Əmək
kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş
yeri üzrə elmi
müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində
azı 25 il çalışmış, elmi dərəcəsi olan,
işləməyən, əmək pensiyası hüququ olan şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində tədbirləri
davam etdirmək və bu tədbirlərin
əhatə dairəsini
daha da genişləndirmək
məqsədilə qərara
alıram:
1. Əmək kitabçasında
müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə
elmi müəssisə
və təşkilatlarda
və ya təhsil müəssisələrində
azı 25 il çalışmış, elmi
dərəcəsi olan,
işləməyən, əmək
pensiyası hüququ olan şəxslərə
Azərbaycan Respublikası
Prezidentinin təqaüdü
təsis edilsin və onun aylıq
məbləği elmlər
doktoru elmi dərəcəsinə görə
200 manat, fəlsəfə
doktoru elmi dərəcəsinə görə
120 manat müəyyən
olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:
2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;
2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il.
Azərbaycan.-2021.-
6 yanvar.- S.13.