Sərvəti tükənməyən
AÇG
Keçən il bu yataqlar bloku 3, 5 milyard dollardan çox gəlir gətirib
2020-ci ildə Xəzərin Azərbaycan sektorundakı
“Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlar blokunun
işlənməsi layihəsi
çərçivəsində 3 milyard 522,7 milyon
ABŞ dolları həcmində
gəlir əldə edilib. Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) bu məlumatı bir daha təsdiqləyir
ki, AÇG-dən hasilat ahəngdar və təhlükəsiz
davam edir.
AÇG indiyədək Azərbaycanın sosial-iqtisadi
inkişafına böyük
töhfələr verib. Prezident İlham Əliyev
bu yataqlar blokunun ölkəmizin əsas gəlir mənbəyi olduğunu dəfələrlə vurğulayıb.
AÇG 27 ilə yaxındır
etibarlı tərəfdaşlıq,
ekoloji baxımdan zərərsiz əməliyyatlar
sayəsində təhlükəsiz
işlənir və artıq 24-cü ildir fasiləsiz olaraq neft-qaz verir. Bu yataqlardan əldə olunan hasilatın həcmi bir il əvvəl 500 milyon tona çatıb.
Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.
Hasilat “Çıraq”,
“Mərkəzi Azəri”,
“Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”
və “Qərbi Çıraq” platformalarından
həyata keçirilir.
AÇG-nin operatoru olan
BP şirkətinin məlumatına
görə, keçən
ilin üç rübü ərzində
AÇG-dən ümumi
hasilat gündə orta hesabla 482 min barel və ya
ümumilikdə təxminən
132 milyon barel, yəni 17,9 milyon
ton olmuşdur. “Çıraq”dan
gündəlik orta hasilat 36 min, “Mərkəzi
Azəri”dən 115 min, “Qərbi
Azəri”dən 118 min, “Şərqi
Azəri”dən 64 min, “Dərinsulu
Günəşli”dən 97 min və “Qərbi Çıraq”dan 52 min barel
təşkil etmişdir.
Üçüncü rübün sonunda
AÇG-də ümumilikdə
124 neft hasilatı, 39 su injektor, 7 qaz injektor quyusu
istismarda olmuşdur. Üç rüb ərzində burada 10 neft hasilat və 2 suvurma quyusu qazılmışdır.
İndi AÇG 7-ci hasilat platformasının yolunu gözləyir. Belə ki, 1994-cü ilin
sentyabr ayında
AÇG üzrə müqavilə
imzalanarkən tərəfdaşlar
bu yataqların təxmini ehtiyatlarının
511 milyon ton olduğunu
bildirmişdilər. Hazırda mütəxəssislər
burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər.
2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi
və hasilatın pay bölgüsü haqqında
dəyişdirilmiş və
yenidən işlənmiş
sazişin imzalanması
da bu amilə əsaslanır. Yeni müqavilə 2050-ci ilin əvvəlinədək
davam edəcək və qarşıdakı illərdə AÇG-nin ölkəmizə gətirdiyi
iqtisadi mənfəətləri
maksimuma çatdıracaq.
2019-cu ilin aprel ayında AÇG-nin işlənməsinin növbəti
mərhələsi olan
“Azəri Mərkəzi
Şərqi” layihəsinə
sanksiya verilib. Bununla da 6 milyard dollar dəyərində
olan işlənmə
layihəsinin həyata
keçirilməsinə başlanıb.
Yeni platforma da bu layihə çərçivəsində
inşa edilir.
“Azəri Mərkəzi
Şərqi” platforması
gündəlik 100 min barelədək
neft hasil etmək gücündə
layihələndirilib. İstismar müddəti ərzində
qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Koronavirus pandemiyasının
təsirləri görülən
bütün işlərdən
yan keçməsə
də, bu platformadan ilk nefti
2023-cü ildə əldə
etmək planları dəyişməz qalır.
Platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki
tikinti-quraşdırma sahəsində
davam edir.
Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun payalarının inşası
başa çatdırılıb.
Bu qurğular uğurla Xəzərə
yola salınıb və platformanın dayaq blokunu qəbul
etmək üçün
dənizin dibində quraşdırılıb. Dayaq blokunun və sualtı qurğuların inşası qrafikə görə irəliləyir.
Mühəndis və tədarük
işləri də nəzərdə tutulan qrafikə uyğun aparılır.
Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi
AÇG yataqları hesabına
formalaşır. Orada hasil olunan mavi yanacaq ölkəmizin
ümumi qaz sisteminə daxil edilir. Belə ki, AÇG-dən çıxarılan səmt
qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən
kollektora vurulsa da, xeyli hissəsi Azərbaycanın daxili istifadəsi üçün
Səngəçal terminalından
SOCAR-a məxsus kəmərlə
“Azəriqaz” şəbəkəsinə
ötürülür.
Keçən ilin 9 ayı ərzində AÇG-dən
SOCAR-a əsasən Səngəçal
terminalı, həmçinin
“Neft Daşları”ndakı
qurğu vasitəsilə
gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə
yenidən kollektora vurulub.
Hazırda AÇG-də BP 30,37, SOCAR 25, MOL ( ötən
il aprelin 16-dan “Şevron” şirkətini əvəz edib) 9,57,
İNPEKS 9,31, “Ekvinor” 7,27, “EksonMobil” 6,79, TPAO 5,73, İTOÇU 3,65, ONGC Videş Limited (OVL) 2,31 faiz
payla iştirak edirlər.
“Azəri-Çıraq-Günəşli”dən
çıxarılan neft
sualtı kəmərlərlə
Səngəçal terminalına
çatdırılır. Xatırladaq ki, bu, dünyanın ən böyük neft-qaz terminallarından biridir.
Başlanğıcını buradan götürən Qərb İxrac Boru Kəməri (Bakı-Supsa marşrutu) və Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri AÇG neftini
dünya bazarlarına
nəql edirlər.
Flora SADIQLI,
Azərbaycan. - 2021.- 30 yanvar.- S.1; 5.