Yeni nəqliyyat layihələri iqtisadi inkişaf üçün
geniş imkanlar yaradır
Məlum olduğu kimi, yanvarın 21-də Azərbaycan
və Türkmənistan
arasında Xəzər
dənizində “Dostluq”
yatağının karbohidrogen
resurslarının birgə
kəşfiyyatı, işlənməsi
və mənimsənilməsi
barədə Anlaşma
Memorandumu imzalanıb.
Bu yatağın
birgə işlənməsinin
hər iki ölkəyə fayda gətirəcəyi, həmçinin
ölkələrimiz arasındakı
dostluq və iqtisadi əməkdaşlığa
yeni töhfələr
verəcəyi şübhəsizdir.
Memorandumun
imzalanması mərasimində
videokonfrans formatında
iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yeni
yatağın istismarı
barədə imzalanmış
sənədi yüksək
qiymətləndirmiş, iki
ölkə arasında
yaranacaq nəqliyyat əlaqələrinin tərəflər
üçün xüsusi
əhəmiyyət daşıdığını vurğulamışlar. Qeyd
etmişlər ki, bu nəqliyyat dəhlizi təkcə iki ölkəyə deyil, bütün regiona böyük fayda gətirəcək.
Prezident İlham Əliyev nəqliyyat sektorunda həyata keçirilən
layihələrin əhəmiyyətini
yüksək qiymətləndirərək
demişdir: “Türkmənistan
və Azərbaycan nəqliyyat infrastrukturunun,
məhz sıx qarşılıqlı əlaqəli
şəkildə işləyən
və bizim ərazilərimizdən keçməklə
yüklərin tranzitini
təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə
dövriyyəsi imkanlarını
artıran müasir beynəlxalq dəniz limanları
yaradılması layihələrini
bir növ sinxronlaşdırıblar. Əminəm
ki, ölkələrimiz
arasında nəqliyyat-logistika
sahəsində əməkdaşlıq
bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması
imkanları nəzərə
alınmaqla daha yüksək səviyyəyə
çatacaq. Düşünürəm
ki, bu, bizim
bütün tərəfdaşlarımız
və qonşularımız
üçün əlavə
imkanlar yaradacaq”.
Dövlət başçısı həmçinin
qeyd etmişdir ki, Türkmənistanla nəqliyyat-logistika sahəsində
əməkdaşlıq təkcə
iki ölkəyə deyil, regiona, hətta regiondan uzaqda - Avrasiya məkanında yerləşən
bütün ölkələrə
yeni imkanlar açır. Prezident İlham Əliyev eyni zamanda Türkmənistanın
nəqliyyat-logistika sahəsində
həyata keçirdiyi
investisiya siyasətini
yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, Lapis-Lazuli Türkmənistanın
yatırdığı investisiya
sayəsində reallaşıb.
Bunun nəticəsində
Əfqanıstandan yüklərin
Türkmənistana, Azərbaycana
və digər ölkələrə çatdırılmasına
imkan verən dəmir yolu layihəsinin reallaşması
Türkmənistanın ayırdığı
investisiya ilə həyata keçirilib. Bununla yanaşı, ölkələrimizin təşəbbüsü
ilə regionda bir sıra üçtərəfli
tranzit layihələri
reallaşdırılır. Hazırda Azərbaycan, Türkmənistan və Türkiyə, həmçinin
Azərbaycan, Əfqanıstan
və Türkmənistan
arasında üçtərəfli
əməkdaşlıq formatı
mövcuddur. Bu növ əməkdaşlıq
region ölkələri
arasında yük dövriyyəsinin ildən-ilə
artmasını şərtləndirir.
Öz növbəsində Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov iki
ölkə arasında
olan nəqliyyat əlaqələrini yüksək
qiymətləndirmişdir: “Nəqliyyat sferası da bizim tərəfdaşlığımızın
mühüm sahəsidir.
Türkmənistan
və Azərbaycan bu gün əfqanıstanlı,
gürcüstanlı və
türkiyəli tərəfdaşları
ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli
fəaliyyəti üzərində
fəal iş aparıb. Türkmənistan
və Azərbaycan həm də Xəzər dənizi-Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından
biridir”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda
region və dünya üçün bir çox mühüm layihələr
icra olunur. Bunlardan biri də “Şimal-Cənub nəqliyyat dəhlizi”dir. Bu, Asiyanı Azərbaycan və Rusiya vasitəsilə Avropaya birləşdirən
mühüm marşrutdur.
Layihənin icrası Asiyanın bir çox ölkələrinin
Avropa ilə ticarətini həm sürətləndirəcək, həm də genişləndirəcək. Vurğulayaq
ki, bu layihənin
təşəbbüskarı, eləcə də qəbul edilən qərarların əsas icraçısı Azərbaycandır.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərləri
ilə keçirilən
videokonfransda onların
diqqətini “Şimal-Cənub
nəqliyyat dəhlizi”nin
əhəmiyyətinə cəlb
edərək demişdir:
“Azərbaycan artıq
bu dəhlizə böyük həcmdə sərmayə yatırmışdır.
Onun çox böyük potensialı var. Biz artıq
şimaldan - Rusiyadan daxil olan, Azərbaycan
ərazisindən qərb
və cənub istiqamətində yükləri
qəbul edirik. Lakin İranla sərhəddən başlayaraq
Rusiya ilə sərhədə qədər
dəmir yolumuzun keyfiyyəti yaxşı deyil. Buna görə
də biz qatarların sürətini
artırmaq üçün
indi artıq bəzi vəsaiti sərmayə olaraq yatırmışıq və
biz bunu etməyi planlaşdırırıq...
Bu gün artıq bizim Rusiya ilə sərhədimizdə tıxaclar
var. Çünki Azərbaycandan, həm də İrandan artan ixrac malların
artıq yük maşınları ilə
gətirilməsini mümkünsüz
edir. Buna görə də bizə “Şimal-Cənub dəhlizi”nin bir hissəsi olaraq müasir dəmir yolu sistemi lazımdır.
Mən sizdən bu layihəni də nəzərdən keçirməyi xahiş etmək istərdim. Gələcək kommunikasiya
prosesində ola bilsin sizə hansı işlərin görüldüyü və
bizim planlarımız
ilə bağlı daha ətraflı məlumat veriləcəkdir”.
Bugünədək
Asiya İnkişaf Bankı (AİB) ilə ölkəmiz arasında mövcud olan əməkdaşlıq deməyə
əsas verir ki, “Şimal-Cənub dəhlizin”in maliyyələşməsində
də AİB yaxından
iştirak edəcək.
Çünki həmin
bankın ölkəmizə
olan marağı və etimadı böyükdür.
Bir daha vurğulayaq ki, ölkəmizdə icra edilən bu kimi nəhəng infrastruktur layihələri
beynəlxalq qurumlar tərəfindən də
yüksək qiymətləndirilir.
Həmin qurumlar dəfələrlə Azərbaycanda
görülən işlərin
təkcə ölkəmiz
deyil, dünya üçün də böyük əhəmiyyət
daşıdığını bildiriblər. Azərbaycanda
icra edilən layihələr sayəsində
ölkəmiz dünyada
mühüm nəqliyyat
dəhlizləri - Şərq-Qərb,
Şimal-Cənub marşrutları
üzrə önəmli
qovşağa çevrilib.
İndi bu istiqamətlərdə gedən
bütün yollar Azərbaycanda birləşir.
“Şərq-Qərb nəqliyyat
dəhlizi”nin yaradılması
istiqamətində dövlətimiz
tərəfindən vaxtında
atılan addımlar öz bəhrəsini verir. Belə ki, ötən
il həmin nəqliyyat dəhlizi üzərindən yük
daşınması artıb.
Çünki Bakı-Tbilisi-Qars
dəmir yolunun istismara verilməsi bu dəhlizə geniş imkanlar yaradır. Ən başlıcası isə
Azərbaycandan keçən
həmin dəhliz üzərindən təkcə
şərq istiqamətindən
deyil, eyni zamanda Rusiya tərəfindən yüklərin
Türkiyəyə və
Avropaya daşınması
da müşahidə edilir. Bir sözlə,
“Şərq-Qərb nəqliyyat
dəhlizi” ilə yanaşı, “Şimal-Cənub
nəqliyyat dəhlizi”nin
də işlək əmsalı ildən-ilə
yüksəlir. Türkmənistan,
Əfqanıstan və
digər ölkələrin
də Azərbaycandan keçən nəqliyyat dəhlizindən istifadə
etməsi həm yük daşınmasının
həcmini, həm də bu marşrutun
iqtisadi və siyasi əhəmiyyətini
artıracaq. Bu da ölkəmizin iqtisadi inkişafına və beynəlxalq aləmdə nüfuzunun artmasına yeni imkanlar açacaq.
Rüstəm KAMAL,
Azərbaycan. - 2021.- 29 yanvar.- S.1; 5.