Elmə və təhsilə həsr
edilmiş alim ömrü
Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək təşkilatçılıq bacarığına, mədəniyyətə malik, həssas, qayğıkeş bir insan olan Elşad Məcnun oğlu Qurbanov Azərbaycanda müasir dünya səviyyəsinə uyğun olan təhsil sisteminin təşkilində öz əməyini əsirgəməyən şəxslərdən biridir. O, ömrünün çox hissəsini təhsilə həsr etməklə, gənclərin savadlı və şəxsiyyət kimi formalaşmasında əlindən gələni əsirgəməmişdir. Hal-hazırda da çalışdığı Bakı Dövlət Universitetində Azərbaycan elmini dünya səviyyəsinə uyğun olaraq gənclərə öyrədir. Sadə kənd həyatından qaynar şəhər mühitinə qədər keçdiyi ömür yolunda minlərlə gəncin savadlanmasında, elmi biliklərə yiyələnməsində, insan kimi həyatda formalaşmasında onun rolu az olmamışdır.
Elşad Qurbanov 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1968-ci ildə Naxçıvan MR-nin Şahbuz rayonunun Aşağı Qışlıq kənd orta məktəbini, 1973-cü ildə Bakı şəhərində 8 nömrəli tibb məktəbini, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1979-1982-ci illərdə istehsalatdan ayrılmaqla Azərbaycan SSR EA Botanika İnstitutunda botanika ixtisası üzrə aspiranturada təhsil alıb. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən Botanika kafedrasında müəllim, baş müəllim vəzifəsində calışıb. 1992-ci ildən bu günə qədər BDU-nun Botanika kafedrasının müdiri vəzifəsində işləyir.
E.Qurbanov 1984-cü ildə “Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə “Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildən professor elmi adını almış, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
Həyatını elmə sərf edən, təhsili özünə amal bilən Elşad Qurbanov əsl müəllim kimi həm öyrədən, həm də oyrənəndir. Onun yazmış olduğu elmi əsərlər, dərsliklər dünya standartlarına uyğun olaraq ali məktəblərin geniş kitab şəbəkəsinin yaranmasına kömək edib. O, öz ömür yolunu nurlu gələcəyə istiqamətləndirərək çalışır, yazmış olduğu əsərlər öz elmiliyi, sadə və başa düşülməsinə görə diqqəti cəlb edir.
“Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)” adlı doktorluq işində o, Azərbaycan elminə bitki növlərinin yeni yayılma areallarının yayılmasına böyük töhfələr verib. Atropatan florasına aid olan 2595 bitkinin Azərbaycan və latın dillərində adları qeyd edilib, 6 mindən çox herbari nümunəsi toplanaraq herbari fonduna verilib. Bu isə ona əsas verir ki, Elşad Qurbanov müəllim olmaqla yanaşı, həm də əsl tədqiqatçı, elm adamıdır. O, öz enerjisini xalqdan, elmdən əsirgəməyib.
Bir çox elmi əsərlərdə Atropatanı qondarma “erməni əyalətinin” tərkibində yarım əyalət kimi göstəriblər. Tədqiqatçı Elşad Qurbanov klassik və müasir coğrafiyaçı və tarixçi alimlərin əsərlərinə istinad edərək elmi araşdırmalar aparıb, növəmələgəlmə mərkəzlərindən biri olan Atropatanın sərbəst bir əyalət olduğunu sübut edib.
Atropatan əyaləti Azərbaycan ərazisində Naxçıvanı, Kiçik Qafqazın cənub hissəsini və Diabar (Zuvand) bölgəsini əhatə edir ki, doktorant 1983-cü ildən bu dövrə qədər həmin ərazinin flora və bitkiliyini öyrənib. Atropatanın flora və bitkiliyinin müasir vəziyyətini öyrənməklə o, bu ərazidə 116 fəsiləyə, 751 cinsə aid 2595 ali sporlu, çılpaqtoxumlu və çiçəkli bitki növlərinin yayıldığını göstərib. Bitkilərin həyatı formasını öyrənərək 39 növ ağac, 91 kol, 24 yarımkol, 1465 çoxillik ot, 780 birillik, 164 ikiillik, 32 bir-ikiillik bitki yayıldığını müəyyən edərək, ərazidə 144 növ Azərbaycan, 383 növ Qafqaz endemiki olduğunu təyin edib.
İlk dəfə olaraq Elşad Qurbanov Atropatan florasının 2595 növdən ibarət konspektini tərtib edib, floranın sistematik, biomorfoloji, ekoloji-coğrafi tərtibini verib. Tədqiqatçı tərəfindən Atropatan ərazisində səhra, yarımsəhra, meşə, firiqana, bozqır, çəmən, su-bataqlıq, daşlıq, töküntülük, psevdomakki, 9 bitkilik tipinin yayıldığı aşkarlanmış, təbii və antropogen amillərin təsiri ilə onlarda baş verən suksesiyaların gedişi və istiqaməti təyin edilib. Formasiya və assosasiya səviyyəsində hər bitkilik tipinin təsnifatı verilib.
Elşad Qurbanov öz əməyi sayəsində ilk dəfə olaraq Atropatan ərazisinin 1/100000 masştabında bitkilik xəritəsini işləyib hazırlayıb. İlk dəfə olaraq Azərbaycan ərazisi üçün morfoloji və ekoloji xüsusiyyətləri, fitosenoloji quruluşu və fizonomluğu ilə fərqlənən “psevdomakki” bitkilik tipini müəyyən edib. İlk dəfə ərazi üçün 15-ə qədər növün yeni yayılma areallarını elmə gətirib. Onun tərəfindən flora və bitkiliyin genezisi dəqiqləşdirilib, endemik, relikt, nadir rast gələn və nəsli kəsilməkdə olan növlərin və bitkiliklərin qorunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, torpaqların geobotaniki tədqiqat metodikası və torpaqların qiymətləndirilməsinə dair tövsiyələr Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə verilib.
O, Azərbaycanda geobotanika elminin inkişafında digər alimlərlə yanaşı, öz əməyini əsirgəməyib. Geocoğrafi arealları müəyyən edib, geobotaniki rayonlaşdırılma xəritələrini tərtib edib. Eksperimental botanika sahəsində tədqiqatlar apararaq gözəl nəticələr əldə edib. Arid və nadir meşə sahələrini öyrənərək Kiçik Qafqazda yayılmış bir sıra nadir ağac və kol növlərini tədqiq etmişdir. Vələs, fıstıq, ağcaqayın və digər növ ağacları təyin etməklə araşdırmalar aparıb. Bundan başqa, subtropik meşə zonasını və Tuqay meşələrini öyrənmiş, bu ərazidə yayılmış qovaq, dəmirağacı, şümşad və bu kimi digər növləri öz işlərində əks etdirib. Səhra bitki örtüyünün əsasən Kiçik Qafqazın yüksək və aşağı dağ qurşağında yayıldığını, eləcə də Naxçıvan ərazisində yüksək dağlıq şəraitdə olduğunu, çöl bitkiliyinin iqlimdən asılı olaraq dağ səviyyəsindən başlayaraq dəyişdiyini göstərib. Atropatanın istər alp çəmənliyini, istərsə də bataqlıq bitkiliyini öyrənməklə Elşad müəllim elmə böyük töhfə verib. Əsas bitki qruplaşmaları aydınlaşdırılmış, onların geobotaniki və təsərrüfat xarakteristikası müəyyənləşmiş, flora və bitkiliyin genezisi aşkarlanmış, onların qorunması yolları, introduksiya edilməsi elmi əsaslarla verilmişdir. Elşad müəllim həmçinin təbii yem sahələrinin (yay və qış otlaqlarının), dərman bitkilərinin, efir-yağlı bitkilərin, vitaminli və bal verən bitkilərin, o cümlədən bitkilər aləminin bioloji əsaslarla səmərəli istifadə edilməsi və mühafizəsi probleminin həlli yollarını öyrənib.
Yüksək elmi potensiala və insanlıq qabiliyyətinə malik olan Elşad Qurbanov öz əməyini gənclər üçün də əsirgəmir. Qəlbində dağ vüqarı, günəş nuru olan Elşad müəllim elmi biliyini gənclərə sevə-sevə öyrədir, onların gələcək elm yollarına nur saçır. O, daima axtarışdadır, yeni-yeni elmi ideyaların üzə çıxarılmasında fəaliyyət göstərir. İnsanları duymaq və onları insan kimi formalaşdırmaq o qədər də asan iş deyil. Lakin yaradıcı şəxs olan Elşad müəllim bu çətin işin öhdəsindən şərəflə gəlir. Bir sözlə, Azərbaycanda elmi kadrların hazırlanmasında, onlarda elmi biliklərin müasir dünya səviyyəsində formalaşmasında, insani keyfiyyətlərin aşılanmasında öz əməyini əsirgəmir.
Elşad Qurbanovun yorulmaz tədqiqatları nəticəsində xeyli monoqrafiya, dərslik və dərs vəsaiti işıq üzü görmüşdür. Bunlardan “Bitki ekologiyası (geobotanikanın əsasları ilə)”, “Rastitelğnıy mir basseyna reki Naxiçevançaə”, “Bitki morfologiyası”, “Ali bitkilərin sistematikasından laboratoriya məşğələləri”, “Flora i rastitelğnostğ Atropatanskoy provinüii (na territorii Azerbaydjana)”, “Ali bitkilərin sistematikası”, “Dərman bitkiləri”, “Geobotanika”, “Bitki morfologiyası” və s. kitablar qələminin məhsuludur.
Müəllifin hər bir əsərini oxuduqca orada Azərbaycan diyarının hər bir guşəsi göz önündə canlanır. Naxçıvan ərazisi haqqında yazdığı monoqrafiyada o ərazinin gözəlliyi, bitkiliyi haqqında geniş məlumat verir. Bitki örtüyü, ərazinin fiziki-coğrafi xarakteri, taksonomik coğrafi analiz, ekobiomorfoloji analiz, səhra və yarımsəhra bitkiliyi, çöl-çəmən, su-bataqlıq, daşlı-çınqıllı sahələrdə olan bitkilər haqqında geniş məlumat verməklə Naxçıvan təbiətinin füsunkarlığını göstərib. Regionda rast gəlinən bitkilərin dərman, boyaq və digər məqsədlər üçün istifadəsini qeyd edir. O, həmçinin fitomeleorativ tədbirlərin həyata keçirilməsi haqda tövsiyələr verib.
Müəlliflərlə birlikdə yazmış olduğu “Bitki ekologiyası (geobotanikanın əsasları ilə)” adlı dərs vəsaiti məzmunu və həcminə görə biologiya və kənd təsərrüfatı ixtisası verən fakültələrin tələbələri, aspirant və müəllimləri, həm də nəzəri və təcrübi ekologiyanın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislər üçün faydalıdır.
Müəllifin hər bir əsəri öz dəyərliliyinə görə qiymətlidir. İstər monoqrafiya kimi, istərsə də dərslik kimi yazmış olduğu əsərlər qiymətli bilik verən bir mənbədir. Dərslik kimi yazmış olduğu “Ali bitkilərin sistematikası” müasir dövr dərsliklərinin intelektual təhsil sisteminin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
“Dərman bitkiləri” adlı kitabında alim formakopeyaya daxil olunmuş, Azərbaycan florasında geniş yayılmış və zəngin ehtiyatı olan 100 növdən artıq dərman bitkisi haqda məlumat verib. Dərslikdə adları çəkilən bitkilərin respublikamızda geniş yayıldığı ərazilər göstərilib, onların yığılması və qurudulması şəraiti haqda tövsiyələr qeyd olunub. Kitabda müəllif tərəfindən dərman bitkilərinin biokimyəvi tərkibi haqda səhih məlumatlar verilməklə yanaşı, onların müvafiq xəstəliklərdə müalicəvi xarakteristikası da izah edilmişdir. Həmçinin dərman bitkilərinin oxucular tərəfindən təbiətdə tanınmasına kömək məqsədilə rəngli şəkilləri verilmiş və xalq təbabətində istifadə edilməsi üçün reseptlər təqdim edilib.
Qloballaşan dünyada süni dərman preparatlarından uzaqlaşan və təbii üsullarla müalicəni üstün bilən inkişaf etmiş dünya səhiyyəsində bitki mənşəli dərmanlardan istifadəyə xüsusi önəm verilir. Azərbaycan florasında rast gələn və fitoterapiyada əvəzsiz qiyməti olan dərman bitkilərindən istifadə qaydalarının göstərilməsi xüsusi məharət tələb edir ki, E.Qurbanov bu baxımdan onun öhdəsindən ustalıqla gəlmişdir. Dərslikdə maraqlı cəhətlərdən biri də istifadə olunan dərman bitkilərinin adlarının Azərbaycan, rus və latın dillərində verilməsidir.
Onun Azərbaycanın Milli Atlasında 2, Coğrafiya Atlasında 1 ekoloji-geobotaniki xəritəsi dərc olunub. E.M.Qurbanov Azərbaycanın bəzı botaniki-coğrafi rayonlarının ekoloji-geobotaniki (14 xəritə) xəritəsini tərtib edib. Vikipediyada SSRİ Botaniklər kateqoriyasına 4 nəfər azərbaycanlı botanikdən biri kimi, XXI əsr Botaniklər kateqoriyasına isə yeganə azərbaycanlı botanik kimi daxil edilib.
Elşad Qurbanovun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyinə və bitki örtüyünün öyrənilməsinə həsr olunub. A.Qrossheym məktəbinin layiqli davamçısı kimi BDU-nun Botanika kafedrasının nəzdində olan Herbari Fondunun qorunub saxlanmasında, yeni, nadir və nəsli kəsilməkdə olan növlərlə zənginləşdirilməsində onun müstəsna xidmətləri var.
Alim 380-dən artıq elmi əsərin, 16 kitabın, 60-dan çox proqram və metodik göstərişin, 14 müəlliflik şəhadətnaməsinin müəllifi, 1 patentin, 17 kitabın elmi redaktorudur, o dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarda (Avropa ölkələrində, Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda) çıxış edib. İkicildlik “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşrinin redaksiya heyətinin üzvüdür. Alimin son zamanlar apardığı elmi-tədqiqat işləri dəfələrlə mühüm nəticə kimi AMEA-nın hesabatına daxil olunub.
Yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə Elşad Qurbanov dəfələrlə “İlin alimi”, pedaqoji fəaliyyətinə görə “İlin müəllimi” fəxri adlarını alıb, Təhsil Nazirliyinin fəxri fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Onlarca doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olub, onun rəhbərliyi altında 40-dan çox magistrant və 14 fəlsəfə doktoru 2 elmlər doktoru hazırlanıb.
Onu
da qeyd etmək lazımdır
ki, Elşad Qurbanov AMEA-nın Mərkəzi Nəbatat bağının
və Dendrologiya İnstitutunun Elmi şuralarının, Azərbaycan
Respublikası Elmi Tədqiqatların Təşkili və
Əlaqələndirilməsi Şurasının Biologiya elmləri
üzrə Problem şurasının, Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar Elm Mərkəzi, ET Əkinçilik
İnstitutunda Dissertasiya Şurasının nəzdində
seminar şurasının, ADPU-nin Doktorluq Müdafiə
Şurasının üzvü olub, BDU-da dekan və kafedra
müdiri vəzifəsini tutmaq üçün komissiyanın
katibi, BDU-nun Biologiya fakültəsinin Tədris-metodik
Şurasının sədri, BDU-nun Elmi Şurasının
baş elmi katibi vəzifəsində çalışıb. Hazırda
BDU-nun Böyük Elmi Şurasının üzvü,
“Botanika”, “Mikologiya” və
“Ətraf mühitin idarə edilməsi və
bioloji monitorinq”
ixtisasları üzrə magistrantların Dissertasiya
Müdafiə Şurasının sədridir. Həmçinin
2009-cu ildən Azərbaycan Respublikasında “Botanika”
ixtisası üzrə AMEA-nın Koordinasiya
Şurasının katibi işləmiş,
2011-ci ildən isə sədr müavinidir.
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti
yanında AAK-ın Biologiya və Aqrar elmlər üzrə Ekspert
Şurasının eksperti seçilmiş,
2020-ci ildən isə sədr müavini
vəzifəsində çalışır.
2016-cı
ildən Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və
Tibb Elmləri bölməsinin büro üzvü, 2017-ci ildən
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi
Mühafizə Olunan Təbiət Ərazilərinin
İnkişafı Departamentinin Elmi Şurasının
üzvüdür.
2019-cu
ildə Təhsil Nazirliyi tərəfindən Elm və təhsilin
inkişafı sahəsində yüksək nailiyyətlər əldə
etməsinə, bu sahələrin inkişafına xüsusi
töhfə verdiyinə, universitetin sosial-mədəni
inkişafında fəal iştirak etməsinə görə
“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan
Respublikasının yubiley medalı” ilə təltif olunub.
2019-cu ildə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən həmin akademiyanın həqiqi üzvü (akademik) seçilib və Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, “Əməkdar elm xadimi” adını alıb.
Əməksevərlik qabiliyyətindən irəli gələn özünə və başqalarına qarşı tələbkarlıq xüsusiyyəti E.M.Qurbanovun ətrafdakılara qarşı qayğısını azaltmır. Yüksək qayğıkeşliyi nəticəsində o, hər kəsin dərin hörmətini qazanmışdır. Ömrünün 70-ci ilinə qədəm qoymuş E.M.Qurbanova təhsildə, elmdə yüksəlişlər, uğurlar diləməklə yanaşı, ona bu şərəfli işdə yorulmamağı, gələcəyimiz olan gənclərə həmişə dəstək olmağı, onlara elmin, yaxşı insan, əsl vətəndaş olmağın sirlərini öyrətməkdə uzun ömür, cansağlığı arzu edirik.
Taryel TALIBOV
AMEA-nın həqiqi
üzvü, Əməkdar
elm xadimi, professor
Azərbaycan.-2021.-
7 yanvar.- S.4.