Şəhid sərhədçi
baş leytenant Ceyhun Nəhmətovun anım tədbiri keçirilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, müqəddəs torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda Vətən müharibəsində həlak olmuş şəhid sərhədçi baş leytenant Ceyhun Nəhmətovun doğum günündə anım tədbiri keçirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən bildiriblər ki, sentyabrın 8-də DSX-nin bir qrup hərbi qulluqçusu, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, gül çələngi qoyublar.
Paytaxtın Xəzər rayonunda şəhid Ceyhun Nəhmətovun xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar Dövlət Sərhəd Xidməti Akademiyasının 2016-cı il məzunu olmuş Ceyhun Nəhmətovun sərhədçi-zabit andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, Füzuli və Cəbrayıl rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, Zəngilan rayonu istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadət zirvəsinə ucaldığını vurğulayıblar.
Vətən müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.
Sərhədçi şəhid Ceyhun Nəhmətovun döyüş şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildiyi qeyd olunub.
Baş
leytenant Ceyhun Nəhmətovun ailə üzvləri göstərilən
diqqət və qayğıya görə minnətdarlıq
ifadə edib, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin,
ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən
müharibəsinin iştirakçılarına göstərdiyi
diqqətin, şəhidlərə ifadə olunan
ehtiramının bariz nümunəsi olduğunu bildiriblər.
Azərbaycan.-2021.- 11 sentyabr.- S.7.