Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində Tarix
və mədəniyyət
abidələri, mədəniyyət
müəssisələri üzrə
İşçi Qrupun
iclası keçirilib
İşğaldan
azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati
və digər təxirəsalınmaz məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli, eləcə
də bu sahədə fəaliyyətin əlaqələndirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
müvafiq Sərəncamına əsasən, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı
yaradılıb. Qərargahın nəzdində müxtəlif
İşçi qruplardan
ibarət İdarələrarası
Mərkəz fəaliyyət
göstərir.
AZƏRTAC
xəbər veriri ki, həmin qruplardan biri olan Tarix və mədəniyyət
abidələri, mədəniyyət müəssisələri
üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti
işğaldan azad edilmiş ərazilərdə mədəni
sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi,
vurulmuş zərərin qiymətləndirilməsi, onların
təsnifatının aparılması, habelə müvafiq
qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.
Nəzərdə
tutulmuş işlərin icrası ilə əlaqədar
İdarələrarası Əlaqələndirmə Mərkəzinin
rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi
ilə İşçi Qrupun iclası keçirilib. İclasda
Prezident Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva,
mədəniyyət naziri
Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı və digər şəxslər
iştirak ediblər.
Qeyd olunub
ki, hazırda işğaldan azad edilmiş ərazilərdə
Azərbaycan xalqının milli-mədəni irsinin bərpası,
mədəniyyət və dini abidələrin şəhərsalma
qaydaları nəzərə alınmaqla yenidən
qurulması, onların etibarlı mühafizəsinin təşkili
gündəlikdə duran əsas məsələlərdir.
İclasda
Azərbaycanın mədəniyyət mərkəzi olan
Şuşa şəhərində ardıcıl mədəni
tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin
poeziya günlərinin və “Xarı bülbül”
festivalının təşkili ilə bağlı məsələlər
də nəzərdən keçirilib.
İşçi
qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri
işğaldan azad olunmuş ərazilərdə həyata
keçirilməsi nəzərdə tutulan işlər barədə
məlumat verib, bir sıra əlavə təkliflər səsləndiriblər.
Azərbaycan. - 2021.- 30 yanvar.-
S.2.