Pambıq tarlalarında məhsul
boldur
Salyanda pambıq tarlalarında bu il məhsuldarlıq boldur. Mütəxəssislərlə yanaşı, fermerlər də bu fikirdədirlər. Artıq bir neçə sahədə ilkin olaraq pambığın əllə yığımına da başlanılıb.
AZƏRTAC xəbər verir ki, pambıqçılığın inkişafı, ona göstərilən dövlət dəstəyi salyanlı fermerləri də sevindirir. Göstərilən dövlət dəstəyindən yararlanan pambıqçılar tarlalarda bol məhsul yetişdiriblər. Əkini vaxtında və optimal surətdə aparan “ağ qızıl” ustaları yığım mövsümünə də hazırdırlar. Fermerlər qeyd edirlər ki, quraqlıq olsa da, bu il pambıqda heç də geriləmə müşahidə olunmayacaq.
Ötən il 60 hektar sahədə pambıq əkən və 40 sentner məhsul götürən İbadət Cəfərov deyib: “Bu il də eyni qaydada əkib-becərmişəm. Növbəli əkinə xüsusi diqqət veririk. Bizim rayonda növbəli əkin olmasa, məhsuldarlıq aşağı düşər. Bu, həm də torpaqların münbitləşməsi üçün mütləq lazımdır. Düşünürəm ki, sahələrin əksəriyyətindən 50 sentnerdən çox məhsul götürmək mümkündür”.
Salyanda bir neçə pambıq sahəsində artıq əllə yığıma start verilib. Fermerlər bunun həm də yerli əhalinin sosial rifahına müsbət təsir etdiyini deyir. Belə işçilərdən biri də Səidə Əliyevadır. “Yığıma 5 gündür başlamışıq. Məhsulumuz boldur. Gün ərzində 60-80 kiloqram məhsul təhvil verənlər var. Pulumuzu da vaxtlı-vaxtında alırıq”, - deyə o bildirib.
Ötən il Salyan rayonunda 5010 hektar sahədə pambıq əkini aparılıb. Bu sahələrdən 20 min 425 ton məhsul toplanıb ki, məhz bu göstəricilərə görə 21 pambıqçılıq rayonu arasında Salyan birinci yerdə qərarlaşıb. Bu il də rayonda pambıq əkini üçün, əsasən, münbit torpaqlar seçilib.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şəhriyar İsgəndərov deyib: “Dövlətin fermerlərə olan diqqət və qayğısı nəticəsində pambıq əkin sahəsi genişləndirilərək 6134 hektarda əkin aparılıb. Yaxın zamanlarda sahələrdə kütləvi məhsul yığımına başlamaq üçün defolyXMasiya işlərinə hazırlıq gedir və qismən də olsa əl yığımına başlanılıb”.
Salyanda 3 pambıq şirkəti
ilə müqavilə bağlayan 1165
istehsalçı bu il
əsasən pambığın “Gəncə 108”, “Gəncə
110” və “Lodus” sortlarına üstünlük verib.
Mütəxəssislər qeyd edirlər ki, Salyanda
pambığın daha keyfiyyətli
olmasına səbəb məhsuldar sortlarla
yanaşı, həm də iqlim amilidir. Rayonun iqlimi və torpağı
pambıqçılığın inkişafı üçün əlverişlidir.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.1;8.