Milli iradə, milli ruh, milli ləyaqətin təntənəsi

 

Xalqların həyatında onların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan günlər olur. Elə günlər ki, yalnız onları yaşayanda həmin anlara nə qədər böyük ehtiyac duyduğunu hiss edirsən. Uzun illər ərzində intizarını çəkdiyimiz bu hissləri gözlədiyinin fərqində olursan.

Heç kəsə sirr deyil ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğal altında qaldığı, doğma yurdlara doğru aparan yolların üzümüzə bağlı olduğu təxminən 30 ilə yaxın müddətdə bu problemi ömrümüzdəki böyük bir boşluq kimi yaşayırdıq.

İlk baxışdan həyatımızda, sanki hər şey nizamında, qaydasında idi. Amma nəyinsə çatmadığının, özümüzü xoşbəxt sanmaq üçün hər şeyin yerli-yerində olmadığının hər birimiz fərqində idik. Ürəyimizdəki Qarabağ nisgilini duyurduq. Əlimiz yetməyən işğal altında yolumuzu gözləyən müqəddəs ocaqlarımız, yağı düşmənin Azərbaycanın bağrından qoparmağa çalışdığı yaralı torpaqlarımız idi. Bu acını iliklərimizə qədər hiss edirdik. Gündəlik həyatımızın hər anında işğalın kədərli nişanələri, bu itkini bizə hansısa formada xatırladan əlamətləri qarşımıza çıxırdı. İllər keçirdi, amma bu boşluq aradan qalxmırdı, daha da böyüyürdü.

Nəhayət, 2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gün Vətən savaşının qələbə dolu əks-sədası eşidildi.

Böyük qələbəmizə doğru ilk addımın atıldığı 27 sentyabr günü heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı nəsillərə örnək olacaq. Şəhidlərimizin əziz xatirəsi hər zaman anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız sentyabrın 27-də Ermənistan silahlılarının növbəti təxribatına cavab olaraq Ordumuza hücum əmri verən və bununla regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Qələbə ilə daim qürur duyacaq.

Həmin günün, ümumən Vətən müharibəsinin, qazandığımız qələbənin tarixi mahiyyətinin ətraflı öyrənilməsi və yeni nəsillərə düzgün çatdırılması hər bir Azərbaycan ziyalısının ümdə vəzifəsidir. Çünki son bir neçə əsrlik tariximizdə buna bənzər zəfər olmayıb. Əfsuslar olsun ki, son bir neçə illik tariximiz daha çox torpaqlarımızın hissə-hissə qoparılması, itkilər, xalqımıza qarşı törədilən soyqırımlar, ümidlə qurduğumuz dövlətçilik təsisatlarının süqutu, inkişafımıza mane olmaqdan ötrü böyük güclərin ermənilərdən alət kimi istifadə edərək qarşımıza qoyduqları problemlər və başqa bu kimi məyusedici reallıqlarla xarakterik idi.

Azərbaycan Prezidenti İlham Əliyev bu reallıqları dəyişdi. Tarixi yenidən başlamağa nail oldu. Neçə əsrlik müddət ərzində ilk dəfə itirilmiş Azərbaycan torpaqlarının mühüm bir hissəsini geri qaytarmağı bacardı. Bununla göstərdi ki, milli hədəflərə doğru ardıcıl, sistemli, dönməz hərəkətlə Azərbaycan xalqı bütün tarixi haqlarını bərpa edə bilər. Prezident İlham Əliyev iki əsr ərzində başımızın bəlasına çevrilmiş Qarabağ münaqişəsini həll edə bildi. Yoluna qoyulması mümkün olmayan, hər dəfə yenidən alovlananda minlərlə insanın, ailənin faciəsi ilə nəticələnən, regionun bu günü və gələcəyi üçün ən böyük təhdid kimi qalan bu münaqişəni “Dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 gündə həll etdi.

Vətən savaşının başlanmasından, qanlı hadisələrin baş verdiyi gündən bir il keçir. Sentyabrın 27-də xalqımız “Anım günü”nü şəhidlərimizə böyük ehtiramla qeyd etdi. Azərbaycanın hər yerində, dünyanın hər məkanında, qəlbi bu torpağa bağlı soydaşlarımızın yaşadığı hər ölkədə şəhidlərimizin xatirəsi anıldı. Vətən müharibəsindəki tarixi qələbəmizi bizə bəxş etmiş qəhrəman övladlarımıza əbədi minnətdarlığımızı bacardığımız kimi ifadə etməyə çalışdıq. Həmin gün milli birliyimizin daha bir rəmzinə çevrildi. Hər anı ilə bizə şəhid adının ucalığını, müqəddəsliyini bir daha xatırlatdı.

 

Başımız üzərindəki müqəddəs ruhlar

 

Anım gününün yaddaqalan məqamları çox oldu. Ən unudulmaz mənzərəsi isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və minlərlə hərbçimizlə birgə Vətən müharibəsi şəhidlərimizin şəkilləri əllərində yürüşə çıxması idi. Öndə Müzəffər sərkərdə, onun ardınca hərbçilər və sanki şəhidlərimizin müqəddəs ruhu addımlayırdı. İnsan qəlbini riqqətə gətirən bu qürur dolu mənzərə Prezident İlham Əliyevin ardınca qətiyyətlə, əzmlə gələcəyə doğru hərəkət edən, tutduğu haqq yolundan dönməyən Azərbaycan xalqının ümumi portreti idi. Yürüş Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması ilə tamamlandı. Qısa müddətdən sonra paytaxtın ən görməli yerlərindən birində ucaldılacaq bu kompleks və muzey xalqımıza hər zaman qalibiyyət əzmimizi, gücümüzü, iradəmizi, tarixi nailiyyətlərimizi və gələcək hədəflərimizi xatırladacaq.

Bir daha əmin olduq ki, bu müharibədə Azərbaycan xalqının sıravi nümayəndəsindən tutmuş Ali Baş Komandanına qədər hər bir üzvü qəhrəmandır. Hər bir azərbaycanlı mətin iradəlidir, yenilməzdir. Bu xalqı məğlub etmək, haqq bildiyi yoldan döndərmək, əzmini, hüququnu əlindən almaq mümkün deyil.

Anım günü münasibətilə xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti dedi: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq...

 Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

 

Dəmir yumruq - Zəfərin rəmzi

 

44 günlük Vətən müharibəsinin hər günü böyük bir tarixdir. Hərbi əməliyyatların aparıldığı dövrdə həyəcan, itkilərin yaşatdığı acılar, zəfər müjdələrinin gözləntisi, bəlkə də bütün təfərrüatlara diqqət yetirməyə mane olur. Eyni zamanda, müharibənin qanla yazılmış qanunlarından irəli gələrək bir çox mətləblər həmin vaxt açıqlanmır. Yalnız aradan müəyyən müddət keçəndən sonra müharibə ilə bağlı faktlar dilə gətirilir, yazılır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi son dərəcə maraqlı idi. Həmin müsahibədə Ali Baş Komandan 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı sualları cavablandırdı. Bir sıra detalları ilk dəfə açıqladı. Sülh prosesi və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşdü. Bu müsahibədə deyilən məqamlar belə bir həqiqətdən xəbər verirdi ki, düşmən işğal edilmiş torpaqlarımızdan sülh yolu ilə çıxmasa hərbi yola əl atılacaq. Və bu fikirlər, sadəcə, bəyanat xatirinə səsləndirilmirdi.

Ermənistanın ən yüksəkvəzifəli hökumət rəsmiləri səviyyəsində verilən bəyanatlar isə düşmənin torpaqlarmızdan çıxmaq niyyətində olmadığını, əksinə, yeni hərbi təxribatlar, işğal planları hazırladığını nümayiş etdirirdi. Bütün bunlar həm də onu göstərirdi ki, Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel zəfərindən, ardınca 2018-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Ermənistan sərhədində böyük bir ərazinin düşməndən təmizlənməsi faktından düzgün nəticə çıxarmayıb. Azərbaycan əsgəri hücuma keçərsə, bunun Ermənistan üçün hansı acınacaqlı nəticələrə gətirəcəyi barədə Ermənistan cəmiyyətində aydın bir təsəvvür yoxdur. Onların düşüncələrində hələ də miflər reallıqları üstələyir. Ermənistan cəmiyyəti uydurulmuş saxta miflərlə yaşayır və gerçəkləri qəbul etmək niyyətində deyil.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Bununla əlaqədar müvafiq əməliyyat planları hazırlanıb və yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara düzəlişlər edilib. “Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”,- deyə Prezident İlham Əliyev müsahibəsində bildirdi.

44 günlük Vətən müharibəsi gedişində Azərbaycan daha bir ordu korpusu formalaşdırmağa müvəffəq olub. Cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edilib, bütün zəruri silahlar və texniki vasitələrlə təmin olunub. Səfərbər edilmiş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə böyük kömək göstərib. Müharibənin ilk günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları qarşısında yaşanan qələbəliklər hər birimizin yaxşı yadındadır. Bu, bir qürur mənzərəsi idi. Qismən səfərbərliyə cəlb olunmuş gənclərlə yanaşı, səfərbərlikdən hələ kənarda qalanlar dəstə-dəstə idarələrə gəlir, döyüşə göndərilmələrini təkid edirdilər. Verilən izahatlara, aparılan maarifləndirmə işlərinə baxmayaraq, mütləq düşmənə qarşı döyüş meydanında əsgər və zabitlərimizlə çiyin-çiyinə vuruşmaq istəyirdilər. Bütün Azərbaycan Vətən müharibəsi ovqatında idi. Gənclərimiz ölkəmizin və haqq işimizdə yanımızda olan qardaş Türkiyənin dövlət bayraqlarına bürünmüşdülər. Bu iki bayraq bizi Qələbəyə, yeni bir tarixin başlanğıcına doğru aparırdı. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yol açılması itkilərin ağrılarını ovundururdu. Azərbaycan insanı, vətənpərvər oğullarımız qələbəyə doğru irəliləyirdi. Şəhidlərimizin qisasını döyüş meydanında almağa can atırdılar.

Müsahibədə Vətən müharibəsinin başlanmasını şərtləndirən səbəblər də izah edilir. Bu müharibə Ermənistanın ardıcıl və sentyabrın 27-də pik nöqtəsinə çatan hərbi təxribatları və yeni işğal planları nəticəsində başlayıb. Vətən savaşının elə ilk günündən Azərbaycan Ordusu düşmənin müdafiə sədlərini sürətlə yarmağa, torpaqların bir qismini işğaldan azad etməyə müvəffəq olub. Növbəti 44 gün ərzində ancaq hücumda olub, irəli gedib, Vətən müharibəsini Azərbaycanın qəti qələbəsi ilə başa çatdırıb.

Hərbi əməliyyatın “Dəmir yumruq” adlandırılması ilə bağlı dövlət başçısının verdiyi izahlar həm cəmiyyətimiz, həm də illərdən sonra Vətən müharibəsini, tarixi qələbəmizi öyrənib tədqiq edəcək elm adamları üçün də maraqlıdır. Ali Baş Komandanın müsahibəsindən belə məlum oldu ki, “Dəmir yumruq” adı əvvəlcədən düşünülməyib. Bu ad Prezident İlham Əliyevin televiziya ilə çıxışlarında, xalqa qələbə müjdələri əsnasında ortaya çıxıb və cəmiyyət tərəfindən qəbul edilib, beləliklə, Vətən müharibəsinin, xalqımızın Zəfərinin tarixi rəmzinə çevrilib.

 

Qələbəni şərtləndirən səbəblər

 

Azərbaycanın bu müharibədəki qələbəsini şərtləndirən səbəblərin təhlil edilməsi xüsusi maraq doğuran məsələlərdəndir. Çünki ölkəmiz qələbəni 44 günün içində qazansa da, bu 44 günə on illərdən bəri əzmlə hazırlaşırdı. Qurulan təkmil idarəetmə sistemi, Prezident

İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım Zəfərə yaxınlaşdırırdı. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasətin uğurları sayəsində Azərbaycanda inkişafda olan böyük iqtisadi potensial formalaşdırıldı. Güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordu quruldu. Azərbaycan hakimiyyəti qısa zamanda, çevik şəkildə bütün resurslarını səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığına malikdir. Ən əsası isə ölkəmizdə xalq-iqtidar birliyi, milli həmrəylik təmin olunub. Bütün bunlar qələbənin rəhnidir. Birinci Qarabağ müharibəsində ona görə qalib gələ bilməmişdik ki, o vaxt bunların heç biri yox idi. İkinci Qarabağ müharibəsində isə Azərbaycan xalqı bu amillər hesabına Zəfər qazandı. Eyni zamanda 44 günlük Vətən müharibəsi xalqa cəmiyyəti vahid amal uğrunda səfərbər etmək bacarığına malik qətiyyətli liderin rəhbərlik etməsinin belə kritik məqamlarda xüsusilə necə taleyüklü məsələ olduğunu bir daha göstərdi. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatlara şəxsən rəhbərlik edirdi, bütün məsələləri dəqiqəbədəqiqə və ən xırda detallarına kimi nəzarətdə saxlayırdı, müvafiq tapşırıqlarını verirdi. Bütün bunlar haqqında bir çox təfərrüatlar hələ indi açıqlanır. Müharibənin gedişində isə ölkə başçısı, eyni zamanda dünyanı bu müharibə ətrafındakı gerçəklər haqqında ətraflı məlumatlandırır, xalqla müxtəlif kanallar üzərindən sıx kommunikasiya qururdu. Dövlət rəhbərimizin müharibə dövründəki çıxışları, təmkinli davranışı, xalqı və ordunu qələbəyə ruhlandırmaq əzmi, inam yaratması Zəfərin əldə olunmasında çox böyük rol oynadı.

 

Döyüş iki cəbhədə gedirdi

 

Azərbaycan düşmənin əl atdığı heç bir təxribata uymadı. Azğın qonşumuzun qurduğu məkrli oyunlardan məharətlə yayındı. Hərbi əməliyyatlar zamanı humanitar hüququn tələblərinə riayət etdi. Müharibənin və coğrafi mühitin çətinliklərinə baxmayaraq, itkiləri də minimallaşdırmağı bacardı. Hərçənd ki, 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayon və şəhərlərimizi - Ağdamı, Ağcabədini, Beyləqanı, Daşkəsəni, Füzulini, Goranboyu, Tərtəri ağır silahlardan intensiv atəşə tuturdu. Hətta cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlərimiz də artilleriya atəşinə məruz qalırdı. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakinimiz, o cümlədən 11 uşaq qətlə yetirildi. 450 nəfərdən çox sakin yaralandı. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdıldı və onlara ciddi zərər dəydi. Yalnız Tərtər şəhərinə 16 mindən çox mərmi atıldı.

Amma bütün bu itkilərə baxmayaraq, vətəndaşlarımız Ali Baş Komandanı, Ordumuzu bir an da olsun dayanmamağa, düşməni torpaqlarımızdan qovmağa, şəhidlərimizin qanını döyüş meydanlarında almağa çağırırdılar. Ermənistanın heç bir beynəlxalq norma tanımayan azğınlığına, mülki əhaliyə qarşı törətdiyi ağır hərbi cinayətlərə rəğmən Azərbaycan Vətən müharibəsi döyüşlərində heç zaman mülki əhalini, yaşayış obyektlərini hədəfə almadı. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə toxunaraq dedi: “Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdılar. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı”.

Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində toxunduğu təfərrüatlardan aydınlaşır ki, Hadrut əməliyyatı və müzəffər Ordumuzun bu ərazini azad etməsi döyüşlərin ilk mərhələsində düşmən üçün ən böyük sarsıntı olub. Ondan əvvəl ilk şəhər kimi Cəbrayılın, sonra Füzulinin azad edilməsi ordumuzun döyüş ruhunu, xalqımızın qələbə əzmini daha da yüksəldib. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmən axıra qədər müqavimət göstərib, amma buna baxmayaraq, onların güclü müdafiə xətləri sıradan çıxarılıb. Beləliklə, Zəngilana yolun açılması və növbəti dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradılıb. Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış Laçın dəhlizinə nəzarətin təmin edilməsinə kömək göstərib. Şuşa əməliyyatı isə, təbii ki, Vətən müharibəsinin tacıdır. Bu əməliyyatın uğurla həyata keçirilməsi üçün bütün maddi və mənəvi resurslar səfərbər olunub. Azərbaycan Ordusu, əsgər və zabitlərimiz Şuşa döyüşlərində əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi göstəriblər. Şuşada düşmənin son müqaviməti də sındırılıb və işğalçının təslim olmaqdan başqa əlacı qalmayıb.

Vətən müharibəsindəki qələbə bütün əsgər və zabitlərimizin fədakarlığının, yüksək döyüş qabiliyyətinin nəticəsidir. Xüsusi təyinatlı hərbi hissələrin rolu isə burada xüsusi vurğulanmalıdır.

Vətən müharibəsi günlərində Prezident İlham Əliyev iki cəbhədə döyüşürdü. Bir tərəfdən Sərkərdə kimi Ordumuzun gündəlik hərbi əməliyyatlarını idarə edir, digər tərəfdən isə diplomatiya cəbhəsində vuruşurdu. Dövlət başçısı müharibənin yaratdığı imkanlardan diplomatik meydanda da məharətlə istifadə edirdi. İnformasiya savaşını da yüksək strateq məharəti ilə qura bilirdi. Müharibəni işıqlandırmaqda maraqlı olan nüfuzlu media vasitələri ilə tarixi həqiqətləri sübutlar, faktlar əsasında dünya ictimaiyyətinə çatdırırdı. Hərbi əməliyyatların gedişində dövlət rəhbəri İlham Əliyevin dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibəsi, bu müsahibələrdəki diplomatik gedişlər, natiqlik, məlumatlılıq, dəmir məntiq əsl ustad dərsləridir.

 

XXI əsrin müharibəsi

 

Dövlət rəhbərimiz müharibəyə qədər də ali beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdı. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə debatlarda dəqiq, dəmir məntiqlə Azərbaycanın mövqeyini çatdırması, müasir diplomatiyanın ən bariz nümunəsini təqdim etməsi Qələbəyə doğru möhtəşəm addım idi. Azərbaycan Prezidentinin parlaq şəxsiyyəti, yüksək siyasi-diplomatik hazırlığı fonunda Ermənistanın baş naziri özünü itirir, olduqca zəif görünürdü. O, ciddi siyasi səhvlərə yol verir, özünün də, xalqının da iflas durumunu sərgiləyirdi. Bunu izləyən hər kəs iki xalq, iki dövlət, iki ordu arasındakı fərqləri də görə bilirdi.

Prezident İlham Əliyev Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını darmadağın etdi. Kimin işğalçı, kimin işğala məruz qalan tərəf olmasının fakt və sübutlarla aydın mənzərəsini yaratdı. Erməni təbliğatının Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə illərdir yaratdığı yanlış təsəvvürləri ortadan götürdü. ABŞ, Almaniya, Fransa və Avropanın erməni lobbisinin təsiri altında olan və Azərbaycana qarşı ədalətsiz, qərəzli kampaniyanın fəal iştirakçısına çevrilmiş bir çox media qurumlarının və təşkilatlarının layiqli cavabını verdi.

Azərbaycan ən müasir silahlarla təchiz edilmiş ordusu, yüksək peşəkarlıqla tərtib və idarə olunan hərbi əməliyyatlarla XXI əsrin müharibəsini apardı, dünyanın hərbi tədris mərkəzləri üçün hələ bundan sonra da illərlə öyrəniləcək nümunələr formalaşdırdı. Hərbi əməliyyatların uğurla həyata keçirilməsində pilotsuz uçuş aparatlarının tətbiqi böyük rol oynadı. Müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsi sinxronlaşdırıldı, digər ordu növlərinin fəaliyyəti ilə uyğunlaşdırıldı. Bütün bunlar təbii ki, yüksək istedad, səriştə tələb edən məsələlərdir. Müasir texnologiyalardan və silahlardan istifadə Azərbaycan Ordusunda itkiləri minimuma endirdi. Düşmənin texnikası və müdafiə sistemləri dronlar vasitəsilə məhv edildi, çoxlu sayda düşmən texnikası qənimət götürüldü. Azərbaycanın müasir texnologiyalar və silahlardan istifadə etməsi qarşı tərəfdən dinc əhalinin həlak olmasına da imkan vermədi. Beləliklə, Vətən savaşı Azərbaycanın müharibəni də ədalətlə, xalqımıza xas ləyaqətlə apardığını, Ermənistanın isə iyrənc məqsədə çatmaq üçün ən alçaq və rəzil üsullardan istifadə etdiyini aydın göstərdi.

Prezident İlham Əliyev müsahibəsində onu da bəyan etdi ki, Azərbaycan bütün imkanlardan istifadə edərək hərbi cinayətkarların məsuliyyətə cəlb olunmasına çalışacaq. Bildirdi ki, Azərbaycan həm də işğal dövründə vurulmuş ziyanın hesablanması istiqamətində iş aparır, bu məsələyə beynəlxalq hüquqi şirkətlər də cəlb olunub.

 

Gələcək Azərbaycandan başlanır

 

Döyüş meydanında göstərilən əzmkarlıq, liderlik iradəsi bu gün azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara həyat gətirilir. Bu ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərimiz elektrik enerjisi ilə təmin olunacaq. Bütün istiqamətlərdə avtomobil yolları salınacaq. Artıq “ağıllı kənd”, “ağıllı şəhər” konsepti tətbiq edilir. Tezliklə Ağdam və Şuşa dünyanın tarixilik və müasirlik harmoniyasını yaradan ən gözəl, abad şəhərlərindən olacaq.

Xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasında böyük rol oynayan Heydər Əliyev Fondu quruculuq işlərində, azad torpaqlarımızın mədəni-mənəvi dünyasının bərpasında yaxından iştirak edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vaqifin Şuşadakı məqbərəsinin bərpası, Şuşada keçirilən “Xarıbülbül” festivalı, Vaqif poeziya günləri, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin bərpası artıq bu torpaqlarda insanlar üçün layiqli həyatın yenidən oyanışı, yeni bir başlanğıca doğru işıqlı yol deməkdir. Azərbaycan bu gün müharibənin yaralarını sağaldır.

Münaqişə artıq tarixdə qalıb. Ölkəmiz indi regionun inkişafında, təhlükəsizliyində, sülh və hüzur içində yaşamasında maraqlı olan hər kəsi gələcəyə, inkişafa yönəlməyə çağırır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2021.- 30 sentyabr.- S.1; 7.