Qələbənin nidası

 

 

 

“Qarabağ Azərbaycandır və nida” deyən İlham Əliyev Qarabağa səfərləri ilə həmin nidanı qoydu

 

 

 

“...Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb...”

 

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev düşmən tapdağından azad edilən Füzuli şəhərinə üçrəngli şanlı bayrağımızı ucaldanda demişdi.

 

Bəli, 30 ildən sonra düşməni doğma torpaqlarımızdan qovduq və öz el-obamıza, dədə-baba yurdumuza qayıtdıq. Müqəddəs bayrağımızı bir daha enməmək şərtilə ucaltdıq. Və bunu qələbəmizin memarı İlham Əliyev etdi. Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib xalqın qalib sərkərdəsi kimi qədəm qoydu. Özü də Ermənistanla üçtərəfli bəyanat imzalanandan 6 gün sonra...

 

 

 

Şər qüvvələr məğlub, biz isə qalibik

 

 

 

İkinci Qarabağ savaşı başa çatandan bir neçə gün sonra, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Həmin gün Füzuli-Şuşa avtomobil yolunun da təməli qoyuldu.

 

Bu tarixi səfər bir çox aspektlərdən xüsusi önəm daşıyırdı. Səfər tarixi əhəmiyyəti, riskli olmağı ilə yanaşı, dünya birliyinə, Azərbaycan cəmiyyətinə bir sıra mühüm mesajlar da verirdi - Azərbaycan heç zaman işğalla barışmayacaq, bütün torpaqlarını azad edəcək, öz tarixi torpaqlarına sahib çıxacaq, yenidən bu yerlərdə həyat bərpa olunacaq.

 

Cəbrayıla gedərkən dövlət başçısı yol kənarına toplaşan insanları gördü və idarə etdiyi avtomobili saxlayaraq onlarla görüşdü. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman sərkərdəni qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirirdi. Prezidentin izdiham və sevgi ilə qarşılanması həm də ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən xəbər verirdi. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bu uğura Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində nail olunub.

 

Sonra tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq anlar yaşandı - dövlət başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Azərbaycan üçün xüsusi simvolik mənası olan, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını Prezidentin yüksəltməsi qürur və fəxarət dolu görüntülər idi. Buranı ziyarət etməyin özü də ayrılıqda xüsusi simvolik məna daşıyırdı. Ölkə rəhbəri Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sadiq qalacağını, mədəniyyət abidələrinə sahib çıxacağını və onları qoruyacağını ifadə edirdi.

 

Bu səfər eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir.

 

Prezident İlham Əliyev çıxışı zamanı erməni vəhşiliklərinə toxunaraq onların bütün şəhəri dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə törətdiklərinə görə ermənilərin beynəlxalq məhkəmədə cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini, təzminatın tələb olunacağını, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını bəyan etdi.

 

Prezident qeyd etdi ki, yeni böyük baş planın tərtib edilməsi üçün müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Bütün inzibati, ictimai binalar, məktəblər, tibb ocaqları, infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq: “Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax bunları ediblər, dağıdıblar.

 

Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb”.

 

 

 

Prezident: “Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb”

 

 

 

Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi azad ediləndən 3 gün sonra  Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin bölgəyə səfər etdilər.

 

Ölkə rəhbəri iyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımızı qürurla dalğalandırdı. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izlədi.

 

Sonra dövlət başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılan qoşa minarəli Ağdam məscidinə bağışladı.

 

Prezident və birinci xanımın məscidə ayaqyalın daxil olaraq dua etmələri hər kəs tərəfindən böyük ehtiramla qarşılandı, dinimizə, tarixi məkanlara, ibadət ocaqlarımıza dərin bağlılıq, sonsuz sevgi kimi dəyərləndirildi.

 

Dövlət başçısı Ağdam məscidinin qarşısında çıxışı zamanı döyüşlə bağlı müəyyən məqamlara da aydınlıq gətirdi: “Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik.

 

Müharibənin bütün sirlərini açmaq hələ ki tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

 

Prezident Ağdam şəhərini dağılmış vəziyyətdə görməyin çox ağrılı olduğunu söylədi. Bir neçə il bundan əvvəl səngərlərdə olarkən bu binanı binoklla gördüyünü, sözlə ifadəsi çətin, mümkün olmayan hisslər keçirdiyini xatırladı: “Öz torpağımızda öz şəhərimizi, bax o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

 

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

 

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də, tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”.

 

 

 

Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq

 

 

 

Dekabrın 23-də isə Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldu, müqəddəs bayrağımızı ucaltdı, əsgərlərimizlə görüşdü. Dövlət başçısının doğum günündən bir gün öncə işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi 59 yaşını unudulmaz bir tarixə çevirdi.

 

Ölkə rəhbəri özü sükan arxasında əyləşərək yol boyunca rayonları seyr etdi, ermənilərin kəndlərimizi viran qoymalarından hiddətləndi, eyni zamanda Qarabağın gözəlliyinə bir daha heyran oldu.

 

İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Qəzyan kəndinin adının ermənicə yazıldığı lövhəni görərək onu sökdürməsi və tapdalaması xüsusilə diqqət çəkdi. Bu maraqlı epizodu İkinci Dünya müharibəsinin sonunda sovet əsgərlərinin alman bayraqlarını paradda ayaqlar altına atıb tapdaması kadrları ilə müqayisə edilir. Bəli, məğlub edilmiş düşmənin simvollarını, nişanələrini ayaq altına atıb tapdalamaq da müharibənin bir tərkib hissəsi, bir fraqmentidir. Bunlar ondan ötrüdür ki, düşmən psixoloji travma alsın, qüruru yerlə bir olsun.

 

Təbii ki, Prezident çıxışı zamanı Ermənistana birbaşa mesaj verməyi də unutmadı: “Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.

 

Dövlət rəhbəri vurğuladı ki, biz qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma bir neçə ildən sonra erməni faşizminin yenə baş qaldırmayacağına heç kim təminat verə bilməz. Ona görə Azərbaycan dövləti və ordusu həmişə güclü olmalıdır: “Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”.

 

Bu səfər zamanı hər kəs tərəfindən böyük maraqla qarşılanan bir kadr da İlham Əliyevin əlində Qubadlı məhsulu olan xurma tutaraq görüntülənməsi oldu. Bu kadr işğal bitəndən sonra yenidən öz sərvətlərimizə sahiblənməyimizin rəmzi görüntüsüdür.

 

Prezidentin səfəri zamanı çəkilən video və fotolar sosial şəbəkələrdə paylaşılaraq böyük rəğbət və sevgi, xoş ifadələr ilə qarşılandı. Ali Baş Komandanın əsgərlərlə səmimi münasibəti hər kəs tərəfindən bəyənildi, yüksək dəyərləndirildi. Əsgərlərimizlə birlikdə “Qarabağ Azərbaycandır!” deməsi onların mənəvi ruh yüksəkliyini daha da artırdı.

 

İlham Əliyev bu səfərində də erməni faşistləri tərəfindən dağıdılıb viranə qalmış yurdlarımızı ürəkağrısı ilə seyr etdi, amma qətiyyətlə bildirdi ki, tezliklə bütün bu yerlər abadlaşdırılacaq, Qarabağa yeni həyat bəxş ediləcək və məcburi köçkünlərin hər biri öz doğma yurduna dönəcək.

 

Səfərin sonunda dövlət başçısı Bakıya dönərkən bu fikirləri bildirdi: “Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, inşallah”.

 

Bu, Prezidentimizin 2020-ci ilin sonunda işğaldan azad olunan rayonlarımıza son səfəri oldu.

 

 

 

39 ildən sonra Şuşaya tarixi qayıdış

 

 

 

2021-ci ilin ilk ayında da dövlət rəhbəri səfər etdi. Özü də Qarabağın tacı sayılan Şuşaya... Və bu dəfə yenə tək deyildi, birinci xanım Mehriban Əliyeva, eləcə də qızları Leyla Əliyeva ilə birlikdə...

 

Yanvarın 14-də Prezident öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrliyində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Sonra Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə yola düşdü. Avtomobili özü idarə edən dövlət başçısı Şuşaya Qələbə yolu ilə getdi: “Baxın Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur.

 

Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra, əlbəttə ki, yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər”.

 

Şuşada hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan noyabrın 8-nin xalqımızın tarixində əbədi qalacağını bildirdi.

 

Bəli, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutacaq. Demək olar kı, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Bu tarixi hadisə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Müharibənin gedişində Prezident Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, mərdlik, cəsarət nümunəsi ortaya qoydu. Şəhərin işğalçılardan təmizlənməsi həm də müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, məhz noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edildi.

 

Dövlət rəhbəri Şuşa əməliyyatının aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacağına əminliyini vurğuladı. Çünki inkişaf etmiş bir çox ölkələrin mütəxəssislərinin 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil etmələrinə dair artıq məlumatlar da var: “...44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarca yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik...”

 

Ali Baş Komandan Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha “Dəmir yumruq”la üzləşəcəklər.

 

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər. Dövlət başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.

 

Səfər zamanı diqqəti çəkən digər maraqlı məqam Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin və Bülbülün büstlərinin Prezident tərəfindən Bakıdan Şuşaya gətirilməsi, əvvəlki yerlərinə qoyulması oldu.

 

Prezident Şuşada qeyd etdi ki, Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev 1982-ci ilin yay aylarında özü şəxsən açıb: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Ulu Öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.

 

Dövlət başçısı, birinci xanım və qızları Leyla Natəvan bulağının qarşısına gəldilər. Xurşidbanu Natəvanın sarayının önündə xatirə şəkli çəkdirdilər. Bülbülün dağıdılmış ev-muzeyinə baxdılar. Aşağı Gövhər ağa və Yuxarı Gövhər ağa məscidlərini ziyarət etdilər. Prezident İlham Əliyev bu məscidlərə də “Qurani-Şərif” bağışladı.

 

Sonra vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəldilər. Məqbərənin qarşısında çıxış edən ölkə rəhbəri xatırlatdı ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olub: “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlarda var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı...”

 

Şuşaya səfəri çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də oldular. Burada paxlava ilə çay içdilər: “Bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - “Yallı” getmişlər. İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

 

Bəli, illərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən Ermənistan rəhbərliyi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi bütün bu mesajları sakitcə dinləmək məcburiyyətində qaldı.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın qalib Ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncər oldu.

 

Dövlət başçısı 39 ildən sonra Şuşaya yenidən və məhz yanvarın 14-də qayıtdı. Bu dəfə düşmənin belini qıran qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi...

 

Prezidentin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. “Qarabağ Azərbaycandır və nida”, - deyən Prezident İlham Əliyev Qarabağa səfərləri ilə həmin nidanı qoymuş oldu.

 

İlham Əliyev dediyini etdi, Qarabağı Azərbaycana qaytardı. Qarşıdan isə növbəti vədlərin yerinə yetirilmə zamanı gəlir. Torpaqlarımız bərpa ediləndən sonra məcburi köçkünlərin öz doğma yurdlarına möhtəşəm qayıdışı baş verəcək. Prezident Qarabağa növbəti səfərləri zamanı bu torpaqlarda yeni şəhər və qəsəbələrin, infrastrukturların, sosial obyektlərin və müxtəlif müəssisələrin açılışlarını da edəcəkdir.

 

 

 

Xəyalə MURADLI,

 

Azərbaycan. - 2021.- 31 yanvar.- S.1; 6.