Dünyanı dəyişən
gün - 11 sentyabr
20 il əvvəl
“Əl-Qaidə”nin ABŞ-a qarşı
törətdiyi terror aktları ölkələri
bu cür təhlükələrə
qarşı mübarizədə birləşməyə məcbur
etdi
Düz 20 il əvvəl, yerli vaxtla saat 08:46-da “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı.
09:03 radələrində isə Cənub qülləsi analoji hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun da binası intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu.Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan daha bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
2001-ci il sentyabrın 11-də beynəlxalq “Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-ın Nyu York və Vaşinqton şəhərlərində həyata keçirilən həmin terror aktları 3 minə yaxın adamın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.
Federal Təhqiqat Bürosu (FTB) qısa zamanda təyyarələri qaçıran terrorçuların siyahısını tərtib etdi. “Əl-Qaidə”nin əfsanəvi lideri Üsamə bin Laden bu əməliyyatı Əfqanıstanda bir mağarada hazırlamışdı. Tezliklə ABŞ Əfqanıstanda hakimiyyətdə olan Talibana qarşı cavab hücumuna keçdi. FTB Amerika tarixində ilk dəfə PENTTBOM əməliyyatı adlanan böyük araşdırma başladı. Şübhəlilər 72 saat ərzində müəyyənləşdirildi, çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə cəhd etmişdilər. Onlar təyyarədə Amerika vətəndaşı olmayan sərnişinlər arasında, demək olar ki, yeganə ərəb sərnişinlər idilər və bu da Federal Təhqiqat Bürosuna doğum tarixi, viza statusu, yaşayış yeri kimi məlumatlardan istifadə edərək şübhəli sərnişinlərin kimliyini müəyyənləşdirməyə imkan verdi. 2001-ci il sentyabrın 27-də Federal Təhqiqat Bürosu 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yayımladı. Şübhəli təyyarə oğruları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər. 11 sentyabr hücumlarının amerikalılar üzərində çox ağır təsirləri qaldı. Ölkənin hər yerindən polis məmurları və xilasetmə işçiləri Əkiz Qüllələrin qalıqları altında qalan insan cəsədlərini çıxarmaq üçün Nyu York şəhərinə axışıb gəldilər.
Bu hücumlar ABŞ və dünya bazarına əhəmiyyətli dərəcədə təsir etdi. Nyu York və Amerika məzənnə fondları sentyabrın 11-də açılmadı və sentyabrın 17-dək qapalı qaldı. Fondlar yenidən açılanda isə səhm bazarı 71 faizdən 8921 faizə endi. Bu isə bir gündə qeydə alınan ən böyük enmə idi.
Eyni zamanda ABŞ-da ərəblərə və onlara bənzəyən digər insanlara qarşı xeyli sayda hücumlar və nifrət zəminində törədilmış cinayətlər də qeydə alındı.
Hücumdan sonra Corc Buş administrasiyası Üsamə Bin Ladenin və “Əl-Qaidə” təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan etdi. Həmin mübarizə terror törədən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, qlobal ciddi nəzarət və kəşfiyyatı artırmaq məqsədlərini hədəfləyirdi. Bu hadisələr həmçinin ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə, o cümlədən əvvəl Əfqanıstana, daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və təəssüf ki, dünyada intensiv antiislam təbliğatının aparılması üçün bəhanə oldu.
Bütün səylərə baxmayaraq, terrorizmin kökünü bugünəcən kəsmək mümkün olmayıb. Qonşumuz Ermənistanın da yer aldığı beynəlxalq terrorizm şəbəkəsi hələ də fəaliyyətdədir və Azərbaycan da daxil olmaqla, bir çox ölkələri təhdid edir.
Xatırladaq ki, Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirilmiş, nəticədə 2000-dən çox soydaşımız qətlə yetirilmişdir. 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə nümayiş etdirdi.
Qonşularımızdan fərqli olaraq, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edir və antiterror koalisiyasının fəal üzvlərindən biridir.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2021.- 11 sentyabr.- S.6.