“Tarix yazan igidlərimiz” layihəsinin budəfəki
materialı şəhid Ramazan
Göydağlıya ithaf olunub
Qəhrəmanlıq
göstərərək müqəddəs və əbədi
zirvəyə ucalan şəhidlərimizin əziz xatirəsini
yad etmək məqsədilə Bakı şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki materialı şəhid Ramazan Göydağlıya ithaf olunub.
Kitabxananın İnformasiya-resurs şöbəsi şəhidin əziz xatirəsini “Şəhidlər haqqında” hazırladığı informasiya məktubu və videoçarxla yad edib.
Kitabxananın sistem-inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan informasiya məktubunda şəhidin həyatı haqqında ümumi məlumat, ailəsinin Ramazanla bağlı son xatirələri, Ramazanın ailəsinə söylədiyi son sözlər təqdim olunur.
Hazır edilmiş videoçarxda isə əbədi zirvəyə ucalmış Ramazanın fotoları və videoları, atası Əbülfət Əliyev və anası Zülfünaz Əliyevanın oğlu ilə bağlı xatirələri, həmçinin kiçikyaşlı Ülkər Sultanovanın dayısına olan həsrəti videogörüntülər şəklində nümayiş edilir.
Şəhid əsgər Ramazan Göydağlı 1997-ci il fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində anadan olub. “Göydağlı” soyadı Ramazana Ordubadın Nürgüt kəndində yerləşən Göydağın şərəfinə görə verilib.
Uşaq vaxtlarından ermənilərin törətdikləri amansız cinayətlərə qarşı nifrət hissi ilə böyüyən Ramazan 2020-ci il sentyabrın 5-də hərbi fəaliyyətə başlayıb.
Ölümündən
sonra şəhidimiz Azərbaycan Respublikasının ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarında iştirak etməsi və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirməsinə görə
“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına
görə” medalları ilə təltif edilib.
Azərbaycan.-2021.- 7 yanvar.- S.5.