İƏT-in Müstəqil Daimi İnsan
Hüquqları Komissiyasının ekspertləri Ağdamda faktaraşdırıcı missiya həyata keçiriblər
Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti Ağdamda Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan torpaqlarında yerində araşdırmalar aparmaq, sübutlar toplamaq və əldə edilən nəticələr əsasında hesabat hazırlayaraq beynəlxalq təşkilatlara göndərməkdir.
Nümayəndə heyəti Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib.
Qarabağ xanlığının banisi Pənahəli xanın imarətinə gələn qonaqlara məlumat verilib ki, imarət Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biridir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
Sonra faktaraşdırıcı missiya Cümə məscidinə gəlib. Bildirilib ki, erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Qiyaslı məscidində də olan qonaqlara məlumat verilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.
Nümayəndə heyəti, həmçinin şəhərdə dağıntılara məruz qalmış digər mədəni və sosial obyektlərin yerində monitorinqini də aparıb.
Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlı nümayəndə heyətinə mina və digər partlayıcı qurğuların insanların həyat və sağlamlıqlarına yaratdığı ciddi təhlükə, eyni zamanda mina qurbanları ilə bağlı ətraflı məlumat verib.
Qonaqlar Ağdamda işğal dövründə minalanmış ərazilərə də baxıblar.
Nümayəndə heyətinə Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə də məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, sənaye parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən, Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada “ağıllı” və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub.
Ağdamda ilkin
olaraq şəhər sakinləri və qonaqlar üçün
125 hektarlıq böyük meşə
parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən
keçəcək və onun suyu burada yaradılacaq
gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da
yaradılacaq. Park qida
sənayesi, kiçik sənaye və xidmət,
iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti
materiallarının satışı bazası hissələrinə
bölünəcək. Diqqətə
çatdırılıb ki, “Qafqazın
Hiroşiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin
və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən
birinə çevriləcək, doğma
yurdlarından 30 il ayrı qalmış
insanların bu torpaqlara
təhlükəsiz şəraitdə qayıdışı
təmin ediləcək.
Azərbaycan.-2021.- 25 sentyabr.- S.7.