XİN:
Aİ sözçüsünün erməni hərbçilərin
azadlığa buraxılması
ilə bağlı açıqlama verməsi
təəccüb doğurur
Xarici İşlər Nazirliyinin
(XİN) mətbuat xidməti
idarəsi Avropa İttifaqının (Aİ) sözçüsünün
erməni hərbçilərinin
azadlığa buraxılması
ilə əlaqədar
açıqlamasına münasibət
bildirib.
XİN-dən
AZƏRTAC-a bildiriblər ki, bununla bağlı verilən
açıqlamada deyilir: “Avropa İttifaqının
sözçüsü tərəfindən 5 erməni hərbçinin
azadlığa buraxılması ilə əlaqədar
açıqlamanın verilməsi təəccüb
doğurur.
Məlum
olduğu kimi, azərbaycanlı girovlar Dilqəm Əsgərov
və Şahbaz Quliyev Ermənistan tərəfindən 7 ilə
yaxın müddətdə əsarətdə saxlanılıb
və Aİ bu vəziyyətə biganə münasibət
göstərib.
Vurğulamaq
istərdik ki, son hərbi əməliyyatlar zamanı Ermənistan
tərəfindən “Smerç” raketlərindən istifadə
edilərək azərbaycanlı dinc insanların hədəfə
alınması, 100-dən çox mülki şəxsin qətlə
yetirilməsi, eləcə də ümumilikdə müharibə
dövründə 4 mindən çox insanın itkin
düşməsi ilə əlaqədar Aİ bu günədək
hər hansı açıqlama verməyib, münasibət bildirməyib.
Avropa İttifaqı tərəfinə
xatırlatmaq istərdik
ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
məqsədli şəkildə
yeridilən 62 nəfər
hərbi əsir deyil. Onlar müharibədən
az qala 20 gün keçdikdən, hərbi əməliyyatların
dayandırılması ilə
bağlı üçtərəfli
bəyanat imzalandıqdan
sonra Azərbaycan ərazilərinə göndərilən
Ermənistan hərbi qulluqçularıdır. Onlar
Azərbaycan Ordusunun olduğu ərazilərə
müdaxilə ediblər.
Bu terrorçu-diversant
qrupu tərəfindən
törədilmiş terror
aktları nəticəsində
azərbaycanlı hərbçilər
Turan Əliyev, Rahil Əkbərov, Hacırza Rzayev, Raqib Əzizov həlak olub, mülki şəxs Seymur Rzayev ağır
yaralanıb.
Beynəlxalq humanitar hüquqa, nə də heç bir konvensiyaya əsasən, bu şəxslər hərbi əsir hesab edilirlər. Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə
əsasən, terror aktları törədən
bu insanlar cinayət məsuliyyətinə
cəlb olunublar və onların istintaqı davam etdirilir.
Aİ
rəsmisinin Azərbaycanla
bu tərzdə danışması qəbuledilməzdir.
Azərbaycan yalnız
bərabərhüquqlu münasibətləri
qəbul edir. Kim Azərbaycanla bu şəkildə danışmağa cəhd
edərsə, adekvat cavabla üzləşəcək.
Qeyd etmək istərdik ki, birtərəfli və ikili standartlara
əsaslanan bu yanaşma Aİ-nin Azərbaycanla əlaqələrinə
xələl gətirə
bilər”.
Azərbaycan. - 2021.- 31 yanvar.- S.5.