Qardaşlığın Zəfər təntənəsi

 

Azərbaycan-Türkiyə birliyinin gücü ilə artıq hər kəs hesablaşmağa məcburdur

 

 

 

1918-ci il sentyabrın 15-də ilk nömrəsi işıq üzü görən “Azərbaycan” qəzetində Bakının azad edilməsi haqqında Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın teleqramı dərc edildi:

“Bismillahir-rəhmanir-rəhim! Bakı şəhəri 15.09.1918-ci il saat 09-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”.

Bəli, artıq düşmən məhv edilmiş, Bakı azadlığına qovuşmuşdu.

Xalq sevinc göz yaşları içərisində, qalib ordunu qarşılamaq üçün küçələrdə selə dönmüş, Bakının xilasının Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər olduğunu fərəhlə qeyd etmişdi...

Ay ulduzlu qoşa bayraqlar - Azərbaycan və Türkiyə bayraqları birlikdə qürurla dalğalandırılmışdı...

Düz 103 il əvvəldə olduğu kimi, 15 sentyabr 2021-ci ildə yenə də bütün Azərbaycan başdan-başa ay ulduzlu qoşa bayraqlarla bəzəndi, el-obamız şadlığa büründü, fərəhdən, qürurdan qəlblərimiz dağa döndü...

Düzdür, hər ilin 15 sentyabrında Bakının azadlığını qeyd edirdik, amma builki bayram əhvalımız, coşqumuz bir başqaydı...

 

Bu il Bakının azadlığının sevinci, Qarabağ Zəfərinin təntənəsi ilə birgə qeyd olunurdu, bayram, fərəh, sevinc bir-birinə qarışmışdı...

 

Azərbaycan xalqının bu müqəddəs günü birlikdə qeyd etmək üçün ilk baş çəkdiyi ünvan isə bütün şəhərlərimizdə, rayonlarımızda, kəndlərimizdə olan Şəhidlər xiyabanları idi...

 

Xalqımız Vətən uğrunda canlarını qurban verən bütün şəhidlərimizin, eləcə də 103 il əvvəl bu torpağın müdafiəsinə gələn və heç düşünmədən bu uğurda canlarını fəda edərək şəhadətə ucalan türk qardaşlarımızın ruhları qarşısında baş əydi, onlara sonsuz rəhmət dilədi...

 

Paytaxtda və digər şəhərlərimizdə Azərbaycan hərbçilərinin Bakının işğaldan azad olunması münasibətilə möhtəşəm yürüşü oldu. Bu cür yürüşlər Azərbaycanın bütün bölgələrində, eyni zamanda mədəniyyət paytaxtımız Şuşada təntənə ilə, qururla həyata keçirildi...

 

 

 

Qardaşlığın təntənəsi

 

 

 

15 sentyabr 1918-ci il Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri kimi əbədi olaraq yaddaşlarımıza yazılıb.  Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan soydaşlarımızı qaniçən Şaumyanın başçılıq etdiyi daşnaklardan qurtaran Qafqaz İslam Ordusunun əsgərləri əsl mənada azərbaycanlı qardaşlarına arxa, kömək oldular. Ozamankı mürəkkəb situasiyada, sözün əsl mənasında, Osmanlı dövləti Azərbaycana kömək üçün dünyanı qarşısına aldı...

 

İki qardaş xalq arasında olan tarixi həmrəylik hər ötən gün daha da güclənir, ayrılmaz tellərlə bir-birinə bağlanır. Ortaq kökümüz,  dilimizin, dinimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olması isə bu birliyi şərtləndirən əsas amillərdəndir.

 

Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətləri gündən-günə daha yüksək zirvəyə daşınır.

 

Beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək, bir-birinə dayaq duran iki qardaş ölkə - Azərbaycan və Türkiyə dövlətçiliyimizə, xalqlarımızın varlığına qarşı təhdid olan terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparır. Eyni zamanda bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq, dəstək olurlar. Bütün bunlar isə iki ölkə arasındakı siyasi-diplomatik münasibətlərdən daha çox iki qardaş xalq arasındakı mənəvi bağlılığın göstəricisidir.

 

 

 

Azərbaycan - Türkiyə əlaqələri ən yüksək zirvədədir

 

 

 

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”.

 

Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı tarixdə sadəcə sözdə deyil, əməldə nümunə olduğu kimi, bu gün də eynən belədir.

 

Vətən müharibəsi zamanı da Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın haqlı savaşının yanında olduğunu nümayiş etdirdi, son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq oldu. Nə qədər beynəlxalq təzyiqlər olsa belə qardaş ölkə öz mövqeyindən bir addım da geri çəkilmədi.

 

Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynadı.

 

10 dekabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı bir daha Azərbaycan-Türkiyə birliyini bütün dünyaya göstərdi.

 

Bu ilin 15 İyunu isə Azərbaycan-Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti Türkiyə Prezidentini Qarabağda qarşıladı və hər bir azərbaycanlının mənəvi paytaxtı hesab olunan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı...

 

Türkiyənin böyük dəstəyini hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərində də yaxından hiss edirikbu prosesdə Türkiyə şirkətləri fəal iştirak edirlər.

 

 

 

Sarsılmaz və əbədi birlik

 

 

 

Bu gün Azərbaycanın bölgələrində, eyni zamanda Bakının ən hündür nöqtəsində iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin övladlarının müqəddəs məzarlığı var. Orada Azərbaycanın müstəqilliyi, daim var olması uğrunda canlarından keçən iki qardaş xalqın şəhidləri uyuyur...

 

Əminik ki, indi həmin müqəddəs şəhidlərin ruhu şaddır, çünki Azərbaycanın döyünən ürəyi Qarabağ düşmən işğalından azad edilib.

 

Bu gün küçələrdə, meydanlarda, əllərdə, qardaş məzarlıqlarında dalğalanan üçrəngli və al qırmızı ay-ulduzlu qoşa bayraqlar yenidən bütün dünyaya var gücləri ilə zəfər nəğməsi hayqırır, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini nümayiş etdirirlər...

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2021.- 17 sentyabr.- S.1;4.