İlham Əliyev tarixi abidələrimizi də işğaldan azad etdi

 

 

 

Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu.

 

İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar. Erməni millətçiləri xalqımızın tarixi yaddaşını yox etmək, qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün hər cür namərdliyə əl ataraq çirkin əməllərini illər boyu davam etdiriblər. 30 il müddətində işğal altında saxladıqları Qarabağda dünyada misligörünməmiş talançılıqla məşğul olub, bütün tarixi, dini abidələrimizi məhv ediblər.

 

 

 

Vandallar erməniləşdirmək mümkün olmayanları dağıdıblar

 

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıya əsasən, işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.

 

Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

 

Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalanı islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur.

 

Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıblar.

 

Mütəxəssislər, işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid olan tarixi abidələrin ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmasının əsas səbəbini onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olması ilə izah edirlər. Bildirirlər ki, bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığı üçün onlar bu cür vəhşiliyə əl atıblar.

 

 

 

Qarabağ Azərbaycanın etnoqrafiya xəzinəsidir

 

 

 

İşğal altında olmuş torpaqlarımızda Azərbaycan xalqına məxsus çoxlu tarixi dini abidə mövcud olub. Müxtəlif qədim türbələrin olduğu Cəbrayıl rayonundakı Tumas-ata abidəsi bütpərəstlik dövrünün yadigarıdır. Tarixi Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir.

 

Dünyanın ən qədim insan məskənlərindən olan, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına daxil edilən Azıx və Tağlar mağaraları Füzuli rayonunun ərazisindədir.

 

İşğaldan əvvəl Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə mövcud olub. Məşhur Yuxarı Gövhər ağa Məscidi, Qala divarı (uzunluğu 8 kilometr), Pənah xanın sarayı, Natəvanın evi, İbrahim xanın bürcü, İbrahim xanın qəsri, Vaqifin məqbərəsi Şuşa memarlığının incilərindən sadəcə bir neçəsidir.

 

Kəlbəcər rayonunun ərazisindəki daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

 

Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri mövcud olub. Lakin ermənilər tərəfindən Ağdamda olan mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilib. Buradakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Qutlu Sarı Musa oğlu günbəzi, XIV əsrə aid türbə və daş abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Ağdam şəhərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri olan Ağdam Cümə məscididir.

 

Təəssüf ki, işğaldan sonra Ağdam Cümə məscidinin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları tamamilə uçurdulmuş, xalqımızın dini heysiyyətinə toxunularaq burada donuz saxlanılmışdır.

 

 

 

Tarixboyu ermənilər alban irsinə yiyələnmək istəyiblər

 

 

 

Tarixboyu ermənilərin həyata keçirmək istədikləri əsas məkrli niyyətlərdən biri də Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək olub. Buna görə də Qarabağda olan alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirmək, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar.

 

Tarixi reallıqdır ki, hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Azərbaycanda xristian mədəni irsinə sahib olan udilərin, o cümlədən alban tayfalarının birbaşa erməni kilsəsinin ixtiyarına verilməsində də Qafqaz Albaniyasının xristian mədəni təməli üzərində erməni icmasının gücləndirilməsi kimi məkrli məqsədlər güdülüb. Və hələ o zamanlardan ermənilərin bura gəlmə yox, yerli xalq olması yalanına “həqiqi don” biçmək üçün Qarabağda Gəncəsər monastırında, Gədəbəy və digər bölgələrdəki alban məbədlərində alban xaçları oğurlanıb, erməni Qriqorian xaçı ilə əvəz edilmişdi.  Tarixçilər bildirirlər ki, həmin dövrdə Çar Rusiyasının istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olan iki qütb yaratmaq idi və buna görə də yalan üzərində ermənilərin mədəni irsə sahib olmalarına şərait yaradaraq, alban sözünü də terminologiyadan çıxartmışdı. Təəssüf ki, indinin özündə də riyakar ermənilər bu saxtakarlığı davam etdirməyə çalışır, Qafqaz alban məbədlərinə sahiblik iddiası ilə çıxış edirlər.

 

Mənfur düşmənin talan etdiyi, saxta izlər saldığı və yiyələnmək istədiyi belə məbədlərdən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisindəki Xudavəng və ya Dədəvəng kompleksidir. VI-VII əsrlərdə inşa olunmuş bu abidə Azərbaycanın xristian memarlığının ən iri və ən gözəl abidələrindən biridir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalmışdır ki, onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biridir.

 

Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, ermənilər noyabrın 25-dək Kəlbəcəri təhvil verməli idilər. Lakin bu müddət ərzində də öz naqis əməllərindən çəkinməyən ermənilər tarixi abidələrimizə ziyan vurmaqda davam etdilər. Xudavəng monastırı da bu vandallığın qurbanlarından oldu. Belə ki, onlar Kəlbəcərdən köç ərəfəsində monastırın zənglərini, xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırdılar.

 

 

 

Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir

 

 

 

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində vurğuladı ki, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir: “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elmi ictimaiyyətə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.

 

Prezident İlham Əliyev həmin müraciətində qeyd etdi ki, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya ölkələri və liderləri tərəfindən təqdirlə qarşılanır: “Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb”.

 

 

 

Ermənilər cavab verməli olacaqlar

 

 

 

Erməni vandalları tərəfindən törədilən bu vəhşiliklər, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Əminik ki, çox tezliklə onlar tarixi abidələrimizə qarşı törətdikləri vəhşi əməllərinə görə hüquqi müstəvidə də cavab verəcəklər.

 

Qarabağda isə böyük quruculuq işləri aparılacaq, tarixi, mədəni, dini abidələrimiz bərpa ediləcək. Artıq bu istiqamətdə işlərə start verilib. Belə ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlayıblar. Aparılan ilkin monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilib. Monitorinqlər zamanı mədəniyyət müəssisələrinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib.

 

Qeyd edək ki, hazırda da monitorinq davam edir.

 

 

 

Qarabağla bağlı haqq da, həqiqət də, tarix də bizim tərəfimizdədir

 

 

 

Bəli, Qarabağla bağlı haqq da, həqiqət də, tarix də bizim tərəfimizdədir. Və şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü erməni haqsızlığına, talançılığına, vəhşiliyinə son qoydu. Düz 27 ildən sonra Ağdam Cümə məscidində azan sədası yüksəldi. Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin məscidi ziyarət etdilər. Dövlət başçısı Məkkədən gətirdiyi müqəddəs “Quran”ı məscidə hədiyyə etdi.

 

Müzəffər sərkərdə bir daha həm erməni barbarlarına, həm də onların havadarları olan ölkələrə mesaj ötürdü ki, tezliklə bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunacaq və məkrli ermənilərin tarix səhifələrindən silməyə çalışdığı həqiqətlər olduğu kimi yenidən bərpa edilərək Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcəyə ötürüləcək.

 

 

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.1; 5.