İlham Əliyev
erməni faşizmini məhv etdi
30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq prinsiplərlə tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan 2020-ci ildə ölkəmizə qarşı yenidən tacavüzkar siyasət yürütməyə başladı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, eləcə də dünyanın digər təşkilatlarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək tələblərini, yerinə yetirməyən bu ölkə 2020-ci ilin ilk yarısından yeni işğal siyasəti haqda bəyanatlar səsləndirir, Azərbaycan-Ermənistan dövlət sərhədində müxtəlif hərbi təxribatlar törətməklə orada yaşayan dinc insanlara qarşı terror təhdidi yaradırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə vətənimizin müdafiəsinə qalxdı. Xalqın bu mübarizəsi regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərirdi.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti, əsgər və zabitləri, o cümlədən, arxa cəbhədə vətənin müdafiəsi üçün səfərbər olmuş xalqımız birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab verməyə müvəffəq oldu. Ermənistanın 30 ilə yaxın müddətdə bir milyona qədər azərbaycanlının təməl insan hüquqlarını pozmasını səssizliklə izləyən beynəlxalq aləmin susqunluğuna, erməni terror qruplarının Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinə göz yumulmasına, Azərbaycanın haqlı davasına qarşı ikili standartlarla yanaşılmasına son verən müzəffər Azərbaycan Ordusu 44 gün ərzində regionda sülhü və davamlı barışı təmin etdi. Azərbaycan Ordusu erməni terroru üzərində qələbə qazandı.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və digər kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndlərini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri erməni işğalından azad etdi. Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi və Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsl sərkərdə qətiyyəti ilə BMT TŞ-nın Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair məlum 4 qətnaməsinin icrasını təmin etməklə yanaşı, erməni faşizmini, erməni terrorunu məhv etdi.
Azərbaycan Sosial Rifah Partiyası beynəlxalq təşkilatlara səslənərək illərdir davam edən erməni işğalına, erməni terroruna səssiz qalmamağa çağırış edir. BMT TŞ-nin müvafiq qətnamələrinə rəğmən, Azərbaycanın beynəlxalq qanunvericiliklə tanınan ərazilərində təxribatlarını davam etdirməyə çalışan Ermənistana qarşı müvafiq təzyiqlər və sanksiyalar həyata keçirilməli, Azərbaycanın rəsmi hüdudları çərçivəsində qeyri-qanuni erməni silahlı təxribat qruplarının tərk-silah edilməsi təmin olunmalıdır. Bununla yanaşı, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında yerləşən tarixi-dini abidələrə, milli sərvətlərimizə qarşı apardığı terror siyasətinə, törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquq və ədalət qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdır.
Azərbaycan Sosial Rifah Partiyası beynəlxalq təşkilatları obyektiv olmağa, beynəlxalq hüquqa qarşı məsuliyyətli davranmağa səsləyir!
Əsli KAZIMOVA,
Azərbaycan Sosial Rifah
Partiyasının sədri
Azərbaycan.-2021.- 25 sentyabr.- S.6.