Qarabağ
milli dirçəlişin yeni rəmzi olacaq
Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
rəhbərliyi ilə işğal altındakı
torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin
azad edilməsindən bir neçə ay ötür. 44
günlük Vətən müharibəsi gedişində
şəhər və kəndlərimizin düşməndən
təmizlənməsi ilə bağlı xoş müjdələr
indi də o əzəli-əbədi yurdlarımızın
dirçəlişi yönündə görülən tədbirlərin
sevinci ilə davam edir.
Qarabağın
tacı
Yanvarın
27-də dövlət başçısı İlham
Əliyev Şuşa rayonuna Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsini təyin etdi. Qeyd edək ki, düşməndən təmizlənmiş
ərazilərdə Prezidentin xüsusi nümayəndəsi
institutu yanvarın 19-da yaradılıb. İlk təyinatın
məhz Şuşa rayonuna olması isə heç də təsadüfi
deyil. Şuşa zəfərimizin rəmzidir, yenilməzlik
nişanəsi, milli ruhumuzun sığınacağıdır.
Azərbaycan Prezidenti Şuşa rayonuna
xüsusi nümayəndə təyin edilmiş Aydın Kərimovu
videoformatda qəbul edərək tapşırıq və
tövsiyələrini verərkən bu şəhərin
tarixi keçmişimiz, bu günümüz və gələcəyimiz
üçün müstəsna əhəmiyyətini bir
daha vurğulayıb: “Şuşa
Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir.
Şuşanın yerləşməsi, təbiəti,
havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz,
şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir.
Şuşanı biz qorumalıyıq, qoruyacağıq.
Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan
xalqı Şuşada əbədi yaşayacaqdır. Necə
ki, bütün dövrlərdə Şuşa həmişə
Azərbaycan şəhəri olmuşdur və ermənilərin
saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün
dünya Şuşanı məhz Azərbaycan şəhəri
kimi tanıyıb və qəbul edib”.
Vətən
müharibəsinin gedişində Azərbaycan Ordusunun əsas
hədəfi Şuşa idi. Bu qədim şəhər
sıldırım qayalıqlarından qalxaraq yüngül
silahlarla tankın, topun üzərinə atılan qəhrəman
övladlarımızın şücaəti sayəsində əsarətdən
qurtuldu. Şuşanın azad edilməsindən sonra
düşmən diz çöküb faktiki kapituliyasiya
aktına imza atmaq məcburiyyətində qaldı.
Prezident
İlham Əliyev Şəhidlər xiyabanından
xalqımıza Şuşanın azadlığı müjdəsini
çatdırarkən bu tarixi məkanın tezliklə
dirçəldiləcəyini bəyan etmişdi. Artıq o
günlər də gəldi. Azərbaycan Prezidenti bu şəhəri
ordumuzun gücü ilə azad etdiyi kimi, şəhərin bərpası,
yenidən qurulması, abadlaşdırılması və
tarixi Azərbaycan şəhəri olaraq bütün
dünyada yenidən tanıdılması ilə bağlı
da dəqiq, konkret planlara malikdir.
Şuşanın bərpası,
inkişafı ilə əlaqədar bütün işlərin
sistemli qaydada aparılması, şəhərin tarixi
simasının saxlanılması, burada Şuşaya yad olan hər
hansı bir tikiliyə yol verilməməsi dövlət rəhbərimizin
qarşıya qoyduğu əsas vəzifələrdir. Bu məqsədlə
artıq bir müddət bundan əvvəl Şuşaya
mütəxəssislərdən ibarət böyük bir qrup
ezam edilmişdir. Onlar bir neçə gün Şuşada
qalaraq, lazımi təftiş, təhlil işlərini aparmış
və Azərbaycan Prezidentinə məruzə etmişlər.
Mədəniyyət
paytaxtı
Bu gün Şuşanın bərpadan
sonrakı həyatı ilə bağlı strateji baxış
da kifayət qədər aydındır. Ölkə rəhbəri
artıq Şuşanı Azərbaycanın mədəniyyət
paytaxtı elan edib və bu da şəhərin gələcəyi
ilə əlaqədar məqsədyönlü planlara əsaslanır.
“Bərpadan sonra Şuşada həyat qaynamalıdır.
İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin
mədəni həyatı olmalıdır. Həm ölkə
daxilindəki tədbirlər, eyni zamanda bir çox beynəlxalq
tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada
keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın,
əminəm ki, bölgənin mədəniyyət paytaxtı
adına layiq olacaqdır”, - deyir Prezident İlham Əliyev.
ISESCO rəhbərliyinin bir
neçə gün əvvəl Azərbaycan Prezidenti ilə
görüşündən sonra bu qurumun Şuşa şəhərinin
İslam mədəniyyətinin paytaxtı elan edilməsi təklifindən
çıxış etməyə hazırlaşması da qədim
şəhərimizin gələcəyi ilə bağlı
çox böyük önəm daşıyır. Yada
salaq ki, indiyə qədər Azərbaycanın iki tarixi şəhəri
- Bakı və Naxçıvan bu şərəfli ada layiq
görülüb. Eyni zamanda bu yaxınlarda
Türk Şurasının nümayəndə heyətinin Azərbaycan
Prezidenti ilə görüşü əsnasında Türk
Şurasının Baş katibi Şuşanın Türk
dünyasının mədəniyyət paytaxtı seçilməsi
təklifindən çıxış edib. Bütün
bunlar təkcə Azərbaycan xalqının deyil, ümumən,
türk, müsəlman dünyasının Şuşa şəhərinə
olan böyük sevgi və marağından irəli gəlir.
Yanvarın
14-də Azərbaycan Prezide
ntinin və ailə üzvləri
- ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın və qızı Leyla xanım
Əliyevanın Şuşaya səfəri, ora qalib kimi daxil
olmaları zəfərimizin, öz haqlarımıza, milli dəyərlərimizə
sahib çıxmaq əzmimizin, qurub-yaratmaq eşqimizin təcəssümünə
çevrildi.
Prezident İlham Əliyev möcüzə kimi görünənləri
reallığa çevirdi. Ali Baş Komandanın
Şuşada, əsgər və zabitlərimiz önündəki
qalib duruşu, bu qədim mədəniyyət mərkəzimizin
tarixi tikililərinə sevgi və qayğı dolu gözlərlə
baxışı, Cıdır düzündə dayanıb əngin
üfüqlərə baxması illər boyu bu günün həsrətini çəkmiş xalqımızın canlı
simvolu kimi görünürdü. Şuşa bundan sonra
bütün rəmzləri ilə birgə həm də
xalqımızın milli birliyinin, bu birlikdən başlanan gələcək
gözəl günlərimizin şəhəri olacaq. 2010-cu
ildə Şuşa qalasının 260 illiyi qeyd
olunmuşdu. Əfsuslar olsun ki, həmin tarixi Şuşa həsrəti
ilə yaşamışdıq. Amma artıq
Şuşa qalasının növbəti onilliklərini bu
unikal məkanın özündə, qala divarlarına
toxunaraq, bu müqəddəs şəhərimizin
daş-daş, kərpic-kərpic tikilərək
dünyanın ən gözəl şəhərlərindən
birinə necə çevrilməsinə sevinərək
keçirəcəyik. Beləliklə, Pənahəli
xanın tikdirdiyi tarixi Şuşa şəhərinin yeni bir həyatı
başlanır.
Sənət
beşiyi
Tarixi Şuşa qalasına
görə xalq arasında “Qala” adı ilə məşhur
olan şəhər yaranışından zadəganların və
sənətkarların əsrarəngiz məkanı kimi
tanınırdı. Azərbaycanın müxtəlif mədəniyyət
mərkəzlərindən bura köçənlər
Şuşada məhəllə-məhəllə yerləşirdilər.
Beləliklə, Şuşada spesifik mədəniyyət,
kübar mühitı formalaşırdı. Şuşa o
dövrdə inkişaf etmiş qədim Şərq şəhərləri
üçün xarakterik olan “hər məhəllənin
öz məscidi, hamamı, mədrəsəsi” və digər
zəruri infrastruktur tikililəri prinsipi əsasında inşa
olunurdu. Bu baxımdan Şuşa XVIII əsr
üçün müasir şəhərsalma mədəniyyətinin
Azərbaycandakı son nailiyyəti sayılır. Xan
sarayı, Gövhər ağa məscidləri, türbələr,
minarələr, karvansaralar, bulaqlar unikal memarlıq nümunələri
kimi Şuşanın çiçəklənməsi
dövrünün yadigarlarıdır. Bu abidələr hər
addımda insana xoş bir hekayət danışır.
Şuşa
həm də Azərbaycanın ən böyük təhsil,
maarif mərkəzlərindən olub. Məktəb
məsələlərinə bu şəhərdə tarixən
böyük önəm verilib. Şəhərdə 1801-ci ildən
İbrahim xan məscidi nəzdində məktəb
açılmışdı. Bu məktəb XIX əsrin ikinci
yarısında da fəaliyyətini davam etdirirdi. 1830-cu ildə
isə Azərbaycan qəzaları içərisində
ilk qəza məktəbi məhz Şuşada təşkil
edilmişdi. Bu, ümumən, Azərbaycanda
müasir tipli ilk məktəb demək idi. Şuşada ali
ibtidai məktəb də yaradılmışdı.
Bütün bunlar şəhərdəki yüksəksəviyyəli
təhsil mühitindən irəli gəlirdi. Çünki
orta məktəb bitirənlərin əksəriyyəti təhsilini
davam etdirmək arzusunda idi. Şuşa eyni zamanda Azərbaycanda
kütləvi kitabxanaların yaradıldığı ilk
şəhərlərdəndir. Hələ XIX əsrdən
burada kiçik bir mətbəə də vardı. Şəhərin
mədəni mühiti, formalaşan mütərəqqi ənənələr,
burada yaşayan ziyalılar Şuşanın inkişafına
təkan verirdilər. Qədim diyarda
Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev,
Haşım bəy Vəzirov, Üzeyir bəy Hacıbəyli,
Firudin bəy Köçərli, Həmidə xanım
Cavanşir, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir
Çəmənzəminli, Bülbül, Xan Şuşinski və
minlərlə belə görkəmli şəxsiyyətlərimiz
yetişib.
Şuşa
həm də Azərbaycanın qədim poeziya və xanəndəlik
məktəbidir. Azərbaycan ədəbiyyatının Molla Pənah
Vaqif dövrü məhz bu şəhərdən
başlanır. Vaxtilə Mir Mövsüm Nəvvabın
Şuşada təşkil etdiyi “Məclisi-Fəramuşan” ədəbi
məclisinin şöhrəti bütün Azərbaycana
yayılmışdı. “Məclisi-üns” də bu şəhərdə
yaradılmış məşhur ədəbi məclislərdən
idi. Həmin məclislərdə tez-tez Xan
qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın
və Qarabağın müxtəlif yerlərindən olan
çoxsaylı məşhur şairlərin iştirakı ilə
şeir, musiqi tədbirləri keçirilər, Şuşa ədəbi
mühiti daha da inkişaf edərdi.
Şuşa deyəndə yada
düşən əsas dəyərlərimizdən biri də
təbii ki, milli mədəniyyət incilərimizdən olan
musiqimizdir. Şuşa musiqi mədəniyyətimizin
beşiyidir, Qafqazın konservatoriyasıdır. Şəhər
təşəkkül tapdığı ilk illərdən
burada peşəkar xanəndə və
çalğıçılardan ibarət məktəb
formalaşmağa başlamışdı. İlk musiqi məktəblərinin
yaranması ilə Şuşada xalq musiqisi ənənələri
yayılır, zənginləşir və mədəniyyət
tariximizdə böyük yeri olan sənətkarlar
yetişdirirdi.
Mir Möhsün Nəvvab, Xarrat
Qulu, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi,
Əbdülbağı Zülalov, Cabbar Qaryağdıoğlu,
Keçəçi oğlu Məhəmməd, Məşədi
Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid
Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan
Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban
Pirimov, bəstəkarlardan Üzeyir bəy Hacıbəyli,
Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab
Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf
Abbasov, Süleyman Ələsgərov, Rəşid Behdudov... Hər biri böyük bir sənət tarixinə
işıq salan bu adlar Şuşanın dünya musiqisinə
bəxş etdiyi sənətkar şəxsiyyətlərin hələ
məhdud bir sırasıdır. Şuşanın musiqi
mühitini təmsil edən bütün yaradıcı
insanların həyat və fəaliyyətinin öyrənilməsi
üçün geniş tədqiqat əsərlərinə hələ
də ehtiyac var.
Tez-tez təşkil edilən
musiqi məclisləri, ziyalı mühiti bu şəhərdə
teatr ənənələrinin də erkən təşəkkül
tapmasına şərait yaratmışdı. Belə ki,
1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil
edilmişdi. 1882-ci ildən başlayaraq isə şəhər
ziyalıları Şuşanı Azərbaycanın əsas teatr mərkəzlərindən birinə
çevirmişdilər. Şuşalı teatr həvəskarları
sırasında “Otello”nun ilk tərcüməçisi, jurnalist,
komediyalar müəllifi Haşım bəy Vəzirov, məşhur
xanəndə C.Qaryağdıoğlu, tanınmış
ziyalılar S.Vəlibəyov, B.Bədəlbəyov,
Ə.Haqverdiyev, F.Köçərli və
başqaları var idi.
1897-ci
ildə Şuşada Ə.Haqverdiyev Füzulinin “Leyli və Məcnun”unu,
1902-ci ildə Nizaminin “Xosrov və Şirin”ini səhnələşdirmişdi.
Cabbar Qaryağdıoğlu hər iki tamaşada baş rolda
oynamışdı. “Şərq konserti” adlı yeni konsert
forması da 1901-ci ildə ilk dəfə Şuşada təşkil
olunmuşdu. Bu konsertin ilk səhnələşdirilmiş
musiqi tamaşası kimi milli operanın yaranmasına
böyük təsiri olmuşdur. 1904-cü ildə
Şuşa səhnəsində ilk dəfə Şekspirin
“Otello” əsəri tamaşaya qoyulmuşdu.
Qarabağ
xanlığının mərkəzi olması, şəhərdə
xeyli sayda sənətkar, tacir ailələrinin yaşaması
Şuşanın sosial-iqtisadi inkişafını təmin
edirdi. Şəhər mədəniyyət inciləri ilə
yanaşı, ipək parça toxuculuğu,
xalçaçılıq, şərabçılıq ənənələri
ilə də
şöhrət tapmışdı.
“Şuşanı
dirçəldəcəyik”
Şuşa şəhərinin
inkişafı sovet dövründə də davam etmişdi və
burada Ulu Öndər Heydər Əliyevin böyük rolu
vardı. Ermənilərin separatçı hərəkətlərinin
qarşısını almaq üçün Ümummilli Lider əhalisinin
99 faizi azərbaycanlılardan ibarət olan Şuşa şəhərinə
mənəvi qala kimi baxırdı. Onu da
xatırladaq ki, 1921-ci ildə Dağlıq Qarabağ Muxtar
Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə
daxil etdirməklə, ermənilərin güddükləri əsas
məqsəd tədricən Şuşada Azərbaycanın izlərini
silmək idi. Amma 1969-1982-ci illərdə Heydər
Əliyev bu prosesin qarşısını aldı,
Şuşanı Azərbaycan şəhəri kimi inkişaf
etdirdi. O günlər artıq yenidən qayıdır.
Prezident İlham Əliyev bu il Şuşada iki tədbirin
keçirilməsi ilə bağlı
tapşırıqlarını verib. “Xarıbülbül”
festivalı, Vaqif poeziya günləri bərpa ediləcək.
Böyük şairimiz Vaqifin vaxtilə Heydər Əliyevin təşəbbüsü
ilə ucaldılmış, ermənilərin işğal
dövründə viran qoyduqları məqbərəsinin yenidən
inşası ilə bağlı işlərə start veriləcək.
Məqbərənin bu il bərpa edilməsi əsas
tapşırıqlardandır. Çünki Vaqif poeziya
günləri məqbərənin önündə
keçiriləcək. Ulu Öndərin milli
dövlətçilik fəlsəfəsi ruhunda Azərbaycanı
ən qüdrətli inkişaf mərhələsinə
yetirmiş, bizi tariximizin ən şanlı zəfərinə
qovuşdurmuş Prezident İlham Əliyevin rəhbərliyi
ilə Şuşanın, Qarabağ torpaqlarının və
ümumən, Azərbaycanın mədəni intibahı başlanır.
“Bu
müharibə bir daha Azərbaycan xalqının əyilməz
ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi
demişəmsə, onu da etmişəm. Təsadüfən
demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək
lazımdır. Azərbaycan xalqına kiçik də olsa,
siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə
nail olacağıq, sadəcə olaraq, hər şeyin
vaxtı var. Müharibə dövründə,
sadəcə olaraq, bir dəfə Şuşa haqqında
demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə
vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik,
dedim ki, Şuşasız bizim qələbəmiz
yarımçıq olacaq. Ancaq heç şübhə
etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni
əsirliyindən xilas edəcəyik, Azərbaycan
bayrağını qaldıracağıq. O vaxt demişdim ki,
Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu
gün isə deyirəm ki, biz hamımız, bütün
xalqımız Şuşanı dirçəldəcəyik!”
Azərbaycan
Prezidentinin bu qətiyyətli kəlmələri
Şuşadan başlanan böyük gələcəyimizin
müjdəsidir.
İradə
ƏLİYEVA,
Azərbaycan. - 2021.- 30 yanvar.- S.1; 3.