Zəfər salnaməsi

 

 

 

Azərbaycan tarixinin 44 şərəf günü

 

 

 

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu.  Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.

 

 

 

İlham ƏLİYEV: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”

 

 

 

44 gün davam edən müharibədə 30 ilə yaxın idi ki, işğal altında olan əzəli torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, yüzlərlə kənd, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən bayram kimi, böyük sevinclə qarşılandı.

 

Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgərləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildilər. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi  darmadağın edildi. Düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıradan çıxarıldı.

 

Eyni zamanda Azərbaycan xalqı bu müharibədə yumruq kimi birləşdi, öz rəhbərinin ətrafında səfərbər oldu.

 

Noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə dedi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

 

 

 

Ağdam, Kəlbəcər və Laçın döyüşsüz azad olundu

 

 

 

Üçtərəfli bəyanatın bütün bəndləri Azərbaycanın milli və dövlət maraqlarına uyğun idi. Sənədin bəndləri işğal altında qalan digər rayonların da azad olunmasını nəzərdə tuturdu. Beləliklə, Ermənistanın kapitulyasiyasına uyğun olaraq noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycan Ordusunun nəzarətinə keçdi. Hərbi qələbə ilə Ermənistanı məğlub edən Azərbaycan bir güllə belə atmadan bu rayonları da azad etdi. Bununla da torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində işğaldan azad olunan rayonlarımızın sırasına  Ağdam, Kəlbəcər və Laçın rayonları da əlavə olundu.

 

Bu rayonların azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbənin nəticəsidir.

 

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin dağıdılması hər bir Azərbaycan vətəndaşını göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib, təbiətimizə qəsd edilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən əsər-əlamət qalmayıb. Ağdam şəhərində qismən salamat məscid binası qalıb ki, onu da işğalçılar döyüşlər zamanı istiqaməti müəyyən etmək üçün saxlamışdılar.

 

Erməni işğalçıların Azərbaycan torpaqlarında törətdikləri bütün cinayətlər, vandallıqlar, dağıntılar qiymətləndiriləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. Ötən ilin noyabr ayında Ağdamı və Kəlbəcəri yandıran düşmən bunların da cavabını mütləq verəcək.

 

Kapitulyasiya edən Ermənistan Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürmüşdü. Lakin sonradan Ermənistan möhlət istədi və Azərbaycan humanistlik edərək müddətin 10 gün uzadılmasına razılıq verdi. Amma biz əvəzində bir daha çirkin erməni xislətinin təzahürünü gördük. Qanunsuz məskunlaşdırmadan sonra evlərimizdə yaşayan və bu günlərdə rayonumuzu tərk edən ermənilər hansı  vandal hisslərin daşıyıcıları olduqlarını bütün dünyaya göstərdilər. Evlərimizə od vurdular, təbiətimizə qənim kəsildilər. Noyabrın 25-də xalqımıza müraicət edərək Kəlbəcərin azad olunması münasibətilə həmvətənlərimizi təbrik edən Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: “Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!”

 

 

 

Düşmənin 3,8 milyard dollarlıq hərbi texnikası məhv edildi və qənimət götürüldü

 

 

 

44 gün davam edən müharibədə Azərbaycan Ordusu bütün dünyaya müasir döyüşlərin aparılmasının nümunəsini göstərdi. Yüksək peşəkarlıq və döyüş əzmi göstərən ordumuz demək olar ki, Ermənistanın bütün hərbi potensialını darmadağın etdi və ya qənimət götürdü.

 

Prezident İlham Əliyev xalqa müraciətlərində düşmənin məhv edilmiş və qənimət götürülmüş hərbi texnikası barədə məlumat verdi. Hər ötən gün düşmənə vurulan ziyanın miqyası böyüdü. Azərbaycan əsgəri yüksək döyüş əzmi və malik olduğu müasir vasitələrlə Ermənistan ordusunu necə lazımdırsa cəzalandırdı.

 

Döyüşlərdə məhv edilmiş düşmənin hərbi texnikasına nəzər yetirək: 53 tank əleyhinə vasitə, 4 “Smerç” qurğusu,  97 “Qrad”, 2 “Uraqan”, 1 “YARS”,  1 TOS odsaçan , “S-300” zenit-raket komplekslərinin 7 atıcı qurğusu, 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 “TORzenit-raket kompleksi, 40 “Osa” zenit-raket kompleksi, 4 “KUB” zenit-raket kompleksi, 1 “KRUQ” zenit-raket kompleksi, 2 “S-125” zenit-raket kompleksi, 22 pilotsuz uçuş aparatı,  2 “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 “Toçka-U” raket kompleksi, 5 radioelektron mübarizə vasitələri, 2 “R-142” komanda qərargah maşını,  1 “Nebo-M” radiolokasiya stansiyası, 7 müxtəlif radiolokasiya stansiyaları və 4 “Reppelent” radio-texniki maneə vasitəsi.

 

Bunlardan başqa,  28 ədəd “Akasiya” və “Qvozdika” özüyeriyən artilleriya qurğusu məhv edildi, 5-i qənimət götürüldü. 315 müxtəlif çaplı top məhv edildi, 37-si qənimət götürüldü. 63 minaatan məhv edildi, 62-si qənimət götürüldü. 10 xüsusi avtomobil məhv edildi, 93-ü qənimət götürüldü. 178 qumbaraatan, 10 traktor, 5 “Şilka” zenit qurğusu, 1380 atıcı silah qənimət götürüldü. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdıldı. Döyüş meydanında düşmənin 287 tankı məhv edildi, 79-u qənimət götürüldü ( toplam 366 tank), 69 piyadaların döyüş maşını məhv edildi, 47-si qənimət götürüldü.  5 “Su-25” təyyarəsi vuruldu. Yük avtomobillərinə gəldikdə,  252-si məhv olundu, 270-i hərbi qənimət götürüldü.

 

Hesablamalar göstərir ki, düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikasının dəyəri 3,8 milyard dollar məbləğindədir.

 

 

 

Şəhidlərimizin qanı yerdə qalmadı

 

 

 

Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya divan tutdu, necə lazımdırsa cəzalandırdı.  Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı.

 

Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdı, 2800 nəfərdən çox şəhid verdik. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi.

 

Şəhidlərimizin qanı yerdə qalmadı, hər birinin qisası döyüş meydanlarında artıqlaması ilə alındı.

 

Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq. Prezident İlham Əliyevin sərəncamı ilə 27 Sentyabrın Anım Günü kimi müəyyən edilməsi də şəhidlərimizin ruhuna olan yüksək ehtiramın nümunəsidir.

 

Vətənin şəhid övladlarının ruhu şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardıqları, uğrunda canlarından keçdikləri Vətən torpaqları artıq işğaldan azaddır.

 

 

 

Müharibə iştirakçıları təltif olundular

 

 

 

Prezident İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamla 3 hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi, 33 nəfər hərbi qulluqçu “Zəfər” ordeni (3 nəfər ölümündən sonra), 204 nəfər hərbi qulluqçu “Qarabağ” ordeni ilə (48 nəfər ölümündən sonra) təltif olundu.

 

Dekabrın 15-də 288 nəfər hərbi qulluqçu “Azərbaycan Bayrağı” ordeni (56 nəfər ölümündən sonra), 105 nəfər hərbi qulluqçu 3-cü dərəcəli “Rəşadət” ordeni (15 nəfər ölümündən sonra), 3 nəfər hərbi qulluqçu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 9 nəfər hərbi qulluqçu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 331 nəfər hərbi qulluqçu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (44 nəfər ölümündən sonra), 3600 nəfər hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə (2756 nəfər (ölümündən sonra) təltif edildi.

 

Ali Baş Komandanın dekabrın 18-də imzaladığı sərəncamla 622 nəfər hərbi qulluqçu “İgidliyə görə” medalına, 1113 nəfər hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə”  medalına, 5449 nəfər hərbi qulluqçu isə “Cəsur döyüşçü” medalına layiq görüldü.

 

Dekabrın 24-ü və 25-də 12522 nəfər hərbi qulluqçu  “Cəbrayılın azad olunmasına görə” medalı, 13955  nəfər hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı, 3549  nəfər hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı, 7991  nəfər hərbi qulluqçu isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Prezident İlham Əliyevin sərəncamları ilə dekabrın 29-da 9376  nəfər hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalına, 3572  nəfər hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalına, 4646  nəfər hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalına, 2267  nəfər hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalına, 5203  nəfər hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görüldü.

 

Ümumilikdə, 74924 nəfər Vətən müharibəsi iştirakçısı yüksək adlar, ordenlər və medallarla təltif olundu.

 

 

 

Azərbaycan Ordusunun Zəfər paradı

 

 

 

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.  Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu, həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə əzminin bütün dünyaya nümayiş etdirilməsi idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

 

Bu eyni zamanda müzəffər Azərbaycan Ordusunun gücünü bir daha düşmənə, onun havadarlarına - ermənipərəst dairələrə göstərdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

 

Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib. Bunun nəticəsində  Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.

 

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi.  Bu Qələbə  Azərbaycanı qaliblər sırasına çıxardı, xalqımızı daha da böyütdü və daha güclü etdi.

 

 

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.1; 5.