna daşıyan Şuşa şəhərinin götürülməsi ilə başa çatmış əməliyyatın əsas mərhələlərini, əsas gedişini necə səciyyələndirərdiniz?
- Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır. Ona görə bu da vacib idi, çünki əgər biz elə ilk gündə düşmənin müdafiə xəttini yara bilməsəydik, işimiz daha çətin olardı. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı. Fikrimcə, İkinci Qarabağ müharibəsi uğurla nəticələnmiş amillər baxımından çoxları üçün olduqca əlamətdardır.
Mən Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərinə Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfin daha yalanlar uydurması üçün əsası qalmadı.
Hadrutdan qabaq - oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.
Əlbəttə, sonrakı əməliyyatı - Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.
- Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır. Axşam vaxtı, ən münasib saatlarda on milyonlarla rusiyalı həmin verilişə baxırdı. Orada Siz də çıxış etdiniz, cənab Paşinyan da. Mən, necə deyərlər, cənab Paşinyanın bostanına daş atmaq istəmirəm, lakin Sizin çıxışınız siyasi zəfər, informasiya savaşında zəfər idi, - bunu çoxları gördü. Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi. Bax, bu informasiya tərkib hissəsi insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi. Şübhəsiz, burada həm Azərbaycan, həm də, cənab Prezident, şəxsən Siz müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz. Siz bu informasiya cəbhəsində müqavimət göstərməyə, irəli getməyə necə nail oldunuz?
- Deyərdim ki, bu da bir növ bədahətən
oldu. Çünki döyüş əməliyyatlarının
ilk günlərindən dünya mediasında - həm Rusiya, həm
Qərb mediasında, həm də qonşu ölkələrdə
bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab
verməyə razılaşırdım, çünki vəziyyət
barədə həqiqəti - nələr baş verdiyini,
münaqişənin səbəblərinin nədən ibarət
olduğunu, kimin işğalçı və kimin
işğal qurbanı olduğu barədə həqiqəti mümkün
qədər çox ölkənin ictimaiyyətinin diqqətinə
çatdırmağı vacib hesab edirdim. Ona görə ki,
bir sıra ölkələrdə yetərincə effektiv olan
erməni təbliğatı və erməni diaspor təşkilatları
onilliklər ərzində bu münaqişə barədə
yalan təsəvvür yaradırdılar. Hətta hərbi əməliyyatların
başlanğıcına və bəzi ölkələr tərəfindən
qəbul edilmiş qərarlara nəzər salsaq, onlar, sadəcə,
heç bir məntiqə uyğun gəlmir. Azərbaycan
işğala məruz qalanda ABŞ Konqresi Azadlığa Dəstək
Aktına bədnam 907 nömrəli düzəliş qəbul
etdi. Bu düzəliş Azərbaycanı ABŞ-ın
birbaşa hərbi yardımından məhrum etdi, özü də
təkcə hərbi yardımından yox. Zərərçəkmiş
ölkə olan biz, əslində, ayrı-seçkiliyə məruz
qaldıq. Yeri gəlmişkən, bu düzəlişin qəbul
edilməsində ABŞ-ın sonrakı rəhbərləri,
administrasiyada çox yüksək vəzifələr
tutmuş və indi də tutan rəhbərlər çox
böyük rol oynayıblar. Bu düzəlişi belə əsaslandırırdılar
ki, guya Azərbaycan Ermənistanı mühasirəyə
alıb. Təsəvvür edin, Zəngilan, Qubadlı,
Laçın, Kəlbəcər rayonları işğal
edilib və bunu Ermənistanın mühasirəyə
alınması adlandırırlar. Bunu ona görə deyirəm
ki, erməni diaspor təşkilatları və erməni
lobbisinin nəzarətində olan kütləvi informasiya vasitələri
münaqişənin mahiyyətini təhrif edirdilər. Yəni,
Ermənistanın etnik təmizləmələr
aparmış, Xocalıda soyqırımı törətmiş,
bütün tarixi və mədəni binaları
dağıtmış təcavüzkar,
işğalçı olması - bütün bunlar gizlədilirdi.
Azərbaycan
isə, hansısa bir monstr, totalitar, avtoritar ölkə kimi təqdim
edilirdi.
İstər “Washington Post”, istər “NewYork Post”, istər
“Figaro”, istərsə də ABŞ-ın, Fransanın,
Almaniyanın və bir sıra digər ölkələrin
başqa kütləvi informasiya vasitələri ölkəmizi
“Əliyevin diktator rejimi” adlandırırdılar. Beləliklə,
erməni diasporunun hakimiyyəti - o isə Ermənistan
Respublikasının hakimiyyətindən qat-qat
güclüdür, - elə fon yaradır və şayiə
yayırdı ki, belə diktator ölkədə erməni əhali
özünü təhlükəsiz hiss edə bilməz və
bu səbəbdən Dağlıq Qarabağ
ayrılmalıdır və Dağlıq Qarabağ müstəqil
statusa malik olmalıdır, halbuki Azərbaycan çoxmillətli,
çoxkonfessiyalı ölkədir və burada hamı
sülh və həmrəylik şəraitində
yaşayır.
Bütün bunlar belə bir fabula ətrafında
formalaşırdı və bu şəraitdə bizim həqiqəti
deməyimiz, əlbəttə, çox çətin idi,
çünki bizim media resurslarımız ermənilərin
müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə
medianın diqqətini cəlb etdi və mən nələr
baş verməsi barədə həqiqəti çatdırmaq
üçün bu imkandan istifadə etdim. Mənim dediklərimin hamısını sənədlərlə
təsdiq etmək olar. Mən tarixi həqiqətə
və ya döyüş meydanında hər gün baş verənlərə
uyğun olmayan bircə kəlmə də deməmişəm.
Erməni tərəfi müharibə
dövründə nələr baş verməsi və daha əvvəl
nələr olması barədə öz xalqına yalan deyir,
dünya birliyini aldadırdı. Buna
görə də, əlbəttə, düşünürəm
ki, ilk növbədə, onların tezisləri
inandırıcı deyildi, əslində, onlar özlərini
hörmətdən saldılar və biz baş verənlər
barədə həqiqəti çatdıra bildik. Yeri gəlmişkən, “Rossiya” telekanalına təşəkkür
edirəm ki, bu efiri təşkil etdi, bizim öz mövqeyimizi
birbaşa efirdə ifadə etməyimizə imkan yaratdı.
İstər döyüş meydanında, istərsə də
informasiya məkanında belə dürüst mübarizə
gedəndə, əlbəttə, erməni tərəfin
şansı ola bilməzdi.
- 44
günlük müharibə bu gün dünyanın
aparıcı ölkələrinin baş qərargahlarında
öyrənilir. Dünya səviyyəli hərbi
ekspertlərin çoxu onu, ilk növbədə, dronlar
müharibəsi adlandırırlar. Əlbəttə,
İkinci Qarabağ müharibəsinin, necə deyərlər,
vizit vərəqi olan bu amil Azərbaycanın pilotsuz
uçuş aparatlarının bütün siniflərindən
nə dərəcədə genişmiqyaslı və səmərəli
istifadə etdiyini göstərir. Bu, XXI əsrin
müharibəsi idi, eyni zamanda, çox böyük sayda
uçuş aparatları kəşfiyyat, aşkar olunmuş hədəflərin
məhv edilməsi funksiyalarını yerinə yetirirdi. Siz Ali Baş Komandan kimi bu qurğuların
döyüşdə tətbiqinin fenomenal uğurlu təcrübəsi
barədə danışa bilərsinizmi? Ona
görə ki, bu münaqişəyə qədər istər
Amerika Birləşmiş Ştatlarının, istərsə
də hətta İsrailin bu cür yüksək texnoloji,
uğurlu, səmərəli müharibə təcrübəsi
yox idi. Siz buna necə, nəyin sayəsində nail
oldunuz?
- Siz
tamamilə haqlısınız. İkinci
Qarabağ müharibəsinə qədər pilotsuz
uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli
şəkildə istifadə edilməyib. Biz
pilotsuz uçuş aparatları almağa yetərincə
çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox
bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri
idi. Biz onları mənimsədik və
2016-cı ilin aprelində qısamüddətli
döyüş əməliyyatları zamanı tətbiq
etdik. Bu, erməni tərəfi
üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə
edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik,
çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar
aparmaq niyyətimiz yox idi. Buna görə
bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa
başladıq, yəni 2016-cı ilin aprelinə biz “Harop”
PUA-larından istifadə edirdik. Sonra biz
İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr,
konkret desək, “SkyStriker” almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil,
ona görə ki, bunu gizlətməyin mənası yoxdur.
Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də
döyüş təyinatlı “Orbiter” PUA-ları da aldıq.
O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ
PUA-lar istehsalına başlamamışdı. Onlar
bu istehsala başlayan kimi mənim fikrimcə, biz “Bayraktar TB2”lərin
ilk xarici alıcısı olduq. Bu PUA-lar da
həm kəşfiyyat, həm də dəqiq zərbələr
vurulması baxımından çox səmərəli
olduğunu göstərdi. Lakin əlbəttə,
belə demək olarsa, pilotsuz uçuş aparatları
arasında vəzifələrin bu cür əlaqələndirilməsi
və bölgüsü aparılmalı idi.
“Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları
zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə,
bəzən hava şəraiti buna əngəl törədirdi,
lakin əksər günlərdə hava aydın olduğu
üçün onlar, ola bilsin kiçik
fasilələrlə, praktiki olaraq hər gün işləyirdi.
İsrail və Türkiyə istehsalı olan
PUA-ları əlaqələndirmək və
uyğunlaşdırmaq, əlbəttə, böyük
ustalıq tələb edirdi. Onların hədəflərinin
siyahısı da fərqli idi, çünki kəşfiyyat
xarakterli döyüş sursatının məhvedici qüvvəsi
“Roketsan” raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər
“Harop” ilə, zirehli texnika və digər hədəflər isə
əsasən “Bayraktar TB2”lərlə məhv edilirdi.
Lakin bildiyiniz kimi, “Harop” birdəfəlik istifadə
silahıdır, ona görə də biz “Harop” ilə zərbə endirəcəyimiz
hədəfləri çox diqqətlə seçirdik.
Bundan əlavə,
siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər
həm də kəşfiyyat xarakteri daşıyır və
buna görə onların təsirini bizim artilleriya atəş
sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək
vacib idi və bu, əlbəttə, çox böyük
peşəkarlıq, vərdiş tələb edirdi,
çünki bu, çox mürəkkəb məsələdir.
Çox mürəkkəb. Deməliyəm
ki, döyüş əməliyyatları aparılan dövrdə
bu sahədə bizim səhvlərimiz olmayıb. Müəyyən nöqsanlar olub, biz onları
bilirik, müharibənin gedişində onları düzəldirdik.
Mən hər bir addımımızı
ideallaşdırmaq fikrindən uzağam. Biz
öz xalqımıza da, o cümlədən ordunun rəhbərliyinə
də həqiqəti deməyə borcluyuq. Mən nöqsanlara görə dəfələrlə
məzəmmət etmişəm, lakin həmin nöqsanlar
fundamental xarakter daşımırdı. Pilotsuz
uçuş aparatlarının tətbiqi məsələsinə
gəldikdə isə, burada bizim səhvlərimiz olmayıb.
- Üstəlik,
Siz müsahibənin əvvəlində dediniz ki, əks-hücum
əməliyyatının aparılması zamanı Sizin
qarşıya qoyduğunuz vəzifələrdən biri dinc əhali
arasında itkiləri minimallaşdırmaq, istisna etmək idi.
Yüksək dəqiqliyə malik pilotsuz
uçuş aparatları həqiqətən məhz hərbi
hədəflərin, üstəgəl bir neçə nəzarət
sisteminin nöqtəvi şəkildə məhv
olunmasını təmin edir. Bu baxımdan
bu uğurlu təcrübə Sizin əvvəl dediyiniz belə
bir tezisi təsdiq edir ki, müharibəni beynəlxalq
hüquq, müvafiq konvensiyalar və əlbəttə, məhz
hərbi hədəflərin məhv edilməsi əsasında
aparmaq vəzifəsi qarşıya qoyulmuşdu.
- Bəli,
siz tamamilə haqlısınız və məhz bu səbəbdən
erməni tərəfinin dinc əhali arasında itkisi çox
az, bizim məlumata görə təqribən
30 nəfər olub. Fikrimcə, onlar da bu məlumatlar
barədə mübahisə etmirlər. Onların
əksəriyyəti artilleriya toplarının yaxınlığında
olmuş, döyüş sursatları daşıyan və
özləri həmin toplardan atəş açan mülki
şəxslər idi. Siz tamamilə
haqlısınız ki, “Bayraktar”lardan istifadə edilməsi
döyüş əməliyyatlarının
aparılmasında, bizim silahlı qüvvələrin irəliləməsi
və yeni mövqelər tutması üçün
yolların təmizlənməsində, habelə itkilərin
minimallaşdırılmasında bizə çox kömək
etdi. Müharibə dövründə biz
366 tankı, böyük miqdarda zirehli texnikanı və
artilleriya toplarını məhv etdik və qənimət kimi
götürdük. “Bayraktar”lar
artıq düşməni dəhşətə gətirirdi və
qənimət kimi götürdüyümüz tankların
çoxunu biz döyüşdə götürməmişik.
Yəni erməni tanklarının heyəti müəyyən
mövqeyə çıxır, sonra həmin tanklardan
tullanıb hərə bir tərəfə
qaçırdı, çünki tankın üstünə
“Bayraktar”lar düşəcəyindən
qorxurdular. Biz bunu praktiki olaraq hər gün
internetdə göstərirdik və təbii ki, bu, düşmənin
hərbi qulluqçularını dəhşətə gətirirdi.
Buna görə, artıq qeyd etdiyim kimi, onlar
tankların çoxunu, sadəcə, atıb getmişdilər.
- İkinci Qarabağ müharibəsinin bütün
dünyada aparıcı hərbi tədqiqat mərkəzlərinin
xüsusi diqqətini cəlb etmiş daha bir səhifəsi Azərbaycanın
xüsusi təyinatlı qüvvələrinin fəaliyyəti
idi. Biz bunu
xüsusən Şuşa şəhərinin
azad edilməsi əməliyyatında əyani gördük. Məlumdur ki, bu qüvvələr təkcə Azərbaycan
Müdafiə Nazirliyinin deyil, həm də digər
strukturların, xüsusi xidmətlərin xüsusi təyinatlıları
idi. Azərbaycanın xüsusi təyinatlı
qüvvələrinin məhz bu döyüş əməliyyatlarını
necə xarakterizə edərdiniz?
- Bəli,
siz tamamilə haqlısınız, Müdafiə Nazirliyinin
xüsusi təyinatlı qüvvələri işğal
altında olan ərazilərin azad edilməsi üzrə ən
mühüm əməliyyatların, ilk növbədə,
Şuşa əməliyyatının və bir sıra
başqa əməliyyatların keçirilməsində həlledici
rol oynayıblar. Onlar bir sıra əməliyyatlar
zamanı ölümün üzərinə gedərək
peşəkarlıq və fədakarlıq nümayiş
etdiriblər.
Mən xüsusi təyinatlı qüvvələrə həmişə
ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti,
təchizatı, gündəlik məşqləri mənim
mütəmadi nəzarətimdə olub. Mən
dəfələrlə onlarla görüşmüşəm
və görmüşəm ki, biz həqiqətən
çox yüksək döyüş qabiliyyətli, çox
mürəkkəb məsələləri həll edə biləcək
hərbi vahid yaratmışıq.
Döyüş
əməliyyatlarının gedişinə qayıtmalı
olsaq, deməliyəm
ki, bu ərazinin relyefi bizim üçün
çox əlverişsiz idi. Biz, əslində,
dağlara dırmaşırdıq. Erməni
tərəfi yüksəkliklərdəki bütün əsas
mövqeləri, bir neçə müdafiə xəttini
tutmuşdu və relyef də müdafiə xəttidir, o da
istehkamdır. Buna görə biz peşəkarlıq
və əzmkarlıq möcüzələri, güc və Vətənə
sevgi nümayiş etdirməli olduq. Odur ki,
mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif
strukturların tərkibində bir neçə xüsusi təyinatlı
bölmə yaratdıq. Sərhəd qoşunlarının
xüsusi təyinatlıları hərbi əməliyyatlarda,
bir sıra yaşayış məntəqələrinin azad
olunmasında çox fəal və səmərəli
iştirak ediblər. Mən Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının
xüsusi təyinatlılarını da qeyd etmək istərdim,
çünki onlar da hərbi əməliyyatların
gedişinə fəal qoşulublar. Biz
onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə
onların istifadəsini nəzərdə
tutmamışdıq. Sərhəd Xidmətini də,
Daxili Qoşunları da döyüş texnikası ilə təchiz
etmişdik, ola bilsin ki, bu, onların
birbaşa fəaliyyət növü üçün o qədər
də səciyyəvi deyildi. Demək istəyirəm,
mən bu cür bacarıqlı mobil hərbi qruplar
yaradırdım ki, onlar özlərinin birbaşa vəzifələrindən
əlavə, ərazilərin azad edilməsi üzrə
funksiyaları da yerinə yetirə bilsinlər.
Hərbi əməliyyatların müəyyən mərhələsində
biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun
xüsusi təyinatlılarını da cəlb etdik. Onlar
Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında
xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri
ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi
Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat
qüvvələri də özlərini çox fəal və
səmərəli göstərdilər. Beləliklə,
bizdə 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə,
əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları
yerinə yetirirdi. Onların fəaliyyətinin
əlaqələndirilməsi də çox böyük əhəmiyyət
kəsb edirdi, çünki onlar bir çox əməliyyatı
birlikdə həyata keçirirdilər. Onların
fəaliyyətinin əlaqələndirilməsi hərbi əməliyyatın
uğurunda çox mühüm rol oynayırdı.
Əvvəlki illərdə biz bəzən Müdafiə
Nazirliyinin, Sərhəd Xidmətinin, Daxili Qoşunların
xüsusi təyinatlılarının birgə hərbi təlimlərini
keçirir, onların fəaliyyətinin əlaqələndirilməsini
bir növ test edirdik. Lakin bir var bunu hərbi təlim
zamanı etmək, bir də var müharibə dövründə.
Beləliklə, onlar hamısı qəhrəmanlıq
göstərib, yüksək ordenlərlə, medallarla təltif
edilib və biz onlarla fəxr edə bilərik.
- İkinci Qarabağ müharibəsinin gedişində
Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə,
əsasən, gecə vaxtı operativ-taktiki raket komplekslərindən
istifadə etməklə zərbələr endirib. Biz bu dəhşətli gecə
kadrlarını xatırlayırıq və Sizin
müraciətiniz hamının yadındadır. O vaxt Siz
dediniz ki, Azərbaycan vicdanla döyüşəcək, “Biz
Ermənistanın hücumlarına bu cür raket zərbələri
ilə cavab verməyəcəyik”. Bununla əlaqədar, Azərbaycan
insanlıq əleyhinə bu cür cinayətlərə beynəlxalq-hüquqi
qiymət verilməsi üçün müəyyən orqan, ola bilsin beynəlxalq hərbi tribunal və ya hər
hansı başqa struktur yaradılması təşəbbüsü
irəli sürməyi planlaşdırırmı? Ona görə ki, həmin raket zərbələrinə
istər hərbi, istərsə də siyasi baxımdan bəraət
qazandırmaq olmaz. Çünki mülki əhali
hücumlara məruz qalırdı. Yadımızdadır
ki, Tonoyanın məlum doktrinasında məhz bu cür hərəkətlər
nəzərdə tutulurdu.
- Siz
tamamilə haqlısınız. Müharibə dövründə
kimin kim olduğunu, kimin vicdanlı döyüş
apardığını və kimin yatmış şəhərlərə
alçaqcasına hücum etdiyini hamı gördü.
Özü də ən maraqlısı budur ki, gecə
vaxtı Gəncənin yaşayış məhəlləsinə,
yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri
endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan
etdi ki, onların bu məsələyə heç bir aidiyyəti
yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır.
Bəs kim edib? Biz
özümüz vurmuşuq? Onlar illər
boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham
etmək üçün Xocalıda soyqırımını
özləri təşkil ediblər. Yəqin
ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə
az-çox anlayışı olan bütün insanlara məlumdur
ki, tapşırıq verilir, hədəf seçilir və
raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin
əsas prospektində mülki əhalini məhv etmək idi.
Onların siyasətinin və deyərdim ki, mənliyinin
göstəricisi budur.
Lakin Tərtər şəhəri, əlbəttə,
daha çox zərər çəkib. Çünki
cəbhə xəttinin bilavasitə yaxınlığında
yerləşirdi, hər gün artilleriya atəşinə
tutulurdu. Bu kiçik şəhərə
16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin
acığını çıxmağa və ya bizdən
qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar
düşünürdülər ki, bizi dayandıracaqlar.
Onlar fikirləşirdilər ki, zərər
çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən
hərbi əməliyyatların dayandırılmasını tələb
edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar
ordunun döyüş qabiliyyəti və Azərbaycan
xalqının mənəvi ruhu baxımından bizi
lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri
uçqunların altından güclə
çıxmış insanlar deyirdilər ki, yalnız irəli
gedin. Mən çoxlu sayda müraciətlər,
məktublar alırdım, yazırdılar ki, biz ölməyə
hazırıq, lakin öz torpaqlarımızı
qaytarmalıyıq. Ermənilərin bu niyyəti
də baş tutmadı.
Deməliyəm
ki, bəzi Qərb dairələri də bu niyyətdə idi,
çünki bəzi müsahibələrim zamanı və ya
müsahibədən sonrakı söhbətlərdə bəzi
qərbli müxbirlər mənə təəccüblə
deyirdilər ki, biz ermənilərin atəşlərindən
həlak olmuş insanların dəfnində iştirak
etmişik və orada heç bir narazılıq görməmişik,
əksinə, hamı Sizin haqqınızda danışır,
hamı Sizə təşəkkür edir, hamı istəyir
ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət
belə idi.
Tribunal məsələsinə gəldikdə isə,
bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər
üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş,
ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır
və son illərin hadisələri bunu dəfələrlə
sübut edib.
Ermənistanın Qərbdə mövcud olan bu
cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb
ölkələri ilə xüsusi münasibətləri nəzərə
alınmaqla, tam səmimi deyirəm, bizim buna nail
olacağımıza ümid etmək çətindir. Hətta
buna nail olsaq belə, onun Azərbaycana qara
yaxmaq üçün növbəti vasitəyə
çevrilməyəcəyinə, ədalətli məhkəmə
olacağına zəmanət yoxdur. Lakin bununla bərabər,
əlbəttə, müharibə dövründə törədilmiş
hərbi cinayətlərlə bağlı bütün faktlar
sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların
məsuliyyətə cəlb edilməsi üçün ciddi
hüquqi tədbirlər görəcəyik.
İşğal
illərində vurulmuş ziyanın qiymətləndirilməsi
üzrə də iş aparılır, bu iş başa
çatmaq üzrədir. Biz beynəlxalq
hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə
aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə
hüquqi iddialar qaldırılmasında bizə kömək
edəcəklər. Çünki Ermənistan
törətdiyi cinayətlərə - bizim əmlakımızın
talan edilməsinə, tarixi abidələrin, vətəndaşların
əmlakının məhv edilməsinə, meşələrin
qırılmasına, çaylarımızın və
göllərimizin çirkləndirilməsinə,
işğal altında olan ərazilərimizdə faydalı
qazıntılardan qanunsuz istifadə edilməsinə görə
cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə
aparırıq. Faydalı
qazıntıları qanunsuz hasil edən xarici şirkətlər
barəsində hüquqi prosedurlar hazırlanıb.
İndi bu proses artıq reallaşma mərhələsindədir.
Beləliklə, biz təbii ki, cinayətkarların
məsuliyyətə cəlb olunması üçün
bütün mümkün vasitələrdən istifadə edəcəyik.
- Üçtərəfli Bəyanat bu müharibəyə
nöqtə qoydu. Çıxılmaz vəziyyətə
düşmüş Ermənistan kapitulyasiya etdi. Azərbaycanın zəfərinin rəmzi olan məlum
kadrlar hamımızın yadındadır. Bu qərar necə qəbul edildi, nələr kadr
arxasında qaldı? Bəlkə elə təfsilat
var ki, bu “siyasi mətbəx” barədə bu gün
danışmaq olar. Çünki hamı
çox yaxşı başa düşürdü,
çoxları üçün bu zəfər gözlənilməz
oldu. Hamı anlayırdı ki, Ermənistan
uduzur. Birdən-birə cənab Paşinyan
qeyd-şərtsiz kapitulyasiya barədə akt imzalayır, hərçənd,
Sizdən və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putindən
fərqli olaraq, bunu birbaşa efirdə etməkdən imtina
edir. Bu mexanizm necə idi?
- Bilirsiniz,
praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən
etibarən mən jurnalistlərə müsahibələrimdə
də, öz çıxışlarımda da, Azərbaycan
xalqına müraciətlərimdə də dəfələrlə
deyirdim ki, Ermənistanın baş naziri işğal
altında olan ərazilərdən çıxacağı
tarixi deyən kimi biz müharibəni dayandırmağa
hazırıq. Mən bunu hərbi əməliyyatlar
dövründə mənə zəng vuran,
dayanmağımı tələb və ya xahiş edən Qərb
liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə
də demişəm. Mən deyirdim: Mən hazıram,
söz verirəm və həmişə sözümün
üstündə dururam, lakin mənə tarixi deyin. Siz istəyirsiniz,
müharibə dayansın, mən də istəyirəm, tarix
deyin, Ermənistan rəhbərliyi ilə danışın, mənə
ərazilərin nə vaxt azad ediləcəyi tarix
lazımdır. Bizə müharibə lazım
deyil və mən bunu hərbi əməliyyatlar dövründə
dəfələrlə açıq demişəm. Bundan əlavə, hərbi əməliyyatların
müxtəlif mərhələlərində biz Rusiya
Prezidenti Vladimir Vladimiroviç Putin ilə, təbii ki,
müntəzəm əlaqə saxlayırdıq. Hərbi əməliyyatlar başlanandan sonra bizim ilk
telefon söhbətimiz oktyabrın 7-də, onun doğum
günündə olub. Ənənəvi
olaraq mən onu doğum günü münasibətilə təbrik
edirəm. Hərbi əməliyyatlar
başlayan andan artıq on gün keçmişdi və bu,
bizim ilk telefon söhbətimiz idi. Biz
müharibənin dayandırılması üçün nə
etmək lazım olması məsələlərini də
müzakirə etdik. Mənim təkliflərim
vardı. Vladimir Vladimiroviç öz
müsahibələrinin birində bu təklifləri qismən
işıqlandırıb, buna görə də çox təfərrüata
varmaq istəmirəm. Lakin artıq məlumdur ki, Rusiya tərəfi
də bu təklifləri dəstəklədi, amma erməni tərəfi
imtina etdi və mənim fikrimcə, faciəvi, məşum səhvə
yol verdi. Ona görə ki, əgər
o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş
planı qəbul etsəydilər, məğlubiyyət onlar
üçün bu dərəcədə
alçaldıcı olmazdı, həm bizim tərəfdən,
həm də ermənilər tərəfdən minlərlə
hərbi qulluqçu sağ qalardı. Yəni,
bu insanların ölümündə məhz hərbi əməliyyatlar
dövründə azı iki dəfə bu tarixi şansı əldən
vermiş Ermənistan rəhbərliyi təqsirkardır.
Onlar güman edirdilər ki, qərbli dostları
onlara kömək edəcəklər. Onlar
Rusiyadan açıq-aşkar narazılıqlarını
bildirirdilər ki, nə üçün Rusiya onların tərəfindən
döyüşmür. Hərçənd Rusiyanın
mövqeyi beynəlxalq hüquqa tam müvafiq idi,
çünki hərbi əməliyyatlar Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyətində
olan zonada deyil, Azərbaycan ərazisində
aparılırdı, ermənilər özləri bunu çox
gözəl bilməli idilər. Bundan əlavə,
Paşinyanın və onun əlaltılarının baş
katibini həbs etdirməklə bacardıqları qədər
hörmətdən saldıqları həmin KTMT-yə
narazılıq bildirməsi bir qədər təəccüb
doğurur. Ümumiyyətlə, bu, hiddətləndirici
faktdır, mənim fikrimcə, dünya praktikasında belə
hadisə olmayıb, - ermənilər KTMT-nin indiki baş
katibinin təyin olunmasına bir il ərzində imkan verməyib,
əslində, özlərini meydan oxuyucu tərzdə
aparıb və bu davranış Ermənistanın dünya xəritəsində
yerinə, roluna və əhəmiyyətinə əsla
uyğun gəlmir.
Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən
dəfələrlə bu cür bəyanatlar etmişəm və
bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa
şəhərini azad edəndən sonra Vladimir
Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni
tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə
hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində
dayanırsınızmı?” Mən dedim: “Bəli, mən
öz mövqeyimi dəyişmirəm. Əgər
onlar işğal altında qalan ərazilərdən öz
qoşunlarını çıxaracaqları tarixləri bizə
desələr, biz dayanırıq”. Bu, noyabrın
8-də axşam olmuşdu. Noyabrın 9-da
isə biz bir daha zəngləşmək barədə
razılığa gəldik, çünki Vladimir
Vladimiroviç çox fəal rol oynayırdı, o, bir
növ mənim ismarıclarımı Paşinyana, onun
ismarıclarını mənə çatdırırdı.
Bu, noyabrın 9-da səhər tezdən gecədən
xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər
həddindən çox idi. Bütün
bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən
iki ölkə arasında sənədin mətni bir gün ərzində
razılaşdırılmalı və təbii ki, həmin mətndə
reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib
ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir.
Həmin bu razılaşdırma gecədən
xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi,
buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat
adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi.
Nəhayət, mətn
razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə
tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi
ki, Paşinyanın da həmin sənədi bizim
yanımızda imzalamasını israr etməyim. Rusiya
Prezidenti çox nəzakətli, çox həssas
insandır, hamıya çox hörmətlə yanaşır
və mən dedim ki, israr etməyəcəyəm,
qarşı tərəfin alçaldılması ilə
bağlı hər hansı əlavə elementlər mənə
lazım deyil, çünki bu, insanın yox, ölkənin
alçaldılmasıdır, bunu isə biz özümüzə
rəva görə bilmərik. Buna görə mən
razılaşdım ki, biz həmin sənədi ikilikdə
imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu
haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə
qədər məlum deyil. Mən dəfələrlə
bu barədə açıq soruşmuşam, cavab
almamışam, ola bilsin bir il keçəndən
sonra biz bunu da biləcəyik, sadəcə, tarix
üçün. Həmin gün barədə hələlik
təqribən bu qədər deyə bilərəm.
-
Hamının yadındadır ki, bu Qələbə qazanılandan
sonra, - bu kadrlar hamının yadındadır, - Siz və
birinci xanım atanız Heydər Əliyevin məzarını
ziyarət etdiniz. Onu Rusiyada, o cümlədən həm Sovet
İttifaqının görkəmli dövlət xadimi kimi, həm
də Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən
silinməkdən xilas etmiş insan kimi xatırlayırlar. Əslində, o, hakimiyyətə gələndən
sonra Azərbaycan irəliyə doğru hərəkət etmək
üçün güclü pozitiv dinamika aldı. Bu
kadrlar yadımızdadır - Siz, birinci xanım, Sizin gözləriniz, Sizin çöhrəniz.
Həmin anda Siz nə haqda
düşünürdünüz, nəyi
xatırlayırdınız, hansı hissləri
keçirirdiniz?
- Bunlar
çox qarışıq hisslər idi, çünki necə
deyərlər, bunu dərk etmək üçün kifayət
qədər vaxt keçməmişdi. Əslində, artıq
noyabrın 7-də biz əmin idik ki, Şuşa
azad ediləcək. Hələ bəzi yerlərdə hərbi
əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə
keçən gecə biz elan etdik ki, Şuşa
azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə
idi və hisslər qamması aşıb-daşırdı.
Əlbəttə, Şəhidlər xiyabanını,
atamın məzarını ziyarət edəndə, ilk
növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə
yetirməyim, onun vəsiyyətinə əməl etməyim
barədə məruzə etdim, qürur hissi keçirirdim, həm
də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin
onun ruhu bizimlədir və qəlbən sevinir.
Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim
ki, biz hələ çox iş görməliyik,
çünki o vaxt güman edə bilməzdim ki, ertəsi
gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən
siqnal almamışdıq, əksinə, onlar Şuşanı
artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq
üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna
görə mən həm də düşünürdüm
ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim
ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad
etmək üçün əlimizdən gələni etməliyik.
Mən bu barədə
düşünürdüm və ayın 8-də axşam biz
Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini
planlaşdırmışdıq. Noyabrın
9-da biz daha bir neçə çox uğurlu əməliyyat
keçirdik. Əslində, Şuşanın
azad edilməsi Ermənistan ordusunun, necə deyərlər,
belini qırdı, o mənəviyyatca tamamilə
sarsılmışdı. Aydın idi ki,
biz Şuşanı götürəndən sonra
Laçın dəhlizində olduğumuz şəraitdə
işğal altında qalan digər ərazilərin taleyi, əslində,
həll edilib, bu, sadəcə, zaman tələb edir və necə
deyərlər, insanların həyatı nahaq yerə
yarımçıq qalır. Lakin
görünür Ermənistan tərəfi bunu başa
düşmüşdü və gec də olsa belə qərar
qəbul etdi. Mən atamın məzarını
ziyarət edəndə bu cür hisslər keçirirdim - həm
onun, həm tarixin, həm də xalqın qarşısında
yerinə yetirilmiş borc hissi.
-
Müharibəyə final nöqtəsi qoyan Zəfər
paradı oldu. Ümumiyyətlə, bu niyyət
necə gerçəkləşdi? Ssenari
necə idi? Hər halda, bunlar rəmzi məsələ,
tarixi məsələ idi, götür-qoy etmək lazım
idi. Bu barədə
danışardınız.
- Bəli,
mən bu qərarı, demək olar ki, Ermənistan kapitulyasiya
aktı imzalayandan dərhal sonra qəbul etdim. Elə
dərhal müdafiə nazirinə sərəncam verdim ki,
parada hazırlaşsın, hazırlıq təqribən 1 ay
çəkdi. Ona görə ki, necə
deyərlər, hələ hamının başı
döyüş əməliyyatlarına
qarışmışdı, biz buna yaxşı
hazırlaşmalı idik, başa düşürdük ki,
bu, qeyri-adi paraddır. Biz əvvəllər
də hərbi paradlar keçirmişdik, lakin sizin
düzgün olaraq dediyiniz kimi, bu, Zəfər paradı idi.
Buna görə o, Azərbaycan vətəndaşlarının
bütün gələcək nəsilləri
üçün rəmzi məna və tarixi əhəmiyyətə
malik idi.
Yadımdadır,
2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının
100 illiyini qeyd edərkən mən paradda
çıxış edərək demişdim ki, indi parada
2016-cı il döyüşləri zamanı
işğaldan azad edilmiş Lələtəpə ərazisində
ucaldılmış bayrağı gətirəcəklər. O
vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə
ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik.
Həmin gün gəldi. Təbii
ki, orada hərbi texnikanı nümayiş etdirdik, müharibə
iştirakçıları paraddan keçdilər. Biz Ermənistan ordusundan qənimət
götürülmüş hərbi yük
maşınlarının və hərbi maşınların
nömrələrindən ibarət divar nümayiş etdirdik.
Biz bunu nə üçün etdik? Ona
görə ki, Birinci Qarabağ müharibəsində insanlar
öz əmlakını, o cümlədən şəxsi
avtomobillərini atıb qaçanda ermənilər bizə
bizim onların getməsinə verdiyimiz vaxtı vermədilər,
onlar Azərbaycan xalqını alçaltmaq üçün
həmin şəxsi avtomobillərin nömrələrindən
bir divar düzəltmişdilər, hərçənd, əslində,
bu divar onların hərbi cinayətlərinə dəlalət
edirdi. Ona görə ki, dinc əhaliyə
qarşı vuruşmaq, xüsusən qarət edilənləri
belə nümayişkaranə şəkildə göstərmək,
hərbi cinayətdir. Lakin onlar bunu etdilər
və bunu turistlərə, işğal dövründə
qanunsuz olaraq bu regiona gələn müxtəlif siyasətçilərə
nümayiş etdirirdilər. Buna görə
biz onlara cavab verməli idik, lakin bizim cavabımız da layiqli
oldu. Biz bu pannonu düzəltdik, hazırda
o, Hərbi Qənimətlər Parkında nümayiş
etdirilir, o, bütünlüklə atılmış və qənimət
götürülmüş yük maşınlarının
nömrələrindən ibarətdir.
- Hərbi?
- Bəli,
hərbi, tamamilə doğrudur. Onların üzərində
“Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri
yazılıb. Mənim fikrimcə, bu, həmin
paradın kulminasiyası idi.
- Siz Hərbi Qənimətlər Parkının
adını çəkdiniz. Bu da müəyyən
mənada rəmzdir. Ona görə ki, orada
təqdim edilən texnika kifayət qədər ciddi
texnikadır və müharibə nə qədər asan
görünsə belə, ağır müharibə idi.
Bu, potensiallar müharibəsi, mən deyərdim,
ideologiyalar müharibəsi idi. Bu, bir tərəfdən
ədalətli müharibə, ölkənin azadlıq
müharibəsi, digər tərəfdən özgəyə
mənsub olan, özününkü olmayan uğrunda
müharibə idi. Beləliklə, Hərbi
Qənimətlər Parkı nəyin rəmzidir və o, nə
üçün yaradılıb?
- Bu, ilk
növbədə, bizim Zəfərimizin nümayişidir. Bu, məhz ağır döyüşlərdə
qazanılmış Zəfərimizin nümayişidir. Ona görə ki, bir daha deyirəm, biz düşməni
əsla zəif hesab etməməli idik və heç vaxt belə
etməmişik, onlar çox yaxşı
silahlanmışdı. Təbii ki, həmin parkda məhv
edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv
edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda
var, mən bunu demişəm. Buna görə
də, ilk növbədə, bu, qələbənin
nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin,
artıq qalib xalqın nümayəndələri kimi
yaşayacaq insanların nəsillərinin tərbiyəsi
üçündür. Bu, tamam başqa
emosional duyğular, tamam başqa əhvali-ruhiyyədir.
İşğalın bütün çətinliklərini
hiss etməmiş, fiziki və mənəvi əzablara məruz
qalmamış, daim ədalətsizlik, təhqir hissini
keçirməmiş insanların öz torpaqlarından
qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa
çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri
anlaması bəlkə də çətindir. Bu,
çox ciddi hisslərdir.
Həmin parkın rəmzi mənalarından biri də
ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə
demişəm, bəli, müharibə başa çatıb,
biz bu səhifəni çevirməyə hazırıq, biz hətta
Ermənistan ilə sülh müqaviləsi üzərində
işə başlamağa hazırıq, lakin biz heç vaxt
işğal dövrünü unutmamalı, Xocalının
günahsız qurbanlarını, həlak olmuş
mülki və hərbi vətəndaşlarımızı
unutmamalıyıq. Bu xatirəni daimi yaşatmaq
üçün bu park lazımdır. Orada
həm də erməni komandirlərin öz hərbi
qulluqçularına qeyri-insani münasibəti azacıq da
olsa nümayiş etdirilir. Biz tərk
edilmiş səngərlərdə oraya zəncirlə
bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük
maşınlarında onların sürücülərini
tapırdıq. Bu adamlar qaçmamaları
üçün zəncirlə sükana
bağlanmışdılar. Bu, sadəcə,
barbarlıqdır və bunu hamı bilməlidir - onların
himayədarları da, necə deyərlər, bütün
işğal illəri ərzində onları təbliğ edənlər
də, bizim vətəndaşlar da. Yəni
bu, böyük rəmzi məna daşıyır və biz bəlkə
də şəhərdə ən yaxşı yeri
seçmişik. Bu yer çoxdan boş
idi, əvvəllər orada hansısa təsərrüfat
tikililəri, hansısa müəssisələr yerləşirdi.
Bu yer əvvəl bulvar deyildi. Biz həmin istiqamətdə bulvar tikəndə o
yeri təmizlədik və sadəcə, boş saxladıq,
düşünürdük ki, lazım gələr. Həqiqətən lazım gəldi. Elə
orada - yaxınlıqda tikiləcək Müharibə Muzeyinin,
Zəfər Muzeyinin layihəsi artıq təsdiq edilib, yəqin
ki, yaxın vaxtlarda biz Zəfər Muzeyinin tikintisinə
başlayacağıq.
- Azərbaycan
müharibənin yaralarını sağaldır və bu
işin sürəti heyrət doğurur. Mən Füzulidə,
Ağdamda olmuşam, sanki nüvə bombardmanından
sonrakı yerlərdir. Binaların bünövrələri
də dağıdılıb, salamat qalmış bircə bina
da yoxdur. Yalnız Ağdamdakı məscid
qalıb, lakin erməni hərbçiləri bu məscidin
minarələrindən artilleriya atəşini dəqiqləşdirmək
üçün istifadə edirdilər. Qalan
hər şey məhv edilib. Füzuli şəhəri,
digər şəhərlər, minlərlə kənd
dağıdılıb. Bax, bu fonda
Füzulidə yeni beynəlxalq aeroport tikilir. Füzuliyə,
Şuşaya yeni, çox gözəl yollar çəkilir.
Bu işlərin sürəti, açıq deyək,
heyrət doğurur. Onlar ilk nümunələrdir.
Siz təxminən hansı müddətə bərpa
etməyi, oraya həyat qaytarmağı,
qaçqınları, məcburi köçkünləri
qaytarmağı planlaşdırırsınız. Bir milyondan çox insan faktiki olaraq öz evindən
məhrum olub. Bununla yanaşı, Siz Cənubi
Qafqaz regionunda sülhün, sabitliyin perspektivlərini necə
və hansı prinsiplər əsasında təsəvvür
edirsiniz?
- Bəli,
siz tamamilə haqlısınız. Biz çox
böyük sürət götürmüşük və əsas
məqsədimiz keçmiş qaçqınları və
köçkünləri tezliklə öz yurdlarına
qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər.
Mən bu barədə demişəm, bir daha demək
istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz
zamandır. Biz bir il ərzində və
ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə
bilmərik, ona görə ki, siz özünüz də
görmüsünüz, orada heç nə yoxdur, özü
də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla,
Zəngilana, Qubadlıya, Laçına qədər və digər
istiqamətdə Kəlbəcər və Laçın tərəfdən
yüzlərlə kilometr yol qət etmişəm, orada hər
şey dağıdılıb. Dağıntıların
miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir.
Təsəvvür edin, dünyada heç də
ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə
bərabər ərazini tikmək, abadlaşdırmaq lazım
gələcək. Bunu, sadəcə, təsəvvür
etmək üçün dedim. Orada heç nə
yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su.
Heç nə. Tamamilə
heç nə. Hamısı
dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi
dövründə deyil, işğal dövründə
dağıdılıb. Onlar orada
daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub - biz heç vaxt oraya
qayıtmayaq. Onların digər məqsədi
isə həmin daşlardan istifadə etmək, bu
daşları satmaq olub. Onlar hətta qəbirüstü
daşları da satıblar. Vəfat
etmiş azərbaycanlılara aid yazıları pozub,
daşları Ermənistanda satıblar. Bu
məzarüstü daşlardan özlərinin vəfat edənləri
üçün istifadə ediblər. Belə
bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin
ağızlarındakı qızıl dişləri
çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr.
Bax, biz belələrinə qalib gəlmişik.
Mən demişəm, biz, sadəcə, ərazi
bütövlüyümüzü bərpa etməmişik, biz
çox böyük bir şər qüvvəyə qalib gəlmişik.
Ümidvaram ki, bu şər qüvvə daha
heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar
başlarını qaldırsınlar.
İndi bölgədə genişmiqyaslı işlər
aparılır, ilk növbədə, elektrikləşmə
işləri.
Biz azad olunmuş bütün əraziləri
artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin
edəcəyik. Laçında, Kəlbəcərdə
və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları
bərpa edilib, artıq onlar enerji verir. Bir
neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir.
Şuşaya Zəfər yolu, həmçinin
Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir,
bu yol daha qısa olacaq. Zəngilanda,
Qubadlıda Ermənistan sərhədinə qədər yollar,
Göygöldən Kəlbəcərə tunel yolu çəkilir.
Bu yaxınlarda orada olmuşam, yoxlama
aparılıb. Üstəgəl Füzulidən
Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən
yollar. Yəni, bu şəhərlər
arasında əlaqə yaradılacaq. Bu il biz təkcə
azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq.
Bu məbləğin təqribən 400 milyon
dolları hələlik bölünməyib, çünki biz
bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə
prosedurlarına riayət edirik. Ağdam
şəhərinin bərpası artıq başlanıb,
baş plan təsdiq edilib. Şuşa
şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni
yaşayış kompleksinin təməlini qoymuşam. Mənim
fikrimcə, bir il, maksimum il yarım ərzində
həmin evlər tikiləcək və biz
şuşalıları oraya qaytara biləcəyik.
Lakin daha böyük problem minalanmış sahələr
problemidir.
Minalanmış sahələrin ermənilər tərəfindən
bizə verilmiş az miqdarda xəritələrinin
dəqiqliyi təqribən 25 faizdir. Minalanmış
sahələrin xəritələrinin çox hissəsini isə
bizə vermirlər. Ona görə bu,
çox çətin işdir, onu sürətlə icra etmək
mümkün deyil. Nə qədər vəsaitin
olsa belə, bunun üçün vaxt lazımdır.
Bir də,
əlbəttə, Zəngilan rayonundakı “smartvillage” -
“ağıllı kənd” kimi nöqtəvi layihələr
var. İndi digər rayonların hərəsində bir pilot
layihə həyata keçirəcəyik ki, insanları qaytara
bilək. Mən vaxt müəyyən etmək istəmirəm,
lakin düşünürəm ki, - düşünürəm
yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər
gələn il, bəlkə də bu ilin
sonuna qədər köçəcəklər. Başqa kəndlərə
də bir il müddətində
köçmək olar. İri şəhərlərin
bərpası isə yəqin ki, vaxt tələb edəcək,
lakin biz bunu mərhələli şəkildə
planlaşdıracağıq. Tikinti, məskunlaşma
mərhələli şəkildə aparılacaq.
Amma bu da
çox mürəkkəb işdir, təkcə tikinti
baxımından deyil, logistika, insanların iş ilə,
dolanışıq vasitələri, torpaq sahələri,
texnika ilə təmin edilməsi - bunlar çox böyük həcmli
işlərdir, onu öz vəsaitimiz hesabına yerinə
yetiririk, biz hər hansı kreditlər üçün
müraciət etməmişik, əgər kimsə kömək
etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr,
bu işləri özümüz görməliyik.
- Cənubi Qafqazda perspektivlər, vəziyyət barədə
nə deyərdiniz?
-
Perspektivlər əsasən erməni tərəfin
mövqeyindən asılıdır. Biz öz
mövqeyimizi bildirmişik. Biz dövlət
sərhədinin delimitasiyası prosesinə başlamağa
hazırıq. Biz Ermənistan ilə Azərbaycan
arasında sülh müqaviləsi üzərində işə
başlamağa hazırıq. Çünki
bu müqavilə lazımdır. Müharibə
qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə
qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr
yaratmaq lazımdır. Bildiyiniz kimi,
hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş
nazirlərinin müavinləri səviyyəsində
üçtərəfli işçi qrupu işləyir.
Yəni, regionun gələcəyi ilə
bağlı işlər, çətinliklə də olsa,
aparılır. Erməni tərəfi ay
yarım, hətta iki ay yarım taym-aut götürüb.
İşçi qrupunun fəaliyyəti
yalnız avqustun 17-də bərpa olunub. Biz
münasibətlərin normallaşdırılması istiqamətində
irəliləməyə hazırıq, lakin hələ erməni
tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq
Qarabağ”ın statusu barədə məsələlər
qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim
fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində
onun üçün zərərli və təhlükəlidir.
Çünki onlar İkinci Qarabağ müharibəsinin
dərslərini unutmamalıdırlar. Əgər
Ermənistan Azərbaycana qarşı ərazi iddialarını
davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi
iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və
elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti
baxımından, bizim daha çox əsasımız, ərazi
iddiaları üçün daha çox tarixi zəmin
vardır. Biz ki, belə iddialar təqdim
etmirik. Məğlub olmuş, kapitulyasiya
haqqında akt imzalamış Ermənistan nəyə görə
hesab edir ki, onun Dağlıq Qarabağ üçün
hansısa status - mövcud olmayan şey üçün status
barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi
rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar
bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik.
Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan
bunu edə bilməz. Buna görə düşünürəm
ki, status barədə və Dağlıq Qarabağ barədə
bu çeynənilmiş sözlər Ermənistan
üçün böyük təhlükə mənbəyidir
və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər,
qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz
masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar
təkrarlana bilər. Axı, biz
vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə
çıxmalarını təklif edirdik, lakin onlar
razılaşmadılar və indi nəticəsini
görürlər. Eyni vəziyyət bu dəfə
də yarana bilər.
Mənim fikrimcə, hazırda region ölkələrində
müzakirə olunan təşəbbüslər də
müsbət istiqamətə - əməkdaşlığa
yönəlib.
Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs
Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən
dəstəklənib. Gürcüstanın
etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib.
Nə hə deyib, nə yox. Yenə
mövqe yoxdur. Əgər bu müsbət
mövqe olsa, bu istiqamətdə işə başlamaq olar.
Bu isə öz növbəsində həm
regionda sabitləşməyə və təhlükəsizlik
risklərini minimallaşdırmağa kömək edəcək,
həm də şərait yaradacaq ki, region ölkələrinin
qarşılıqlı fəaliyyətini onlar özləri
müəyyən etsinlər, necə yaşayacaqlarını
özləri həll etsinlər. Region
hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu
nümayiş etdiririk və təkcə nümayiş
etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün
qonşularımızla yaxşı, demək olar ki, yaxın
dostluq münasibətlərimiz var, biz bu münasibətləri
qiymətləndiririk. Buna görə, əgər
Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq.
Biz bu əzmdəyik. Lakin ola
bilsin, onlara vaxt lazımdır. Ola bilsin,
onların keçirdiyi psixoloji şok hələlik onların
mühüm addımlar atmasına imkan vermir. Çünki onların bütün ideologiyası
ekspansionizm, işğalçılıq, saxta tarix əsasında
qurulub. Onlar özlərini inandırıblar
ki, haqlıdırlar. Onların faciəsi
budur. İndi onlar yeni tərzdə
yaşamalıdırlar. Tamamilə
başqa reallıqlarda yaşamalı və başa
düşməlidirlər ki, olub keçənlər daha
heç vaxt olmayacaq. Onlar qüvvələr
nisbətini, geosiyasi şəraiti, qüvvələr nisbətinin
perspektivini sayıq qiymətləndirməlidirlər. Yenə illüziyalara, hansısa mifoloji təmsillərə
uymamalı, vəziyyəti sayıq qiymətləndirməlidirlər.
Lakin hələlik bunu görmürük. Görmürük. Yəqin ki, hələ
vaxt yetişməyib. Necə deyərlər,
sonuncu ölən ümid olur. Gəlin,
ümid edək.
- Mən
fikir vermişəm, Heydər Əliyev Fondu dünya
memarlıq şedevrlərini, Azərbaycanın tarixi irsini, mədəni
mühiti necə qayğı ilə və necə yüksək
keyfiyyətlə bərpa edir! Bu, çox
vacibdir və şübhəsiz, bu qayğı çox
böyük hörmətə layiqdir. Ona
görə ki, həqiqətən, məhv edilmiş mədəniyyət
şedevrləri, memarlıq inciləri bərpa olunur. Bu
yüksək keyfiyyət, xüsusən Şuşa
şəhərindəki mədəni irs, mən hətta deyərdim
ki, ümumdünya mədəni tarixi irs obyektlərinin birinci
xanımın rəhbərliyi ilə bərpası da irəliyə
doğru hərəkətin çox mühüm humanitar və
mənəvi tərkib hissəsidir.
- Bəli,
siz tamamilə haqlısınız. Heydər Əliyev Fondu
artıq neçə ildir bu istiqamətdə və başqa
istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan
mədəniyyətinin qorunub saxlanması, muğam
və aşıq sənəti kimi ənənəvi incəsənət
növlərinin qorunub saxlanması üzrə iş
aparır. Azərbaycan xalqı bunlarsız
yaşaya bilməz, biz bütün bunları gənc nəslə
çatdırmalıyıq, gənc nəsil ənənəvi
dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri
ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik
tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər
itirilməməlidir. Müasir
qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası
ilə bağlı müasir meyillər nəzərə
alınmalıdır. Təkcə Azərbaycan
xalqına deyil, dünya əhalisinin əksəriyyətinə
yabançı olan belə meyillərin fəal şəkildə
təbliğ edildiyini görürük. Burada
əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi,
incəsənət, ədəbiyyat, mədəniyyətdir.
Biz bunları qoruyub saxlamaq istəyirik və
qoruyub saxlayırıq.
Şuşada “Xarıbülbül” festivalı
keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda
yaşayan bütün xalqların nümayəndələrinin
çıxış etməsi mənim ideyam idi. Mən bunu fonda
təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil
etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir.
Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan
bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif
poeziya günlərini bərpa etdik, Vaqifin
dağıdılmış məqbərəsini bərpa
etdik. İndi tarixi abidələr bərpa
olunur. Azad edilmiş bütün ərazilərdə
bu işlər davam etdiriləcək, təhsil layihələri,
mədəniyyət layihələri artıq
razılaşdırılıb. Şuşada
tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti
hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bərpa olunacaq və ya artıq bərpa
olunmaqdadır. Bir də, əlbəttə,
biz bu işləri dövlət sərmayə
qoyuluşları hesabına aparacağıq. Həmçinin
Qarabağ Dirçəliş Fondu yaradılıb, bu fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi
olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir.
İnsanların azad edilmiş torpaqlarda müəyyən
dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini
görəndə necə sevindiklərini bilirəm.
-
Müsahibəmizin sonunda Siz Rusiya auditoriyasına hansı
sözlərlə müraciət etmək istərdiniz? Xüsusən ona görə ki, Rusiya Prezidenti Vladimir
Putin ilə Sizi çox hörmətli, xeyirxah, səmimi
münasibətlər bağlayır, bu isə dövlətlərarası
münasibətlərdə çox vacibdir. Azərbaycandakı böyük rus icması
özünü, bəlkə də hər hansı başqa
postsovet məkanında heç yerdə olmadığı
kimi rahat hiss edir. Siz məşhur siyasi
xadimsiniz və Rusiyada hamı Sizin parlaq
çıxışlarınızı xatırlayır, Sizə
çox böyük hörmət bəsləyir. Siz Rusiya auditoriyasına hansı sözləri
ünvanlamaq istərdiniz?
- Sağ
olun, xoş sözlərə görə sağ olun. Siz tamamilə haqlısınız, münasibətlərimizin
inkişafına bu cür ton və istiqamət verən Prezident
Putin ilə bizik. Son illərdə çox
dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə
olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə
çatıb. İndi biz bu səviyyəni
daha da yüksəltmək üzərində işləyirik.
Doğrudur, biz yüksək səviyyəyə
çatmışıq, lakin bununla belə, bu gün
münasibətlərimizi həm keyfiyyətinə, həm
formasına, həm də müxtəlifliyinə görə
daha yüksək səviyyəyə çatdırmaq
üçün fəal iş gedir. Rusiya
Prezidenti ilə bizi çox böyük etimada əsaslanan
münasibətlər bağlayır. Siyasətçilər
arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri
arasında bir-birinə bu cür etimadın olması çox
vacibdir. Bizim aramızda məhz bu cür
münasibətlər mövcuddur. Bir də,
əlbəttə, dərin qarşılıqlı hörmət
hissi. Bizim məqsədlərimiz tamamilə
üst-üstə düşür. Fürsətdən
istifadə edib, rusiyalı oxuculara müraciət etmək istərdim
ki, onlar Azərbaycan haqqında daha çox bilsinlər, bu
ölkənin reallıqlarını, bizim dövlətlərarası
münasibətlərin mahiyyətini və xarakterini daha
düzgün başa düşsünlər. Bu münasibətlər dostluğa, mehriban qonşuluğa,
qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə
əsaslanır və mən həm müharibə
dövründə, həm də müharibədən sonra
Rusiyadan çoxlu sayda məktub və teleqram alırdım və
indiyə qədər alıram. Bunlar dəstək
məktubları, təbriklərdir, müəyyən səbəblər
üzündən Rusiyaya köçüb getmiş bəzi
keçmiş bakılılar da yazır, burada heç vaxt
olmayanlar da. Onlar müharibə
dövründə bizim ölkəmizə daha müsbət
münasibət bəsləməyə başlayıblar.
İkitərəfli münasibətlərin bundan
sonrakı inkişafı məsələsinə gəldikdə
isə, bizdə hər şey müəyyəndir, hazırda
artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə
aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin
mübadiləsi ilə bağlı məsələlər
üzərində fəal işləyirik, estafeti vermək
üçün yox, bu hələ tezdir, amma hər halda siqnal
vermək üçün Rusiya-Azərbaycan Gənclər
Forumu keçirməyi planlaşdırırdıq, pandemiya
buna bir qədər mane oldu. Ona görə ki,
bilirsiniz, vaxt sürətlə keçir, yeni nəsil
yetişib, onlar bir-birini bizim bir-birimizi
tanıdığımız dərəcədə
tanımırlar. Buna görə Azərbaycan
və Rusiya vətəndaşlarının gənc nəslinin
dostluq və həmrəylik ruhunda böyüməsi vacibdir.
Çünki bu, həm bizim üçün, həm
də Rusiya üçün böyük dəyərdir, ona
görə ki, biz qonşu dövlətlərik. Qonşular arasında münasibətlər heç
də həmişə bizim aramızdakı münasibətlər
kimi olmur. Əlbəttə, təvazökarlıqdan
uzaq görünsə də deməliyəm ki, bu, ilk növbədə,
iki ölkənin prezidentlərinin, onların
komandalarının bütün başqa üzvlərinin və
ictimaiyyətin xidmətidir. Bir nümunə göstərim:
pandemiyadan əvvəlki son ildə Azərbaycana təqribən
1 milyon rusiyalı gəlib. Qısa müddətdə
praktiki olaraq iki dəfə artmış bu göstərici
komfortluq göstəricisidir. Ona görə
ki, insanlar özlərini komfort, öz evindəki kimi hiss etdikləri
yerlərə gedirlər. Bir də ki, Azərbaycanda
Rusiyaya münasibət həmişə müsbət olub və
belə də qalmaqda davam edir.
İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk. Bu, sabitlik üçün mühüm amildir. Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir.
Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm.
- Sağ olun. Sizə səmimi təşəkkürümü bildirmək istərdim ki, bu cür gərgin iş qrafikinizdə belə müfəssəl, məxsusi, böyük, mən deyərdim, sistemli müsahibə üçün vaxt tapdınız. Yəqin ki, bu müsahibədə çox sözlər ilk dəfə səslənəcək və tamamilə yenidir. Mən də öz tərəfimdən - həm öz adımdan, həm də bizim jurnalın redaksiyası və zənnimcə, Rusiyanın on milyonlarla vətəndaşı adından Azərbaycana tərəqqi və inkişaf arzularımı bildirmək istərdim. Şəxsən Sizə isə... Bilirsiniz, müasir dünyamız belə qurulub ki, bu hərbi Qələbə obyektiv olaraq bu gün Azərbaycanı çoxlarının baxdığı ölkələr sırasına çıxarıb. Bilirsiniz, hərbi Qələbə amili, xüsusən bunun nə ilə başa çatacağının çoxları üçün aşkar olmadığı vəziyyətdə Sizin üçün aydın və aşkar idi. Amma çoxları üçün bu, aşkar deyildi. Azərbaycan bu gün başqalarının baxdığı, izlədiyi dünya ölkələri sırasına çıxıb. Əlbəttə, mən deyərdim ki, bu gün Siz Azərbaycanın rəhbəri kimi siyasət səmasında ən parlaq ulduz sayılan siyasi xadimsiniz. Sizə, Sizin ailənizə cansağlığı arzu etmək istəyirəm. Qoy, Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəmlənsin, inkişaf etsin. Biz həm də belə bir mühüm amilə ümid edirik ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq davam etdiriləcək. Biz bilirik ki, Rusiyadan 5 milyard dollarlıqdan çox müasir silah alınıb və bu da hərbi potensialın əsasını möhkəmləndirib. Ümidvarıq ki, bu istiqamət də davam etdiriləcək. Çox sağ olun.
- Sağ olun. Xoş sözlərə görə çox sağ olun. Mən də münasibətlərimizin bu cür dostluq xarakteri daşıması barədə fikrinizə bir daha şərik olmaq istərdim. Bizdə bütün istiqamətlər üzrə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində işlər yaxşı gedir. Təbii ki, indi biz yeni araşdırmalara nəzər salırıq, texniki qruplar indi artıq yeni imkanları öyrənirlər, biz bəzi sifarişlər vermişik, ona görə də bu istiqamətdə əməkdaşlıq da inkişaf edəcək. Bir daha demək istəyirəm, biz əminik ki, ölkələrimiz arasında əməkdaşlıq gələcəkdə yüksələn xətt üzrə davam edəcək. Sağ olun.
-Sağ olun.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.1-2.