Azərbaycan ilə Fransa
arasında ikitərəfli münasibətlərin cari vəziyyəti barədə ətraflı
fikir mübadiləsi aparılıb
Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.
Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin nazir Ceyhun Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.
Nazirlər həmçinin beynəlxalq gündəlikdə
olan cari məsələlər, o cümlədən beynəlxalq
təşkilatlar çərçivəsində iki ölkə
arasında əməkdaşlıq məsələlərinə
dair fikir mübadiləsi aparıblar.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.5.