“Keşikçidağ” qoruğuna
yeni avtomobil yolu çəkilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa
rayonunda “Keşikçidağ”
Dövlət Tarix-Mədəniyyət
Qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib. Bu yol başlanğıcını
yerli əhəmiyyətli
Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 38-ci kilometrliyindən götürür.
İkinci texniki dərəcəyə
uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 kilometrdir. Layihə çərçivəsində
yolun torpaq yatağının eni 15, asfalt-beton örtüyünün
eni isə 9 metrdir.
Hazırda yeni yolboyu yararsız
hissələr çıxarılır,
əvəzinə yararlı
çınqıl materialı
tökülür və
kipləşdirmə işləri
aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa, yolun relyefdən aşağı
olan hissələrində
torpaq yatağının
qaldırılması üçün
işlər görülür,
yolun normativ eninin alınması üçün müəyyən
hissələrdə qaya
tipli süxurlar kəsilərək yol yatağı genişləndirilir.
Bu işlərə paralel yolun altından
suların ötürülməsi
üçün yeni suötürücü boruların
quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri
də icra olunur.
Layihənin
sonuncu mərhələsində avtobus dayanacaqlarının
inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini
təmin etmək məqsədi ilə yol nişanı, məsafə
göstəricisi və məlumatverici lövhələrin, həmçinin
siqnal dirəklərinin quraşdırılması işlərinin
aparılması nəzərdə
tutulur.
Təxminən
VI əsrə aid edilən “Keşikçidağ” Dövlət
Tarix-Mədəniyyət Qoruğunun turizm əhəmiyyəti
nəzərə alınaraq və turistlərin bu abidəni
ziyarət etməsini asanlaşdırmaq üçün
inşa edilən yeni avtomobil yolu regionun potensial
imkanlarının genişləndirilməsi və turizmin
inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının
yaranmasına da şərait yaradacaq.
Sabir ƏLİYEV,
Azərbaycan. - 2021.-31 yanvar.- S.7.