Ermənistan daha böyük siyasi böhranın astanasındadır

 

 

 

Qarabağ müharibəsində məğlubiyyət Ermənistanda elə bir siyasi böhran yaradıb ki, ölkədə həyatın bütün sahələri iflic olub.

Belə bir şəraitdə Ermənistan rəhbərliyi vəziyyətdən istifadə edərək idarəçilikdə öz maraqlarını təmin edən addımlar atmaq istəyir. Söhbət parlamentin özünüburaxma hüququndan gedir. Belə ki, hakimMənim addımımparlament fraksiyası daxili siyasi böhran fonunda konstitusiya dəyişiklikləri layihəsini müzakirə edir. Dəyişiklik qəbul olunsa,  parlament özünü buraxmaq hüququna sahib olacaq.

“İravnuk” qəzetinin xəbərinə görə, layihədə Ermənistan konstitusiyasının 92-ci maddəsinə deputat sayının beşdə üçünün qərarı ilə parlamentin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə dair bəndin əlavə edilməsi nəzərdə tutulur.

Bundan başqa, seçkilərin vaxtının dəyişdirilməsi də təklif olunur. Parlament buraxıldıqdan sonra 40 gündən 55 günə qədər seçkilər keçirilməlidir.

Ermənistanın konstitusiyasına görə, hökumət başçısının istefasından sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilməyəcəyi təqdirdə parlament buraxıla bilər. Deputatlar hökumətin proqramını təsdiqləməsə, parlament buraxılır. Konstitusiyaya görə, erkən parlament seçkiləri qanunverici orqanın ləğv edilməsindən sonra 30 gündən tez 45 gündən gec olmayaraq keçirilir.

Ermənistan müxalifəti isə bu layihəyə qarşı çıxaraq hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı sonra erkən seçki keçirməyi təklif edir. Gözlənilir ki, bununla əlaqədar ölkədə siyasi qarşıdurma yaxın vaxtlarda daha da kəskinləşəcək.

Qeyd edək ki, müharibədə məğlubiyyətin səbəbləri ilə əlaqədar Ermənistanda hər gün müxtəlif səpkidə fikirlər səslənməkdədir. Bu mövzuda Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi çəkişməyə səbəb olub.  Belə ki, keçmiş baş nazirin müavini Armen Gevorqyan Qarabağdakı müharibənin səbəbləri erməni tərəfinin məğlubiyyəti ilə bağlı məqalə yazıb. Qeyd edib ki, Nikol Paşinyan komandası Qarabağ probleminin həllini Ermənistan iqtisadiyyatına sürətli investisiyaların cəlb edilməsinin möhkəmlənməsinin qarantı kimi gördü.

Ermənistan rəhbərliyinin səhvlərindən danışan Gevorqyan bildirib ki, Paşinyan hakimiyyətdə olduğu illərdə bir neçə strateji səhv edib. Bu səhvlər isə hazırda məlum olan nəticələrə gətirib çıxarıb. O, Paşinyanın Qarabağ məsələsindəsürətli dinc həll yolu”na getməsini ilk səhv hesab edir. Gevorqyanın fikrincə, ikinci səhv isə Paşinyan komandasının Qarabağ məsələsinin detallarını ictimaiyyətdən gizlətməsi barışıq üçün ictimai rəy hazırlamamasıdır.

Gevorqyan baş nazirin strateji tərəfdaş məsələsində düzgün seçim edə bilmədiyini düşünür. Buraya Qərbin bəzi ani vədlərinə görə Rusiya ilə illərdir qurulmuş münasibətlərin soyuması daxildir: Paşinyan onun komandası Ermənistandakı Rusiyapərəst düşüncəli işgüzar elitanın imkanlarını məhdudlaşdırmağa, onlarıköhnə hakimiyyətin şərikikimi qələmə verməyə başladı, paralel olaraq Qərb tərəfdaşları hökumət üçün maliyyə yastıqları yaratdılar”.

Beləliklə, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda müharibədən sonra əhvali-ruhiyyə getdikcə çökməkdədir. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür. Hələlik pandemiya ucbatından ölkəyə giriş-çıxış məhdudlaşdırılıb. Lakin bütün bunlara baxmayaraq, əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni sosioloqu Samvel Manukyan deyib ki, bir il içində 150-200 min erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti isə Rusiya istiqamətini seçəcək. Çünki Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, işğal siyasətinin qurbanı olan ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

 

 

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2021.- 29 yanvar.- S.1; 6.