Tərtərdə şəhid Xəyal Aslanovun xatirəsinə inşa edilmiş bulaq açılıb

 

 

Tərtərdə şəhid Xəyal Aslanovun xatirəsinə inşa edilən bulağın açılışı olub.

 

AZƏRTAC xəbər verir ki,  bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın Dövlət himni oxunub, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Bildirilib ki həyatını Vətənə həsr edən Xəyal Aslanov 2016-cı ilin Aprel döyüşlərində Ağdam istiqamətində, 44 günlük Vətən müharibəsində isə Talış-Suqovuşan istiqamətində döyüşüb və elə orada da şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Diqqətə çatdırılıb ki, Xəyal kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfər gününü tarixə yazıb. Bizə qələbə sevincini yaşadan şəhidlərin xatirəsi  xalqımızın qəlbində daim yaşayacaq.

 

Şəhid Xəyal Aslanovun atası Qüdrət Aslanov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

 

Tədbirdə Tərtər şəhər 5 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə, Vətənə, qəhrəmanlara həsr olunmuş şeirlər söyləyiblər.

 

Azərbaycan.-2021.- 25 sentyabr.- S.8.