Azərbaycanı dünyada şərəfləndirən qələbə

 

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev respublikamızın ərazi bütövlüyünü bərpa etməklə öz tarixi missiyasını uğurla yerinə yetirdi

 

 

 

Ermənistanın hərbi potensialı darmadağın edildi

 

 

 

44 gün davam edən müharibədə Azərbaycan Ordusu bütün dünyaya müasir döyüşlərin aparılmasının nümunəsini göstərdi. Bu da ondan irəli gəldi ki, ötən 17 ildə İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu Azərbaycan Silahlı Qüvvələrini ən müasir silahlarla təchiz olunmuş hərbi gücə çevirib. Azərbaycan həmişə danışıqlar prosesinə sadiq olsa da, günlərin birində güc yolu ilə torpaqlarını işğaldan azad edə biləcəyini də gizlətməyib. Buna uyğun olaraq Azərbaycan Ordusunun işğalçı Ermənistandan fərqli olaraq tamamilə müasir döyüş imkanlarına malik bir hərbi gücə çevrilməsi istiqamətində davamlı iş aparılıb. İndi XX əsr deyil, hətta texniki inkişafın elə bir mərhələsinə qədəm qoymuşuq ki, on il əvvəl meydana çıxan yeniliklər də bu günümüzlə ayaqlaşmır. Bu baxımdan İlham Əliyev ordumuzu ən müasir hərbi texnologiyalarla zənginləşdirdi. Təsadüfi deyil ki, Azərbaycanın silahlanmasında yer alan müasir döyüş vasitələri inkişaf etmiş dövlətlərin belə arsenalında yoxdu. Üstəlik, İlham Əliyev Azərbaycanın hərbi-sənaye kompleksini də formalaşdırıb və artıq neçə illərdir ki, müəyyən hərbi təyinatlı məhsullarla bağlı xarici asılılıq aradan qaldırılıb.

Yüksək peşəkarlıq və döyüş əzmi göstərən ordumuz, əsgərlərimiz bütün cəbhələrdə sürətlə irəlilədilər. Cəbhənin elə bir xətti olmadı ki, orda düşmənə sarsıdıcı zərbə vurulmasın. Azərbaycan Ordusu müasir döyüşlərin necə aparılmasının nümunəsini yaratdı. Məsələn, tanınmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko həmin günlərdə yazırdı ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi. “Mən əminliklə deyə bilərəm ki, müasir silahlardan - pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksək dəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Dünya hələ belə bir vəziyyətlə rastlaşmamışdı ki, bir ordu digər ordu ilə vuruşarkən bu sayda yüksək dəqiqlikli silahlardan istifadə edilsin. Zərbə uçuş aparatlarından istifadənin miqyasına və intensivliyinə görə bu, dünya tarixində ilk belə hadisədir. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də hansısa başqa ölkə bu miqyasda pilotsuz zərbə uçuş aparatlarından istifadə etməyib. Pilotsuz uçuş aparatları bu cür münaqişələrdə özünün mübahisəsiz üstünlüyünü sübut edib. Buraya Azərbaycan Ordusu tərəfindən düşmənin canlı qüvvəsinin və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi və daha sonra zirehli texnikanın, yüksək dərəcədə müdafiə olunan hədəflərin və canlı qüvvənin məhv edilməsi üçün pilotsuz uçuş aparatlarından geniş istifadə taktikasını da əlavə etmək lazımdır”.

 

O qeyd edib ki, yüksək dəqiqlikli silahdan istifadə mülki əhali arasında itkilərin sayını azaldır. “Bu nöqteyi-nəzərdən Azərbaycan həm hərbi uğur qazanıb, həm də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların həyatını xilas edib. Fikrimcə, döyüş əməliyyatlarının aparılması taktikası sahəsində əhəmiyyətli dəyişikliklər olacaq. Sözsüz ki, Azərbaycan Ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək” - deyə İqor Korotçenko bildirib.

 

Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardğı döyüşlərin müasir hərb tarixinə yazılacağı dəqiqdir. Bu döyüşlərdə ordumuzun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi hərbi mərkəzlərdə təhlil edilir. Ən mühümü odur ki, Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyatlar döyüş əməliyyatlarının aparılması taktikasını dəyişir. Belə ki, hərbi əməliyyatlarla bağlı indiyə qədər mövcud olmuş ənənələr yeniləri ilə əvəz olunur, o cümlədən bir sıra hərbi texnikalar tədricən effektivliyini itirir.

 

Təsadüfi deyil ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları dünyanın ən güclü orduları tərəfindən ciddi təhlil edilir və öyrənilir.

 

44 günlük müharibədə Azərbaycan Ermənistanın bütün hərbi potensialını darmadağın etdi və ya qənimət götürdü. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətlərində və çıxışlarında ətraflı məlumat verdi. Bir daha düşmənin məhv olunmuş hərbi texnikalarına nəzər yetirək: tank əleyhinə vasitələr - 53 ədəd, “Smerç” - dörd ədəd, “Qrad” - 97 ədəd, “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi. “Oborona” radiolokasiya stansiyası - 1 ədəd, “TOR” zenit-raket kompleksi - 5 ədəd, “Osa” zenit-raket kompleksi - 40 ədəd, “KUB” zenit-raket kompleksi - 4 ədəd, “KRUQ” zenit-raket kompleksi - 1 ədəd, zastava - 14 ədəd, “S-125” zenit-raket kompleksi - 2 ədəd, pilotsuz uçuş aparatları - 22 ədəd, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1 ədəd, “Toçka-U” raket kompleksi - 1 ədəd, radioelektron mübarizə vasitələri - 5 ədəd, “R-142” komanda qərargah maşını - 2 ədəd, “Nebo-M” radiolokasiya stansiyası - 1 ədəd, müxtəlif radiolokasiya stansiyaları - 7 ədəd, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 ədəd.

 

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarına gəldikdə isə özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” - 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar - 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar - 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər - 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan - 178-i qənimət götürülüb. Traktor - 10, “Şilka” zenit qurğusu - 5 ədəd qənimət götürülüb. Atıcı silahlar - 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank - 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Piyadaların döyüş maşını - 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi - 5-i məhv edilib. Yük avtomobilləri - 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

 

 

 

İlham Əliyev informasiya müharibəsində də Ermənistana zərbə vurdu

 

 

 

Məlum olduğu kimi, işğalçı dövlət uzun illərdir erməni lobbisinin və xarici havadarlarının köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmağa, öz yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa çalışır. Müəyyən dönəmlərdə niyyətlərinə çatsalar da, artıq zaman dəyişib. Xüsusən 2016-cı ilin Aprel döyüşlərindən sonra problemlə bağlı beynəlxalq reaksiyalar göstərdi ki, dünya artıq erməni yalanlarına inanmaq istəmir.

 

Xatrılayırıq ki, hələ Aprel döyüşləri, eləcə də Ermənistanın Tovuz istiqamətində təxribatı zamanı heç bir dövlət və təşkilat açıq şəkildə işğalçını müdafiə edən fikir səsləndirməmişdi. Çünki onların böyük əksəriyyəti ikili standartlardan çıxış etsə belə kimin işğalçı olduğunu, kimin isə işğala məruz qaldığını yaxşı bilirdi və belə bir vəziyyətdə Ermənistana dəstəyin ifadə edilməsi ən böyük siyasi riyakarlıq olardı. O zaman Yerevanın ən yaxın müttəfiqləri belə açıq şəkildə onu müdafiə etmədilər.

 

Azərbaycan informasiya blokadasını nəinki çoxdan sındırıb, həm də Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsində erməni yalanlarına böyük zərbə vurub. Bu günkü reallıqları, tarixi həqiqətləri düzgün dəyərləndirən ayrı-ayrı ölkələrin siyasi mərkəzləri uzun illərdir dünyanı aldadan ermənilərin əlində artıq alət olmaq istəmirlər. Xatırladaq ki, hələ Tovuz döyüşləri zamanı ABŞ Konqresində Azərbaycan əleyhinə daşnaklar tərəfindən təşviq olunan qanunvericilik təkliflərinin qarşısının qətiyyətlə alınması və ilk dəfə olaraq Ermənistan əleyhinə düzəlişlərin qəbul edilməsi də dünya erməniliyinin saxta təbliğatına böyük zərbə vurmuşdu.

 

44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

 

Prezident İlham Əliyev Ermənistanın mövqeyini müdafiə edən KİV-in də müraciətinə təmkinlə yanaşaraq onların əməkdaşlarının suallarını cavablandırdı. Bu zaman dövlət başçısı təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla Azərbaycanın haqlı mövqeyini elə əsaslandırdı ki, ondan sonra erməni lobbisinin maraqlarına xidmət edən jurnalistin əlavə sual verməyə gücü çatmadı. Məsələn, “BBC News” televiziyasının müxbiri İlham Əliyevin şərtlərini ultimatum kimi şərh edərək sual verir: “Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir”. Prezident İlham Əliyev danışıqlar prosesindən xəbəri olmayan jurnalistin sualını təmkinlə cavablayır: “Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.

 

Növbəti bir sualda jurnalist sanki Ermənistanın nümayəndəsi kimi danışır: “Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir”. O cümlədən “Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?”, “Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar”, “Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?” kimi suallar isə əslində beynəlxalq ictimaiyyətdə Azərbaycan dövlətinin imicinə qara yaxmaq məqsədi güdürdü.

 

“Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub” sualı isə əvvəldən təlimatlandırılan jurnalistin müharibənin harda getməsindən bixəbər olduğunu göstərirdi.

 

O cümlədən Almaniyanın ARD televiziya kanalının müxbiri də jurnalistika dəyərlərini bir kənara qoyaraq aldığı sifarişləri yerinə yetirirdi. Jurnalistin Azərbaycanı atəş açmaqda, döyüşlərdə kassetli bombalardan istifadə etməkdə, xaricdən muzdlu döyüşçülər gətirməkdə ittiham etməsi, döyüşlərdə Türkiyə və İsrail dronlarından istifadəni qısqanclıqla qabartması əslində sağlam jurnalistika dəyərlərindən uzaq idi.

 

“Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyevin cavabından sonra alman jurnalist mövzunu dəyişməli olur: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

 

Eyni vəziyyəti “Sky News” televiziya kanalına müsahibədə də gördük. Sanki bu jurnalistlərin hamısı bir mərkəzdən idarə olunaraq təlimatlandırılmışdı. Onların sualları da məzmunca bir-birini tamamlayırdı. Hər şeydən əvvəl jurnalistlər Azərbaycanın müharibəni nə qədər davam etdirəcəyini soruşur, sonra isə respublikamızı beynəlxalq hüquqları pozmaqda, kilsəni atəşə tutmaqda ittiham edirdilər.

 

İlham Əliyev bu sualların hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verdi, məsələnin mahiyyətini səbrlə izah etdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.

 

Bununla da Prezident İlham Əliyev erməni təbliğatına hətta düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarına əsaslanaraq yenidən özü üçün münbit informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

 

 

 

Sülhməramlılar yalnız razılaşmaların yerinə yetirilməsinə dəstək göstərməlidirlər

 

 

 

10 noyabr bəyanatına əsasən Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının hərbi qulluqçularından ibarət sülhməramlı kontingent yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır.

 

Dünyada sülhməramlı hərbi qüvvələrin formalaşması ilk dəfə 1948-ci ilə təsadüf edir. Həmin il yaradılmış BMT sülhməramlılarının əsas vəzifəsi dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qarşısını almaq idi. BMT mandatlı bu qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiyanı yerinə yetirirlər.

 

Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa, BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır. Şəraitdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

 

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur. Belə ki, sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilirlər və onlar qərəzsiz və neytral olmalıdırlar. Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər. Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir. Sülhməramlılar çətinliklərin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək verirlər.

 

Hazırda Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi Azərbaycan ictimaiyyətində də geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, bəzi hallarda sülhməramlı missiyanın mahiyyəti düzgün başa düşülmür və ya ümumiyyətlə təhrif olunur.

 

BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır. Hazırda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır. Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib, onların məqsədi dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərməkdir.

 

10 noyabr bəyanatının imzalanması ilə Azərbaycan Ermənistanla sərhədlərini uğurla bərpa edir və biz bu prosesdə Rusiyanın prinsipial mövqeyini görməkdəyik. Məlum olduğu kimi, sovet hakimiyyəti illərində Azərbaycanla Ermənistan arasında sərhəd xətləri yox idi və bir çox ərazilərdə Ermənistan Azərbaycan torpaqlarını öz ərazisi kimi istifadə edirdi. O cümlədən Birinci Qarabağ müharibəsi zamanı Qubadlı və Zəngilan istiqamətində Ermənistan qanunsuz məskunlaşma aparmışdı. 10 noyabr bəyanatından sonra isə Rusiyanın da iştirakı ilə Ermənistanın bu qanunsuzluqlarına son qoyulur, tarixi Azərbaycan torpaqları geri qaytarılır.

 

Bir məsələni də unutmayaq ki, döyüş günlərində Ermənistan öz ərazisindən Azərbaycan Ordusunun Zəngilan və Qubadlı rayonları ərazisindəki bölmələrini aramsız atəşə tuturdu. Həmin vaxt Ermənistanın məqsədi həm də təxribat yaratmaqla üçüncü tərəfi müharibəyə cəlb etmək idi. 10 noyabrda kapitulyasiyaya məcbur edilən Ermənistan bu niyyətinə çata bilmədi, həm də Azərbaycan Ermənistanla dövlət sərhədlərini tam bərpa etdi.

 

Düzdür, bəzən Dağlıq Qarabağda 10 noyabr bəyanatının ruhuna uyğun olmayan hadisələr baş verir. Məsələn, Fransadan nümayəndə heyətinin, Ermənistanın xarici işlər nazirinin Qarabağa gəlişi bəyanatla ziddiyyət təşkil edir. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə buna münasibət bildirən Prezident İlham Əliyev 10 noyabr bəyanatında hətta humanitar missiyanın da sülhməramlı qüvvələrin funksiyası kimi təsbit edilmədiyini dedi: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik”.

 

Dağlıq Qarabağda Azərbaycanın maraqlarına cavab verməyən bütün addımlara sözsüz ki, son veriləcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və əgər təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.

 

Nəiniki müharibənin davam etdiyi 44 gün ərzində, ötən 30 ildə yalanlarla idarə olunan Ermənistan tarixinin ən acınacaqlı, ən utancverici dövrünü yaşayır. Bu ölkənin vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları yoxdur. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.

 

Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan regionun lider dövləti idi. Bu qələbə isə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan öz maraqlarını qətiyyətlə təmin etdi. Ermənistan isə bütün tarix boyu işğal siyasətinin nəticəsi olan rüsvayçılıq və məğlubiyyət damğası ilə yaşamalı olacaq.

 

 

 

Qarabağın böyük iqtisadi potensialı var

 

 

 

İşğaldan azad olunmuş rayonlarımızın böyük iqtisadi potensialı var. Azad olunan hər bir rayonun iqtisadi imkanları çox genişdir. Onların hər birinin yeraltı və yerüstü sərvətləri tükənməzdir. Qarabağ torpaqları əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər və digər faydalı qazıntılarla zəngindir. İndiyədək Kəlbəcərdə və Zəngilanda qızıl yataqları Ermənistan tərəfindən qanunsuz şəkildə talan olunub. Lakin artıq bu torpaqların sahibləri qayıdıb. Təbii ki, yeraltı sərvətlərimizin cinayət yolu ilə talanması ilə əlaqədar olaraq dəymiş kompensasiya hesablanacaq və Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq. Qarabağın yeraltı və yerüstü sərvətləri isə bundan sonra Azərbaycan dövlətinin yüksəlişinə, xalqımızın rifahına xidmət edəcək. Yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan bu bölgənin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi sənayenin inkişafını sürətləndirəcək. Bu baxımdan Qarabağın azad olunması Azərbaycan iqtisadiyyatının yüksəlişinə və diversifikasiyasına töhfə olacaq.

 

Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq var. Bu baxımdan bu torpaqların dirçəldilməsi Azərbaycanın iqtisadyyatına böyük töhfələr verəcək. Azərbaycan işğaldan azad olunan torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda burada emal və ərzaq sənayesinin inkişafı potensialı var. Ona görə qarşıdakı illərdə işğaldan azad olunan rayonların iqtisadi fəallığının təmin olunmasından və azad olunmuş torpaqların kənd təsərrüfatına cəlb edilməsindən sonra ölkə üzrə məhsulun ümumi buraxılışı azı 2 milyard manat arta bilər.

 

Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Proqnozumuza görə, işğaldan azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü təmin edə biləcəyik.

 

Qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozlara düzəlişlər ediləcək. Çünki Qarabağa qayıdış həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq.

 

Qarabağ bölgəsində Azərbaycanın zəngin su ehtiyatları var. O cümlədən mineral su ehtiyatlarımızın 40 faizə qədəri işğal altındakı torpaqlardadır. Bu baxımdan torpaqlarımızın işğaldan azad edilməsi su qıtlığının olduğu indiki şəraitdə respublikamızın su təminatına da mühüm töhfə verəcək. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir.

 

Saf havası, gözəl təbiəti olan Qarabağ tək Azərbaycanın deyil, dünyanın ən füsunkar yerlərindən biridir. Qarabağın iqtisadiyyatının dirçəlişi bu bölgədə hər şeydən əvvəl turizm üçün geniş imkanlar açır. Qarabağın kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Ermənistanın bu istiqamətdə həyata keçirmək istədiyi layihələrin hamısı hədər gedib. Çünki bütün dünya işğal olunmuş əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və buna görə heç vaxt turizm sənayesinin diqqətini çəkməyib. Amma indi Azərbaycan Qarabağı geri alıb və bu ərazilərin təbiəti, resursları turizmin inkişafı üçün böyük imkanlar yaradır.

 

 

 

Moskva bəyanatı Azərbaycanın milli maraqlarına cavab verən sənəddir

 

 

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyevin hər zaman çıxışlarında bəyan etdiyi kimi, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Azərbaycanın “Dəmir yumruğu” Ermənistanı döyüş meydanında darmadağın etdi, işğalçıya tarixboyu unudulması mümkün olmayan dərs verdi, maddi və mənəvi zərbə vurdu.

 

Noyabrın 10-da İlham Əliyevin şərtləri əsasında imzalanan bəyanat Ermənistanın kapitulyasiyası kimi tarixə düşdü. Moskvadakı görüşün yekunu ilə bağlı üçtərəfli bəyanat imzalandı. Yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə üçtərəfli görüşdən sonra imzalanan ikinci bəyanat da Azərbaycanın milli maraqlarına cavab verən sənəd oldu. 44 günlük müharibəyə yekun vuran, dövlətlər arasında siyasi deyil, iqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan ikinci bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Sənədə əsasən Naxçıvanla yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində prioritetlər də dəqiqləşdirildi.

 

Beləliklə, İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycan Ermənistanın işğal siyasətinə son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı qalib etməklə dünyada və regiondakı mövqelərini tarixdə görünməmiş dərəcədə möhkəmləndirdi.

 

 

 

Ziyad SƏMƏDZADƏ,

 

AMEA-nın həqiqi üzvü,

 

Milli Məclisin deputatı

 

Azərbaycan. - 2021.- 29 yanvar.- S.4.