Cari ilin dövlət büdcəsinin əsas prioritetləri: iqtisadi inkişafın təminatı, sosial güvənliyin artırılması, Qarabağın dirçəldilməsi və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi

 

 

Dövlət büdcəsini çox vaxt aid olduğu ölkənin sosial-iqtisadi mənzərəsini əks etdirən güzgüyə bənzədirlər. Çünki məhz həmin maliyyə sənədi buya digər ölkənin iqtisadi imkanlarını və həmin imkanların nəyə yönəldiləcəyini, başqa sözlə desək, dövlətin növbəti il üçün əsas məram və məqsədlərini açıb göstərir.

Bu baxımdan Azərbaycanın artıq Prezident tərəfindən təsdiq olunmuş 2021-ci ilin dövlət büdcəsi  istisna deyil. Əgər ölkəmizin neçə illərdir investisiyasosial büdcə kimi qəbul olunan əsas maliyyə sənədində istisna edilən bir istiqamət varsa, bu da onun zəfər ilə başa çatmış Vətən savaşından sonra ilk dövlət büdcəsi olmasıdır. O üzdən bu barədəki qısa qeydlərimizdə ilk rəqəmə - sənədin xərclərin əsas istiqamətləri üzrə iqtisadi fəaliyyət bölməsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılması nəzərdə tutulan 2,2 milyard manatı vurğulamağımız təsadüfi hesab edilməməlidir.

Gəlirləri 25,4 milyard, xərcləri 28,5 milyard manatdan çox olan bu əsas maliyyə sənədini şərh edən iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru V.Qasımlı deyir ki, 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ilin dövlət büdcəsinin xərclərinin 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9, 2020-ci ilə nisbətən  5,9 faiz çox proqnozlaşdırıldığını deyən iqtisadçı onu da qeyd edib ki, sənəddə nəzərdə tutulan xərcləri qarşılamaq üçün qeyri-neft sektoru üzrə gəlirlərin artım tempi 15 faiz planlaşdırılıb.

“Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faiziniya 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini (250 milyon manatını) Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir.Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft sektorunun büdcə yükünü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır.

Amma nəzərə alanda ki, Azərbaycanın dövlət büdcəsinin ÜDM-ə nisbəti 23,3 faiz olmaqla strategiyada proqnozlaşdırılan 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun prioritet düzgün seçilmişdir” - deyən icraçı direktor əlavə edib ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərin son iki ilin analoji göstəricilərinə nisbətən müvafiq olaraq 7,8 və 0,2 faiz artırılması nəzərdə tutulub: “Həmişə olduğu kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində yenə də Azərbaycan vətəndaşı dayanır. Cari ilin büdcəsində xüsusən şəhid ailələri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli dərəcədə genişləndiriləcək”.

Yeri gəlmişkən qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün 3,7 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitdən 1,6 milyard manatdan çoxu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşməsinə, 5,2 milyon manatı sosial təminat üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərə, 75,24 milyon manatı sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə və s. istiqamətlərə yönəldiləcək.

Büdcədə müdafiə və milli təhlükəsizliyin etibarlı təminatı üçün də kifayət qədər yüksək vəsaitin ayrılması proqnozlaşdırılıb - 4,6 milyard manata yaxın. Bunun təsadüfi olmadığını ölkədə dərk etməyən yəqin ki, tapılmaz. Sentyabrın 27-də başlayıb 44 günə böyük Zəfərlə başa çatan Vətən savaşı müdafiə və milli təhlükəsizliyin etibarlı təminatına yönəldilən vəsaitin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha sübut etdi. Bu xərclər güclü ordu, güclü ordu Vətənin toxunulmazlığı, Vətənin toxunulmazlığı isə xalqın, millətin və nəhayət, dövlətin mövcudluğu deməkdir.

Heç kim inkar edə bilməz ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 17 ildə Silahlı Qüvvələrimizin yenidən qurulub modernləşdirilməsi, ən müasir silahlarla təchizatı və bu yolla onu təkcə regionun yox, dünyanın ən güclü orduları sırasına çıxarmaq üçün hətta mümkün olmayanı da etmişdir. Məhz bunun sayəsində Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Məhz buna görə qəhrəman əsgər və zabitlərimiz 28 il işğalda qalmış ərazilərimizi ayyarıma azad edə bildi.

İndi isə əsas vəzifə təkcə savaş zamanı itirdiklərimizi yerinə qoymaq yox, həm də ordumuzu daha müasirdaha effektli silahlarla təchiz etməkdir. Elə etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun beynəlxalq hərb camesində qazandığı nüfuzu və öyrənilməsinə qərar verilən təcrübəsi davamlı olsun. Bu səbəbdən dövlət büdcəsində sözügedən sahəyə yetərincə yüksək vəsaitin ayrılmasının proqnozlaşdırılması tam yerinə düşür. Xüsusən də o vaxt ki, beli qırılan Ermənistan ordusunun dirçəlib qisas almaq istəməməsinə heç kim zəmanət verə bilməz.    

Amma bu o demək deyil ki, cari ilin dövlət büdcəsində digər sahələr vəsait sarıdan korluq çəkəcəklər. Təbii ki, belə deyil. Götürək təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sözsüz ki, iqtisadi fəaliyyəti. Bu sahələrin hər birinin inkişafı üçün dövlət büdcəsindən lazımi qədər vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, cari il büdcədən təhsilə 3,2 milyard, səhiyyəyə 1,4 milyard, kənd təsərrüfatına 943 milyon, ətraf mühitin mühafizəsinə 275,5 milyon və nəhayət, iqtisadi fəaliyyətə 5,9 milyard manatdan çox vəsait yönəldiləcək. Etiraf edək ki, az vəsaitlər deyil və səmərəli xərclənəcəyi halda həmin sahələrin inkişafına güclü təkan verə bilər.

Cari ilin büdcəsində nəzərəçarpan digər müsbət hal ölkənin getdikcə daha çox şəhər və rayonunun mərkəzi büdcədən asılılığının azalması tendensiyasının davam etməsidir. Builki dövlət büdcəsinə nəzər salanda 66 şəhər və rayondan 42-sinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılmayacağını görmək mümkündür. Bu o deməkdir ki, həmin xərcləri şəhər və rayonlar öz gəlirləri hesabına qarşılayacaqlar. Bu həm də o deməkdir ki, 2004-cü ildən bəri reallaşdırılan regional inkişaf proqramları artıq öz nəticələrini verməyə başlayıb.

Bir cümlə ilə 2021-ci ilin dövlət büdcəsini xarakterizə etsək, onu, ilk növbədə, müdafiə, sərmayə, sosialyönlü və sözsüz ki, Qarabağın dirçəldilməsinə başlanğıc maliyyə sənədi kimi dəyərləndirə bilərik.

 

 

 

Raqif MƏMMƏDLİ

Azərbaycan.-2021.- 7 yanvar.- S.1;6.