İnformasiya savaşının əsgəri

 

 

 

Azərbaycanda sosial şəbəkələrdə ən çox izləyicisi olan portalın rəhbəri Hacıbəy HEYDƏRLİ: “Prezident İlham Əliyev hərbi qələbə qazanmaqla yanaşı, informasiya müharibəsində də erməniləri diz çökdürdü”

 

 

 

Ermənistanın hərbi təxribatına cavab olaraq başlanan Vətən savaşı cəmi 44 günə Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu müddətdə şanlı Ordumuz döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirdiyi kimi, arxa cəbhədə də informasiya müharibəsində üstünlük qazandıq.

 

Müharibə yeni başlayan dövrdə dünyanın bir çox media qurumları açıq-aydın bizə qarşı qərəzli mövqe nümayiş etdirirdilər. Onlara qarşı informasiya blokadasını xarici KİV-ə verdiyi müsahibələrlə Azərbaycan Prezidenti İlham Əliyev şəxsən özü yardı.

 

Bu müddətdə dünyanın əksər aparıcı mediası dövlət başçısından müsahibələr aldı. Düşmən tərəfindən maliyyələşdirilən, erməni lobbisinin əlində oyuncağa çevrilən bəzi jurnalistlərin ən qərəzli suallarına belə cavab verməkdən yayınmayan Prezident nə dərəcədə hazırlıqlı olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini, işğala məruz qaldığını, beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu sübut etdi. Azərbaycanın apardığı düzgün və ağıllı informasiya siyasəti Qarabağda baş verən həqiqətlərin dünyaya çatdırılmasına imkan verdi. İlham Əliyev informasiya savaşını da Zəfərlə bitirdi.

 

 

 

İlklərin müəllifi

 

 

 

Bu savaşda fəal gənclərin də xüsusi rolu oldu. Onlar informasiya savaşının əsgərləri olaraq vətən müharibəsi başlayan gündən öz cəbhələrində vuruşdular. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə çağırışına cavab olaraq, onlar informasiya müharibəsinin əsgərlərinə çevrilib bu mübarizəyə qoşuldular. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün gənclərimiz təbliğat apardılar.

 

İnformasiya savaşının fəal əsgərlərindən biri də azxeber.com saytının təsisçisi və baş redaktoru Hacıbəy Heydərli olub. Hacıbəy 13 aprel 1991-ci ildə Bakıda dünyaya gəlib. 2008-ci ildə Binəqədi rayon 283 nömrəli məktəbi bitirib. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. I kursda təhsil alarkən Azərbaycanda tələbə jurnalistlərin ilk bloqunu yaradıb. Tələbəlik illərində BDU-da 2 dəfə “İlin tələbəsi” seçilib.

 

2010-cu il aprelin 13-də o, tələbə yoldaşı Əfsələddin Ağalarovla birlikdə Azərbaycanda tələbə jurnalistlərin ilk xəbər saytı olan azxeber.com-u təsis edib və qısa müddətdə ölkənin ən çox oxunan saytları sırasına daxil olub.

 

Hacıbəy Heydərli 2012-ci ildə ABŞ-da yeni media və bloggerlik təlimi keçib. ABŞ Dövlət Departamenti tərəfindən “New Media and Blogging” təlimlərində iştirak edib və sertifikata layiq görülüb. Həmin təlim çərçivəsində ABŞ-ın ən nüfuzlu media orqanlarından “New York Times”, “Washington Post” kimi qəzetlərin redaksiyasında olub.

 

Gənc jurnalist, eyni zamanda qardaş Türkiyənin ATV, AHaber, DHA, Sabah, Takvim, Hürriyet kimi nüfuzlu media orqanlarının redaksiyalarına gedib, onların iş prinsipləri ilə yaxından tanış olub.

 

Hacıbəy tələbəlik illərində həm də “İrəli Media Akademiyası” və “Bakı Jurnalistika Məktəbi”ndə də təhsil alıb və hər iki media məktəbini fərqlənmə ilə bitirib. Daha sonra “İrəli Media Akademiyası”na, “İrəli Radio”ya rəhbərlik edib.

 

İctimai fəaliyyətlə də məşğul olan jurnalist bir çox gənclər təşkilatı və QHT-lərin layihələrinin rəhbəri olub. Türkiyənin İstanbul şəhərində “Xocalıya ədalət!” həftələrində iştirak edib. Qardaş ölkədə baş tutan “Bayrağınla yüksəl - Azərbaycan” tədbirinin də təşkilatçılarındandır. Azərbaycanda ilk dəfə gənc jurnalistlərin futbol yarışması layihəsinin icraçısı olub. Gürcüstanda, Monteneqroda, İtaliyada, Ukraynada, Moldovada, Estoniyada, Finlandiyada, Macarıstanda keçirilən bir sıra beynəlxalq tədbirlərə qatılıb, Monteneqro televiziyalarında çıxış edib.

 

 

 

Xarici mediada Azərbaycan həqiqətlərini yayanlardan biri

 

 

 

Sayt rəhbəri gənc yaşda bu qədər uğur qazanmasının formulunu sevdiyi işlə məşğul olmaqda görür:

 

- Əgər sən sevdiyin işlə məşğulsansa və özünü burada tapırsansa, perspektiv görürsənsə, uğur özü sənin arxanca gələcək. Əgər pulu, ailəni düşünüb, başqa, lakin sevmədiyin bir işlə məşğulsansa, orada uğur qazanmayacaqsan. Götürək elə bizim işi,  çox da böyük gəlir əldə etmirik, lakin məni burada saxlayan peşəyə olan maraq və sevgidir. Hətta bəzən ruhdan düşdüyüm məqamlar da olur ki, o zaman sayta xəbər yerləşdirməklə əhvali-ruhiyyəmi düzəldirəm (gülür). Bir də mütləq səbirli olmalısan. Sevgi və səbir olduqda uğur özü səni izləyəcək.

 

Azxeber.com informasiya portalı Azərbaycanda sosial şəbəkələrdə ən çox izləyicisi olan saytlardandır. Saytın “Facebook” səhifəsini 620 mindən çox insan bəyənir, 700 minə yaxın izləyicisi var. “Instagram”da xəbər saytını 600 minə qədər insan bəyənib. Son zamanlar ölkəmizdə populyarlaşan və ictimai rəyə təsir edən “Telegram”da saytı 30 minə yaxın insan izləyir. Portalın gündəlik ziyarətçi sayı isə 40-70 min arası dəyişir.

 

Sayt pandemiya dövründə ən fəal KİV-dən biri olub. 2020-ci ilin əvvələrində başladılan “#evdəqal” kampaniyası ilə bağlı layihələr həyata keçirib.

 

44 günlük Vətən müharibəsi ərzində informasiya müharibəsində aktiv rol oynayan saytın həm özündə, həm də sosial şəbəkə səhifələrində 20 mindən çox məlumat yayımlanıb. Müharibə dövründə güvənib xəbər mənbəyi rolunu oynayaraq rəsmi məlumatları yaymaqla yanaşı, düşmən təxribatlarının da qarşısının alınmasında xüsusi rol oynayıb.

 

Hacıbəy Heydərli 44 günlük Vətən müharibəsi zamanı həm ölkə daxilində, həm də ölkə xaricində bir çox media orqanlarına, televiziyalara açıqlamalar verərək düşmənin yalanlarını ifşa edib. Türkiyənin TVNET, Ulusal Kanal, TGRT Haber kimi nüfuzlu televiziyalarına, çoxsaylı qəzet və saytlarına açıqlamalar verib. Bərdə, Gəncə terrorları zamanı Türkiyə televiziyalarının canlı yayımlarına qatılaraq ermənilərin xain hücumları, mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması barədə qardaş ölkə ictimaiyyətinə dolğun məlumat çatdırıb. Eyni zamanda Azərbaycanın döyüş meydanında qazandığı uğurlar, işğaldan azad edilən torpaqlarımız və Türkiyə-Azərbaycan qardaşlığı barədə bəhs edib.

 

 

 

Ali Baş Komandanın mükəmməl örnəyi

 

 

 

Sayt rəhbəri ermənilər tərəfindən əsir götürülən əsgərlərimiz Amin Quliyev və Bayram Kərimovun geri qaytarılması üçün sosial mediada “#givebackamin” və “#givebackbayram” kampaniyalarının fəal iştirakçılarından olub və bütün dünyanın diqqətini erməni vəhşiliyinə məruz qalan əsgərlərimizə cəlb etməyə çalışıb:

 

- Müharibə yalnız ön cəbhədə deyil, arxada - informasiya cəbhəsində də gedirdi, Ermənistan informasiya savaşında da ciddi təxribat törədir, daim yalan məlumatlar yayır, dünya ictimaiyyətini çaşdırmağa çalışırdı. Mən də həmin yalanları öz cəbhəmdə ifşa etməyə çalışırdım. Həm saytımızda, həm də sosial media hesablarımızda günün 20-22 saatı xəbər istehsal edirdik. Xüsusən son zamanlar populyarlaşan “Telegram”da düşmən təxribatı sərhəd tanımırdı. Mən həm öz “Telegram” kanalımızda, həm də rus və erməni kanallarında düşmənə cavab verirdim. Təsadüfi deyil ki, buna görə bir çox erməni kanalında blok olunmuşam. Düşmən təxribatı saytımızdan da yan keçməyib. Ermənilər müxtəlif sosial şəbəkələrdə “azxəbər” adında hesablar açaraq, orada yalan məlumatlar yaymağa çalışırdılar, müharibə dövründə və ondan əvvəlki dövrdə saytımıza dəfələrlə haker hücumları oldu. Hətta düşmənin davamlı şikayətlərinə görə, “Twitter” kanalımız bağlandı. Ancaq bu bizi qorxutmadı, əksinə, daha da gücləndirdi. Çünki cənab Prezidentin dediyi kimi, bizim işimiz haqq işidir.

 

Ancaq hələ arxayınlaşmalı deyilik, çünki informasiya müharibəsi davam edir. Əvvəlki illərdə biz bu qədər professional şəkildə informasiya müharibəsi apara bilmirdik. Açığını demək lazımdır ki, indiyə qədər erməni lobbisi və erməni mediası ilə bağlı böyük miflər yaradılmışdı. Amma Ali Baş Komandanın rəhbərliyi ilə elə bir şərait, elə bir beynəlxalq vəziyyət yaradıldı ki, diplomatik müstəvidə də onlar heç bir addım ata bilmədilər və böyük şok keçirdilər. Prezident İlham Əliyev təkbaşına informasiya müharibəsində düşmən haqda mifləri məhv etdi. Ermənilərin nə qədər aciz olduğunu bütün dünyaya göstərdi. Çox qürurluyuq ki, bu müharibədə hərbi müstəvidə böyük qələbə qazanmaqla yanaşı, Prezidentimiz həm də informasiya savaşında erməniləri diz çökdürdü.

 

H.Heydərli deyir ki, bu gün ön cəbhədə müharibə bitib, Azərbaycan öz tarixi torpaqlarını geri qaytarıb, 30 ildir icra olunmayan BMT qətnamələrini yerinə yetirib. Buna baxmayaraq, o da reallıqdır ki, bəzi xarici qüvvələr Azərbaycanın bu haqlı qələbəsini gözdən salmağa çalışır, qondarma rejimi tanımağa yönəlik addımlar atmaq istəyirlər. Bu isə qarşıda bizi hərbi fazadan daha aktiv olan diplomatik və informasiya müharibəsinin gözlədiyini göstərir. Bu baxımdan sayt rəhbəri Azərbaycanda sosial şəbəkə hesabları, səhifələri və kanallarının koordinasiya edilməsi ilə bağlı təklif irəli sürüb.

 

 

 

Sosial şəbəkələrdəki fəaliyyət koordinasiya olunmalıdır

 

 

 

H.Heydərlinin sözlərinə görə, bu gün ictimai-siyasi proseslərlə maraqlanmayan çox sayda insanın məlumatı yalnız sosial şəbəkələrdən aldığı informasiyalardır. Xeyli insan “Instagram” səhifələrini bütövlükdə media hesab edir və orada paylaşılan məlumatlara inanır. Həmin adminlərin çoxu jurnalist deyil, ancaq səhifələrində 400-500 min adam olduğuna görə peşəkar jurnalistlərdən daha çox təsir gücünə malikdirlər.

 

- Çox istərdim ki, həmin səhifə adminləri ilə bağlı dövlətimizin bir proqramı olsun. Çünki düşmən bu gün də azərbaycanlı adlarla profillər, səhifələr açır, saxta və feyk məlumatlar yaymağa çalışır. Ona görə də sosial şəbəkə hesablarını, “Instagram”, “Facebook” səhifələrini, “Telegram” kanalını özündə birləşdirən bir quruma ehtiyac var. Qurum məsləhətverici xarakter daşıya bilər. Sosial şəbəkə səhifələrini koordinasiya etməklə yanaşı, səhifə adminlərinə həssas məqamlarda nəyi paylaşmaq olar, nəyi olmaz mövzusunda təlimlər keçmək lazımdır. Bu, müharibədən keçən bir ölkə üçün çox vacibdir. Tam əminliklə deyə bilərəm ki, həmin səhifə adminlərinin, bloggerlərin çoxu dövlətə bağlı gənclərdir. Mənəvi dəstək göstərməklə onları daha da stimullaşdırmaq olar.

 

Fikrimcə, yeni yaradılan Medianın İnkişaf Agentliyi bu istiqamətdə mühüm işlər görə bilər. Ən azından elan edilən müsabiqələrin istiqamətlərinə uyğun yazıların yarım milyonluq səhifədə paylaşılması daha məqsədəuyğundur. Bundan başqa, müsabiqələrə bloggerləri, “influincer”ləri də cəlb etmək lazımdır. “Instagram”da milyona yaxın izləyicisi olan bloggerlər var. Onların bir “story” paylaşımı ölkə gündəminə təsir edə bilər. Həmin şəxsləri də yaradılacaq quruma cəlb etmək vacibdir. Bu, həm də onlara dövlətin münasibətini göstərəcək və həssas məqamlarda heç vaxt antimilli fəaliyyət aparmayacaq, yalan, saxta məlumat yayıb düşməni sevindirməyəcəklər.

 

Jurnalist söyləyir ki, son zamanlar ölkəmizdə geniş yayılan “Telegram” sosial şəbəkəsindəki 50-100 minlik xəbər kanalları ilə də əməkdaşlıq edilsə, yalan, saxta məlumatların qarşısı alınar və onlar dövlətçi mövqedən çıxış edərlər. Çünki düşmən bu sosial şəbəkədə çox fəaldır. Bundan başqa, H.Heydərli “Facebook” və “Instagram”da aktiv olan “influencer”lərə və bloggerlərə də diqqət ayırmağı lazımlı hesab edir. Onların da cəmiyyətə təsir gücü var. Xəbər saytları, agentliklər, TV-lər də həmin şəxslərlə əməkdaşlıq etsə, bu, onlara stimul verərək daha peşəkar çalışmalarına yardımçı olar.

 

Bütün bu addımların əsas məğzi cəmiyyətimizə, xalqımıza daha faydalı məlumatlar verməkdən, yalan, saxta, şayiə tipli xəbərlərin qarşısını almaqdan ibarətdir. Bu həm də informasiya müharibəsində çox önəmlidir. Unutmayaq ki, ön cəbhədə döyüş başa çatsa da, arxa cəbhədə, informasiya sahəsində müharibə hələ çox davam edəcək.

 

 

 

Xəyalə MURADLI,

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.6.