Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi
Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda
duran vəzifələrə həsr olunmuş iclası
keçirilib
Yanvarın
28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi (DQİDK)
Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda
duran vəzifələrə həsr olunmuş onlayn iclası
keçirilib.
Bu barədə
Komitənin mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizin tarixinə
2020-ci ilin böyük Zəfər, Qələbə ili kimi
yazıldığını qeyd edən DQİDK-nın sədri
Mübariz Qurbanlı bildirib ki, 44 gün davam edən Vətən
müharibəsində Azərbaycanın işğal
olunmuş əraziləri Müzəffər Ali Baş Komandan
İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən
erməni qəsbkarlarından azad edildi, müstəqil Azərbaycan
dövləti özünün ən şanlı
dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə
də bildirdiyi kimi, bu gün ölkəmiz iqtisadi, siyasi və
hərbi gücü sayəsində regionda aparıcı rola
malikdir.
M.Qurbanlı
qeyd edib ki, Dövlət Komitəsi 2020-ci ildə fəaliyyətini
Ulu Öndərin müəyyən etdiyi dövlət-din siyasətinə
uyğun istiqamətdə qurub və il ərzində Prezident
İlham Əliyevin rəhbərliyi altında qarşıya
qoyulmuş məqsədlərə nail olmaq istiqamətində
çalışıb. Komitə ötən il
resurs və imkanlarını səfərbər etməklə
pandemiya dövründə dini maarifləndirmə işinin
aparılması, dini qurumların dövlət qeydiyyatına
alınması, dini radikalizm və ekstremizmlə mübarizədə
dinşünaslıq ekspertizasının keçirilməsi ilə
bağlı işlər görüb. Həmin işlərin nəticəsidir ki, pandemiya
dövründə və 44 günlük Vətən
müharibəsində istər müsəlman, istərsə də
qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki
bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək
həmrəylik nümunəsi göstəriblər.
Müzəffər Ali Baş
Komandanımız İlham Əliyevin işğaldan azad olunan
torpaqlarımızda məscidləri ziyarət etməsi, eləcə
də tarixi-dini abidələrimizin bərpa edilməsi istiqamətində
verdiyi tapşırıqlara diqqət yetirən Komitə sədri
bütün bunların dövlətin dinə qayğısının
bariz nümunəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, Vətən
müharibəsi dövründə Dövlət Komitəsi
öz üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirib. Eyni zamanda, Vətən müharibəsində
Komitənin 6 əməkdaşı iştirak edib. Ermənistanın hərbi təcavüzünün
qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin
təmin edilməsi və işğal altında olan torpaqlarımızın
azad olunması üçün müzəffər Ordumuzun həyata
keçirdiyi zəruri əks-həmlə tədbirlərinə
dəstək məqsədilə Dövlət Komitəsinin
rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinə
Yardım Fonduna vəsait köçürüb. Mənəvi
Dəyərlərin Təbliği Fondu və Azərbaycan
İlahiyyat İnstitutunun kollektivləri də bu aksiyada fəal
iştirak edib. Həmçinin Prezident İlham
Əliyevin “Biz birlikdə güclüyük!”
çağırışına qoşularaq Koronavirusla
Mübarizəyə Dəstək Fonduna ianə məqsədilə
könüllü olaraq bu günə qədər Dövlət
Komitəsi, Mənəvi Dəyərlərin Təbliği
Fondu, Azərbaycan İlahiyyat İnstitutu vəsait
köçürüb.
Naxçıvan Muxtar
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Agentliyinin direktoru Vüqar Babayev 2020-ci ildə agentliyin fəaliyyəti
ilə bağlı məruzə ilə çıxış
edərək bildirib ki, hesabat ilində Naxçıvan Muxtar
Respublikası Qazısı yanında Şura ilə birlikdə
Muxtar Respublikanın şəhər və rayonlarında dini
ayinlərin icraçıları və yerli
dindarlarla görüşlər keçirilib, yas mərasimlərinin
düzgün formada idarə olunması haqda müvafiq
tapşırıqlar verilib, ilin əvvəlində din xadimlərinin
attestasiyası keçirilib. Habelə dini təyinatlı ədəbiyyatların,
əşyaların və dini məzmunlu başqa məlumat
materiallarının Naxçıvan ərazisində
yayılmasına nəzarətin həyata keçirilməsi
prosesi il ərzində prioritet olub. Hesabat ili ərzində
ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan
agentliyə 349 adda 1300 ədəd dini təyinatlı ədəbiyyat
daxil olub ki, aparılan araşdırma nəticəsində
dövlətçiliyimizə zidd, məzhəb
ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik
prinsipini təbliğ edən 271 adda 342 ədəd dini təyinatlı
ədəbiyyatın yayılmasının qarşısı
alınıb. Vüqar Babayev qeyd edib ki, ötən il ərzində
Naxçıvan şəhərində yeni məscid
kompleksinin tikintisi, eləcə də Cəhri kənd və
Ordubad şəhər “Came” məscidlərində təmir
işləri davam etdirilib. Hesabat dövründə
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş
üzrə Dövlət Agentliyi dövlət-din münasibətlərinin
tənzimlənməsi və bundan irəli gələn vəzifələrin
təkmilləşdirilməsi, radikal və dini nifrət yayan
cərəyanlara qarşı müvafiq tədbirlərin həyata
keçirilməsi, dini icmalar və cəmiyyətdə
mili-mənəvi dəyərlərimizin təbliği istiqamətində
maarifləndirmə işlərinin təşkili istiqamətlərində
fəaliyyət göstərib.
Dini
qurumlarla iş üzrə şöbənin müdiri Cahandar
Əlifzadə hesabat məruzəsi ilə
çıxış edərək 2020-ci ildə görülən
işlər və ölkədəki mövcud dini durum barədə
ətraflı məlumat verib. O bildirib ki, hesabat
dövrü ərzində Dövlət Komitəsinin əsas fəaliyyət
istiqamətlərindən biri olan dini icmaların dövlət
qeydiyyatına alınması prosesi davam etdirilib, 2-si xristian
olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib,
bununla da icmaların sayı 955-ə çatıb. Eyni zamanda, 3 ixtisaslaşdırılmış
satış məntəqəsinin fəaliyyətinə
razılıq verilib. 2020-ci ildə Dövlət Komitəsinə
daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə
tutulan 3680 adda dini məzmunlu ədəbiyyat
dinşünaslıq ekspertizasından keçirilib, dini
dözümsüzlüyü və radikallığı
təbliğ edən 52 adda kitabın ölkəyə
idxalı və yayılmasının qarşısı
alınıb. Nəşr olunmaq məqsədilə təqdim
edilmiş 205 adda dini ədəbiyyata baxılıb, onlardan
6-sının çapı məqsədəuyğun
sayılmayıb. Həmçinin,
hüquq-mühafizə orqanları tərəfindən
göndərilmiş 220 adda dini təyinatlı ədəbiyyata
və digər məlumat materiallarına baxılıb, onlardan
63-nün zərərli, yaxud müvafiq razılıq
alınmadan idxal və nəşr edildiyi müəyyən
edilib. Hesabat dövründə 487 adda dini təyinatlı
ədəbiyyata 679412 ədəd nəzarət markası
verilib.
C.Əlifzadə
qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə
tətbiq olunan karantin rejiminə görə Tədbirlər
Planında bəzi dəyişikliklər edilərək il ərzində
keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlər
təxirə salınıb, bəziləri videokonfranslar
formatında keçirilib.
2020-ci
il ərzində Dövlət Komitəsi tərəfindən
ayrıca və digər qurumlarla birgə ümumilikdə 180-ə
yaxın tədbir həyata keçirilib. Tədbirlərin
təşkilində mərkəzi və yerli icra hakimiyyəti
orqanları, Silahlı Qüvvələr, eləcə də
hüquq-mühafizə orqanları, təhsil müəssisələri,
gənclər təşkilatları, dini qurumlar və digər
QHT-lər ilə yaxından əməkdaşlıq edilib.
Qeyd olunan qurumlarla yanaşı, Dövlət
Komitəsi ötən illərin təcrübəsinin
davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan
Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan
Partiyası ilə əməkdaşlığı davam
etdirib. “Azərbaycanın dövlət-din modeli:
dünyəvilik” mövzusunda Salyan rayonu və Yevlax şəhərində
ikigünlük regional konfranslar, “Müasir reallıqlar
kontekstində dövlət və din” mövzusunda
Göygöl və Ağsu rayonlarında, həmçinin Gəncə
və Şirvan şəhərlərində ikigünlük
seminar-müşavirələr, “Dini təhsil,
dini tərbiyə və dünyəvilik” mövzusunda
Qubadlı, Balakən, Biləsuvar və Ucar rayon icra hakimiyyətləri
ilə birgə seminar-treninqlər, “XXI əsrdən
baxış: din və qadın” mövzusunda Şəki şəhərində
ikigünlük regional konfrans, “Dövlət-din münasibətləri:
tarix, hüquq və ənənə” mövzusunda
Bakı şəhərinin Xocasən, Maştağa, Buzovna, Mərdəkan
və Kürdəxanı qəsəbələrində
seminar-treninqlər təşkil olunub. Azərbaycan
Respublikası Baş Prokurorluğu, Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və
Dövlət Komitəsinin 2020-ci ildə dini ekstremizmə
qarşı mübarizəyə dair birgə Tədbirlər
Planı çərçivəsində “Dini məzhəbçilik
meyillərinin dini təhlükəsizliyə təsiri”
mövzusunda Hacıqabul rayonunda regional
seminar-müşavirə keçirilib.
Vətən müharibəsi və
ondan sonrakı dövrdə isə vətənpərvərliyi
və vətəndaşlıq borcunu təbliğ edən “Vətən
borcu”, “Din xadimləri və dindarların vətənpərvərlik
istiqamətində apardığı işlər və şəhid
dəfnlərinin təşkili”, “Şəhidlik”, “Qazilik”,
“Şəhidlər ölməz, Vətən bölünməz”,
“Qan donorluğuna İslam dinində baxış”, “Zəfər
bizimdir”, “Cəbhədəki qələbələrimiz və
bayrağımız”, “Qələbəmiz mübarək” kimi
mövzularda onlayn tədbirlər keçirilib. Karantin
rejiminin tələblərinə uyğun olaraq, Dövlət
Komitəsinin Mərkəzi Aparatı və yerli şöbələri
tərəfindən pandemiya dövründə də ölkə
ərazisində dövlət-din münasibətlərinin tənzimlənməsi,
o cümlədən çətin keçən bu günlərdə
cəmiyyətimizin maddi və mənəvi cəhətdən
səfərbər olunması, insanların mənəvi cəhətdən
sıx birləşməsi istiqamətində videokonfrans
formatında bir sıra maarifləndirici tədbirlər həyata
keçirilib.
Hesabat
dövründə dini durumun öyrənilməsi sahəsində
tədbirlərin davam etdirildiyini qeyd edən şöbə
müdiri mütəmadi olaraq monitorinqlərin keçirildiyini
vurğulayıb. O qeyd edib ki, il ərzində müsəlman
dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri,
Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər
Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər. Bunlardan Purim bayramı istisna olmaqla, digərləri
karantin rejimi dövrünə təsadüf edib. 2020-ci ildə
karantin rejimi dövründə dini ayinlərin icrası ilə
yanaşı yas mərasimlərinin pandemiya ilə
bağlı müəyyən olunmuş qaydalar çərçivəsində
keçirilməsi xüsusi nəzarətdə
saxlanılıb, Dövlət Komitəsinin bölgə
şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri,
yerli icra hakimiyyətləri və hüquq-mühafizə
orqanlarının birgə tədbirləri nəticəsində
bu sahədəki pozuntular aradan qaldırılıb.
Azərbaycan
İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat
dövründə görülən işlər barədə
məlumat verərək qeyd edib ki, İnstitut 2020-ci il üzrə
fəaliyyətini müvafiq iş planına əsasən yerinə
yetirib. Qlobal pandemiya ilə əlaqədar
respublikamızda həyata keçirilən tədbirlər
çərçivəsində ölkə üzrə tədris
və təlim-tərbiyə prosesinin mart ayından etibarən
dayandırıldığına görə tədris prosesinin
məsafədən aparıldığını deyən
A.Şirinov bu məqsədlə İnstitutun “Microsoft Teams”
platformasına qoşulduğunu diqqətə
çatdırıb.
Rektor bildirib ki, 2020-2021-ci tədris
ilində Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat
fakültəsinin I tədris ilinə Dinşünaslıq
ixtisası üzrə 35 tələbə,
İslamşünaslıq ixtisası üzrə 36 tələbə
və 3 əcnəbi tələbə, Dinşünaslıq
ixtisasına magistratura səviyyəsi üzrə 3 magistrant,
doktorantura səviyyəsi üzrə isə 2 nəfər
doktorant qəbul olunub. Tələbələrin təhsildə
yüksək nəticələr əldə etmələri və
dünyagörüşlərinin formalaşması məqsədilə
tədris ili boyunca onlarla fərdi görüşlər
aparılıb. Sosial müdafiəyə ehtiyacı
olan 44 tələbə müəyyən edilərək, Mənəvi
Dəyərlərin Təbliği Fonduna sosial yardımla
bağlı müraciət ünvanlanıb, həmin tələbələr
Fondun hesabına aylıq əlavə təqaüdlə təmin
olunublar.
2020-ci ildə Azərbaycan
İlahiyyat İnstitutu məzunlarının
diplomlarının Türkiyə Respublikası Ali Təhsil
Şurası (Yüksək Öyrətim Kurulu – YÖK) tərəfindən
tanındığını deyən Aqil Şirinov bunun öz
növbəsində, Aİİ tələbələrinə
Türkiyədə asanlıqla magistratura və doktorantura pillələri
üzrə təhsil almaq imkanı yaratdığını
vurğulayıb. Hesabat ili ərzində Azərbaycan
İlahiyyat İnstitutu ilə Türkiyənin Sakarya və
Kocaeli Universitetləri arasında “Mövlanə” Mübadilə
Proqramı, Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə
“Erasmus+” Mübadilə Proqramı Protokolu, Türkiyənin
Sivas Cümhuriyyət Universiteti ilə Anlaşma Memorandumu
imzalanıb. Eyni zamanda, Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Özbəkistan Respublikası Nazirlər
Kabineti yanında Dini Məsələlər üzrə
Dövlət Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilmiş “Dini tolerantlıq dövlətin və
cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq
videokonfrans çərçivəsində Azərbaycan
İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq
İslam Akademiyası arasında Anlaşma Memorandumu
imzalanıb.
Daha
sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin
Təbliği Fondunun 2020-ci il ərzində fəaliyyətinə
dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov
çıxış edib. O bildirib ki, MDTF-nin fəaliyyətinin
başlıca istiqamətlərindən biri dini qurumların vətəndaşların
dini etiqad azadlığının təmin olunması sahəsində
fəaliyyətinə dəstək verməkdir. 2020-ci ildə
984 nəfər din xadiminə Fond tərəfindən aylıq
maddi dəstək göstərilib. Həmçinin
Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı
ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına
22 qeyri-islam dini icmasına maliyyə yardımı verilib. Fondun Nizamnaməsinə uyğun olaraq il ərzində
şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı
ailələr və tələbələrə, imkansız xəstələrə
yardımlar etdiyini deyən M.İsmayılov bu
yardımların bir hissəsinin dini icmalar vasitəsilə,
bir hissəsinin isə birbaşa verildiyini deyib. Belə ki, xüsusi karantin rejimi ərəfəsində
Fond tərəfindən aprel ayında 161 şəhid ailəsi
və aztəminatlı ailələrə ərzaq
yardımı göstərilib, bununla yanaşı, infeksiya ilə
birbaşa mübarizə aparan 65 tibb işçisinə hədiyyələr
təqdim edilib. Ramazan bayramı münasibətilə
may ayında ölkə üzrə ümumilikdə 166 şəhid
ailəsinin üzvləri və müharibə əlillərinə
bayram sovqatı (ərzaq) paylanılıb, həmçinin
Fond tərəfindən Qurban bayramı münasibətilə
aksiya təşkil edilib, 16 şəhər və rayonda 2000-dən
çox şəhid ailələri və aztəminatlı
ailələrə qurban əti paylanıb. Fond tərəfindən
Azərbaycan İlahiyyat İnstitutunun 44 tələbəsinə
100 manat məbləğində aylıq təqaüd verilib və
adıçəkilən təhsil müəssisəsi tərəfindən
təsis edilmiş “Heydər Əliyev mükafatı” maliyyələşdirilib.
Qeyd edək ki, cari ilin noyabr ayından etibarən bu tələbələrdən
20 nəfərə verilən təqaüd artırılaraq
150 manat müəyyənləşdirilib. Həmçinin
xüsusi karantin rejimi qaydalarına əsasən təhsilin
onlayn formata keçirilməsi ilə əlaqədar olaraq 5
şəhid ailəsinin məktəbli üzvünə “Zəfər”
Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
vasitəsilə noutbuklar hədiyyə edilib. Vətən
müharibəsi dövründə qismən səfərbərliyə
cəlb edilmiş 100 aztəminatlı vətəndaşın
ailəsinə Fond tərəfindən ərzaq yardımı
edilib, eyni zamanda, 50 aztəminatlı ailəyə maddi
ehtiyaclarını qarşılamaq üçün 80 manat məbləğində
alış-veriş kartları təqdim edilib. Cəbhə
bölgəsində döyüş şəraitində fəaliyyətinə
görə seçilən din xadimlərinə, dini ayinlərin
və ritualların icrasını həyata keçirən 15
nəfərə maddi yardım göstərilib.
Mənəvi
Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi
dəyərləri təbliğ edən 14 sənədli film və
sosial videoçarx hazırlanıb, eyni zamanda, Fondun dəstəyi
ilə həyata keçirilən “Qarabağ üçün
oxu 3” layihəsi çərçivəsində hazırlanan
klip, bundan başqa, "Vətən borcu", Azərbaycan
Bibliya Cəmiyyətinin sifarişi ilə çəkilən
“Mənəvi borc” filmi, Bakı şəhəri Yevangelist Məsihi
Baptistlərinin “Aqape” dini icmasının təşkilatçılığı
ilə rus və ingilis dillərində hazırlanan
“Dağlıq Qarabağda məhv edilən Azərbaycan dini
abidələri” adlı videoçarx ictimaiyyətə təqdim
edilib.
Fond 2020-ci ildə müxtəlif
müəlliflər tərəfindən təqdim olunan mənəvi
dəyərlərin təbliği, dinlərarası dialoqun
gücləndirilməsi, radikalizmlə mübarizəyə aid
maarifləndirici və dini mövzularda 22 adda ədəbiyyatın
nəşrinə maliyyə dəstəyi göstərib. Fondun dəstəyi ilə "Azərbaycan
tolerantlığında alman irsinin izləri və
memarlığı" adlı kitabın nəşr edilməsindən
dolayı Almaniya Federativ Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Volfqanq
Maniq Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür
məktubu ünvanlayıb.
Vətən müharibəsi
dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması istiqamətində
görülmüş işlərlə bağlı məlumat
verən Dövlət Komitəsinin Xarici əlaqələr
şöbəsinin müdiri Əli Həziyev bildirib ki,
sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın
Ermənistan tərəfinin hərbi hücumuna qarşı
apardığı əks-hücum hərbi əməliyyatları
ilə yanaşı, düşmənə qarşı
informasiya müharibəsi də aparılıb. Ermənistan
tərəfinin münaqişəni beynəlxalq miqyasda dini
müstəviyə çəkmək cəhdlərinə
cavab olaraq, ölkədə fəaliyyət göstərən
müsəlman və qeyri-müsəlman dini konfessiya rəhbərləri
ilə sıx əməkdaşlıq şəraitində birgə
bəyanatlar qəbul edilib. Belə ki,
Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı
yəhudi icmaları, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyası, Azərbaycandakı Katolik dini icması və
Yevangelist-Xristian protestant dini icmaları tərəfindən
rus və ingilis dillərində verilən bəyanatlarda erməni
vandalizmi pislənilib, Azərbaycan xalqı ilə həmrəylik
nümayiş etdirilib. Azərbaycanda fəaliyyət
göstərən dini icma rəhbərlərinin müharibədən
zərər görmüş yerlərə səfər etməsi
ilə yanaşı Bakı Avropa Yəhudiləri dini
icmasının baş ravvini Şneor Seqalın rəhbərliyi
ilə İsrail-Azərbaycan Palatasının üzvləri də
17 oktyabr 2020-ci il tarixdə Gəncəyə səfər
edərək erməni hərbçiləri tərəfindən
atılan raket zərbəsi nəticəsində evləri
dağılan vətəndaşlarımıza dəstək
nümayiş etdiriblər.
Eyni zamanda, müharibə vəziyyəti
ilə bağlı Azərbaycan həqiqətlərinin ölkəmizdə
fəaliyyət göstərən müsəlman və
qeyri-müsəlman dini icmalarının rəhbərləri tərəfindən
xarici ölkələrin müxtəlif rəsmi şəxslərinə
və qurumlarına, dini sahə ilə məşğul
olan xarici və beynəlxalq təşkilatlara, dini mərkəzlərə
xarici dillərdə müraciətlərin
ünvanlanmasında konsultativ iş aparılıb. Xüsusilə ABŞ Konqresinin üzvü Ceki Speyer
tərəfindən Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim
olunmuş reallıqdan uzaq və yanlış səciyyəli
1165 saylı qətnamə layihəsinə etirazla bağlı
ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət
qurumlarına müraciət ünvanlanıb.
Müharibə dövründə
Azərbaycanın haqq səsinin videokonfrans formatında
keçirilən beynəlxalq tədbirlərdə də
müdafiə edildiyini vurğulayan Əli Həziyev bildirib ki,
Türkiyənin Diyanət işləri başqanı Ali
Erbaşın təşəbbüsü ilə İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dini liderlərinin və dünyanın 60
ölkəsindən rəsmi şəxslərin iştirak
etdiyi videokonfransa qatılan Dövlət Komitəsi sədrinin
çıxışının böyük hissəsini Ermənistanın
Azərbaycan xalqına və onun mədəni irsinə
qarşı həyata keçirdiyi terror siyasətinə həsr
edib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin
dəstəyi, Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı
ilə 16-17 noyabr 2020-ci il tarixdə keçirilmiş Din və
etiqad azadlığının irəlilədilməsi üzrə
üçüncü nazirlər konfransında Dövlət
Komitəsinin sədri bir daha işğal zamanı ermənilər
tərəfindən törədilmiş vandalizm
aktlarından danışıb.
Hesabat ili ərzində Qafqaz
Albaniyasının işğaldan azad olunmuş ərazilərdəki
irsinin təbliği ilə bağlı materiallar, erməni vəhşiliyi
və vandalizmini əks etdirən videoçarxlar, məscidlərimizin
dağıdılması ilə əlaqədar məlumatlar
xarici dillərdə yayılıb.
Şöbə müdiri bildirib
ki, düşmənə qarşı aparılan informasiya
müharibəsində, eləcə də sonrakı dövr ərzində
sosial şəbəkə hesablarından mütəmadi olaraq
Azərbaycan həqiqətləri, xüsusilə ölkəmizin
multikulturalizm, tolerantlıq ənənələri üzərində
formalaşmış dövlət-din siyasəti ilə
bağlı
məlumatlar ermənilərin xüsusi aktivlik nümayiş
etdirdiyi səhifələrdə onların
saxtakarlıqları faktlarla ifşa edilərək
yayımlanıb.
Daha sonra Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov 2021-ci ilin fəaliyyət
planı barədə məruzə edib, gələcək hədəflər,
problem və perspektivlər geniş müzakirə edilib,
kollegiyanın gündəliyində olan məsələlər
və İş Planı ilə bağlı qərarlar qəbul
edilib.
Azərbaycan. - 2021.- 29 yanvar.- S.3.