Ağdam
təhsilindəki problemlər narahatlıq doğurur
Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdə
qüdrəti, Azərbaycan əsgərinin qəhrəmanlığı
sayəsində Qarabağ işğaldan azad olunmuş,
düşmən torpağından xilas edilən ərazilərdə
genişmiqyaslı bərpa və quruculuq işlərinə
başlanmışdır.
Ağdam
rayonu ərazisinin də xeyli hissəsi erməni
işğalı altında idi. Qalan ərazidə
isə dövlətin davamlı qayğısı sayəsində
geniş quruculuq işləri aparılmışdır. İşğal nəticəsində
isti yuvasından, doğma ev-eşiyindən perik salınıb
məcburi köçkün kimi ölkənin müxtəlif
bölgələrinə səpələnmiş rayon əhalisinin
mənzil-məişət şəraitini
yaxşılaşdırmaq üçün 18 yeni qəsəbə
salınmış, həmin qəsəbələrdə
müasir tələblərə cavab verən sosial infrastuktur
yaradılmışdır.
Ümumi
inkişaf fonunda rayon təhsilinin maddi-texniki bazası təzə
tikilən, əsaslı şəkildə yenidən qurulan,
müasir avadanlıqlarla təchiz olunan məktəblər
hesabına daha da möhkəmlənmişdir. Lakin
çox təəssüflər ki, Ağdam Rayon Təhsil
Şöbəsi öz işini dövlətin qayğı və
diqqətinə, yaradılan şəraitə cavab verəcək
səviyyədə qura bilmir, ayrılan dövlət vəsaitinin
israfına, hətta bəzən sui-istifadəsinə yol verir.
Məlumat
üçün bildirək ki, rayonda 135 ümumtəhsil məktəbi
var. Müəllimlərin sayı 3899, şagirdlərin
sayı isə 23150 nəfərdir. Orta hesabla hər 6
şagirdə bir müəllim düşür. 5 ildir ki, rayon
təhsil şöbəsinə Mətanət Misirxanova rəhbərlik
edir. O, bu vəzifəyə uşaq bağçasının
müdirliyindən gətirilmişdir. Təhsil
sahəsindəki mövcud silsilə nöqsanların təhlilinə
keçməzdən öncə bir faktı qeyd etmək yerinə
düşər: ötən ilin iyulunda Mətanət xanım
pandemiya dövrünün qadağalarına məhəl
qoymayaraq övladına təmtəraqlı nişan məclisi
keçirmişdir. Görüntüləri sosial şəbəkələrdə
yayılan məclisin keçirilməsi rayon əhalisində
haqlı narazılığa səbəb olmuşdu. Yuxarı
dövlət qurumlarına ünvanlanan çoxsaylı
müraciətlərdə bir sual qırmızı xətt
kimi keçirdi: dövlət məmuru, vəzifə sahibi
öz övladına xeyir iş edə bilirsə, bizə nə
üçün qadağa qoyulur?
Ağdamın
işğalından sonra rayonun ümumtəhsil məktəbləri
fəaliyyətlərini respublikanın 13 şəhər və
rayonunda davam etdirir. Mingəçevir şəhərində
qaçqın və məcburi köçkünlər
üçün inşa edilmiş qəsəbədə 594
şagirdlik müasir məktəb inşa olunmuşdur. Qəribə
olsa da, indi burada 47 və 52 nömrəli köçkün
tam orta məktəbləri fəaliyyət göstərir. Hər
iki məktəb üzrə şagirdlərin ümumi sayı
cari tədris ilində 346 nəfər olmuşdur. Belə olan
halda bir binada iki məktəbin fəaliyyətinə hansı
lüzum var? Təəssüf ki, bu, müstəsna hal deyil.
2015-ci ildə Mingəçevir şəhəri ərazisində
məcburi köçkünlər üçün salınan
yeni qəsəbədə inşa edilmiş məktəb
binası rayonun 51 nömrəli məktəbinin istifadəsinə
verilmişdir. Rayon təhsil şöbəsinin heç bir
qanuni əsası olmayan qərarı ilə 50 nömrəli
köçkün tam orta məktəbi də buraya
köçürülmüşdür. Başqa analoji fakt:
2016-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində
inşa edilən qəsəbədə yeni məktəb
binası 135 nömrəli köçkün tam orta məktəbin
istifadəsinə verilmişdir. Rayon təhsil şöbəsinin
göstərişi ilə əlavə olaraq 87 və 92
nömrəli məktəblər də bu binaya
köçürülmüşdür. Halbuki hər
üç məktəb üzrə şagirdlərin ümumi
sayı 440 yerlik yeni məktəb binası üçün
ağırlıq yaratmır. Bəs bir ünvanda üç
məktəbin yerləşdirilməsi hansı zərurətdən
doğur? Bunun xeyrini, zərərini niyə araşdıran
yoxdur?
Ağdam Rayon Təhsil
Şöbəsi təhsil sahəsindəki “yenilik”lərini
inamla davam etdirir, məqam gələndə isə hətta
genişləndirir. 2017-ci ildə Bərdə rayonunun Həsənqaya
kəndi ərazisində inşa olunmuş yeni
yaşayış məhəlləsində üç mərtəbədən,
44 sinif otağından ibarət olan məktəb
binası 12 nömrəli köçkün tam orta məktəbin
istifadəsinə verildi. Çox keçmədi ki, rayon təhsil
şöbəsinin diktəsi ilə 11 və 95 nömrəli
köçkün tam orta məktəbləri də bu
ünvana köçürüldü. Çox yaxşı,
dövlətin istəyi də budur ki, onun
sabahının qurucuları geniş, işıqlı, rahat
sinif otaqlarında təhsil alsınlar, savadlı, vətənpərvər,
yüksək intellektual səviyyəyə malik vətəndaş
kimi formalaşsınlar. Bəs, dövlətin bu
qayğısından sui-istifadə etməyin anlamı nədir?
Niyyət xoş olsa, bir binada 3 deyil, 1 məktəb saxlamaqla da
dövlətin qarşıya qoyduğu hədəflərə
çatmaq mümkündür. Axı, lüzumsuz yerə bir
ünvanda 3 məktəbin saxlanılması dövlət
büdcəsinin yükünü süni sürətdə
artırır. Həm də o dövlətin ki, dünya
ölkələri iqtisadi böhran sınağında
çapaladığı bir zamanda bizim
rahatlığımız üçün vəsait xərcləyib
yollar çəkir, körpülər salır, yeni-yeni məktəblər,
xəstəxanalar tikir. Elə isə vətəndaş olaraq biz
dövlət qarşısındakı borcumuzu niyə dərk
edib dəyərləndirmirik. Onun büdcəsini qoruyub
artırmaq əvəzinə şəxsi maraqlarımız
üçün çalışır, “nə gedir,
bağdan gedir” psixologiyası ilə yaşayırıq.
Ağdam Təhsil Şöbəsi də bir ünvanda 2-3 məktəbin
fəaliyyətinə şərait yaratmaqla lüzumsuz yerə
yüzlərlə əlavə ştatın saxlanmasına,
dövlət büdcəsinin talan edilməsinə rəvac
verir.
Alıbəyli-2
qəsəbəsində tam orta məktəb binası xeyli
vaxtdır ki, qəzalı vəziyyətdədir. Rayon icra
hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin köməyi
ilə məktəb ərazisində çadırlar quraraq tədrisin
davam etdirilməsinə nail olmuşdur. Proseslərin
iştirakçısı olan təhsil şöbəsi isə
dövlətin yaratdığı imkandan problemin həlli
üçün istifadəyə təşəbbüs belə
göstərmir.
Rayon
təhsil şöbəsinin təqdimatı əsasında hər
il zəruri sayılan ərazilərdə dövlət vəsaiti
ilə modul tipli məktəblər inşa olunur. Alıbəyli-2
qəsəbə tam orta məktəbində 125 şagird təhsil
alır. Məktəb binasının hər an uçmaq təhlükəsi
var. Təhsil şöbəsi isə vəziyyətdən
məlumatlı olsa da, modul məktəblərin tikintisi ilə
bağlı nazirliyə təqdimat yazarkən Bərdə
rayon ərazisində bir-birinə çox yaxın yerləşən
9 və 122 nömrəli məktəblər üçün
modul sinif otaqlarının inşasının vacibliyini
göstərmiş və həm də təkcə
göstərməmiş, həmçinin onların tikilib
istifadəyə verilməsinə nail olmuşdur.
Araşdıranda məlum olur ki, 9 nömrəli
köçkün tam orta məktəbin direktoru Tofiqə
Nuriyeva rayon təhsil şöbəsinin müdiri Mətanət
Misirxanovanın qohumudur. Canıyananlıq da məhz burdan
qaynaqlanırmış.
Xüsusi
təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud
olan şagirdlərlə aparılan iş sahəsində də
ciddi nöqsanlar mövcuddur. Təhsil Nazirliyinin
büdcəyə nəzarət xidməti tərəfindən
aparılmış monitorinq nəticəsində
sağlamlıq imkanları məhdud şagirdlərin sayı 200
nəfər müəyyən edilsə də, onların
sayı təhsil şöbəsi tərəfindən
artırılaraq 302 nəfərə çatdırılmışdır.
Vətəndaşların şikayətləri əsasında
ümumtəhsil məktəblərində aparılan
monitorinqlərlə müəyyən edilmişdir ki,
sağlamlıq imkanları məhdud olan şagirdlərin
böyük əksəriyyətinə müəllimlər tərəfindən
fərdi qaydada ev şəraitində dərs keçilmir.
Hətta bəzən əqli və fiziki cəhətdən
sağlam olan şagirdlər məqsədyönlü şəkildə
sağlamlığı qüsurlu şagird kimi sənədləşirilir
və güya onlara ev şəraitində dərs
keçildiyi göstərilir. Bununla da dövlət büdcəsindən
xeyli miqdarda vəsait mənimsənilir.
Təhsil
Nazirliyinin “Fərdi təhsilin təşkili” haqqında
müvaqif əmrinə əsasən, cari tədris ilində 52
şagird bu cür təhsilə cəlb edilmişdir. Qaydalara
uyğun onlara dərs məşğələləri ayrıca
sinif otaqlarında keçirilməli və xüsusi dərs cədvəli
hazırlanmalıdır. Lakin reallıq budur ki, fərdi təhsilə
cəlb edilmiş şagirdlərə dərs ümumi qaydada tədris
olunur. Bu da əlavə olaraq büdcədən xeyli vəsaitin
mənimsənilməsi ilə nəticələnir.
Bəzən
təhsilin reytinqini məzunların ali məktəblərə
qəbulunun nəticələri ilə müəyyən edirlər.
Bu müqayisənin düzgün olub-olmadığını
söyləmək çətindir. Amma qeyd etməliyik ki,
Ağdamda bu sahədə qazanılan az-çox uğur
repititor müəllimlərin haqqıdır. İnkaredilməz
həqiqətdir ki, yuxarı sinif şagirdləri məktəblərə
deyil, repititor müəllimlərin yanına gedirlər. Təhsil
ocaqlarında isə dərslər keçirilməsə də,
sinif jurnallarında saxta qeydlər aparılır, hətta
şagirdlərin biliyi də qiymətləndirilir. Beləcə
jurnallar yazılır, keçilməyən dərslərə
görə əməkhaqqı verilir. Amma göz önündə
olan bu saxtakarlığa görə heç kəs məsuliyyət
daşımır.
Yəqin
ki, Təhsil Nazirliyi məqalədə qeyd edilən və diqqətdən
kənarda qalan digər nöqsanlara aydınlıq gətirib
lazımi tədbirlər görəcək.
Lazım
QULİYEV,
Azərbaycan. - 2021.-30 yanvar.- S.6.