DÜNYA ORDULARI AZƏRBAYCANDAN
ÖYRƏNİRLƏR
İlham
Əliyev yeni müharibə nümunəsi yaradıb
Azərbaycan
ötən əsrin doxsanıncı illərində baş verən
Birinci Qarabağ müharibəsində məğlub
oldu!
20 min şəhid verdi, 20 faiz ərazisini itirdi, “öz torpaqlarını qoruya bilməyən xalq” kimi mənfi imic qazandı.
Sonra 27 il ərzində ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasına inanaraq BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrasının təmin olunacağını, işğal altındakı torpaqlarının sülh yolu ilə azad ediləcəyini gözlədi...
Gözlədikcə gözlədi...
Əslində, Azərbaycan müharibədə ona görə məğlub olaraq ərazisini itirmişdi ki:
* Həqiqi rəhbərindən, Ulu Öndər Heydər Əliyevdən ayrı düşmüşdü və Qarabağ münaqişəsi başlayan dövrdə ölkəyə başçılıq edənlər maymaq, qətiyyətsiz və səriştəsiz olduqlarından ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər;
* Vaxtında ordu yaradılmamış, əhali tərk-silah olunmuş, torpaqların müdafiəsi təşkil edilməmişdi və üstəlik, müharibə dövlət səviyyəsində aparılmırdı;
* Havadarları Ermənistana açıq şəkildə köməklik göstərir, silah-sursatla bol-bol təmin edir, hətta torpaqları hərbi vasitələrlə bizdən alıb onlara verirdilər;
* Dünya “məzlum və zavallı” erməni xalqının arxasında duraraq onu müdafiə edir, bizi günahlandırırdı.
Amma deyən yox idi ki, bu xalq “məzlum və zavallıdırsa”, özgə torpaqlarını necə, hansı gücü ilə zəbt edir, Xocalı soyqırımını necə törədir!
Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət özündən qat-qat güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi?
Hər şey bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən onlar döyüşərək alıblar, bizdən güclüdürlər!
Hətta axır vaxtlar bizi hədələməyə, xox gəlməyə, yeni müharibə başlanarsa, yeni ərazilərimizi ələ keçirəcəklərini söyləməyə başlamışdılar!
Hətta açıq-aşkar bildirirdilər ki, bizə sülh yolu ilə torpaq qaytarmaq niyyətində deyillər, çünki qondarma “dqr” müstəqil dövlət, onun ərazisinə daxil olmayan 7 rayon isə əhalisinin təhlükəsizliyinə xidmət göstərən “bufer zona”dır!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə bütün bu illüziyalara son qoydu, Ermənistanı diz üstə çökdürdü, onun təlxək baş nazirini kapitulyasiya aktına qol çəkməyə vadar etdi, “dqr”in statusunu isə cəhənnəmə və gora göndərdi!
Həm də qalib Sərkərdəmiz sübut etdi ki, ermənilər bizdən heç vaxt güclü olmayıblar, onlara kimlər kömək göstərsələr də, bizə üstün gələ bilməzlər, orduları qorxaq və fərarilərdən ibarətdir, həqiqi müharibə vaxtı komandanları qaçıb gizlənirlər, Azərbaycan istəsəydi hamısını Yerevana qədər qovardı!
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu bəyanatını 44 günlük müharibədə qazandığı zəfərə arxalanaraq açıqladı!
Öz ordusuna, qəhrəman əsgər və zabitlərinə güvənərək söylədi!
Düşməni, onun qorxaq və fərarilərdən ibarət ordusunu darmadağın edərək, işğal ərazilərindən qovaraq sübuta yetirdi!
Bütün dünyanın gördüyü, aşkar nəticəsini bildiyi yeni müharibə nümunəsinə əsaslanaraq bildirdi!
Azərbaycanın Vətən müharibəsindən sonrakı dövründə baş verənlər də Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediklərinin təsdiqinə çevrildi!
***
Bu gün dünya müzəffər Sərkərdəmizin dediklərini təkcə təsdiq etməklə kifayətlənmir, eyni zamanda Azərbaycandan öyrənir və öyrənməyin vacibliyini də gizlətmir!
Hamı etiraf edir ki, Azərbaycan, həqiqətən, XXI əsrin yeni müharibə modelini ortaya qoyub!
Bu modeli öyrənmək, yararlanmaq və öz ordusunda tətbiq etmək zəruridir, özləri üçün faydalıdır!
Dünya mediasına sızan informasiyaya görə, 2020-ci ilin dekabr ayında NATO Berlində fövqəladə və məxfi toplantı keçirərək Azərbaycan Ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırmışdır. Hərbi mütəxəssislərin yekun rəyi belə olmuşdur: “Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək, uduzacağıq”.
Biz bu kimi fikirləri ABŞ-ın Quru Qoşunlarının ordu generalından, yüksəkçinli rusiyalı və ukraynalı hərbçilərdən də eşitdik!
Eşitdik və fəxr etdik!
Bəli, müstəqil dövlət kimi ilk dəfə müharibə aparan Azərbaycan yeni hərbi taktika və strategiya, müharibə nümunəsi göstərdi!
Bu, ilk növbədə, cənab İlham Əliyevin bütün dünya tərəfindən etiraf olunan hərbi qələbəsidir!
Bəs Azərbaycan Ordusu hansı yeniliklərlə bu qələbəyə və nümunəyə nail olub?
Birlikdə nəzərdən keçirək.
* Ən əvvəl əks-hücumdan hücuma keçərək görünməmiş uğura imza atmaqla ən qısa müddətdə - 44 gündə düşməni təslim etdi;
* Yeni taktika və strategiya tətbiq etməklə XXI əsrdə birinci olaraq ortaya yeni müharibə nümunəsi qoydu;
* Müstəqil dövlət olaraq ilk dəfə apardığı qalibiyyətli müharibə dünya müharibə tarixinə düşdü, digər dövlətlər tərəfindən PUA-ların uğurlu tətbiqi öyrənilməyə başlandı;
* Dağlıq ərazidə, təbii relyefin mürəkkəbliyi şəraitində beton bunkerləri, möhkəmləndirilmiş səngərləri və müasir istehkamları qısa zamanda dağıtmağın yeni üsulu tətbiq olundu;
* Dron müharibəsinin ən yeni və ən mükəmməl nümunəsi yaradıldı;
* Azərbaycan əsgəri Şuşa əməliyyatında divar kimi qayalara dırmaşaraq soyuq və yüngül atıcı silahlarla əlbəyaxa döyüşməklə qala şəhərini fəth nümunəsini ortaya qoydu;
* Daha bir yenilik: düşmənin möhkəmləndirilmiş, minalanmış, uzun müddətə müdafiəyə hazırlanaraq hücum gözlədiyi mövqelərdən yan keçərək və daim atəş altında saxlayaraq gözləmədiyi yerdən, gözləmədiyi şəkildə hücuma keçməklə qələbə çaldı.
***
Bütün bunlarla bahəm, hərbi əməliyyatlar başlayandan PUA-lar vasitəsilə aşağıdakı əsas hərbi hədəflər sistemli şəkildə məhv edilməyə başlandı:
* Düşmənin hava hücumundan müdafiə sistemləri müxtəlif üsul və vasitələrlə sıradan çıxarıldı;
* Radiolokasiya sistemləri və komanda məntəqələri məhv edilərək düşmən hərbi birləşmələrinin idarə olunması iflic vəziyyətinə salındı;
* Dəqiq dron zərbələri ilə düşmənin yerdəyişən və köməyə gedən canlı qüvvəsi hərəkətdə olarkən məhv edildi;
* Cəbhənin arxa dərinliyində yerləşən düşmənin top, minomyot və raket qurğuları dəqiq atəşlərlə sıradan çıxarıldı;
* Düşmənin tankları və digər zirehli texnikası qısa müddətdə tamamilə məhv edildi və ya qənimət götürüldü;
* Düşmənin sursat anbarları aşkara çıxarılaraq öncədən məhv edildi, hər növ silahlar sursatsız qoyularaq bu qayda ilə susduruldu;
* Hərbi əməliyyatın gedişi elə planlaşdırıldı ki, nəticədə düşmən böyük bir ərazidə mühasirə vəziyyətinə düşərək bütün növ təchizat və təminatdan məhrum edildi;
* Əvvəlcədən bəlli şəraitdə döyüşəcək xüsusi təyinatlıların məqsədəuyğun şəkildə və sistemli qaydada hazırlanması onların gücündən yüksək effektliliklə istifadəyə imkan yaratdı!
Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə davam edən müddətdə hərbi əməliyyatların hazırlanması və icrası ilə bağlı artıq bu gün sirr sayılmayan addımları da açıqladı:
* Hər günün döyüş tapşırığı verilir, hər axşam nəticələr yoxlanılıb təhlil olunurdu;
* Hər dəfə düşmənin gözləmədiyi istiqamətdən və yerdən hücuma keçilirdi.
***
Ən maraqlı məqamlardan biri bu idi ki, Azıərbaycan müharibəni açıq və şəffaf şəkildə aparırdı. Belə ki, öz evində oturan hər bir Azərbaycan vətəndaşı televiziyalar vasitəsilə gün ərzində PUA-lar və dəqiq mərmi zərbələri ilə düşmənin canlı qüvvəsinin və zirehli texnikasının darmadağın edildiyi məqamlara elə dronların öz çəkilişində baxırdı.
Bu da indiyədək dünya hərb tarixində görünməmiş hallardan sayılır!
Bütün bunlar son nəticədə ən az itki ilə ən yüksək nəticə qazanılmasına yol açdı!
Daha iki məqam:
* Azərbaycan Ordusunun qələbəsində ən mühüm amil peşəkarlıq, iradə, qəhrəmanlıq, milli ruh, iqtidarla xalq birliyi olmuşdur!
* Vətən müharibəsi həm də sübut etdi ki, Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2021.- 7 yanvar.- S.1;3.