Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb

 

 

 

Yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasından 29 il ötür və hər ilin bu günü gömrük əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Lakin builki peşə bayramı əvvəlkilərdən fərqlidir. Çünki biz bu bayramı qalib ölkənin gömrük əməkdaşları kimi qeyd edirik.

 

 2020-ci il gömrük orqanları, gömrükçülər üçün də, ilk növbədə, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilməsi, Qarabağ həsrətinin bitməsi ilə yadda qaldı. Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin təşəkkürümüzü bildirir, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna dərin minnətdarlıq hisslərimizi çatdırırıq. Prezident İlham Əliyevin uzun illər bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasət, xüsusilə ordu quruculuğu istiqamətində reallaşdırdığı tədbirlər 44 günlük Vətən müharibəsini qələbə ilə nəticələndirdi. Şübhəsiz ki, 2020-ci ildə qazanılan bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq.

 

 Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təşəkkül tapmış yeni strukturlardan biri olan gömrük sistemi 1992-ci il yanvarın 30-da yaradılıb və ötən müddət ərzində müstəqil gömrük xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan mühüm dövlət təsisatına çevrilib. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ulu Öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

 

 Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən təşkilat kimi inamla irəliləyir. Gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Son illər gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi xeyli genişlənib ki, bu da xidmət mədəniyyətinin yüksəlməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşmasında və beynəlxalq ticarətin asanlaşmasında əhəmiyyətli rol oynayıb.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlət quruculuğu və inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və qlobal çağırışlara uyğun davam etdirilməsi nəticəsində ötən illərdə olduğu kimi, 2020-ci ildə də ölkə iqtisadiyyatında islahatlar davam etdirilmiş, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft sektorunun təşviqi və qeyri-neft məhsullarının ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin ümumi iqtisadi inkişaf strategiyasının formalaşmasına və bu strategiyanın uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradılmışdır.

 

 Qeyd edilən sosial-iqtisadi inkişafa öz töhfəsini vermək, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ötən dövrlərdə olduğu kimi, 2020-ci il ərzində də müəyyən edilmiş proqnoz göstəriciləri uğurla yerinə yetirilib, gömrük nəzarəti və gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri gücləndirilib, komitənin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətlə aparılan işin səmərəliliyi artırılıb.

 

Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan gömrük orqanları 2020-ci ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” qanun Prezidentin müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına dair Fəaliyyət Planı”nı və gömrük işini tənzimləyən digər normativ-hüquqi aktları işdə rəhbər tutaraq tərtib olunmuş iş planı əsasında qurub.

 

Dünya Bankının Daxili Audit Komitəsi tərəfindən keçirilmiş auditin nəticələrinə uyğun olaraq, Azərbaycan yeganə ölkə kimi irəliləyiş nümayiş etdirərək “Doing Business 2020” hesabatında mövqeyini 6 pillə yaxşılaşdırıb, növbəti dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub, xüsusilə 3 indikator dəyişikliyə məruz qalıb və “Sərhəddə ticarət” indikatoru müsbət istiqamətdə əsas ciddi dəyişikliklərə məruz qalan indikatorlardan biri olub, ölkəmiz 34-cü pillədən 28-ci pilləyə irəliləyib.

 

Alman-Azərbaycan Xarici Ticarət Palatasının 2020-ci il biznes mühiti hesabatının gömrük məsələlərinə dair hissəsində son bir neçə ildə gömrük orqanlarının ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması, korrupsiya və rüşvət hallarının minimuma endirilməsi istiqamətində apardığı genişmiqyaslı işləri təqdirəlayiq hal kimi qiymətləndirilib. Bu kontekstdə birbaşa insan təmasının rolunu məhdudlaşdırmaq üçün elektron gömrük təşəbbüslərinin təkmilləşdirilməsində və müəssisələrin ehtiyaclarını daha dolğun təmin etmək üçün dövlət-özəl sektor dialoqunun inkişafındakı irəliləyiş Azərbaycanda fəaliyyət göstərən xarici müəssisələr tərəfindən yüksək dəyərləndirilib. Alınan rəylər əvvəlki illərdə biznes ictimaiyyəti tərəfindən qaldırılan aktual ehtiyaclardan biri olan “Yaşıl dəhliz” rejiminin optimallaşdırılması istiqamətində atılan addımların bəhrəsini verməyə başladığını göstərir. Alman-Azərbaycan Xarici Ticarət Palatasının apardığı sorğuda iştirak edən respondentlərin yarıdan çoxu (58%) gömrük islahatlarını ən səmərəli islahatlar kimi qiymətləndirərək ilk 5-likdə sıralayıb.

 

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq, məmur-vətəndaş təmasının minimuma endirilməsi, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə bəyannamələrin rəsmiləşdirilməsi üçün əməkdaşların təyin edilməsində elektron növbə sistemi yaradılıb, hər bir xarici iqtisadi fəaliyyət iştirakçılarına tez bir zamanda yüklərini rəsmiləşdirmələrinə maksimum şərait yaradılıb.

 

 

 

Gömrük xidməti koronavirusla mübarizədə ayıq-sayıqdır

 

 

 

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında sərəncamı ilə bir sıra tapşırıqlar müəyyən edilib. O cümlədən “Səhiyyə məqsədləri üçün sərnişin haqqında məlumat təqdimetmə forması” (Azərbaycan, rus və ingilis dillərində) hazırlanıb, səyahət edən şəxslər üzərində effektiv nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələrində məsafədən hərarətin ölçülməsi üçün nəzərdə tutulan termovizorlar quraşdırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin keçdiyi ərazilərdə, eləcə də koronavirus infeksiyasına yoluxma riski olan digər yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılıb, infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə komitənin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin şəxsi heyəti müvafiq fərdi mühafizə vasitələri və digər ləvazimatlarla təmin edilib.

 

Bunlardan əlavə, koronavirus pandemiyası ilə bağlı sualların cavablandırılması məqsədilə Dövlət Gömrük Komitəsinin “Çağrı” mərkəzində “Qaynar xətt”in fəaliyyəti fasiləsiz iş rejimində təmin olunub, profilaktik tədbirlərin aparılması çərçivəsində gömrük-sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin və gömrük əməkdaşlarının məlumatlandırılması üçün nəzərdə tutulan, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında posterlər hazırlanaraq bütün gömrük-sərhəd buraxılış məntəqələrinə göndərilib. Həmçinin Azərbaycan Respublikasının dövlət sərhədlərində sanitariya nəzarətinin daha da gücləndirilməsi və müasir çağırışlara cavab verməsi məqsədilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tərkibində Sanitar-Karantin Xidməti yaradılıb, eləcə də maarifləndirici kitabçalar və təlimatlar hazırlanıb.

 

 

 

Gömrük ödənişlərinə artıqlaması ilə əməl olunur

 

 

 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa əsasən, 2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 102,83 faiz əməl olunub. Onu da qeyd edim ki, 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün 3 milyard 900 milyon manat həcmində büdcə proqnozu müəyyən edilib.

 

Hesabat dövründə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə “Yaşıl dəhliz”, eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin edilməsi və digər istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, idxal olunan malların gömrük dəyərinin və çəkisinin düzgün bəyan olunmaması nəticəsində yaranan fiskal risklərin insan amili olmadan avtomatik olaraq aşkar edilməsi məqsədilə elastiklik göstəricilərinin avtomatlaşdırılması istiqamətində beynəlxalq statistik modellərdən istifadə edilməklə təhlillər aparılır. Ötən il 29 risk profili deaktiv olunaraq 91 yeni risk profili sistemə əlavə edilib. Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə mal kodlarının, gömrük dəyərinin düzgün bəyan olunmaması, idxal olunan mallar üzrə çəki fərqləri təhlil edilmiş riskli mal mövqeləri, həmçinin bir sıra risk meyarları nəzərə alınmaqla risk hallarının minimallaşdırılması məqsədilə müvafiq risk profilləri tətbiq olunub.

 

Gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, Dövlət Gömrük Komitəsinin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsi, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin yaradılması məqsədilə Ümumdünya Gömrük Təşkilatının Risk Menecment Kompendiumunun sərhəd risklərinin idarəolunması üçün istifadə edilən əsas risk meyarları, sərhəd risklərinin idarəolunması üzrə qabaqcıl beynəlxalq təcrübə öyrənilərək idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən yük avtomobillərinin gömrük-sərhəd buraxılış məntəqələrindən risk əsaslı avtomatlaşdırılmış sistem vasitəsilə keçidinin təmin edilməsini özündə ehtiva edən sərhəd risklərinin idarəolunması sisteminin modulu layihəsi hazırlanıb. Bu sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatların emal edilməsini, onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verməsini və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalının müəyyən edilməsini nəzərdə tutur.

 

Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında Yük Hədəfləmə Sisteminin tətbiqinə dair bağlanmış müqavilə çərçivəsində risklərin idarə edilməsi üzrə ilkin qiymətləndirmə işləri aparılıb, eyni zamanda gömrük-sərhəd keçid məntəqələrində formalaşan məlumatların proqram təminatına uyğunlaşdırılması, həmin məlumatları emal edən virtual maşınların tətbiqinə başlanılması, müvafiq təlimlərin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir.

 

 

 

Gömrük nəzarəti gücləndirilir, ticarət asanlaşdırılır

 

 

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş prioritet hədəflər çərçivəsində mallar və nəqliyyat vasitələri üzərində həyata keçirilən gömrük nəzarətinin səmərəliliyinin artırılması, sadələşdirilmiş gömrük nəzarəti metodlarının tətbiqi, ticarətin asanlaşdırılması, beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsi, tranzit potensialının inkişaf etdirilməsi, o cümlədən gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha müasir model əsasında formalaşdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilməkdədir.

 

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2019-cu ildən etibarən, ümumilikdə 843 xarici ticarət iştirakçısı olmaqla, yalnız idxal üzrə 501, yalnız ixrac üzrə 102, həm idxal, həm də ixrac üzrə isə 240 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olmuş müraciətlərin təhlilinin nəticəsi olaraq 236 xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 668 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. Ötən il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun verildiyi şirkətlərin əməliyyatlarının ümumi idxalda həcminin xüsusi çəkisi statistik dəyər üzrə 40 faiz, ixracda isə 32.85 faiz, kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında həcminin xüsusi çəkisi statistik dəyər üzrə 62.77 faiz, ixracda isə 54.72 faiz təşkil edib.

 

Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli qaydada keçirilmiş 14 imtahanda iştirak üçün dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirmək istəyən 230 hüquqi şəxs Dövlət Gömrük Komitəsi tərəfindən aparılan dövlət reyestrinə daxil olunub, həmin şirkətlərin, ümumilikdə 1172 nəfər əməkdaşı ixtisas attestatı əldə etmək üçün müvafiq sənədlərlə Dövlət Gömrük Komitəsinə müraciət edib, onlardan 445 nəfərin elektron xidmətlərdən istifadə hüququ aktivləşdirilib. Hazırda 185 şirkət Dövlət Gömrük Komitəsinin reyestrində qeydiyyatdan keçməklə dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirir.

 

 

 

Gömrük hüquqpozmalarına qarşı mübarizə zəifləmir

 

 

 

Ötən il ərzində Azərbaycanın gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18913 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 509-u cinayət xarakterli olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan vətəndaşı, 105 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb.

 

Gömrük orqanları tərəfindən (digər hüquq mühafizə orqanları ilə birlikdə) görülən tədbirlər nəticəsində 2020-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Bunların 96%-ni daha təhlükəli narkotik vasitə olan 1 ton 430 kq 538 qram heroin, 36 kq 702 qramdan çox tiryək, 5 kq 909 qram həşiş, 1 kq 169 qramdan çox marixuana, 1 kq 365 qramdan çox kokain, 15,5 qram metadon, 6 kq 354 qramdan çox metamfetamin, 1 kq 187 qram MDMA (ekstazi), 9 ədəd klonazepam, 4 kq 600 qram sulfat turşusu, 2 kq 556 qram xlorid turşusu və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

 

2020-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 108, o cümlədən 94 kişi və 14 qadın olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və 29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4 Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 12 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib.

 

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar olunan 18404 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2360 hüquqi şəxs (o cümlədən 861 xarici hüquqi şəxs) və 16064 fiziki şəxs (o cümlədən 11301 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib.

 

Gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 340 800,0 ABŞ dolları, 2 007 491,0 rus rublu, 110 326,0 manat dəyərində 287 ədəd qızıl-zinət əşyaları, 12 848,0 manat dəyərində 531 ədəd gümüş-zinət əşyaları, 3418 manat dəyərində 62,18 qram qızıl muncuqlar və s. aşkar olunub.

 

İstintaq orqanının barələrində axtarış elan etdiyi 30 nəfər şəxslə bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilərək onların yeri müəyyən edilib və istintaq orqanının sərəncamına verilib.

 

 

 

Texnoloji və sosial innovasiyaların tətbiqi genişlənir

 

 

 

Dövlət Gömrük Komitəsi öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə davamlı islahatlar həyata keçirir. Komitənin internet saytında təkmilləşdirmələr aparılıb, yeni bölmələr əlavə edilib, Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasına dair məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə “Ticarət statistikası” portalının beta versiyası hazırlanıb.

 

İnternet üzərindən elektron ticarət yolu ilə idxal olunan malların rəsmiləşdirilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” elektron gömrük xidməti istifadəyə verilib.

 

Gömrük-Biznes əməkdaşlığının (C2B) daha da inkişaf etdirilməsi, biznes subyektlərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni www.e.customs.gov.az portalı hazırlanıb. Elektron gömrük xidmətlərinin həmin portal üzərindən göstərilməsi nəzərdə tutulur və hazırda “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” xidmətinin bu portal üzərindən tətbiqinə başlanılıb. Həmçinin portalda xarici iqtisadi fəaliyyət iştirakçıları üçün gömrük rəsmiləşdirilməsi üzrə lazım olan sənədlərin elektron qaydada gömrük orqanlarına göndərilməsi məqsədilə “Sənədlərin qeydiyyatı” bölməsi yaradılıb.

 

Beynəlxalq ticarət zənciri üzrə malların vaxt və xərc itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin, o cümlədən xarici ticarət iştirakçılarına öncədən biznes proqnozlaşdırılmasının təmin olunması məqsədilə “Məcburi qərarlar” elektron gömrük xidməti hazırlanıb və istifadəyə verilib. “Smart Customs” mobil tətbiqinin yeni versiyası istifadəyə verilib, ilkin olaraq “Sadələşdirilmiş bəyannamə - elektron ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və “Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması” gömrük xidmətləri bu tətbiqə inteqrasiya edilib. Eləcə də xarici vətəndaşların elektron gömrük xidmətlərindən istifadə edə bilməsini təmin etmək üçün www.e.customs.gov.az portalında qeydiyyatdan keçmə və istifadə üzrə modulu hazırlanıb və tətbiq olunub.

 

“Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi” gömrük xidməti təkmilləşdirilib, idxal-ixrac olunan mala görə bank ödənişləri üzrə banklar tərəfindən edilmiş qeydlərin bankların özləri tərəfindən silinməsi və onlara düzəliş edilməsi imkanı yaradılıb. Pul köçürmələrinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə hesabat formalarında təkmilləşdirmələr aparılıb.

 

Poçtdaşıma və kuryer şirkətləri üçün elektron ticarət platforması hazırlanıb, həmin şirkətlər üçün fiziki şəxslərə gətirdikləri yüklərin malın dəyərinə və miqdarına görə tətbiq olunan güzəştlər nəzərə alınmaqla sadələşdirilmiş qaydada rəsmiləşdirilməsi imkanı (o cümlədən “Smart Customs” mobil tətbiqində) yaradılıb. Hazırkı dövrə qədər 44 şirkət bu xidmətə inteqrasiya olunub.

 

Dövlət Gömrük Komitəsinin www.customs.gov.az rəsmi internet səhifəsinin müraciətlər bölməsində “Könüllü gömrükçü” alt bölməsi yaradılıb ki, bu da öz növbəsində növbəti dəfə könüllü olmaq istəyən gənclərə rahat formada müraciət etmək imkanını verib.

 

 

 

Beynəlxalq əməkdaşlığa xüsusi diqqət verilir

 

 

 

2020-ci ildə gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə bir sıra ölkələrin gömrük orqanları ilə beynəlxalq normalara uyğun saziş, protokol və aidiyyəti sənədlərin hazırlanması istiqamətində müvafiq tədbirlər görülüb.

 

“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Gömrük Orqanı arasında Saziş” layihəsi hazırlanaraq münasibətin bildirilməsi üçün qarşı tərəfə təqdim edilib.

 

“Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron şəkildə qarşılıqlı tanınması haqqında Protokol”, “Azərbaycan Respublikasının Hökuməti ilə Əfqanıstan İslam Respublikasının Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım və əməkdaşlıq haqqında Saziş” isə imzalanma üçün tam hazırlanıb.

 

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Saziş”ə müvafiq olaraq hazırlanan “Texniki şərtlər sənədi”, “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Respublikasının Hökuməti arasında Avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sisteminin yaradılmasına dair Saziş”ə müvafiq olaraq hazırlanan “Texniki şərtlər sənədi” imzalanıb.

 

Hesabat dövründə Dövlət Gömrük Komitəsi tərəfindən bir neçə regional və beynəlxalq səviyyəli tədbirlər də təşkil edilib.

 

 2020-ci ilin yanvarında Bakıda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Bergen Anlaşması”nın yeni redaksiyasının hazırlanması məsələsinin müzakirə edilməsi məqsədilə işçi qrupun iclası və ÜGT-nin Avropa Regionu üzrə Milli Əlaqələndirici Şəxslərin 3-cü iclası, ÜGT-nin Regional Kinoloji Mərkəzində isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələrinin Kinoloji Xidmətlərinin nümayəndələri üçün kinologiya sahəsində qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üzrə seminar təşkil olunub.

 

Fevral ayında ABŞ Hökumətinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Ədirnə şəhərində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Gömrük xəttində xidmət edən zabitlər üçün sərhədlərin mühafizəsi” mövzusunda təlim, ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ABŞ Beynəlxalq Hüquqi Araşdırmalar üzrə Müdafiə İnstitutu tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün beynəlxalq humanitar hüquq sahəsində təlim seminarı, mart ayında Moldova Respublikası və Ukrayna gömrük xidmətlərinin nümayəndələri üçün elektron alətlərin və avtomatlaşdırılmış videomüşahidə sistemlərinin sərhəd-keçid məntəqələrində tətbiq edilməsi sahəsində Dövlət Gömrük Komitəsinin təcrübəsinin öyrənilməsi məqsədilə təlim, aprel ayında Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın sədrliyi ilə videokonfrans, Dövlət Gömrük Komitəsi və İran İslam Respublikasının Gömrük İdarəsinin nümayəndə heyətləri arasında onlayn rejimdə müzakirələr, may ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri, iyun ayında ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Ofislərinin əlaqələndirici şəxslərinin videokonfrans formatında iclası, ÜGT Şurasının sədri vəzifəsinə təyinatla bağlı məsələnin müzakirəsi məqsədilə MDB üzv dövlətlərin gömrük xidmətləri arasında videokonfrans, ÜGT Şurasının videokonfrans formatında 135/136-cı sessiyaları, iyul ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri üzrə Dövlət Gömrük Komitəsi - Mərkəzi Asiya Regional Məlumat və Əlaqələndirmə Məzkəzi - BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi arasında üçtərəfli formatda videokonfrans, ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılması ilə bağlı istintaqlar üzrə Dövlət Gömrük Komitəsinin nümayəndələri üçün onlayn təlim, sentyabr ayında Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ilə Koreya Gömrük Xidmətinin nümayəndə heyəti arasında Gömrük Modernləşdirilməsi Layihəsi çərçivəsində videokonfrans formatında görüşlər, Azərbaycan, Əfqanıstan və Türkmənistan gömrük xidmətləri arasında gömrük və sərhəd məsələləri bölməsi üzrə alt işçi qrupun rəhbərlərinin videokonfrans formatında ikinci iclası, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə Dövlət Gömrük Komitəsi arasında videokonfrans formatında görüş, noyabr ayında ÜGT-nin Avropa Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin videokonfrans formatında iclası və digər tədbirlər baş tutub.

 

 

 

Gömrük infrastrukturu müntəzəm yenilənir

 

 

 

Ölkə ərazisinə gələn və ölkə ərazisini tərk edən şəxslər və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin effektivliyinin daha da artırılması məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud infrastrukturunun genişləndirilməsi, eləcə də sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi məsələləri diqqət mərkəzində olub və müvafiq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

 

Dövlət sərhədinin buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin keçidinin daha da sürətləndirilməsi məqsədilə mal və nəqliyyat vasitələrinin qeydiyyatı, yol vergilərinin hesablanması və icazə blanklarının tətbiqi, eləcə də malların baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan sənədlərinin və sertifikatlarının yoxlanılması “Bir pəncərə” üzrə “Bir inspektor - bir nəqliyyat vasitəsi” prinsipi əsasında həyata keçirilib.

 

Hazırda Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda sərnişin nəqliyyatı binasının yenidən qurulması və genişləndirilməsi, nəqliyyat vasitələrinin yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun tikinti işləri və dəmiryol gömrük postunda dəmir yolu üzərində “HCVT-6032” tipli X-RAY rentgen-nəzarət buraxılış məntəqəsinin tikinti işləri yekunlaşmaq üzrədir.

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Tovuz gömrük terminalı və anbarları”nın ərazisində yardımçı binaların tikinti işləri başa çatıb və ərazidə Ticarətin Asanlaşdırılması Mərkəzi istismara verilib.

 

 

 

Əməkdaşlarımızın peşəkarlıq səviyyəsi artır

 

 

 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə, eləcə də gömrük əməkdaşlarının ixtisas və peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.

 

Ötən il gömrük sahəsində tədris və elmi əməkdaşlıq məsələləri ilə bağlı Avropa İttifaqı üzvü olan 10 ölkə, həmçinin Türkiyə, ABŞ, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri ilə əlaqələr yaradılıb, Litva, Latviya, Ukrayna, Almaniya, İspaniya, Koreya və Belarusun müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələri ilə ikitərəfli müqavilələr və memorandumlar imzalanıb. Dövlət Gömrük Komitəsinin Akademiyası ölkədə ilk olaraq edX MIT və Harvard Universitetinin yaratdığı “Online Campus” qlobal nüfuzlu təhsil platformasına qoşulub, həmçinin BMT Qlobal Sazişinə, UNGC-nin Məsuliyyətli İdarəetmə Təhsilinin Prinsipləri (PRME) proqramına, Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul olunub.

 

Gömrük Akademiyası tərəfindən Çin Xalq Respublikası, Estoniya və Şimali Makedoniyanın təhsil müəssisələri ilə əməkdaşlıq haqqında müqavilələrin imzalanmasına hazırlıq işləri görülüb, Türkiyənin üç universiteti, Qazaxıstan, Özbəkistan və Rusiyanın gömrük işinin təşkili sahəsində mütəxəssis hazırlayan ali təhsil müəssisələri və Qırğızıstan Dövlət Gömrük Komitəsinin Təlim Mərkəzi ilə əməkdaşlıq əlaqələri razılaşdırılıb.

 

Dövlət Gömrük Komitəsinin Akademiyası Avropa Komissiyasının qrantı əsasında 2020-2023-cü illərdə həyata keçiriləcək “ERASMUS+WORK4CE” layihəsinin Ukrayna, Belçika, Almaniya, Azərbaycan və İspaniyadan olan səkkiz ali təhsil müəssisəsinin daxil olduğu konsorsiumun üzvü olub.

 

Ötən il ərzində 129 tələbə, 63 gömrük əməkdaşı dünyanın müxtəlif universitetlərinin təşkil etdiyi kurslarda təlimlərə qoşulub, sonunculardan 18 nəfəri həmin universitetlərdən 41 sertifikat əldə edib. Bu platformadan istifadə üçün daha 2500 lisenziya əldə edilib. Gömrük Akademiyası ilk olaraq həm də tələbələrin və gömrük əməkdaşlarının “Coursera for Campus” proqramı çərçivəsində təlimlərə qoşulması üçün imkan yaradıb, Ümumdünya Gömrük Təşkilatının “CLiKC!” onlayn təhsil platformasında e-Learning kurslarından istifadə üzrə Milli Koordinatorun icazə sistemini bərpa edib.

 

 

 

İnkişafın yeni dövrü başlayır

 

 

 

Şübhəsiz ki, 2020-ci ildə ölkəmizdə əldə edilən ən böyük uğur Vətən müharibəsindəki tarixi Zəfərdir! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini, əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını bir daha bütün dünyaya göstərdi.

 

Bu zəfərin əldə olunmasında gömrük orqanlarının əməkdaşları da öz töhfəsini əsirgəməyib. Müharibənin ilk günlərindən səfərbər olunan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tibb kollektivi ön və arxa cəbhələrdə yaralı əsgərlərimizə zəruri tibbi xidmət göstərib, əsgərlərimizin müalicəsində aktiv iştirak edib.

 

Dövlət Gömrük Komitəsi sistemindən 60 əməkdaş ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara qatılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə təltif olunan hərbi qulluqçular arasında bir qrup gömrük əməkdaşı da var. Onlardan şəhidlik zirvəsinə ucalan əməkdaşımız Hacıyev Ülvi Şirin oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmçinin 18 qazi əməkdaşımız müxtəlif medallara layiq görülüb.

 

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşları könüllü olaraq əməkhaqlarından Azərbaycan Ordusuna Yardım Fonduna 1 milyon, Yaşat Fonduna 580 min manat vəsait köçürüblər. Komitə tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə dəyəri 7 milyon 600 min manatdan çox qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.

 

Vətən müharibəsindəki zəfər ölkəmizdə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir aparılan siyasətin, eləcə də milli birliyin təcəssümüdür. Bu tarixi zəfər Azərbaycanın, eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırıb. Əminik ki, 2021-ci ildə də Azərbaycan dövləti və xalqı qarşısına qoyduğu bütün hədəflərə çatacaq, zəfər ovqatı iqtisadi-sosial sahədə irəliləyişlərlə, böyük quruculuq və inkişaf tempi ilə müşayiət ediləcəkdir.

 

Öz növbəsində gömrük xidməti respublikamızın iqtisadi inkişafında iştirak etməklə ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni uğurlar qazanmasında bundan sonra da mühüm rol oynayacaq.

 

 

 

Səfər MEHDİYEV,

 

Dövlət Gömrük Komitəsinin sədri,

 

gömrük xidməti general-polkovniki

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.4.