İlham Əliyev: “Türkiyənin
gücü bizim gücümüzdür və birlikdə biz
daha güclüyük”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
- Xoş
gəlmisiniz, sizi görməyimə şadam. İl
başa çatır və çox şadam ki, ilin sonunda siz
Azərbaycana səfər edirsiniz. Bu il
biz sizinlə dəfələrlə
görüşmüşük. Fürsətdən istifadə
edərək, sizi və bütün Türk Silahlı Qüvvələrini
Yeni il münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Yeni ildə
yeni uğurlar diləyirəm.
İki gün əvvəl əziz qardaşım cənab
Prezident Rəcəb Tayyib Ərdoğanla
danışmışıq və sizin səfəriniz
haqqında da söhbət etdik. Fürsətdən
istifadə edərək, bir daha qardaş Türkiyə
dövlətinə, qardaş türk xalqına, şəxsən
cənab Prezident Rəcəb Tayyib Ərdoğana bizə
göstərilmiş böyük dəstəyə görə
təşəkkürümü bildirirəm. Müharibə
zamanı bu böyük siyasi və mənəvi dəstək
bizə əlavə güc verdi,
bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan
birliyi, qardaşlığı sarsılmazdır, əbədidir
və bütün günlərdə - xoş günlərdə,
ağır günlərdə biz bir-birimizin yanındayıq. Eyni zamanda, dünyanın digər bölgələrində
Türkiyənin gücünün artması, xüsusilə
2020-ci ildə Türkiyənin bir çox məsələlərdə
söz sahibinə çevrilməsi bizi haqlı olaraq
sevindirir. Dəfələrlə demişəm,
Türkiyənin gücü bizim gücümüzdür və
birlikdə biz daha güclüyük. Əminəm ki, gələn
il də nəzərdə tutulmuş
bütün planlar icra ediləcək.
Bizim
üçün bu il xüsusi əhəmiyyət
daşıyır, böyük Zəfər ili kimi Azərbaycan
tarixində əbədi olaraq qalacaq. Uzun illərin
işğalına son qoyuldu, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi,
işğalçıları işğal edilmiş
torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti,
beynəlxalq hüququ bərpa etdi. Şəhidlər
oldu, yaralılar oldu, müharibələrdə bu,
qaçılmazdır. Biz şəhidlərin
ruhu qarşısında and içmişik ki,
dağıdılmış bu bölgələri bərpa edəcəyik.
Artıq bərpa işləri başlandı,
ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin
tərəfdaşlarımız yenə də türk şirkətləridir.
Onlar bizim üçün önəmli
infrastruktur layihələrini artıq icra etməyə
başlamışlar. Xüsusilə
Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk
şirkətləri Azərbaycan şirkətləri ilə
birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk
şirkətlərinin fəaliyyəti artıq təsdiq
edilib, o cümlədən Kəlbəcərə çəkiləcək
yeni yol, tunellər və digər infrastruktur layihələri
icra ediləcək. Tezliklə biz bu
bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki,
erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf
dağıdılıb, hər tərəf viran edilib və
aydındır ki, bu dağıntılar müharibə
zamanı olan dağıntılar deyil. Çünki
müharibə zamanı belə dağıntılar
olmayıb. Müharibədən sonra,
işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi
silmək istədilər, şəhərlərimizi yerlə
bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o
torpaqlara qayıtmasınlar. Amma səhv
etdilər, yanıldılar, biz artıq
qayıtmışıq, qayıdacağıq və Qarabağ
bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən
birinə çevriləcəkdir.
Gələn
il bizim üçün böyük
quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda,
erməni silahlı qüvvələri tərəfindən
ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki,
müharibədən sonra da şəhidlərimiz var. Deyə
bilərəm ki, bizdə olan məlumata görə, azad
edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni
silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə
tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib,
bir çoxu həbs edilib. Onlar müharibə əsirləri
sayıla bilməz, onlar terrorçudurlar. Onlara
imkan verildi. O cümlədən Rusiya sülhməramlı
qüvvələri bu işlərə qoşularaq, imkan verildi
ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər
çıxdılar və Ermənistan tərəfinə təhvil
verildilər, ancaq bir qisim hələ də qalır və bizə
qarşı terror aktları törədir. Buna baxmayaraq, bütövlükdə atəşkəs
saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan
10-na keçən gecə imzalanmış Bəyanatın
müsbət tərəfidir. Bununla paralel
olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin
formalaşmasına da böyük önəm veririk, ilkin
tapşırıqlar verildi. Biz yaxın
günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan
sərhədinə qədər dəmir yolunun tikintisinə
başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma
hazırlanır. Qısa müddət ərzində
müvəqqəti olaraq Horadizdən Zəngilana qədər
yol da çəkildi, mən özüm o yolla getmişəm,
rahat, yüksək sürətlə getmək olar. Hesab
edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il
çəkəcək. Ancaq bizim fikrimiz ondan
ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir
yolu ilə Horadizə qədər, ondan sonra tırlarla
daşımalar aparıla bilər. Bu,
artıq bizim gündəliyimizdə olan vacib məsələdir.
Hesab edirəm və əminəm ki, biz artıq
Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən
Türkiyəyə ilk yükləri göndərə və əks
istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın
önəmli hissəsi olan Naxçıvan dəhlizinin
açılması da həyata keçiriləcəkdir.
Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya
Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ
ilə bağlı da öz öhdəliyini yerinə yetirir.
Azərbaycan tərəfi indi Ağdam bölgəsində
bu Monitorinq Mərkəzi üçün bina inşa edir.
Bu Monitorinq Mərkəzi yaxın 10 günə
– maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi
də fəaliyyətə başlamaq üçün tam
hazırdır. Yəqin ki, siz Rusiya tərəfi
ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə
qədər tez fəaliyyətə başlasa, o qədər də
yaxşıdır. Çünki
müharibədən təxminən iki ay keçməsinə
baxmayaraq, hələ də təhdidlər, təhlükələr
var. Nəzarətsiz erməni silahlı birləşmələri
bizim ərazimizdə fəaliyyət göstərirlər və
onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər.
Ona görə, bu təhdidi aradan qaldırmaq və
gələcəkdə bütövlükdə bölgəmizdə
sülhün, sabitliyin təmin edilməsi üçün
Monitorinq Mərkəzi mütləq olmalıdır. Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi
siyasi qüvvələr revanşist fikirlərlə
yaşayırlar, açıq bəyanatlar verirlər ki,
gün gələcək onlar Azərbaycana qarşı
müharibə aparacaqlar, Azərbaycan torpaqlarını
işğal edəcəklər. Bu, onlar
üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə
aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə
bu bölgədə monitorinq, nəzarət
aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi
bu funksiyanı əminəm ki, şərəflə yerinə
yetirəcəkdir.
Əlbəttə ki, Vətən müharibəsi
Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi
və sizin iştirakınızla, əziz qardaşımın
iştirakı ilə keçirilmiş hərbi parad bunu bir
daha göstərdi. Siz gördünüz ki, bu, nə qədər
böyük sevincə, coşquya səbəb oldu, on minlərlə,
yüz minlərlə insan küçələrə
axışdı və bizim Azərbaycan və türk əsgərlərini
qarşıladı. Bu, bizim birliyimizin
nümunəsidir. Paradı seyr edərkən iki il öncəki parad da yadımıza
düşdü. O vaxt biz Bakının azad edilməsində
Nuru Paşa Ordusunun, Qafqaz İslam Ordusunun qəhrəmanlığını
qeyd etmişdik. Bu dəfə isə
Qarabağın azad edilməsini qeyd etmişik. Yenə də bərabərik və əbədi də
bir yerdə olacağıq. Bir daha xoş gəlmisiniz.
X X X
Türkiyənin
milli müdafiə naziri Hulusi Akar dedi:
- Cənab
Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz
üçün öz adımdan və nümayəndə heyətinin
üzvləri adından çox təşəkkür edirik,
sağ olun.
Cənab
Prezidentimizlə Siz mütəmadi olaraq
danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını
Sizə çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edib gec də olsa, doğum
gününüzü təbrik edirik, neçə belə illərə
çıxasınız. Liderliyinizi,
inşallah, möhkəm cansağlığı və
uğurlarla davam etdirəcəksiniz.
Təbii ki, burada bəzi duyğusal anlar da
yaşadıq.
Biz bunları unutmuruq, bu barədə
dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki
nitqinizdir. Həqiqətən də o, bir Zəfər
nitqi idi. Bunu daim xatırlayırıq.
İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər
şey bitdikdən sonra buraya gəlib Minsk qrupu
olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da
böyük bir zövqlə, böyük bir dərs olaraq
Türkiyədə izlədik. Həqiqətən də hər
kəs Sizin bu qətiyyətinizdən
qürur duydu.
Qarabağ
Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən
Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm
Türkiyə-Azərbaycan əlaqələri baxımından
dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi
baxımından həqiqətən çox önəmli bir
addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin
taclanması üçün, inşallah, ən qısa vaxtda
Ortaq Mərkəzin fəaliyyətə başlamasından
sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti
qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi
– Türkiyənin, Naxçıvanın və Azərbaycanın
fiziki olaraq bir-birinə bağlanması baxımından
çox önəmlidir.
Təbii
ki, otuz illik bu mübarizə başa çatdıqdan,
torpaqların işğaldan azad olunmasından sonra,
inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə
qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq
möhkəmlənəcək və ora bütün bölgə
üçün, Qafqaz üçün cazibə mərkəzinə
çevriləcək. Azərbaycanın iradəsi
ilə burada sülhün və sabitliyin təmin olunmasında
Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi,
çiyin-çiyinə çalışması həqiqətən
təkcə bu gün üçün deyil, gələcək
üçün də böyük perspektivlər vəd edir.
İnşallah, qarşıdakı dövrdə
bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq
davam edəcək. Bununla da hər kəsin
bura ilə bağlı planlarını yenidən nəzərdən
keçirəcəyini, diqqətli olacağını
düşünürük.
X X X
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2020.- 6 yanvar.- S.1-2.