Ölkəmizin
bütövlüyü uğrunda fədakar əməyinizə
görə Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi
görmək istəyirik
Rəşadətli
ordumuzun Vətən müharibəsində qazandığı
tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları,
xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları
ünvanlamaqda davam edirlər.
Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edirik.
“Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var”
Bərdə rayonunun Hacallı kənd sakini Fariz Quliyev yazır:
“Müzəffər Ali Baş Komandan İlham Əliyev,
Mən, Quliyev Fariz Əli oğlu Vətən müharibəsində xalqımıza yaşatdığınız Qələbəyə görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.
Azərbaycan xalqı Sizin qayğınızı hər zaman öz üzərində hiss edir. Bizim kimi aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ayrıca minnətdarlıq etmək istəyirəm. Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.
Sizə uzun ömür, cansağlığı arzulayıram!”.
“Sizi Azərbaycanın bütövlüyü uğrunda fədakar əməyinizə görə
Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik”
Kürdəmir rayonunun Xəlsə kənd sakini Altay Nuriyev:
“Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi tarixi Qələbəmiz münasibətilə təbrik
edirik.
Unudulmaz ümummilli liderimiz Heydər Əliyevin
davamçısı kimi xalqın böyük sevgisini qazanmısınız. Bu səbəbdən
hamımız Sizi Azərbaycanın bütövlüyü
uğrunda fədakar əməyinizə görə Azərbaycanın
Milli Qəhrəmanı kimi görmək istəyirik.
Arzumuz Sizin adınızın tarixdə əbədi
yaşamasıdır”.
“Siz son
200 ilin ən şanlı zəfər tarixini yazdınız”
Şabran
rayon sakini Sündüz Babayeva yazır:
“Hörmətli
Prezident, böyük sərkərdə, Müzəffər Ali
Baş Komandan,
Sizi böyük Qələbə, Zəfər bayramı
münasibətilə təbrik edirəm. Sizi dahi şəxsiyyət,
dünya şöhrətli siyasətçi kimi ulu öndərimiz
Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə
Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz
xidmətlər göstərdiniz. Son 200
ilin ən şanlı zəfər tarixini yazdınız.
Ölkəmizin ərazi
bütövlüyünü bərpa etdiniz.
Müzəffər
Ali Baş Komandan, Siz 44 günlük müharibə ilə təkcə
torpaqlarımızı işğaldan azad etmədiniz, həm
də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını
özünə qaytardınız.
Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə
və dünyaya diplomatiya dərsi verdiniz. Siz
böyük sərkərdə olaraq dünya hərb tarixinə
yeni səhifə yazdınız.
Azərbaycan
dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlərboyu yaşayacaq.
Ulu Öndərimiz 1993-cü ildə müstəqil
dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi
möhkəm təməllər üzərində qurdu, Siz isə
onu daha da inkişaf etdirib Qələbəyə
apardınız.
Bu gün Azərbaycan Sizin sayənizdə dünyada
tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə
fəxr edirik. Siz “dəmir yumruğunuzla”
düşmənin başını əzdiniz. Həm də bu dəmir yumruq dünya azərbaycanlılarını
səfərbər edib birləşdirdi.
Cənab
Prezident, mənim 75 yaşım var. Mən çox xoşbəxt
insanam ki, o dəmir yumruğun barmaqları mənim sinəmə
“Şöhrət” ordeni taxıb, necə ki, vaxtilə Ulu
Öndərimizin mübarək əlləri sinəmə
“Şərəf nişanı” ordenini taxmışdı.
Tarix sübut edib ki, hər əsrdə bir dahi şəxsiyyət
yetişir. Azərbaycan xalqı xoşbəxtdir ki, son iki əsrdə
Allah bizə iki dahi şəxsiyyət XX əsrdə ulu
öndər Heydər Əliyevi, XXI əsrdə İlham
Əliyevi bəxş edib. Siz bu xalqın,
bu dövlətin xilaskarısınız. Siz
bizim ömürlük Prezidentimizsiniz. Allah Sizi qorusun! Həmişə
uca olun!
Siz Azərbaycan
dövlətçiliyi, Azərbaycan xalqı üçün
misli görünməmiş, əzəmətli bir qəhrəmanlıq
səhifəsi yazdınız! Mən Ulu Öndərə, onun
siyasi kursuna sadiq bir insan kimi təklif edirəm ki, Sizə Azərbaycanın
Milli Qəhrəmanı adı verilsin və Siz
ömürlük Prezident seçiləsiniz.
Mən əminəm ki, bu, bütün Azərbaycan
xalqının arzusudur.
Böyük
Yaradan Sizi, Mehriban xanımı və
övladlarınızı hifz etsin. Dualarım həmişə
Sizinlə olub və həmişə belə olacaq.
Qarabağ
Azərbaycandır!”.
“Bu qələbə
Sizin uzaqgörən siyasətinizin nəticəsidir”
Qubadlı
rayon sakini Ramiz İsmayılov:
“Müzəffər
Ali Baş Komandan İlham Heydər oğlu Əliyev,
Qırx dörd günlük Vətən müharibəsində
Zəfər qazanmağımız münasibətilə Sizi,
müzəffər Ordumuzu, bütün Azərbaycan
xalqını səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir.
Mən 1963-cü ildə Qubadlı rayonunun Mahruzlu kəndində
dünyaya göz açmışam. Qətiyyətlə inanırdım
ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində
yenidən doğma el-obamıza qayıdacağıq. 58 yaşımın ən gözəl hədiyyəsi
doğma Qubadlı torpağımın mənfur erməni
daşnaqlarından azad olunması xəbəri oldu.
Bundan gözəl hədiyyə ola bilməzdi.
Bir Qubadlı sakini olaraq bu gün sevincimin həddi-hüdudu
yoxdur.
Siz 30 il Azərbaycan xalqının qəlbində
qaysaq bağlayan Qarabağ yarasını
sağaltdınız, doğma Qarabağımıza bizi yenidən
qovuşdurdunuz. Doğma torpağımıza qədəm
basacağımız günü səbirsizliklə gözləyirik.
Şanlı Qələbəmiz uğrunda
canından keçən şəhidlərimizə Uca Allahdan
rəhmət, qazilərimizə şəfa diləyirəm.
Allah Sizi, bir yumruq kimi hər zaman Sizə dəstək olan Azərbaycan
xalqını qorusun. Sizin kimi rəhbərimiz
olduğu üçün çox şanslıyıq. Üçrəngli bayrağımız daim zirvələrdə
dalğalansın. Zəfər bizə
çox yaraşır. Zəfərlərimiz
əbədi olsun.
Qarabağ
Azərbaycandır! Yaşasın Azərbaycan!”.
“Sizin
şücaətiniz ən yüksək fəxri ada layiqdir”
Şəki
şəhər sakini Əbülfəs Hüseynov yazır:
“Hörmətli
cənab Prezident,
Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən
öz təşəkkürümü bildirməkdir.
Qurduğunuz və möhtəşəm silahlarla təchiz
etdiyiniz güclü Ordu, yürütdüyünüz
müdrik daxili və xarici siyasət sayəsində əsarət
altında qalan torpaqlarımızı azad etməyiniz
böyük tarixi hadisədir. Qələbə
münasibətilə keçirilən Zəfər
paradının görüntülərini, qəhrəman
şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə
verdiyiniz dəyəri görüb-eşitdikcə
qürurlanır və qəhərlənirəm. Bu etdiklərinizin qarşısında Sizə necə
təşəkkür edəcəyimi bilmirəm.
Sizin şücaətiniz ən yüksək fəxri ada,
ən yüksək orden və medala layiqdir. Müharibə
udmuş Sərkərdə olaraq Sizə ən layiqli təltiflər
arzulayıram.
“Xalqımız
öz Milli Qəhrəmanı ilə fəxr edir”
Şirvan
şəhər sakini Məhəmməd Hacıyev:
“Hörmətli
və əziz Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi şanlı qələbəmiz münasibətilə
ürəkdən təbrik edir, Sizə uzun ömür,
cansağlığı, şərəfli işinizdə
müvəffəqiyyətlər arzulayıram. Ulu Tanrı
daim köməyiniz olsun.
Bir azərbaycanlı kimi keçirdiyim qürur hissi
ölçüyəgəlməzdir. Belə hissləri daha
əvvəl – ulu öndərimiz Heydər Əliyev Moskvada
yüksək vəzifəyə təyin olunanda
keçirmişdim, onda da sevincimin həddi-hüdudu yox idi.
Yenidən həmin hissləri bizə
yaşatdığınız üçün Sizinlə fəxr
edirik. Xalqımız öz Milli Qəhrəmanı ilə
fəxr edir və Sizi çox sevir.
Mən Birinci Qarabağ müharibəsinin
iştirakçısıyam, II qrup əliləm. Vətən
müharibəsində Qələbə sevincinə görə
Sizə təşəkkürümü bildirir, ailəmiz
adından yeni nailiyyətlər arzulayıram. Yolunuz daim
açıq və uğurlu olsun!”.
“Məhz
Sizin sayənizdə rəşadətli ordumuz bu gün
bütün dünyaya
öz
qüdrətini, qüvvətini göstərdi”
Gəncə
şəhər sakini Firuzə Cəfərova yazır:
“Hörmətli
Prezident, Müzəffər Ali Baş Komandan,
Məktubuma
ulu öndər Heydər Əliyevin sözləri ilə
başlamaq istəyirəm: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”
Bu gün isə həm də özümü xoşbəxt
hiss edirəm ki, bizim Sizin kimi güclü, savadlı,
uzaqgörən, bütün dünyada öz sözünü
deməyi bacaran, hər dəqiqə xalqını, millətini
düşünən Prezidentimiz var. Məhz Sizin sayənizdə
rəşadətli ordumuz bu gün bütün dünyaya
öz qüdrətini, qüvvətini göstərdi.
Mən bu gün fəxr edirəm ki, şəhid
Röyalın həyat yoldaşıyam. Cəmi 4 il
birgə ailə həyatı sürsək də mən onun Vətənə,
torpağa, xalqa olan sevgisinin canlı şahidi oldum. O,
müharibənin ilk günündən cəbhəyə
yollandı, qələbəyə isə bütün varlığı
ilə inanırdı.
Röyal şəhidliyi ilə Qələbə sevincini
bizə və Azərbaycan xalqına yaşatdı. Mən də
söz verirəm ki, övladlarımı ataları kimi vətənpərvər
və cəsur böyüdəcəyəm, onların Vətənə
xeyirli övlad olmaları üçün əlimdən gələni
əsirgəməyəcəyəm.
Var olsun
Azərbaycan!
Var olsun
şəhid ailələrindən diqqət və
qayğısını əsirgəməyən Ali Baş
Komandanımız!
Sizə və ailənizə uzun ömür,
cansağlığı arzu edirəm. Allah Sizi qorusun!”.
“İndiki
nəsillər xoşbəxtdir ki, bu şərəf və ləyaqət
tarixinin
şahidləridir və onun sevincini yaşayırlar”
Qusar rayon
sakini Əmirbəy Aslanov:
“Möhtərəm
cənab Prezident,
Ali rəhbərliyiniz altında şanlı Azərbaycan
Ordusunun zəfər yürüşü və düşmənin
öz məğlubiyyətini etiraf etməsi Azərbaycan
xalqına və ürəyi Azərbaycanla döyünən hər
kəsə böyük sevinc, fərəh və qürur hissi
bəxş etmişdir.
Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata
keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının
zəfər xəbərləri yayıldıqca doğma
Qarabağın azadlığa qovuşacağı Qələbə
gününün sürətlə
yaxınlaşdığına hər birimiz daha dərindən
inanır və həmin günü səbirsizliklə gözləyirdik.
Azərbaycan xalqının möhtəşəm Qələbəsi
onun tarixinin şanlı səhifəsi, unudulmaz
anlarıdır. İndiki nəsillər xoşbəxtdir
ki, bu şərəf və ləyaqət tarixinin şahidləridir
və onun sevincini yaşayırlar. Qazandığımız
Qələbə doğma Qarabağı azad, ölkəmizin ərazi
bütövlüyünü təmin etməklə
yanaşı, xalqımızın qürur və əzəmətini
daha da artırdı, dövlətimizin hörmət və
nüfuzunu qat-qat yüksəltmiş oldu. Vətən
müharibəsində qazandığımız tarixi Qələbə
ulu öndər Heydər Əliyev yoluna sadiq lider kimi Sizin
müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və
xarici siyasətinizin məntiqi nəticəsidir.
Döyüş meydanında qazanılan hər bir tarixi
Qələbənin əsasında lider amili dayanır. Həqiqət
ondan ibarətdir ki, Siz ümummilli lider, müdrik dövlət
başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin
təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə
sahibsiniz.
Azərbaycan xalqı arasında və dünyada
böyük nüfuzunuz doğma Qarabağ uğrunda
savaşda qələbələrimizin əsas şərti
olmuşdur. Azərbaycanın üçrəngli
Bayrağının tezliklə işğal olunmuş
torpaqlarımızda, Qarabağda
dalğandırılacağı barədə verdiyiniz vədləri
şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin
və Azərbaycan xalqının Sizə olan böyük
etimadının nə qədər dərin köklərə
malik olmasından xəbər verir.
Müzəffər
Azərbaycan Ordusunun zəfər yürüşü,
düşmənin sonadək bütün torpaqlarımızdan
qovulması, Qarabağın işğaldan tam azad edilməsi,
uzun illər düyünə düşmüş və region
üçün təhlükə mənbəyi olan
Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə
həll edilməsi həm də yaşadığımız
bölgədə sülhə və təhlükəsizliyə
əvəzsiz töhfədir.
Cənab
Prezident, müqəddəs torpaqlarımız uğrunda Vətən
müharibəsində qazandığımız şanlı Qələbənin
müəllifi də, ilham mənbəyi də Sizsiniz. Bu Qələbənin memarı Sizsiniz. Siz Azərbaycanın yeni tarixini yazdınız.
Tarix də Sizin adınızı öz
şərəf səhifəsinə qızıl hərflərlə
həkk etdi.
Cənab
Prezident, Müzəffər Ali Baş Komandan Sizi Azərbaycanın
tarixinə qızıl hərflərlə yazılmış
Qələbə münasibətilə çoxsaylı Qusar
rayon ictimaiyyəti adından təbrik edir, Sizə uzun
ömür, cansağlığı, ailənizlə birlikdə
xoşbəxt, firavan həyat arzulayırıq.
Qusarlılar
doğma Azərbaycanımızın daha da inkişaf edib
çiçəklənməsi yolunda Sizin
ən etibarlı silahdaşlarınızdır.
Tanrı
Sizi və Azərbaycanı qorusun!”.
“Bundan
sonra da birlikdə Azərbaycan naminə işlərimizi davam
etdirəcəyik”
Gürcüstanın
Qardabani şəhərindən Aygül İsayeva:
“Möhtərəm cənab Prezident.
Qarabağımızı
işğaldan azad etməklə 2020-ci ili
tarixin ən gözəl ili etdiyiniz, Azərbaycanı qalib,
regionda lider dövlətə çevirdiyiniz, həmçinin
dünya azərbaycanlılarına zəfər
yaşatdığınız üçün Sizə dərin
minnətdarlığımı bildirmək istərdim.
Gürcüstan azərbaycanlıları 44 gün ərzində
Sizdən kənd, rayon və şəhərlərimizin bir-bir
azad edilməsi müjdəsini böyük həyəcan və
sevinc göz yaşları içərisində
qarşılayırdı.
Sizin göstərişinizə əsasən Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tərəfindən Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan
dilinin və mədəniyyətinin xarici ölkələrdə
təbliğinə görə “Diaspor fəaliyyətində
xidmətə görə” medalı ilə təltif edildim.
Sizin bu diqqət və qayğınızı ürəkdən
alqışlayırıq. Sizi əmin edirik ki,
bundan sonra da birlikdə və böyük əzmlə Azərbaycan
naminə mənəvi borc hesab etdiyimiz işlərimizi davam
etdirəcəyik.
Sizə bir daha dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıları, xüsusilə də
Gürcüstan azərbaycanlılarını daim diqqətinizdə
saxladığınıza görə səmimi qəlbdən
təşəkkür edirəm, möhkəm cansağlığı
arzu edirəm”.
“Sizin fəaliyyətiniz
Azərbaycanın daha böyük tərəqqi əldə
etməsinə şərait yaradacaqdır”
Amerika
Birləşmiş Ştatlarının Çikaqo şəhərindən
Fərid Məmmədov:
“Hörmətli cənab Prezident.
Mən ABŞ-ın İllinoys ştatının
Çikaqo şəhərində 2015-ci ildən fəaliyyət
göstərən Amerikanın Orta Qərb Ştatları
üzrə Azərbaycan Mərkəzi adlı təşkilatın
rəhbəriyəm.
Bu il dekabrın 28-də Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə Azərbaycan
diasporunun fəal üzvləri “Diaspor fəaliyyətində
xidmətə görə” Azərbaycan Respublikasının
medalı ilə təltif edilmişdir. Bu diqqət
və dəyərə görə, ilk növbədə, Sizə
dərin təşəkkürümü bildirirəm. Biz Vətəndən uzaqda olsaq da, hər zaman Azərbaycan
dəyərlərini qoruyur və burada tanınması
üçün əlimizdən nə gəlirsə etməyə
hazırıq. Əminəm ki, Sizin
yüksək dövləti vəzifədə fəaliyyətiniz
Azərbaycan dövlətinin hər zaman bütün sahələrdə
daha böyük tərəqqi əldə etməsinə şərait
yaradacaqdır.
Cənab
Prezident, Sizə səmimi qəlbdən möhkəm
cansağlığı, bütün niyyət və istəklərinizin
uğurla həyata keçməsini arzu edirəm. Göstərdiyiniz diqqət və fəaliyyətimizə
verdiyiniz dəyər üçün ailəm adından və
İllinoysda yaşayan azərbaycanlılar adından Sizə təşəkkür
edirəm”.
“Qarabağ
Zəfəri Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi”
Türkiyənin
Adana şəhərindən Cahangir Novruzov yazır:
“Möhtərəm
Prezidentim.
Siyasi və
strateji zəkanızın əsəri olan Qarabağ Zəfərinin
Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiyi bu
sevincli günlərdə, unudulmaz ulu öndərimiz Heydər
Əliyev bizə miras qoyub getdiyi “31 Dekabr - Dünya azərbaycanlılarının
Həmrəylik Günü” ərəfəsində,
dünyanın dörd bir yerinə yayılmış və vahid
vücud kimi vətənimiz uğuruna fəaliyyət göstərən
Azərbaycan Diasporunun üzvlərini təltifləndirmək
üçün təsis etdiyiniz bu dəyərli mükafat,
bizlərin əməyinə verdiyiniz böyük bir dəyərdir.
Bu mükafatı alanlar sırasında məni də
unutmadığınız üçün, şəhid və
qazilərimizə yardım məqsədilə
yaratdığınız “YAŞAT” Fondunun himayədarlar heyətinə
məni də layiq gördüyünüz üçün
Sizə dərin təşəkkürümü bildirirəm.
Ayrıca Qarabağ Zəfəri ilə Azərbaycanı
sevindirdiyiniz üçün, xalqımızın 30 illik
yaralarına məlhəm qoyduğunuz üçün,
Xocalı və 1-ci Qarabağ müharibəsinin şəhidlərinin
də qanını yerdə qoymadığınız
üçün, ağlar analara qələbə sevinci
yaşatdığınız üçün,
övladlarımızın sonsuza qədər
başlarını dik tutaraq yaşayacaqları
üçün Sizə dərin minnətdarlığımı
və təşəkkürümü bildirməkdən şərəf
hissi yaşayıram”.
“Sizin
doğru siyasətiniz və güclü ordumuz sayəsində
illərlə işğal altında olan torpaqlarımız azad edildi”
Xocavənd
sakini Türkan Mərkəzli:
“Dahi Sərkərdə və Müzəffər Ali
Baş Komandan.
Mənim 22 yaşım var. Əslən Xocavənd
rayonunun Salakətin kəndindənəm. Düzdür
mən Xocavəndi görməmişəm amma ürəyim həmişə
Xocavəndlə döyünüb. Mən
bir Azərbaycanlı kimi Sizə və Ordumuza təşəkkürümü
bildirirəm. Sizin doğru siyasətiniz və
güclü ordumuz sayəsində illərlə işğal
altında olan torpaqlarımız azad edildi. Şəhidlərimizin valideynlərinin əllərindən
öpürəm. Şəhidlərimizə
Allahdan rəhmət, yaralılarımza şəfa diləyirəm.
Xalqımıza da birlik göstərdikləri
üçün təşəkkürümü bildirirəm.
Yaşasın
Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı! Yaşasın
Azərbaycan Ordusu!
Qarabağ
Azərbaycandır!”.
“Diaspora
qayğı, dəstək göstərməklə ana Vətənimizin
heç
də uzaqda olmadığını hiss etdirirsiniz”
İsveçin
Yönçöpinq şəhərindən İradə
Əliyeva-Söderberq:
“Möhtərəm cənab Prezident.
“Diaspor fəaliyyətində xidmətə görə”
medalı ilə təltif edildiyimə görə Sizə dərin
minnətdarlığımı və təşəkkürümü
bildirirəm.
Bu çətin,
tarixi əhəmiyyətli dönəmdə, bütün Azərbaycan
xalqının ümid və arzularını doğrultmaq
üçün, Azərbaycan dövlətinin dünya coğrafiyasında,
dünya siyasi xəritəsində, dünya diplomatiyasında
öz yerini möhkəmləndirmək işlərinin
ağır yüklərini çiyninizdə
daşıdığınız bir zamanda bizi, Azərbaycandan
kənarda yaşayan Azərbaycan diasporunu da diqqətdə
saxlayırsınız. Diaspora qayğı, dəstək
göstərməklə ana Vətənimizin heç də
uzaqda olmadığını, hansı ölkədə
yaşamağımızdan asılı olmayaraq Azərbaycan
dövlətinin Azərbaycan diasporunun yanında olduğunu
hiss etdirirsiniz. Xalqımıza, dövlətimizə
xidmət etmək hər birimizin şərəfli borcumuzdur.
Mən bundan sonra da mənə göstərilən
bu şərəfli diqqəti doğrultmaq üçün
bütün gücümlə, bacarığımla
çalışacağam. Doğma Vətənimiz
Azərbaycanı yaşadığım İsveç
Krallığında böyük başucalığı ilə
təmsil edəcəyəm. Mənə
göstərilən etimadı doğrultmaq üçün
bundan sonra da milli mənafelərimizi hər şeydən
üstün tutaraq birliyimizə, həmrəyliyimizə xidmət
edəcəyəm”.
“Əminik
ki, dağıdılan, viran qoyulan evlərimiz Sizin
sayənizdə yenidən dirçələcək”
Füzuli
rayon sakini Nəriman Nəsirov yazır:
“Hörmətli
cənab Prezident,
Bu gün
Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin
kimi Prezidenti, Müzəffər Ali Baş Komandanı var. Erməni
cəlladlarının illərlə xalqımızın
başına gətirdikləri müsibətlərin
qisasını aldınız, 30 illik Qarabağ problemini həll
etdiniz, ata-baba yurdumuzu erməni faşistlərindən təmizlədiniz,
bizim olanı bizə qaytardınız. Azad olunan
torpaqlarımıza səfərlərinizi böyük sevinclə
izləyirik. Biz qayıtmalı idik və qayıtdıq!
Əminik ki, dağıdılan, viran qoyulan evlərimiz Sizin sayənizdə yenidən dirçələcək.
Mən Horadiz şəhər məscidinin axunduyam. 44 günlük Vətən müharibəsi dövründə biz din adamları da xalqımız, dövlətimiz üçün dualar etdik. Hər zaman Sizin əmrinizə müntəzirik və Sizin əsgərlərinizik. Qələbə münasibətilə Sizi və ailənizi Füzuli dindarları adından səmimi qəlbdən təbrik edir, Allahdan Sizlərə möhkəm cansağlığı arzulayıram”.
“Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz”
Sabirabad rayon sakini Mirzə Mirzəyev:
“Müzəffər
Ali Baş Komandan, İkinci Vətən müharibəsinin
Milli Qəhrəmanı, şərəfli ordu generalı, qarabağlıları
başıuca edən əbədi Prezidentimiz İlham
Əliyev!
Allah Sizi
qorusun! Siz biz köçkünləri
sevindirdiniz, Allah da Sizi sevindirsin. Arzu edirəm
ki, bütün azad edilmiş rayonlarda heykəliniz
ucaldılsın. İstərdim ki, uzun illər
Prezidentimiz olasınız və işğaldan azad olunmuş
yerlərimizi əvvəlkindən də gözəl məkana
çevirəsiniz. Çox sağ olun ki, 30 il əsirlikdə olan torpaqlarımızı
azad etdiniz. Qarabağ həsrəti ilə
dünyasını dəyişmiş ulu öndər Heydər
Əliyevin ruhu şad oldu. Mən
Laçın rayon sakiniyəm. 65
yaşım var, artıq ümidim yox idi ki, bir daha
Laçını görə bilərəm. Siz
Laçını azad etməklə mənə yeni həyat
verdiniz”.
Azərbaycan.-2021.- 7 yanvar.- S.2.