İqtisadi qüdrəti
Azərbaycana bütün sahələrdə
ön mövqeyə çıxmağa imkan verir
Prezident İlham Əliyev: “İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq”.
Son illər ölkəmiz iqtisadi qüdrətini dinamik şəkildə artırdı. İndi Azərbaycan iqtisadi cəhətdən heç bir dövlətdən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan ölkədir. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi də gücləndirdi, dövlətimizə daha cəsarətli, Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət aparmağa imkan verdi.
Bu gün dünyada müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan isə müstəqil siyasət yürüdür və biz buna iqtisadi gücümüz sayəsində nail olmuşuq. Mənfur düşməni işğal olunmuş torpaqlarımızdan biryolluq qovmağımızın, Vətən müharibəsində Qələbə qazanmağımızın da başlıca şərtlərindən biri iqtisadi gücümüz oldu. Prezident İlham Əliyev yeni, 2021-ci ilıin astanasında Azərbaycan xalqına müraciət edərkən bunları bir daha vurğuladı: “Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır.
Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq”.
Biz nəhəng layihələr icra etdik. Bu layihələr ölkəmizə iqtisadi inkişaf baxımından dünyada ön mövqələrə çıxmağa imkan verdi. İqtisadi inkişaf templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir.
Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salındı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Heydər Əliyevin adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkildi.
Daha sonra Azərbaycan qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başladı. Qonşu Gürcüstan və Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkdik. “Şərq-Qərb nəqliyyat dəhlizi”nin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır.
Ölkəmiz Rusiya və İranla “Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə uğurlu iş aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) üçüncü ildir ki, Azərbaycan qazını uğurla Türkiyəyə nəql edir. Artıq layihələrimizin yolu daha uzaq ünvanlara çatıb. “Şahdəniz” qazının TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) nəqlinə başlanıb. Dünyada hökm sürən koronavirus pandemiyasına, Azərbaycanda erməni faşizminə qarşı müharibə getməsinə baxmayaraq, ötən il TAP-ın tikintisində ahəngdarlıq pozulmadı və inşaat işləri uğurla yekunlaşdı.Yeni il ərəfəsində Avropa Azərbaycan qazı aldı.
Bu layihələr Ermənistanı təcrid vəziyyətinə saldı. İşğalçılıq siyasəti apardığına görə bu ölkəni həyata keçirdiyimiz bütün qlobal layihələrdən kənarda qoyduq. Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə də toxundu: “Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi, telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi”.
Həmin xətlərin Ermənistan ərazisindən keçməsi üçün canfəşanlıq edən kənar qüvvələr az deyildi. Bu istəklər isə Azərbaycanın milli maraqlarına zidd idi. Əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonrakı illərdə də Prezident İlham Əliyev nəhəng karbohidrogen kəmərlərimizin və digər iqtisadi əhəmiyyətli infrastruktur xətlərin Ermənistandan keçməsinə yol vermədilər.
Dövlət başçısı xalqa müraciətində bu məsələyə də toxundu: “44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək!” Prezident bir daha bildirdi ki, bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.
İqtisadi imkanlarımız işğaldan azad edilmiş şəhər və kəndlərimizi yenidən qurmağa da kömək edəcək. Biz o yerlərə artıq yeni layihələrlə üz tutmuşuq. Tezliklə Qarabağ regionunun inkişaf yoluna qədəm qoyan iqtisadiyyatı Azərbaycanın gücünü daha da artıracaq.
Flora SADIQLI
Azərbaycan.-2021.- 7 yanvar.- S.1;6.