Azərbaycanda böyük
qayıdış,böyük inkişaf prosesi başlayır
YENİLƏNİB
İlham ƏLİYEV:
“Müharibə Ermənistanın yadından
çıxmasın, unutmasınlar ki, dəmir yumruq yerindədir”
Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
müşavirəni giriş nitqi ilə açdı.
Prezident İlham
Əliyevin giriş nitqi
-Bu gün biz keçən ilin yekunlarını müzakirə edəcəyik, 2021-ci ildə görüləcək işlər haqqında danışacağıq. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu – hərbi yolla. Ondan sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi.
Mən son illər ərzində ölkəmizin hərtərəfli inkişafını dilə gətirərək deyirdim ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bilmişik. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, - bir daha bunu qeyd etmək istəyirəm, - bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən deyəndə ki, biz axıra qədər gedəcəyik, sözümə əməl etdim. O vaxt dayandıq ki, Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf etdi, diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Hesab edirəm ki, bu, Ermənistan üçün tarixi dərs oldu. Onlar bir daha Azərbaycan xalqının böyüklüyünü gördülər. Baxmayaraq ki, işğal edilmiş bütün torpaqlarda vandalizm aktları törədildi, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz dağıdıldı və ya təhqir edildi, bütün yaşayış binalarımız dağıdıldı, Ağdam, Füzuli şəhərləri yoxdur, kəndlər yoxdur, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərində tək-tük bina qalıb, orada da Ermənistan hərbçiləri yerləşmişdilər. Kəlbəcər və Laçın rayonlarında daha çox qanunsuz məskunlaşma aparılmışdır. Ancaq Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, yandırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci Dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq. Bu gün biz Böyük Qayıdış haqqında danışacağıq.
Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Göstərdik ki, heç kim bizim iradəmizin qabağında dura bilməz. Eyni zamanda, məsuliyyət göstərdik, ədalət göstərdik, Ermənistan ərazisinə girmədik. Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur. Amma mən demişdim ki, biz özümüzü onlar kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Biz döyüş meydanında düşməni çökdürdük. Döyüş meydanında düşmənə elə dərs verdik ki, onlar bu günə qədər bu dərsdən özlərinə gələ bilmirlər. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Gərək bizim torpaqlarımızdan sülh yolu ilə çıxardılar, biz onlara şans vermişdik. Gərək öz xoşu ilə çıxardılar bizim torpaqlarımızdan, amma biz bunun tamamilə əksini görürdük. Qanunsuz məskunlaşma, şəhərlərimizin adlarının dəyişdirilməsi, Azərbaycanın tarixi, mədəni, dini irsinin silinməsi. Əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar və şirkətlər onlara bu sahədə yardım etmişdilər. Bizim torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Bu gün bu barədə də danışacağıq, artıq müvafiq göstərişlər verildi. O şirkətlər məsuliyyətə cəlb olunacaq. Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq.
İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır.
Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.
Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik.
Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış Bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu Bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.
Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən
keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni
vətəndaşlar Qubadlı rayonundan keçən yoldan
istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin,
yoxsa yox. Bu, bizim torpağımızdır. Başa
düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin
o qədər də böyük əhəmiyyəti yox idi,
orada yaşayan erməni əhalisi bəlkə də bilməyib
ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə
bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər
ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan
ərazisidir və Azərbaycan sərhədçiləri
oraya gəlib yerləşiblər, əlbəttə, onlar
stres keçiriblər. Amma yenə də mən göstəriş
vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara
başa salın ki, bu, bizim yerimizdir, bizim
torpağımızdır, çıxıb getsinlər. Vaxt
verdik onlara. Ermənistan tərəfi bizdən xahiş
etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də
vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi
dəstə göndərə bilərdim və görüm nə
günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma
onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə
bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan
ayaqyalın Murov aşırımından, Ömər
aşırımından keçərək
çıxdılar. Bir
çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt
verdilər?
Onlar
mülki əhaliyə qarşı soyqırımı törətmişlər,
Xocalı soyqırımı, digər hərbi cinayətlər.
Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə
məşğul olanları əsir götürdük. Məhv
etmədik. Dedim ki, əsir götürün, daha müharibə
başa çatıb, daha qan tökmək lazım deyil. Bu,
yenə də bizim humanist mahiyyətimizi göstərir. Bu,
bizim ərazimizdə yerləşib və oradan çıxmaq
istəməyən bir qüvvədir və bizə
qarşı təxribatlar törədib, hərbi təxribatlar.
Bunun nəticəsində hərbçilərimiz həlak
olub. Biz isə yenə humanistlik göstərmişik.
Onları əsir götürmüşük. Amma onlar hərbi
əsir sayıla bilməz, çünki müharibə
qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd
rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən
noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs
bilsin. Nə üçün gəlmişlər? Kim onları
göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat
imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan
rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə
nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona
görə burada heç kim bizi ittiham edə bilməz.
Mən
bir daha demək istəyirəm ki, biz bir çox hallarda
humanistlik göstərmişik və Ermənistan tərəfi
bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan
xarici işlər nazirinin bizim torpağımıza gəlməsi
qəbuledilməzdir. Artıq mən demişəm, ümid
edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar.
Çıxarmasalar, onların böyük problemləri olacaq
və yenə də peşman olacaqlar.
Beləliklə,
müharibə başa çatdı. Biz istədiyimizə nail
olduq. İndi artıq quruculuq dövrü başlayır. Biz
bu gün bu barədə də danışacağıq. Amma
bundan əvvəl 2020-ci ildə baş vermiş başqa hadisələr
haqqında demək istərdim. 2020-ci ilin fevral ayında
ölkəmizdə parlament seçkiləri
keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində
atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər
orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi.
İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət
partiyasının nümayəndəsi seçildi. Eyni zamanda,
ilk dəfə olaraq parlament komitələrinin sədr və
müavin vəzifələrinə müxalifət nümayəndələri
seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür.
Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa
yönəlmiş ciddi bir addımdır. Əlbəttə
ki, ölkəmizin demokratik inkişafı baxımından
bunun çox böyük əhəmiyyəti var. Parlament
çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi
istiqamətində çox önəmli addım
sayılmalıdır.
Eyni
zamanda, keçən il partiyaların böyük əksəriyyəti
bizim təşəbbüsümüzə müsbət cavab
verərək, siyasi dialoqa qoşuldular. Deyə bilərəm
ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr
iştirak edir. İştirak etməyənlərə siyasi
qüvvə deyə bilmərəm. Çünki iştirak
etməyən dəstə xain, satqın ünsürlərdən
ibarətdir. Siyasi dialoq müharibədən əvvəl
başlamışdır və müharibə dövründə
daha da güclənmişdir. Müharibə dövründə
bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı
nəzərdə tuturam, - bütün digər siyasi partiyalar
və birliklər birmənalı olaraq bizim haqq işimizə
öz dəstəyini verdi. Antimilli şura isə öz xain,
satqın missiyasını müharibə dövründə də
icra edib, düşmənin dəyirmanına su töküb,
ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək
istiqamətində növbəti təxribat xarakterli
addımlar atıbdır.
Onlardan
başqa nə gözləmək olar? Bu antimilli şuranın
liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi
göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan
demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz
adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni
xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər?
Onları birləşdirən, əlbəttə ki, hər
iki, necə deyərlər, nümayəndənin vaxtında
torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi
və bu gün onun antimilli şurada cəmləşən
qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi
dövründə fərarilik etmişlər. Biz bu tarixi
unutmamışıq, gənc nəsil də bilməlidir.
Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk
edib, gedib dağ kəndində oturub. Müharibə gedir,
insanlar ölür, torpaqlar əldən gedir, ölkənin
prezidenti, Ali Baş Komandanı qaçır, gedir
Naxçıvan Muxtar Respublikasının dağ kəndində
oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli
şurada rəhbərlik edənlər, harada idiniz müharibə
dövründə? Qaçıb gizlənmişdilər.
İndi də qaçıb gizlənir, biri Amerikada oturub,
oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına
su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət
verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin
qüvvələr. Ermənipərəst qüvvələr,
müharibə dövründə bizə qarşı
çirkin əməllərdə iştirak edənlər,
bizim qələbəmizi əlimizdən almaq istəyənlər,
ermənilərə dəstək verənlər antimilli
şuranın havadarlarıdır və onlar fəraridirlər,
satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc
nəsil də bilməlidir. Bəzi hallarda gənc nəslə
bu biabırçı tarix haqqında kifayət qədər məlumat
verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə
salınmalıdır. Bu qara səhifə dərsliklərə
salınmalıdır. Gənc nəsil Şuşanı,
Laçını, Xocalını, Kəlbəcəri
satanları, fərarilik edənləri,
torpaqlarımızın itirilməsinə imkan yaradanları
tanımalıdır. Bu günə qədər orada-burada
sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər,
faciə gətirdilər, günahsız insanların həlak
olmasına şərait yaratdılar, insanları müdafiə
etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti
qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan
sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu
torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş
meydanından qaçanlar, bunlar deyil müharibə
dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini
əsir götürənlər. Bunlardır. Azərbaycan
xalqı bunu heç vaxt unutmamalıdır.
Amma təbii
ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox
ciddi və fəal siyasi dialoq gedir. Mən bir məsələni
də qeyd etmək istərdim. Bir neçə ay bundan əvvəl
mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan
keçməyiblər. Mənim üçün bu,
sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə
heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona
görə mən dərhal göstəriş verdim ki, bu məsələ
öz həllini tapmalıdır. İndi siyasi partiyaların
qeydiyyat məsələsi öz həllini tapır. Hətta
bir daha demək istəyirəm ki, müharibədən əvvəl
artıq ölkəmizdə yeni bir siyasi iqlim
yaranmışdır, müsbət iqlim. Çünki bizim
hamımızın, bütün vətənpərvər
qüvvələrin bir amalı var idi -
torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan
iqtidarı buna da nail olduq. Bu gün isə bizim
qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək,
erməni faşizminin baş qaldırmasına yol verməmək,
beynəlxalq müstəvidə keçmiş münaqişə
ilə və indiki reallıqlarla bağlı, o cümlədən
dağıdılmış ərazilər haqqında məlumat
çatdırmaq vəzifəsi durur. Bizim
partiyalarımızın bəziləri beynəlxalq partiya
qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində
verilməlidir. Yəni bu, gələcək fəaliyyət
üçün əsas istiqamət olmalıdır. Əlbəttə
ki, ölkə daxilində demokratikləşmə proseslərinə
müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək,
çatışmazlıqlar haqqında məsələ
qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu
istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və
şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə
qoşulubdur.
Kadr
islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik
dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə,
yerli icra orqanlarında rəhbərlik dəyişdirildi. Bu da
cəmiyyətdə çox müsbət
qarşılanmışdır. Biz bu kadr dəyişikliyinin
müsbət nəticələrini görürük.
Korrupsiyaya
və rüşvətxorluğa qarşı mübarizə
daha ciddi aparılmağa başlanmışdır. Hesab edirəm
ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir.
Xoşagəlməz hallar bürokratiya tərəfindən
ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat
mənə çatdırılmırdı. Müvafiq qurumlar
korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət
qədər ciddi mübarizə aparmırdılar, bəzi
hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar
həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu
gün heç kim, cinayət törətmiş insan vəzifəsindən
asılı olmayaraq məsuliyyətdən boyun qaçıra
bilməz. Heç kim qanundan üstün deyil. Heç kim
üçün heç bir xüsusi status, heç bir imtiyaz
yoxdur. Bunu hər kəs bilməlidir. Hesab edirəm, 2020-ci ilin
hadisələri göstərir ki, hər kəs bunu artıq
bilir.
Koronavirus,
əlbəttə ki, bütün dünya üçün
çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan
bu sınaqdan şərəflə çıxır. Vəziyyət
tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində
yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər
səfərbər olundu. Koronavirus xəstələrinə
qulluq edən həkimlərin maaşları
artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində
maaş alırlar. Çox böyük sosial paket təqdim
edildi. Bir neçə milyard manat dəyərində sosial
paket koronavirusdan əziyyət çəkən insanlara, o
cümlədən qeyri-formal çalışan və
işsiz vətəndaşlara yardım kimi göstərildi.
Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd
bu ay ərzində Azərbaycana gətiriləcək. Hər
halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər
gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra
insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək
və canımız bu xəstəlikdən qurtaracaq.
Baxmayaraq
ki, 2020-ci il bütün ölkələr üçün
iqtisadi sahədə ağır il olub, amma Azərbaycan digər
ölkələrə nisbətən bu vəziyyətdən
daha az itkilərlə çıxıb. Bizim
iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər
çox azalıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir.
Amma, eyni zamanda, onu da bildirməliyəm ki, qeyri-neft sənayemiz
11 faizdən çox artıb. Nəyin hesabına? Məhz
şaxələndirmə hesabına. Ona görə ki, sənayeləşmə
siyasəti düzgün aparılıb. Neftin hasilatı bizdə
azalır. Eyni zamanda, OPEC+ razılaşmasına görə
biz özümüz də azaltmışıq. Neftin qiyməti
aşağı düşüb. Əgər bu neft amili
olmasaydı, bizim iqtisadiyyatımız bəlkə də daha
az düşərdi. Amma qeyri-neft sənayesinin 11 faizdən
çox artması real iqtisadiyyatın, qeyri-neft
iqtisadiyyatının inkişafı deməkdir.
Kənd təsərrüfatı
2 faiz artıbdır və daha da çox artacaq. Çünki
mən göstəriş vermişəm, azad edilmiş
torpaqlarda indi payızlıq əkini aparılır. Bu barədə
də danışacağıq. Orta əməkhaqqı və
orta pensiya təqribən 13-14 faiz artıbdır. Neft Fondunun vəsaiti
azalmayıb, artıb. Bu, bəlkə də bir çoxları
üçün təəccüblüdür. Çox yox,
amma təqribən 0,5 faiz artıb. Deməli, biz öz valyuta
ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, biz
koronavirusla mübarizəyə milyardlarla manat yönəltmişik,
müharibə aparmışıq və digər xərclər
olubdur, müavinətlər, sosial paket. Bu yaxınlarda qəbul
edilmiş qərarlar əsasında şəhid ailələrinin
müavinəti 300 manatdan 500 manata qaldırılıb. Yəni,
bütün bunlar böyük maliyyə yüküdür.
Amma dövlətin dayanıqlılığı, ölkəmizin
uğurlu siyasəti nəticəsində biz buna nail ola
bilmişik.
İlin
sonunda - dekabrın 31-də daha bir şad xəbər gəldi,
Cənub Qaz Dəhlizi tam istismara verilmişdir. Onun son seqmenti
olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə
olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.
Çünki Cənub Qaz Dəhlizinin təşəbbüskarı
da bizik. Əsas maliyyə yükünü də biz öz
üzərimizə götürmüşük. Bir çox
ölkələri birləşdirən bu layihə gələcəkdə
o ölkələr və digər Avrasiya ölkələri
arasında yeni əməkdaşlıq formatının təməlini
qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq
özünü nəqliyyat sektorunda, ticarət sektorunda
göstərir, ondan sonra digər sektorlarda göstərəcək.
Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib
etdik. Biz bir–birinə bağlı olan 3500 kilometr uzunluğunda
3 qaz kəmərini inşa etdik. “Şahdəniz–2” layihəsini
istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan
qazını alırlar. Bu, həm onlar, həm də bizim
üçün faydalıdır. Eyni zamanda, digər layihələr
üzrə də uğurlu işlər aparılıb.
Əminəm ki, bu layihələrin işlənməsi bizə
əlavə dividendlər gətirəcək - həm iqtisadi,
həm siyasi.
Vaxtından
əvvəl nə isə demək istəmirəm. Amma, eyni
zamanda, biz yaxın günlərdə enerji sahəsində yeni
gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə
bu barədə də məlumat veriləcək. Yeni layihə
bizim potensialımızı böyük dərəcədə
gücləndirəcək.
Giriş
sözümün sonunda beynəlxalq qurumların Azərbaycanda
gedən işlərə verdikləri qiymətə də
toxunmaq istərdim. Dünya Bankının “Doing Business”
hesabatında, - yəqin vətəndaşlar
xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar
qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl
bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən
baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda
idi. Beləliklə, yenidən baxıldı və bizim
reytinqimiz artırıldı. Çünki ondan əvvəl
düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə
görə, o, başqa məsələdir. Amma yeni reytinqə
görə, Dünya Bankının “Doing Business” proqramında
190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim
işimizə ağızlarını büzən,
iqtisadiyyatdan başı çıxmayan tiplər
üçün, ünsürlər üçün, bax,
budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya
iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən
qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən
islahatçı ölkə sırasına daxil edilmişdir.
Ona görə deyirəm, dırnaqarası, qondarma
iqtisadçılar, xaricdə və burada banlayan
dırnaqarası iqtisadçılar, açın
gözünüzü baxın və dilinizi qoyun
qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək:
“iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”.
Gedin, oxuyun, əgər oxuya bilirsinizsə.
Davos
Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi
parametrlərini qeyd etmək istərdim. Əhalinin elektrik təchizatı
səviyyəsi - dünya miqyasında Azərbaycan ikinci yerdədir.
İkinci yerdədir dünya miqyasında. Hökumətin dəyişməyə
cavabdehliyi, yəni ki, islahatçı obrazı əmsalına
görə Azərbaycan dünya miqyasında beşinci yerdədir.
Hökumətin uzunmüddətli strategiyası - Azərbaycan
10-cu yerdədir. Hökumətin siyasi sabitliyi təmin etməsi
- Azərbaycan 11-ci yerdədir. İnfrastruktur layihələri
ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyi
11-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi
– 12-ci yer. Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yerlərdəyik.
Bu hesablama inkişaf etməkdə olan 74 ölkə
arasında aparılmışdır. İnklüziv inkişaf
indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Bax, bu, dünyanın aparıcı və deyə bilərəm
ki, ən nüfuzlu beynəlxalq qurumu olan Dünya
Bankının və dünyanın bir nömrəli forumu olan
Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarının nəticələridir.
Ona
görə bir daha demək istəyirəm ki, biz düzgün
yoldayıq. Bütün çətinliklərə baxmayaraq,
işğala baxmayaraq, 1 milyon qaçqının olmasına
baxmayaraq, biz bu nailiyyətləri əldə etmişik.
İndi torpaqlar azad edilib, indi böyük qayıdış
başlanmalıdır, böyük inkişaf prosesləri
başlanmalıdır. Ona görə, əlbəttə, biz
bütün bu işləri daha da fəal, daha da məqsədyönlü
şəkildə aparmalıyıq ki, Azərbaycanın
imkanlarını genişləndirək və ölkəmizin
inkişaf dinamikasını artıraq.
İndi
isə keçək bu il görüləcək işlərin
müzakirəsinə. İlk növbədə, istərdim ki,
Operativ Qərargahın məlumatını dinləyim. Operativ
Qərargah mənim göstərişimlə yaradılıb və
artıq fəal işləyir. Bir çox
tapşırıqlar verilib. Operativ Qərargahın rəhbəri
bəzi məlumatlar versin. Biz daim təmasdayıq, amma istərdim
ki, vətəndaşlar da bunu eşitsinlər.
x x x
Operativ Qərargahın
rəhbəri, Baş nazir Əli Əsədov
çıxış edərək dedi:
- Söz
verdiyinizə görə, çox sağ olun, möhtərəm
cənab Prezident.
Cənab
Prezident, icazə verin, əvvəlcə Sizi hökumətin bu
geniş müşavirədə iştirak edən və etməyən
bütün üzvləri adından böyük Qələbəmiz
münasibətilə təbrik edək. Bütün
dünyanın gözü 44 gün ərzində Azərbaycanda
idi. Ali Baş Komandan olaraq Siz, həm cəbhədə
Silahlı Qüvvələrimizə rəhbərlik edir, həm
də diplomatiya və informasiya məkanında uğurla
mübarizə aparırdınız. Bütün dünya
görürdü ki, Qələbənin bir ünvanı var -
qəhrəman Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi,
Ali Baş Komandanı Siz!
Onu da demək
istəyirəm, bu Qələbə bir saatın, bir
günün, bir ilin qələbəsi deyil. İlk gündən
Sizin yanınızda köməkçi kimi işləyərək
mən bunu digər həmkarlarımla bərabər
görmüşəm, bu Qələbə bu illər ərzində
hər gün, hər saat Sizin fəaliyyətinizin ən əsas
prioriteti idi. Siz çox qələbələr
qazanmısınız. Azərbaycan xalqı və dünya bunu
bilir. Bu, diplomatik qələbələr olub, bu, humanitar sahədə
qələbələr olub. Bizim idman sahəsində və digər
sahələrdə də kifayət qədər çox qələbələrimiz
var. Ancaq Sizin rəhbərliyinizlə 44 gündə Vətən
torpaqlarının işğaldan azad edilməsi bütün
Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının
ən müqəddəs arzusunun çin olması tarixə
böyük hərflərlə yazılan
QƏLƏBƏDİR! Cənab Prezident, bu, hamının
fikridir. Bunu bütün xalqımız bilir və bütün
xalqımız bu Qələbənin sevinc hissi ilə
yaşayır.
Pandemiyaya
qarşı görülən işlərə gəlincə,
deməliyəm ki, bütün dünyanı bürüyən
COVID xəstəliyi ilə əlaqədar Sizin Sərəncamınızla
fevralın 27-də Operativ Qərargah
yaradılmışdır. Həmin tarixdən başlayaraq bu
xəstəliklə mübarizə bir neçə mərhələ
keçmişdir. Sizin və çox hörmətli Birinci
vitse-prezident Mehriban xanımın birbaşa
tapşırığı və tövsiyələri ilə
biz də öz fəaliyyətimizi Ümumdünya Səhiyyə
Təşkilatının, həkimlərimizin və qonşu
ölkələrin təcrübəsinə, aparılan
protokollara uyğun olaraq qurmuşuq. Bütün potensial
imkanlar - insan resursları, maliyyə resursları və inzibati
resurslar səfərbər olunmuşdur. İl ərzində bu
istiqamətdə Sizin rəhbərliyinizlə bir neçə
dəfə müşavirə keçirilmiş və bu
müşavirələrdə görülmüş işlər
barədə məlumatlar verilmişdir.
Cənab
Prezident, təbii olaraq bütün dünyanın bu pandemiyaya
hazırlığı aşağı səviyyədə
olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə
hazır deyildik. Ancaq Sizin rəhbərliyinizlə qısa
müddət ərzində görülmüş çox
operativ tədbirlər nəticəsində laboratoriyaların
sayı artırılmış, maska və dərman
qıtlığı aradan qaldırılmış, yeni
süni tənəffüs aparatlarının (ECMO)
alınması təmin edilmişdir. Xüsusi olaraq bu xəstəliklə
mübarizə üçün qısa müddət ərzində
modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların
formatı və reanimasiya şöbələrinin şəraiti
dəyişdirilərək koronavirusla mübarizəyə cəlb
edilmişdir.
Möhtərəm
cənab Prezident, il ərzində karantin şərtləri bir
neçə dəfə dəyişdirilmişdir. Biz ümumi
karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə
keçmişik. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm
sosial sferada, həm də insanların davranışlarında
məhdudiyyətlərə səbəb olmuşdur. Ancaq
hamı bilirdi, insanların reaksiyasından da bəlli olurdu ki,
Azərbaycanda Sizin rəhbərliyinizlə Operativ Qərargah tərəfindən
görülən işlər uğurludur. Bunu rəqəmlərdən
də görmək olar. Cənab Prezident, Siz
çıxışınızda COVID-19-la əlaqədar
büdcəmizdən ayrılan vəsait və maliyyə
imkanlarımız barədə danışdınız. COVID-lə
mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər
vəsait sərf olunmuşdur. Bu il üçün isə
büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə
tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə
alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə
xəstəxanalara, modul tipli xəstəxanalara və sairə
ehtiyac yoxdur.
Cənab
Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə
imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə
təqribən 2,5 milyard manatlıqdan artıq dəstək
göstərilmişdir. Xüsusilə işsiz və iş
yerini müvəqqəti itirmiş şəxslərə biz
dörd dəfə 190 manat birdəfəlik ödəmə
vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.
Koronavirus
infeksiyasına qarşı mübarizənin gücləndirilməsi
məqsədilə Sizin Fərmanınızla xüsusi fond
yaradılmışdır və bu fonda 114 milyon manatdan
artıq vəsait yığılmışdır. Bununla bərabər,
xəstəliklə mübarizə üçün xarici
ölkələrdən həkimlər cəlb edilmişdir.
Möhtərəm
cənab Prezident, təbii olaraq, dünya bu xəstəliklə
mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş
karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar
ayının 31-dək artırılıb və bu istiqamətdə
ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd
Azərbaycana gətiriləndən sonra bu xəstəliklə
mübarizədə, onun qarşısının
alınmasında xeyli irəliləyiş olacaqdır.
Bununla bərabər,
Siz müharibə ilə əlaqədar digər
tapşırıqlar da vermisiniz. İcazənizlə, mən
bu barədə də açıqlama verərdim. Sentyabrın
27-dən başlayan Vətən müharibəsində Azərbaycan
Silahlı Qüvvələrinin qarşısında tab gətirə
bilməyən Ermənistan silahlı qüvvələri hərbi
cinayət törədərək bizim mülki əhalini,
şəhər, rayon və kəndlərimizi atəşə
tutaraq öz xislətini göstərdi. Bu təcavüz nəticəsində
bizim mülki əhaliyə, dövlət əmlakına,
infrastrukturumuza, sahibkarlarımıza çox ciddi zərər
vurulmuşdur. Bu zərərlərin qiymətləndirilməsi
və gələcəkdə kompensasiya edilməsi istiqamətində
Sizin 6 noyabr tarixli Sərəncamınız olmuşdur. Sərəncamınızla
Siz Dövlət Komissiyası yaratdınız və ona
müvafiq konkret tapşırıqlar verdiniz. Sərəncamın
icrası ilə bağlı Dövlət Komissiyasının
gördüyü işlər barədə qısa məlumat
vermək istərdim. Sərəncamla verilən
tapşırıqların icrası ilə əlaqədar dərhal
İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı
nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin,
Respublika Prokurorluğunun, “ASAN xidmət” və yerli icra hakimiyyəti
orqanlarının nümayəndələrindən ibarət
11 şəhər və rayonda 13 işçi qrupu
yaradılmışdır. İşçi qruplarına mərkəzi
icra orqanlarının - nazirlərin və komitə sədrlərinin
müavinləri səviyyəsində rəhbərlik edilir.
Ümumiyyətlə, qiymətləndirmə ilə əlaqədar
işlərə 200-dən çox məsul şəxs cəlb
olunmuşdur. Ötən müddət ərzində zərər
çəkmiş vətəndaşların özlərinin
iştirakı ilə 10 min 300-dən artıq obyektə
baxış keçirilmiş və qiymətləndirmə
aparılmışdır. Qiymətləndirmədən sonra
müvafiq aktlar tərtib edilmiş və təqdim
olunmuşdur. Ən çox zərər çəkmiş Tərtər
rayonunda dəymiş ziyanın ilkin proqnozdan dəfələrlə
çox olduğu nəzərə alınaraq, orada işlər
indi də davam etdirilir. Yaxın günlərdə bu işlər
başa çatdırılacaq.
Cənab
Prezident, toplanmış materiallara əsasən, dağılmış
və qəzalı vəziyyətə düşmüş, o
cümlədən ziyan dəymiş əmlakın bərpa dəyəri
əsasında, nəqliyyat vasitələri, kənd təsərrüfatı
texnikası və digər daşınmaz əmlak isə orta
bazar qiyməti prinsipinə uyğun olaraq qiymətləndirilmişdir.
Bu günədək hesablanmış dəymiş ziyan 63,6
milyon manat həcmində qiymətləndirilir.
Cənab
Prezident, vətəndaşların əmlakı ilə bərabər,
dövlət əmlakına da ciddi ziyan dəymişdir. Belə
ki, dövlət əmlakına - əsasən yol
infrastrukturuna, elektrik, rabitə, qaz, su xətlərinə və
digər infrastruktur obyektlərinə dəymiş ziyan toplam
olaraq təqribən 27,4 milyon manat dəyərləndirilir.
Ümumiyyətlə, bu günədək aparılmış
qiymətləndirmə 91 milyon manat təşkil edir. Bir
neçə rəqəmi diqqətə çatdırmaq istəyirəm.
Dağıdılmış və qəzalı evlərin
sayı 264 idi. Bu, tam dağıdılmış, o cümlədən
10 çoxmənzilli bina Gəncə şəhərindədir.
Ümumi fərdi yaşayış evlərinin sayı
9294-dür. 440 sahibkarlıq obyektinə, 227 nəqliyyat vasitəsinə,
digər 18 obyektə, məktəblərə və sosial
obyektlərə, 518 kənd təsərrüfatı obyektinə
ziyan dəymişdir.
Möhtərəm
cənab Prezident, Siz bu proses üçün komissiyaya 2 ay vaxt
vermişdiniz. Tamamilə dağıdılmış, zərər
çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına
dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar
dekabrın 14-də Sizin Sərəncamınız olmuşdur.
Sərəncama əsasən Siz 9 milyon 100 min manat vəsait
ayırmısınız. O vəsaitdən qəzalı vəziyyətə
düşmüş yaşayış evlərinə dəymiş
ziyanla əlaqədar hər ailəyə 6 min, hər ailə
üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə
1000 manat ayrılması tapşırığı
verilmişdir. Bu tapşırıqla əlaqədar həmin
kontingent siyahıya alınıb və bu da 6143 ailədir. Bu
proses bank vasitəsilə konkret ailə üzvlərinə
plastik kartlar açılmaqla yerli icra hakimiyyəti və
maliyyə strukturlarının nəzarəti altında icra
olunur. Dünənədək 25 faiz icra olunub. Söz verilir ki,
qısa müddətdə - bir həftə ərzində bu
proses başa çatdırılacaq.
Cənab
Prezident, Sərəncamda digər tapşırıqlar da
verilib. Siz də çıxışınızda dediyiniz
kimi, dəymiş bu ziyan qiymətləndirilir və Xarici
İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara
və xarici nümayəndələrə
çatdırılır. Bu məsələlərin və
aparılan bu qiymətləndirilmələrin şəffaf
olması üçün “ASAN xidmət” vasitəsilə vahid
elektron baza da yaradılıb. Cənab Prezident, işlər
davam edir və bu barədə ictimaiyyətə mətbuat
vasitəsilə daim məlumatlar verilir.
x x x
Prezident
İlham Əliyev: Bu 9 mindən çox ev ki, onlara ziyan dəyib,
əlbəttə, bu evlərin bərpası bizim əsas vəzifələrimizdən
biri olmalıdır. İndi işlər başlanıb.
İndi siz də qeyd etdiniz, itirilmiş əmlakın bərpası,
vətəndaşlara vəsaitin verilməsi - bütün
bunları həll etmişik. Əlbəttə ki, evlərin
tikintisində və bərpasında biz fəal iştirak
edirik. Çalışmalıyıq ki, bu məsələ də
qısa müddət ərzində öz həllini tapsın.
Eyni zamanda, çoxmənzilli evlərin yenidən tikilməsi
üçün vəsait ayrılmışdır.
Hesablayın, əgər əlavə vəsait lazım
olacaqsa, nə qədər lazımdırsa, biz o qədər də
vəsaiti ayırmalıyıq.
Gəncə
şəhərində yaşayış binalarının Ermənistan
tərəfindən ballistik raketlərlə
dağıdılması və bunun nəticəsində bir
çox insanın həlak olması faktı erməni vəhşiliyini
bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən
tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə
yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir.
Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə
də start verməliyik. Çünki bir müddət o yerlər
dağılmış vəziyyətdə qalmışdır
ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların
nümayəndələri gedib orada erməni vəhşiliyini
öz gözləri ilə görsünlər. Demək olar
ki, dünyanın bütün aparıcı kütləvi
informasiya vasitələri bu dəhşətli
görüntüləri öz videoreportajlarında əks
etdirmişlər. İndi isə Gəncə şəhərində
dağılmış çoxmənzilli evlərin ərazilərində
təmizlik işlərinə start verilməlidir. Yerli icra
orqanlarına kömək göstərin və layihələr
hazırlayın. O xatirə kompleksi həmin yerlərdə
olmalıdır ki, heç kim bizim şəhidlərimizi
unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik.
Azad
edilmiş torpaqlarda artıq işlər
başlamışdır. O mənada ki, müvafiq göstərişlər
verilmişdir. İlk növbədə, minalardan təmizlənmə
işləri gedir. Şəhərsalma ilə bağlı
artıq ilkin təmaslar yaradılıb.
Minalardan
təmizlənmə ilə əlaqədar, hesab edirəm ki,
biz bu sahəni böyük dərəcədə gücləndirməliyik.
Çünki mənə verilən məlumata görə, bu
günə qədər bu məsələ ilə məşğul
olan qurumun heç hər hansı bir dövlət statusu da
yoxdur. ANAMA qurumunun dövlət statusu yoxdur, bu, adi agentlikdir.
O, faktiki olaraq dövlət idarəetmə strukturunda agentliyə
xas olan səlahiyyətlərə malik deyil. Bu, vaxtilə
yaradılmış komissiyanın nəzdində olan bir
qurumdur. Ona görə mən artıq göstəriş
vermişəm ki, bu qurum yaxın günlərdə yenidən
təşkil edilsin. Ərazilərin Bərpası Agentliyi ilə
birləşdirilməsinə də baxmaq olar. Çünki bu
qurumun də faktiki olaraq agentlik statusu yoxdur. Say tərkibinə
baxılmalıdır. Mənə verilən məlumata görə,
orada təqribən 500 adam çalışır. Nə qədərdir?
Baş
nazir Əli Əsədov: 560 nəfər.
Prezident
İlham Əliyev: Əlbəttə, bu tərkiblə biz istədiyimizə
nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir
texnika ilə təchiz edilməlidir. Dövlət
İnvestisiya Proqramında bunu mütləq nəzərə
alın ki, biz bu məsələyə çox vaxt itirməyək.
İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar
verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub
bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan
azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir.
Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud
da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən
hər tərəfi minalayıb və xəritələri də
bizə verməyib. Biz nə qədər tələb
etmişik, o minaların xəritəsi olmalıdır və
onlar bizə verilmir. Ona görə indi biz gərək öz
işimizi prioritetlər əsasında quraq, əslində,
qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm
ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə
iki istehkamçı tabor yaradılsın. Dünən
müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə
işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi,
130 nəfərdən ibarət böyük heyət gəlmişdir.
Onlar həm təlimatçı kimi bizim istehkamçılar
üçün treninq keçirirlər, eyni zamanda, özləri
də təmizləmə işləri ilə məşğuldurlar.
İki gün bundan əvvəl Rusiyadan bir qrup
istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə
başlayıblar. Biz bütün xarici tərəfdaşlara dərin
təşəkkürümüzü bildiririk. Çünki
bu ərazilərin bərpası üçün
başlıca vəzifə minalardan təmizləmədir.
Bütün ərazilərin, şəhərlərin bərpası
ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər
şəhər üzrə vahid konsepsiya olmalıdır. Mən
bu barədə indi Samir Nuriyevə söz verəcəyəm.
İlkin təmaslar artıq qurulubdur, məlumat verəcək.
Eyni zamanda, kəndlərin bərpası ilə bağlı
vahid yanaşma olmalıdır. Çünki işğaldan əvvəl
bəzi kəndlərdə yaşayan insanların sayı
çox az idi, təqribən 20 nəfər, 30 nəfər,
50 nəfər. Əlbəttə, ilk növbədə, biz
böyük yaşayış məntəqələrinin bərpası
ilə məşğul olmalıyıq. Hesab edirəm ki,
aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin
optimal say tərkibini müəyyən etməlidir. Yəni,
bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə
ki, bu tarixi yaşayış məntəqələrinin
mövcudluğu, torpaq sahələri nəzərə
alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz
ailə büdcələrini orada işləyərək təmin
etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə
möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri
ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər
və yaxşı da gəlir götürsünlər. Nəzərə
alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu
islahatı aparmaq üçün biz, əlbəttə, yeni
meyarlar işləməliyik. Çünki 1990-cı illərdə
torpaq islahatı bəzi hallarda natamam
aparılmışdır və ondan sonra bəzi problemlər
üzə çıxmışdır. Torpaq sahələri
düzgün qeydiyyata alınmamışdır. Ona görə
biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən
əldə edilən məlumat yerlərdə olan məlumatla
uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı
Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad
edilmiş torpaqlarda bu səhvlərə əlbəttə ki,
yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki,
hansı torpaqlar dövlət torpaq fonduna veriləcək,
hansı torpaqlar meşə fonduna veriləcək. Onu da bildirməliyəm
ki, bizim meşələrimizin böyük hissəsi
qırılıb. Məndə məlumat var. Mən o məlumatı
səsləndirəcəyəm. Ümumiyyətlə, azad
edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd
təsərrüfatı, kənd təsərrüfatı
emalı və turizm sahələri olmalıdır ki, biz bu
bölgənin təbiiliyini qoruya bilək. Ermənilər nə
qədər çalışsalar da, orada məskunlaşma
apara bilməmişlər. Çünki onların canlı
resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər
yaşayıb, mən orada olmuşam. Onlar elə gündə
yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir.
Məşhur Şurnux kəndi var ki, ermənilər bizim
torpaqlarımızda yaşayıblar, indi onlar oradan
çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin
rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir.
Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu.
İndi jurnalistlər göndərilib. Çəkin göstərin,
qoy görsünlər bunlar nə gündə
yaşayıblar. Çünki resurs olmayıb, istək
olmayıb, canlı resurs olmayıb. Bir də ki, onlar heç
vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər.
Əks-təqdirdə, - onların ən çox
yaşadıqları Şuşa şəhəri olubdur, -
Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə
olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq
Şuşa şəhərini bütün dünyaya erməni
şəhəri kimi təqdim etməyə
çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər.
O separatçı qurumun rəhbərləri özləri
üçün imarətlər tikiblər. Erməni oliqarxlar
imarətlər tikiblər. Amma onlardan başqa bir dənə
də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi
dağıdıblar. Ona görə bu məsələ ilə
bağlı və digər məsələlərlə
bağlı qaydalar, o cümlədən şəhərsalma
qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq
şəhərlərin dəqiq say tərkibi müəyyən
edilsin. Biz özümüz hədəf qoymalıyıq,
hansı şəhəri hansı formada görmək istəyirik.
Əlbəttə ki, işlər əsaslı getməlidir.
Minalardan təmizləmə, şəhərsalma qaydaları,
infrastruktur layihələri və tikinti işləri ən
müasir standartlara cavab verməlidir. Ona görə Samir
Nuriyev görülmüş və bundan sonra nəzərdə
tutulan işlər haqqında məlumat versin.
x x x
Prezident
Administrasiyasının rəhbəri Samir Nuriyev
çıxış edərək dedi:
-Təşəkkür
edirəm, möhtərəm cənab Prezident. Sizin 2020-ci il 24
noyabr tarixli Sərəncamınızla Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı
yaradılmışdır. Əlaqələndirmə Qərargahı
dərhal işə başlamışdır. Gündəlik məsələlərin
həll edilməsi ilə yanaşı, ortamüddətli
planlaşdırma işlərinə də
başlanılmışdır. İlk növbədə, qərargahın
üzvləri toplaşaraq aidiyyəti üzrə bütün
məsələlərin mərkəzləşdirilməsi məqsədilə
müzakirələr aparmışlar. Eyni zamanda, işin təşkilini
təmin etmək məqsədilə Əlaqələndirmə
Qərargahı nəzdində idarələrarası mərkəz
yaradılmışdır. Həmçinin bu mərkəzin nəzdində
işçi qrupları yaradılmışdır. Möhtərəm
cənab Prezident, qeyd etdiyiniz bütün istiqamətlər
üzrə 16 işçi qrupu yaradılmışdır.
İlk növbədə, əlbəttə ki, minalardan və
partlamamış sursatlardan təmizləmə məsələləri
ilə bağlı çox ciddi müzakirələr
aparılmış və artıq müəyyən planlar tərtib
olunmuşdur. Həmçinin sosial, iqtisadi, humanitar, hüquqi
və digər məsələlər üzrə
işçi qrupları yaradılmışdır. Ən əsas
da şəhərsalma planlaşdırılması, bu çərçivədə
tarixi abidələrin qorunması və bərpası məsələlərinə
də ciddi yanaşmalar təklif olunur. Eyni zamanda, infrastruktur məsələləri
və enerji təminatı üzrə işlər
aparılır. Qeyd etmək istəyirəm ki, bu gün qərargahın
nəzdində fəaliyyət göstərən işçi
qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi
iştirak edir. Son bir ay ərzində gündəlik məsələlərlə
və qəbul olunmuş qərarlarla yanaşı, Strateji Fəaliyyət
Planının hazırlanması istiqamətində işlər
aparılmışdır. Artıq bu fəaliyyət planı
hazırdır. Həmin planın əsasında tədbirlər
planı da hazırlanmışdır və bütün aidiyyəti
qurumlarla razılaşdırılmışdır. Əlbəttə
ki, bütün işçi qruplarının arasında birmənalı
olaraq əlaqələr qurulmuşdur. Bütün istiqamətlər
üzrə daimi olaraq gündəlik əsasda fikir mübadiləsi
aparılır, bütün işlər planlı və
kompleks yanaşma əsasında həyata keçirilir. Şəhərsalma
planlaşdırması ilə bağlı, ilk növbədə,
işğaldan azad olunmuş bütün ərazilər
üzrə ümumi planın hazırlanması istiqamətində
işlərə başlanılmışdır. Eyni zamanda,
artıq işğaldan azad olunmuş ərazilərə yerində
baxışlar keçirilir. Bir sıra şəhərlərin
yerləşdirilməsi və onların
planlaşdırılması ilə bağlı işlərə
başlanılmışdır. Bununla yanaşı, bir
sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr
qurulmuş, danışıqlara
başlanılmışdır. Yerli mütəxəssislərin
cəlb olunması təmin edilmişdir. Cənab Prezident, Sizin
Şuşa şəhərinə göndərdiyiniz
böyük qrup çərçivəsində şəhərsalma
üzrə mütəxəssislər də olmuşdur və
Şuşa şəhərinin baş planının
hazırlanması üzərində işlərə
başlanılmışdır. İlk növbədə,
Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş
və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə
baxış keçirilərkən orada dəymiş
ziyanın qiymətləndirilməsi məsələsinə də
diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir
və sənədləşdirilir.
Möhtərəm
cənab Prezident, həyata keçirilən işlərin davam
etdirilməsi üçün artıq bütün planlar
hazırdır və yaxın günlərdə Sizə təqdim
olunacaq. Diqqətinizə görə təşəkkür
edirəm.
x x x
Prezident
İlham Əliyev: Bərpa işlərinə qədər digər
vacib bir məsələ də öz həllini
tapmalıdır. Bu, dəymiş ziyanın
hesablanmasıdır. Artıq müvafiq göstəriş
verilib və İqtisadiyyat Nazirliyi bu məsələ ilə
bağlı beynəlxalq tərəfdaşlarla da təmaslar
qurub. Əlbəttə ki, bütün ilkin işləri biz
özümüz görməliyik. Bütün şəhərlərin,
bütün kəndlərin video və foto çəkilişləri
aparılmalıdır, təsdiq edilməlidir,
protokollaşdırılmalıdır.
Bununla
paralel olaraq, dağıdılmış və azad edilmiş
bütün torpaqların peyk vasitəsilə çəkilişi
aparılmalıdır. Dronlardan da istifadə etməklə hər
bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi,
əgər belə demək mümkündürsə,
pasportlaşdırılması aparılmalıdır. Bunu biz
özümüz aparmalıyıq. Xarici mütəxəssislər,
beynəlxalq şirkətlər gələndə artıq bu
materiallar onlara təqdim ediləcək. Əlbəttə ki,
onlar özləri də sərbəst şəkildə
bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk
növbədə, tarixi abidələrin məhv edilməsi,
dağıdılması öz əksini tapmalıdır -
ictimai binaların, dövlət binalarının, müəssisələrin,
- o vaxt bütün müəssisələr dövlət
mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli
binaların dağıdılması. Bütün sənədləşmə
işləri aparıldıqdan sonra bu əmlakların o
vaxtkı qiyməti rubl ekvivalentində
çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi
aparılmalıdır. Yəni, bu işləri biz
özümüz görməliyik və bu, xaricdən gələn
şirkətlərin işini də bir qədər
yüngülləşdirəcək. Onlar bunun əsasında
müstəqil şəkildə öz hesabatlarını
hazırlayacaqlar. Bu, bizə mütləq lazımdır.
Çünki təzminat davasının başlanması
üçün bizdə mütləq tanınmış beynəlxalq
şirkətlərin rəyi olmalıdır.
Dəymiş
ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də
hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu
müəssisələrdən hansı gəliri götürə
bilərdik. Orada bir çox müəssisələr və bu
müəssisələrin böyük potensialı var idi.
Onlar dağıdılıb və biz götürə biləcəyimiz
o gəliri götürməmişik. O da hesablanmalıdır.
Həmçinin ekologiyamıza vurulan ziyan
hesablanmalıdır. Mən bəzi rəqəmləri səsləndirəcəyəm.
Qırılan meşələr. Bu meşələr elə-belə
qırılmayıb. Bu meşələr qırılıb və
satılıb. Qırılmış o meşələrin,
ağacların bazar qiyməti hesablanmalıdır.
Çünki bunlar satılıb və qanunsuz gəlir mənbəyi
olubdur. Bununla paralel olaraq, bizim torpaqlarımız qanunsuz
yollarla istismar edilib. İndi Ermənistan mətbuatında gedən
məlumata görə, o torpaqların böyük hissəsini
kriminal rejimin başçıları zəbt etmişdilər.
Orada Ermənistanın keçmiş prezidentləri
Koçaryan və Sarkisyanın böyük torpaq sahələri
var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin
böyük torpaq sahələri var idi. Onlar hər il
böyük gəlir əldə edirdilər. Çünki o
torpaqlar çox münbitdir və çox məhsuldardır.
Eyni zamanda, örüş sahələri, otlaq sahələri.
Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin
və biz onu pul ekvivalentinə çevirməliyik.
Əlbəttə,
oradakı təbii sərvətlərin qanunsuz istismarı
artıq danılmaz faktdır. Bizdə şirkətlərin
adları var. Bildirməliyəm ki, əgər bizim
qızıl və digər yataqlarımızı qanunsuz
istismar edən bu şirkətlər təzminat ödəməsələr,
bu məsələ məhkəməyə gedəcək.
Əgər bu təzminatı ödəməsələr,
bütün işlər gedəcək beynəlxalq məhkəmələrə
və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti
demək olar ki, dayandırılacaq. Çünki başqa
ölkədə təbii sərvətləri qanunsuz istismar edib,
ondan gəlir qazanıb varlanan şirkətlərə,
insanlara müasir dünyada yer yoxdur. Ona görə onların
qarşısında məsələ qoyulub, onların qanunsuz
istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin
dəyəri hesablanmalıdır, dəymiş ziyan
hesablanmalıdır, əldə edilmiş gəlir
hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə
biz beynəlxalq məhkəmələrə müraciət etməyə
bilərik.
Söz
düşmüşkən, azad edilmiş torpaqlarda iqtisadi sahələrin
biri də dağ-mədən sahəsi olacaqdır. Bizim
artıq bu sahədə də təcrübəmiz var və
biz bu işlərlə də məşğul olacağıq.
Ona
görə söz verilir iqtisadiyyat nazirinə. Bu məsələ
ilə və digər məsələlərlə
bağlı məlumat verin.
x x x
İqtisadiyyat
naziri Mikayıl Cabbarov dedi:
-Təşəkkür
edirəm, möhtərəm cənab Prezident.
İşğaldan
azad edilmiş torpaqların bərpası və inkişafı
konsepsiyası Sizin tapşırığınıza uyğun
olaraq hazırlanıb. Onun hazırlanması və müzakirəsi
prosesində iqtisadi şurada bütün rəylər nəzərə
alınıb və aidiyyəti üzrə təqdim edilib.
İşğaldan azad olunmuş ərazilərin bərpası
və inkişafı istiqamətində dövlət tərəfindən
həyata keçiriləcək tədbirlər və həmin
rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə
də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb
olunmasına zəmin yaradacaq.
İşğaldan
azad olunmuş ərazilərin bərpası və
inkişafı ilə bağlı kompleks yanaşmanı təmin
etmək üçün dörd mərhələdə fəaliyyətin
həyata keçirilməsi nəzərdə tutulur. İlkin
mərhələdə idarəetmə və təhlükəsizlik,
infrastruktur məsələlərinin həllini, növbəti
mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini,
iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini
özündə ehtiva edir.
Tapşırığınıza
uyğun olaraq, hər bir bölgəmizin təbii
ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini,
nəqliyyat qovşaqlarını, o cümlədən yenidən
bərpa olunan nəqliyyat dəhlizlərinə və Sizin
göstərişinizlə artıq tikintisinə
başlanılmış avtomobil və dəmir yollarına
yaxınlığı nəzərə alınaraq, hər bir
iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə
tutulub. Həmçinin bu işlərin görülməsi
zamanı dövlət vəsaitlərinə qənaət edilməsi
və investisiyaların səmərəliliyinin
artırılması məqsədilə yol-nəqliyyat,
kommunal infrastrukturu, ənənəvi və alternativ enerji
istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi
və sair sahələr üzrə investisiya layihələrinin
həyata keçirilməsində dövlət-özəl
sektor tərəfdaşlığından geniş istifadə
edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə
işğaldan azad olunmuş ərazilərə xüsusi
güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur.
Möhtərəm
cənab Prezident, onu da qeyd etməliyəm ki, 2021-ci il
üçün makroiqtisadi göstəricilərimiz
planlaşdırılarkən məhz işğaldan azad
olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri
qeyri-neft sektorumuzda və ümumiyyətlə,
iqtisadiyyatımızda fəal artım drayverlərinin biri
rolunu oynayır. O, məhz bununla izah olunur ki, Beynəlxalq
Valyuta Fondunun, Dünya Bankının Azərbaycan
iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına
nisbətən (bu, oktyabr ayında olub) bizim
proqnozlarımız daha nikbindir. Demək olar ki, biz artım
tempini iki dəfə daha yüksək
proqnozlaşdırırıq. Əgər onlar artım tempini
1,7-2 faiz arasında proqnozlaşdırırlarsa, qəbul
olunmuş parametrlərə əsasən biz iqtisadi artım
tempini 3,4 faiz planlaşdırırıq.
Prezident
İlham Əliyev: Bax, birinci dəymiş ziyanın
hesablanması. Bu sahədə dediyim kimi, biz özümüz
indi hansı işləri həyata keçiririk və xarici tərəfdaşlarla
bu əməkdaşlıq nə vaxtdan artıq konkret proqrama
çevriləcəkdir?
Mikayıl
Cabbarov: Möhtərəm cənab Prezident, Sizin göstərişinizə
uyğun olaraq, bu işlərin planlaşdırılması və
metodoloji nöqteyi-nəzərdən vahid əsası təşkil
edilib. Məhz gələcəkdə məhkəmə təzminatlarının,
məhkəmə proseslərinin aparılmasını nəzərə
alaraq, biz bu işi öncədən vahid metodoloji əsasda
qururuq. Paralel olaraq həm yerli qiymətləndirici şirkətlərin,
dövlət müəssisələrinin burada, ilk növbədə,
Əmlak Məsələləri Xidmətinin kompetensiyaları
çərçivəsində, özəl sektorun cəlb
edilməsi və digər aidiyyəti dövlət orqanları
ilə birlikdə hər bir istiqamət üzrə bu fəaliyyətin
həyata keçirilməsinə başlamışıq. Bu
prosesin ilkin mərhələsində indiyə qədər
keçirilmiş ayrı-ayrı qiymətləndirmələrin
və tədqiqatların ümumiləşdirilməsi, təhlili
və paralel olaraq ərazilərə təhlükəsiz
çıxışın təmin edilməsi ilə birlikdə
artıq həmin qiymətləndirilmələrin yerində
aparılması həyata keçirilir.
Burada
xüsusilə Siz qeyd etdiyiniz kimi, bizim dağ-mədən
yataqlarının istismarından, daha doğrusu dəyən zərərin
qiymətləndirilməsində biz xeyli irəliləmişik.
Bu fəaliyyəti artıq bir neçə ildir ki, Sizin
göstərişinizə uyğun olaraq həyata
keçiririk və hazırda sadəcə, dəqiqləşmə
işləri aparılır. Çünki bizim həmin
yataqlara artıq fiziki çıxışımız da var.
Analoji olaraq dağıdılmış mülkiyyət, torpaq
istismarı, istər dövlət mülkiyyəti, istərsə
də özəl mülkiyyət üzrə təbii sərvətlərə
dəymiş zərər kimi istiqamətlərdə fəaliyyət
həyata keçirilir.
Son olaraq
onu da məruzə etmək istərdim ki, qeyd etdiyiniz həmin
vahid metodologiyanın tətbiqində bizə dəstək verən
xarici məsləhətçilərin yanvar ayında səfəri
nəzərdə tutulub. Mütəmadi olaraq diqqətinizə
müvafiq məruzələri edəcəyik.
x x x
Prezident
İlham Əliyev: Biz qiymətləndirmə aparmadan və
eyni zamanda, dediyim kimi, xarici tərəfdaşlar, şirkətlər
qiymətləndirmə aparmadan bərpa işlərinə
başlaya bilmərik. Yəni, mən bərpa işləri deyəndə
evlərin, şəhərlərin bərpasından söhbət
açıram. Çünki indi infrastruktur layihələrinin
icrasına start verilib və onların bir neçəsi
artıq icradadır. Ancaq evlərin bərpasına, daha
doğrusu, dağılmış o evlərin, onların yerində
şəhərlərin yaradılmasına biz ancaq beynəlxalq
qiymətləndirmə aparılandan sonra başlaya bilərik.
Çünki əks təqdirdə, məhkəmələrdə
qarşı tərəf bizi əsassız olaraq ittiham edə
bilər ki, biz burada hansısa faktları
saxtalaşdırırıq. Ona görə, ilk növbədə,
biz özümüz bütün sənədləşməni
aparmalıyıq, beynəlxalq şirkətlər gəlib bu sənədləşməni
aparsınlar. Ondan sonra artıq şəhərlərin bərpası
prosesinə start verə bilərik.
Eyni
zamanda, şəhərlər bərpa olunarkən hesab edirəm,
hər bir şəhərdə dağıdılmış
yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt
unutmasın. Şəhərsalma işləri aparılarkən
müəyyənləşdirib, sonra mənə məruzə
edin, misal üçün, Ağdam şəhərinin,
Füzuli şəhərinin, digər şəhərlərin
hansı hissəsi, hansı kvartalı
dağıdılmış vəziyyətdə qalsın, Ermənistan
işğalının açıq səma altında muzeyi
kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə
işğal muzeyləri də yaradılmalıdır. Memorial
komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə
bərabər, işğal muzeyləri də
yaradılmalıdır. İndidən bu muzeylərin
konsepsiyasını işləyin. Bu muzeylərdə Ermənistanın
işğalçılıq siyasətinin ümumi mənzərəsi
əks olunmalıdır. Eyni zamanda, hər bir şəhərin,
hər bir rayonun öz təqdimatı orada göstərilməlidir
ki, həm Azərbaycan vətəndaşları bunu heç
vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar
görsünlər biz hansı vəhşilərə
qarşı müharibə aparmışıq, öz
torpağımızı və Cənubi Qafqazı hansı bəladan
xilas etmişik.
Digər
məsələ su resursları ilə bağlıdır. Mən
istərdim ki, Şahin Mustafayev məlumat versin. Bilirsiniz ki, bir
müddət əvvəl su resurslarından səmərəli
şəkildə istifadə etmək üçün
xüsusi komissiya yaradılmışdır. Komissiya fəal
işləyir və artıq bəzi nöqsanlar da üzə
çıxıb, qanunsuz birləşdirmələr, suyun
uçotunun olmaması, hətta bizim ən böyük su
anbarımız olan Mingəçevir anbarına daxil olan və
oradan çıxan suların uçotunun olmaması. Yəni,
tamamilə belə xoşagəlməz mənzərə
mövcud idi. Nöqsanların bir hissəsi qısa müddət
ərzində aradan qaldırıldı. Eyni zamanda, qanunsuz birləşdirmələr,
bəlkə də yüzlərlə qanunsuz birləşdirmə
mövcud idi. Ona görə bəzi sahələrə su həddindən
artıq çox verilirdi, amma bəzi sahələrə su
verilmirdi. Ona görə də fermerlər, kəndlilər
haqlı olaraq öz narazılıqlarını bildirirdilər
ki, onlara su çatmır. Yerlərdə inzibati resurslardan
istifadə olunurdu, yerli icra orqanları özlərinə
yaxın olan fermerlərə suyun verilməsini təmin edirdilər,
ancaq başqa fermerlər problemlərlə üzləşirdilər.
Xüsusilə nəzərə alsaq ki, keçən il və
2019-cu ildə quraqlıq olub və istisna edilmir ki, quraqlıq
bu il də davam etsin. Əlbəttə ki, bizim azad edilmiş
torpaqlarımızda çox böyük su mənbələrimiz
var və mənfur düşmən bizi bu mənbələrdən
məhrum etmişdi. Bu ərazilərdə ən böyük
çayımız olan Tərtər çayının mənbəyi
Kəlbəcər rayonudur. Ancaq Tərtər
çayının sularından biz məhrum idik.
Çünki Sərsəng, Suqovuşan su anbarları ermənilərin
əlində idi, suyu kəsirdilər və biz məcbur olub bu
bölgələrdə yüzlərlə subartezian quyusu
qazmışıq. Bunun da böyük maliyyə yükü
var - həm onların qazılmasında, həm də ki,
istismarında, çünki enerji sərf olunur. Biz
Suqovuşan qəsəbəsini azad edəndən sonra
artıq suyun axını təmin edilib, ancaq indi kanallar
problemi üzə çıxıb. Çünki bu kanallar
uzun illər ərzində istifadəsiz qalıb.
Bizim digər
çaylarımız oradan mənbə alır və o ərazidən
keçir. Həkəri çayı, Bazarçay,
Oxçuçay, Xaçınçay. Onların bir
çoxu Araz çayına axır və çaylar boyu orada
su anbarlarının tikilməsi nəzərə
alınmalıdır. Bu ilin Dövlət İnvestisiya
Proqramına və azad edilmiş torpaqlarda görüləcək
işlərlə bağlı proqrama bu, mütləq
salınmalıdır. Hesab edirəm ki, bunların layihələndirilməsi
və tikintisinə start verməliyik. Bir daha demək istəyirəm,
orada onsuz da, torpaqlar çox münbitdir. Amma su veriləndən
sonra məhsuldarlıq daha da artacaq və biz ərzaq təhlükəsizliyimizi
böyük dərəcədə özümüz həll edəcəyik.
Söz verilir Şahin Mustafayevə. Bu məsələ ilə
bağlı hansı işlər görülüb və
hansı işlər görüləcək?
x x x
Baş
nazirin müavini Şahin Mustafayev çıxış edərək
dedi:
-Təşəkkür
edirəm, cənab Prezident.
Möhtərəm
cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsi, su təsərrüfatının idarə
olunmasının təkmilləşdirilməsi və bu sahədə
fəaliyyətin əlaqələndirilməsi məqsədilə
müvafiq Sərəncamınızla komissiya
yaradılmışdır. Komissiya ölkə ərazisində
su anbarlarında yaranmış vəziyyəti, suvarma
mövsümünün başlanmasını nəzərə
alaraq operativ tədbirlərin görülməsi məqsədilə
fəaliyyətini intensiv formada təşkil etmiş və
bütün aidiyyəti qurumların koordinasiyası təmin
olunmuşdur.
Məlum
olduğu kimi, əsas su anbarlarında su ehtiyatlarının həcmi
ilbəil azalmış və komissiya fəaliyyətə
başladığı ərəfədə suyun həcmi hətta
2019-cu ildən də aşağı olmuşdur. Belə ki,
2020-ci il aprelin 30-da ölkənin əsas su anbarlarında suyun
həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə
1,4 milyard kubmetr, sadəcə, Mingəçevir su anbarında
1 milyard kubmetr az olmuşdur. İl ərzində də
ümumilikdə su anbarları, o cümlədən Mingəçevir
su anbarına daxil olan suyun həcminin aşağı
olmasına baxmayaraq, su ehtiyatlarının planlı və optimal
istifadəsi istiqamətində görülən tədbirlər
sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə
320 milyon kubmetr, o cümlədən Mingəçevirdə 240
milyon kubmetr çoxalmışdır. Suya qənaət
imkanı verən əsas amillərdən biri sudan energetika məqsədləri
üçün istifadənin suvarma və kommunal məqsədlər
üçün istifadəyə
uyğunlaşdırılmasıdır. Xüsusi əhəmiyyətə
malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə
suvarma, içməli su təchizatı və energetika məqsədləri
üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta
Mingəçevir su anbarından sudan istifadə üzrə hər
10 gündən bir yenilənən iş rejimi tətbiq
edilmişdir. Belə ki, su ehtiyatlarının
azlığı səbəbindən Mingəçevir su
anbarı, sadəcə, çoxillik nizamlama qabiliyyətində
deyil, hətta hazırda illik tənzimlənmə qabiliyyətini
də itirmişdir.
Hazırda
ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət
təəssüf ki, davam edir. Əsas su anbarlarında 20,5
milyard kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə
cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri
ölü həcmdir. Bu baxımdan, qısamüddətli hədəf
əsas su anbarlarında suyun həcmini əvvəlki
üç illə müqayisədə daha yüksək səviyyəyə
çatdırmaq, beləliklə, növbəti suvarma
mövsümünə nisbətən daha yaxşı vəziyyətdə
daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə
uyğunlaşdırmaqdır.
Möhtərəm
Prezident, Nazirlər Kabinetinin Sərəncamı ilə su
ehtiyatlarının formalaşması və istifadəsi
üzrə ümumi dəyərləndirmələrin
aparılmasına imkan verən su təsərrüfatı
balansı tarixdə ilk dəfə təsdiq edilmiş və
yeni yaradılan elektron su təsərrüfatı informasiya
sisteminə inteqrasiya olunmuşdur.
Cənab
Ali Baş Komandan, Sizin rəhbərliyinizlə ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsi bizə
imkan verir ki, növbəti ilin su təsərrüfatı
balansı hazırlanarkən işğaldan azad olunmuş ərazilərimiz
üzrə də su ehtiyatlarını qiymətləndirək.
Siz artıq qeyd etdiyiniz kimi, ölkəmiz ərazi
bütövlüyünü bərpa edəndən sonra
xalqımız hərtərəfli dividendlər əldə edəcək
və bu baxımdan su resurslarının artırılması
da bu sahələrdən biridir.
Qarabağ
bölgəsi su ehtiyatları ilə zəngindir. Nəhayət
uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının
və bundan istifadə məsələlərinin yenidən
qiymətləndirilməsi diqqət mərkəzində olacaq.
Artıq qeyd etdiyiniz kimi, bir sıra çaylarımız, 12 əsas
çayımız var. Bir neçəsini mən qeyd etmək
istəyirəm. Tərtərçay, onun illik su
axınının həcmi 577 milyon kubmetrdir. Həkəri
çayı - 341 milyon kubmetr, Qarqarçay - 54 milyon kubmetr,
Quruçay - 54 milyon kubmetr, Xaçınçay - 40 milyon kubmetr,
Köndələnçay - 22 milyon kubmetr və digər daha
kiçik çaylar.
Eyni
zamanda, çaylar yağış və qar suları ilə
qidalanır. Qeyd etməliyəm ki, Araz çayının
ölkəmizin ərazisindən keçən hissəsinə
də Azərbaycanın tam nəzarəti təmin
edilmişdir və bu da bizə əlavə dividendlər gətirəcək.
Bu ərazilərdə müxtəlif dövrlərdə su
anbarları tikilmişdir. Bir sıra anbarların
adlarını da çəkmək istərdim. Xudafərin su
anbarı 1,6 milyard kubmetr su həcmindədir. Qız qalası
su anbarı tikilməkdədir - 62 milyon kubmetr. Sərsəng
su anbarı 565 milyon kubmetr həcmindədir. Suqovuşan su
anbarı - 6 milyon kubmetr, Xaçınçay su anbarı - 23
milyon kubmetr, Köndələnçay kiçik su
anbarları - 14,8 milyon kubmetrdir. Təqribi hesablamalara görə,
Azərbaycan 2 milyard kubmetrdən artıq su ehtiyatından daha
səmərəli istifadə etmək imkanı əldə
etmişdir. Eyni zamanda, su tələbatının daha
etibarlı imkanları, yeni imkanlar yaranır və bu da su təhlükəsizliyimizin
təmin olunması baxımından çox əhəmiyyətlidir.
Su
ehtiyatlarından istifadədə səmərəliliyin artırılması,
artan tələbata uyğun dayanıqlı su təchizatının
təmin edilməsi, su təsərrüfatının idarə
edilməsinin təkmilləşdirilməsi məqsədinə
nail olunması üçün milli strategiya və onun həyata
keçirilməsi üzrə fəaliyyət planının
layihələri artıq hazırlanmışdır. Məhdud
su ehtiyatlarının ədalətli, optimal və proporsional
bölgüsü prinsipi əsasında 600 minə yaxın
yazlıq və payızlıq əkin sahəsi üzrə
bütün maraqlı tərəflərin
imzaladığı suvarma qrafikləri tərtib olunmuşdur.
Ötən ilin kəskin su çatışmazlığı
şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı
bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin
edilmişdir. Nəticədə pambıq, şəkər
çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz,
üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə
nisbətən müəyyən qədər artmışdır.
Bununla belə, son illər davam edən quraqlıqlar və su
anbarlarında kifayət qədər su toplanmaması öz mənfi
təsirini göstərmiş, suya tələbatın tam və
ya vaxtında ödənilməməsinə, xüsusilə
suya tələbkar bitkilər üzrə əkin sahələrinin
azalmasına səbəb olmuşdur. Suvarma sahəsində
itkilərin azaldılması məqsədilə prioritet hesab
edilən suvarma kanallarının yenidən qurulması
üçün texniki-iqtisadi əsaslandırmalar və layihə
sənədlərinin hazırlanması istiqamətində
işlər davam etdirilir. İlk növbədə,
Qızılarx İmişlidə, Xanarx və Tərtərçay
Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır. Bu
kanalların və Qusarda yerləşən Yuxarı Zeyxur
kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması
və layihə sənədlərinin hazırlanması məqsədilə
tenderlər artıq baş tutmuşdur. Möhtərəm
Prezident, bu il artıq bu kanalların yenidən qurulmasına
başlamaq zərurəti yaranır.
Su
ehtiyatlarının artırılması və bu istiqamətdə
dağ çaylarının sularının
yığılması üzrə relyefə uyğun su
anbarının yaradılması çərçivəsində
texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri
hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin
təmin edilməsi məqsədilə müvafiq tədbirlər
görülür. Eyni zamanda, Əlicançay su anbarı
üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin
hazırlanması işlərinin cari ilin ikinci yarısında
yekunlaşdırılması, beləliklə, su
anbarının tikintisi məsələsinə
baxılması nəzərdə tutulub. Cənab Prezident, beləliklə,
iki anbar üzrə bu ilin ikinci yarısında müvafiq əsaslandırma
təqdim olunandan sonra bu il ərzində tikinti məsələlərinə
baxılması artıq reallaşır.
Ölkə
üzrə su anbarlarının lillənmə səviyyəsi
araşdırılmışdır və Pirsaatçay su
anbarı nümunəsində anbarların lildən təmizlənməsi
imkanlarına dair təkliflər hazırlanır. Ölkədə
üç lillənmiş su anbarı var: Pirsaatçay,
Borqarçay və Şəki rayonu ərazisindəki su
anbarları. Bunları araşdırmaq üçün
lazımi qüvvələri cəlb etmişik və
onların yenidən istifadə imkanları peşəkar səviyyədə
araşdırılaraq təqdim olunacaq.
Neftçala
şəhərinin içməli su təchizatı ilə bağlı
şəhərə qədər uzunluğu 40 kilometr olan
magistral su kəmərinin tikintisi başa
çatdırılmış və 2020-ci ilin noyabr ayından
içməli suyun verilməsi təmin edilmişdir. İkinci
Bakı su kəmərinin və Oğuz-Qəbələ-Bakı
su kəmərinin məhsuldarlığının
artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar
yekunlaşdırılmış, layihələrin ətraf
mühitə təsiri qiymətləndirilmiş, layihə sənədləri
hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Ötən ilin avqust ayında keçirilən monitorinqlər
zamanı regionlarda quraşdırılmış 460 modul tipli
sutəmizləyici qurğudan 66 qurğunun suyunun lilli
olması, mənbədə suyun olmaması, dəniz suyunun
Kür çayına qarışması və
yaşayış məntəqələrində suya tələbatın
mərkəzləşmiş şəbəkədən
ödənilməsi kimi səbəblərdən fəaliyyətinin
dayanması aşkar edilmişdir. Əhalinin içməli su
ilə təmin olunması məqsədilə modul tipli sutəmizləyici
qurğuların fəaliyyətinin
yaxşılaşdırılması üçün tədbirlər
planı hazırlanmışdır. Ölkənin əsas
hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi
məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə
komissiyanın nəzdində Fövqəladə Hallar
Nazirliyinin rəhbərliyi ilə işçi qrupu
yaradılmışdır və qaldırılan məsələlərə
işçi qrupu çərçivəsində
baxılması nəzərdə tutulur.
Mingəçevir
su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici
qurğusunun yenidən qurulması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə
Hallar Nazirliyinə müvafiq vəsait ayrılmış, suqəbuledici
qurğuda mühəndis tədbirlərinin həyata
keçirilməsinə başlanılmışdır.
Antropogen təsirlər nəticəsində formalaşan
sututarların suyundan istifadə məqsədilə
aparılmış monitorinqlər zamanı ümumi həcmi
122 milyon kubmetr olan 43 ədəd sututar müəyyən
edilmişdir. Götürülmüş su nümunələri
40 ədəd sututarın suvarma və texniki məqsədlər
üçün yararlı olduğunu göstərmişdir.
İmişli rayonundakı belə göllərdən istifadə
məqsədilə nasos stansiyası
quraşdırılmış və su Baş Muğan
kanalına verilməyə başlanmışdır. Kanala
ötürülən su hesabına üç rayonda -
İmişli, Saatlı, Sabirabadda 5 min hektardan çox əkin
sahəsinin suvarılması mümkün olmuşdur.
Suyun mənbədən
götürülməsindən son istehlakçıyadək
bütün mərhələlər üzrə uçotun və
dəqiq qiymətləndirmənin aparılması vacib məsələ
kimi qarşımızda dayanır. Hazırda aidiyyəti
qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə
uyğun olaraq su və su təsərrüfatı obyektlərində
nəzarətdənkənar istifadənin aradan
qaldırılması, inventarlaşdırmanın
aparılması, uçotun təkmilləşdirilməsi ilə
bağlı tədbirlər görülür.
Möhtərəm
cənab Prezident, ilk növbədə, Kür çayı
boyunca və digər su hövzələrində monitorinqlər
aparılmış, yüzlərlə belə nəzarətdənkənar
qoşulmalar aşkarlanmışdır. Bunların
böyük hissəsi aradan qaldırılır, amma bu iş
davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır.
İtkilərin azaldılması üçün nəzarətdənkənar,
uçotdankənar istehlakın qarşısı birmənalı
alınmalıdır. Əsas su və su təsərrüfatları
obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd
müasir ölçmə cihazı
quraşdırılmışdır, əlavə 31 cihaz
quraşdırılacaqdır. Cənab Prezident, Mingəçevir
gölünə tökülən suya və çıxan
suya artıq müasir cihazlarla nəzarət olunur, uçot
müasir cihazlar vasitəsilə aparılır. Bu ayın
sonunadək bizim bütün su anbarlarımızda,
çaylarımızda müasir cihazların
quraşdırılması başa çatdırılacaq və
biz dəqiq uçota malik olacağıq. Eyni zamanda, bu cihazlar
birbaşa elektron su təsərrüfat sisteminə birləşərək
insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik
ki, harada nə qədər su axır və hansı hallarda nə
qədər suyumuz var.
Möhtərəm
cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin
təmin edilməsi ilə bağlı görülən
işlər barədə geniş hesabat hazırdır və
yaxın günlərdə daha geniş formatda Sizə təqdim
olunacaqdır.
Diqqətinizə
görə təşəkkür edirəm.
x x x
Prezident
İlham Əliyev: İndi bütün bu işlərin həyata
keçirilməsi üçün bizim maliyyə
imkanlarımız, əlbəttə ki, səfərbər
olmalıdır. Bu ilin büdcəsi kifayət qədər
imkanlar yaradır. Həm sosialyönümlü büdcədir,
həm kifayət qədər investisiyalar üçün
imkan yaradır, həm də dövlət investisiya proqramı
xətti ilə, eyni zamanda, xüsusilə azad edilmiş
torpaqlarda görüləcək işlərə daha da
böyük dəstək vermək üçün vəsait
nəzərdə tutulub. Maliyə naziri büdcənin parametrləri
haqqında və maliyyə təminatı ilə əlaqədar
məlumat versin, çünki burada heç bir yubanma
olmamalıdır. Biz qısa müddət ərzində
böyük işlər görməliyik və bu barədə
məlumat verin.
Maliyyə
naziri Samir Şərifov çıxış edərək
dedi:
-
Çox sağ olun, möhtərəm cənab Prezident.
Hörmətli
müşavirə iştirakçıları.
Yola
saldığımız 2020-ci il Azərbaycan dövləti və
xalqı üçün ən yaddaqalan və şanlı
dövr kimi tarixə yazılır. Möhtərəm cənab
Prezident, son 17 il ərzində Sizin rəhbərliyinizlə
ölkədə həyata keçirilmiş iqtisadi və hərbi
potensialın artırılması, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və beynəlxalq müstəvidə
mövqelərimizin möhkəmləndirilməsi istiqamətində
məqsədyönlü siyasət, dövlət və ordu
quruculuğu və 44 gün davam edən Vətən
müharibəsində işğalçı Ermənistan
üzərində parlaq qələbə
qazanılmasını, işğal altındakı tarixi
torpaqlarımızın azad olunmasını təmin
etmişdir. Sizin maliyyə orqanları və hökumət
qarşısında qoyduğunuz əsas, ən ümdə vəzifələrdən
biri işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa
edilməsi üzrə işlərin həyata keçirilməsi,
həmin regionda müvafiq infrastrukturların yaradılması
və bununla əlaqədar müvafiq maliyyə vəsaitlərinin
təmin edilməsidir. Bununla əlaqədar Sizin
tapşırığınıza əsasən, 2021-ci ilin təsdiq
olunmuş dövlət büdcəsində məqsədli
olaraq bərpa, yenidənqurma işlərinin aparılması,
eyni zamanda, həmin regionun Azərbaycan iqtisadiyyatına
reinteqrasiyasının təmin edilməsi üçün 2,2
milyard manat vəsait nəzərdə tutulub.
Eyni
zamanda, Sizin qarşımızda qoyduğunuz digər vacib məsələ
Azərbaycan Ordusunun təchizatı, Azərbaycan sərhədlərinin
bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsinin
təmin olunmasıdır. Bu vəzifələrin həyata
keçirilməsi üçün də dövlət
büdcəsində müvafiq vəsaitlər nəzərdə
tutulub. Qeyd etmək istərdim ki, ümumilikdə 4,6 milyard
manat maliyyə təminatı yaradılıb. Bununla əlaqədar
nəzərə alınmamış digər tədbirlərin
həyata keçirilməsi üçün müəyyən
ehtiyat vəsaitlər də nəzərdə tutulub. Onu da
bildirmək istərdim ki, bu vəsaitlərin ayrılması
ilə yanaşı, dövlət büdcəsi ilə ölkəmizin
ənənəvi dövlət vəzifələrinin, nəzərdə
tutulmuş bütün sosial proqramların həyata
keçirilməsi və bir sıra təşəbbüslərin
icra olunması da nəzərdə tutulub. O cümlədən
Sizin tapşırığınız əsasında təhsil
kreditlərinin verilməsi üzrə xüsusi bir mexanizmin
hazırlanması üçün müəyyən maliyyə
təminatı nəzərdə tutulur ki, müvafiq qərar qəbul
edildikdən sonra bu mexanizm işə salına bilər.
Digər
tərəfdən, onu da nəzərə almaq lazımdır
ki, 2020-ci il ölkə iqtisadiyyatı üçün
sosial-iqtisadi cəhətdən kifayət qədər mürəkkəb
bir il olmuşdur. Bu da bütün dünyada baş vermiş
proseslərdən irəli gələn məsələdir.
Çünki ölkəmiz xarici mənşəli şoklara
məruz qalıb. Bu, əsasən, qlobal koronavirus
pandemiyası və onun ölkə iqtisadiyyatı
üçün yaratdığı mənfi fəsadlardır.
Həmin mənfi təsirlərin azaldılması
üçün ötən il xüsusi olaraq vəsaitlər
ayrılmışdır. 2021-ci ildə də
ayrılmış həmin vəsaitlər, eyni zamanda, dövlət
büdcəsindən, əlavə olaraq müəyyən
dövlət fondlarından, digər büdcədənkənar
imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin
səfərbər edilməsi proqramı həyata
keçirilmişdir. Həmin proqramın 2021-ci ildə də
icra olunması üçün vəsaitlər nəzərdə
tutulub. O cümlədən sahibkarlara güzəştli əsaslarla
kreditlərin ayrılması üçün müəyyən
dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin
zəmanətli kreditlərin faiz dərəcələrinin
subsidiyalaşdırılması üçün vəsaitlər
nəzərdə tutulmuşdur. Bununla yanaşı, ənənəvi
olaraq ipoteka proqramlarının həyata keçirilməsi
üçün də dövlət büdcəsində vəsaitlər
nəzərdə tutulub. Bu vəsaitlər, eyni zamanda, Azərbaycanda
sosial mənzillərin tikintisi məsələlərini də
əhatə edəcək. Bu məqsədlər
üçün növbəti ilin büdcəsindən 152
milyon manat vəsait nəzərdə tutulub.
Hərbi
qulluqçuların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə Sizin
müvafiq Fərmanınızın icrası olaraq son illər
ərzində vəsaitlər ayrılır və bu il də
bu məqsədlərə 35 milyon manat vəsait
ayrılıb. Digər tərəfdən, bəzi dövlət
şirkətlərinin əhaliyə göstərdiyi xidmətlərin
subsidiyalaşdırılmış qiymətlərlə həyata
keçirilməsini nəzərə almaqla dövlət tərəfindən
həmin şirkətlərə müəyyən
subsidiyaların verilməsi nəzərdə tutulur.
Onu da demək
istərdim ki, yerli gəlirlərlə xərclər
arasında da müsbət dəyişikliklər
müşahidə olunmaqdadır. Artıq ölkəmizin 42
şəhəri və rayonu öz gəlirləri hesabına
öz xərclərini təmin etmək iqtidarındadır.
Yerdə qalan rayonların xərcləri ilə gəlirləri
arasında kəsirin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən
dotasiyaların verilməsi davam etdiriləcək.
Xüsusi
olaraq qeyd etmək istərdim ki, kənd təsərrüfatı
sahəsində proqramlara vəsaitin ayrılması davam
etdirilir. Bu məqsədlə növbəti ilin büdcəsində
də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata
keçiriləcək. Bu vəsait hesabına həm fermerlərə
müəyyən subsidiyaların verilməsi, o cümlədən
ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər
yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi
üçün vəsait ayrılması nəzərdə
tutulub.
Möhtərəm
cənab Prezident, 2021-ci il ölkə iqtisadiyyatı
üçün olduqca məsuliyyətli bir il olacaq. Hesab
edirik ki, ötən il pandemiyaya qarşı mübarizə tədbirləri
həm səhiyyə sahəsində, həm də
sosial-iqtisadi sahədə uğurla həyata keçirilmiş
və prinsip etibarilə onun kəskin fəsadları aradan
qaldırılmışdır. Artıq dünyada, o cümlədən
ölkəmizdə də optimizm artmaqdadır. Sizin
tapşırıqlarınızın icrası olaraq peyvəndin
əldə edilməsi, sözsüz ki, ölkəmizin
sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcəkdir.
Bununla bağlı dövlət büdcəsində nəzərdə
tutulmuş müvafiq vəsaitlər də inkişafı təmin
etmək üçün öz rolunu oynayacaq.
x x x
Prezident
İlham Əliyev: Xərclərə nəzarət gücləndirilməlidir.
Xüsusilə dövlət xətti ilə alınan mallara da
çox ciddi nəzarət olmalıdır. Çünki bəzi
hallarda orada şişirtmələr də olur. Bəzi hallarda
dövlət təşkilatları, necə deyərlər,
öz rahatlıqları üçün lazım olmayan bir
çox mal-material, əşya alırlar. Belə hallar var.
Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son
qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə
son qoymalıyıq. Ona görə, xərclərə nəzarət
daha güclü olmalıdır və baxın, bəlkə də
hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq
edilə bilər. İkincisi, büdcəmizdə neftin qiyməti
40 dollar götürülüb. Bu, çox konservativ, yəni,
mühafizəkar yanaşmadır. Ancaq indi dünya
bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə,
proqnoz vermək çətindir, amma nəzərə alsaq ki,
pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə
peyvəndləmə işləri də gedir, - və beləliklə,
iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı
və digər sahələr açılacaq, yanacağa daha
da böyük tələbat olacaq. Yəni, kifayət qədər
böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan
aşağı olmayacaq. Bunu nəzərə alsaq, bizdə
profisit yarana bilər və siz indidən fikirləşin, bu
profisit hansı istiqamətlərə yönəldilə bilər.
Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər
vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası
üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait
kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni,
əgər profisit yaranacaqsa, o istiqamətlərdə də
istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək.
Birinci rübün yekunlarına baxdıqda görəcəyik
ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə,
dünyada hansı proseslər gedir.
Keçən
il sosial sahə ilə bağlı çox böyük
işlər görülüb. Mən bu barədə artıq
qeyd etdim. İndi əgər hansısa əlavə olarsa, əmək
və əhalinin sosial müdafiəsi naziri qeyd etsin. Eyni
zamanda, bu il biz şəhid ailələri üçün
daha böyük həcmdə evlərin verilməsini təmin
etməliyik. Bütövlükdə 9 mindən çox şəhid
ailəsi dövlət tərəfindən evlərlə və
mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid
ailəsi üçün evlər nəzərdə tutulurdu.
Əmək və əhalinin sosial müdafiəsi naziri bu
yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək
bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də
davam etdirilməlidir. Vətən müharibəsində şəhid
olmuş qəhrəman hərbçilərimizin
doğmalarına, yaxınlarına evlər veriləcəkdir.
Onu da bildirməliyəm ki, bundan sonra məcburi
köçkünlər üçün evlər ancaq azad
edilmiş torpaqlarda tikiləcək. Bəzi layihələr
davam edir, bəzi layihələr başa çatmaq üzrədir.
İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə
evlər tikilibdir, onlar, əlbəttə ki,
köçkünlərə veriləcək. Ancaq bundan sonra
daha Bakı şəhərində, Gəncə şəhərində,
Sumqayıt, Mingəçevir şəhərlərində və
hər hansı bir başqa yerdə köçkünlər
üçün evlər tikilməməlidir.
Köçkünlər, yəni, keçmiş
köçkünlər üçün evlər ancaq azad
edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi
proqram əsasında həyata keçirəcəyik. Bunu hər
kəs bilməlidir və istərdim ki, bunu hər kəs
bilsin. Bu, çox ədalətli yanaşmadır.
Bu
yaxınlarda müşavirə keçirərkən mənə
məlumat verildi ki, bütövlükdə keçmiş məcburi
köçkünlərin 52 faizi şəhərlərdə
məskunlaşıb. Bu insanların böyük əksəriyyəti
kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə
məskunlaşma şəhərlərdə aparılıb.
Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə
qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən
bu yaxınlarda Prezident Administrasiyasına göstəriş
verdim ki, köçkünlər arasında sorğular
keçirilməlidir, onların niyyəti öyrənilməlidir.
Həm evlərlə təmin olunmuş köçkünlər,
həm də bu günə qədər yataqxanalarda, yaxud da
uşaq bağçalarında ağır vəziyyətdə
yaşayan köçkünlər arasında sorğular
keçirilməlidir ki, biz real vəziyyəti bilək.
Özümüz-özümüzü aldatmamalıyıq,
real vəziyyəti bilməliyik. Xahiş edirəm
köçkünlərdən, onlara sual veriləndə səmimi
cavab versinlər - öz dədə-baba torpaqlarına getmək
fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək
və buna görə öz bərpa işlərimizi həyata
keçirməliyik. Mən tam əminəm ki, keçmiş
köçkünlərin mütləq əksəriyyəti
böyük həvəslə öz doğma torpaqlarına
qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən
gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda,
bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu
sorğunun keçirilməsi hesab edirəm ki, bir çox
suallara cavab verəcək. İndi sorğuda hansı suallar
olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi,
ondan sonra harada işləyirlər, işdən
razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti,
maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti
vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir,
bütün bu suallar verilməlidir. Əsas sual onların
öz torpaqlarına qayıtmaq istəkləri ilə
bağlı olacaqdır. Bu, öz yerində. Ancaq bildirmək
istəyirəm ki, məcburi köçkünlər
üçün nəzərdə tutulmuş evlər şəhid
ailələrinə veriləcək. Bu qərarı mən qəbul
etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun
balansında olan mənzillər Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər
böyük bir proqramdır. Ona görə həm müharibəyə
qədər növbədə dayanan şəhid ailələri
yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda,
İkinci Qarabağ müharibəsində şəhid
olmuş qəhrəman hərbçilərimizin
yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu,
ədalətli qərardır. Hesab edirəm ki,
köçkünlər, bağışlayın,
keçmiş köçkünlər bunu düzgün
anlayacaqlar. Mən hər şeyi həmişə necə var
elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri
uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad
olunub. Ona görə, keçmiş köçkünləri
Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək
heç bir məntiqə sığmır. Onlar
üçün nəzərdə tutulmuş evləri şəhid
ailələrinə vermək çox düzgün qərardır.
İndi məruzə
edin, hansı işlər nəzərdə tutulur? Mən
artıq giriş sözümdə dedim ki, şəhid ailələri
üçün müavinət 300 manatdan 500 manata
artırıldı. Digər artımlar da var. Bu haqda və
görüləcək işlər haqqında məruzə
edin.
x x x
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident, 2020-ci ildə bütün sosial ödənişlər
vaxtında və tam şəkildə həyata keçirilib.
Sizin müvafiq Sərəncamınızla 2020-ci ilin əvvəlində
bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya
olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə
pensiya ödənişləri 2019-cu illə müqayisədə
20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri
25 faiz, sosial müavinətlər 15 faiz artdı və
ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı
əhatə etdi. Aparılan islahatlar nəticəsində Azərbaycanda
orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata,
yaşa görə pensiyanın orta məbləği də 13
faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm
də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə
görə Azərbaycan MDB məkanında öz liderliyini
qorumuşdur.
Ünvanlı
sosial yardım mexanizminin də əhatə dairəsi
genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322
min üzvünə ünvanlı yardım ödənilmişdir.
Bu, 2019-cu illə müqayisədə 19 min nəfər
çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən
məbləğ 240 manata çatmışdır. Sizin
tapşırıqlarınıza uyğun olaraq, bütün
sosial ödənişlərin həyata keçirilməsində
avtomatlaşdırma, elektronlaşdırma tədbirləri
görülür, vətəndaş-məmur təması
minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə
artıq həm müavinət və təqaüd, həm də
pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən
hər hansı bir təmas olmadan həyata
keçirilmişdir. Eyni zamanda, əsassız pensiya işlərinin,
əsassız və saxta əlillik işlərinin və digər
ödənişlərin araşdırılması nəticəsində
il ərzində 125 milyon manat qənaət əldə
edilmişdir. Digər tərəfdən,
yığımların artması nəticəsində il ərzində
160 milyon manatlıq qənaət əldə olunmuşdur və
ümumi məbləğin 250 milyon manatı dövlət
büdcəsinə ödənmiş, 35 milyon manatı isə
Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilmişdir.
Cənab
Prezident, qeyd edim ki, ümumilikdə son iki il ərzində əhaliyə
ödənişlərin 1 milyard manat artmasına baxmayaraq,
dövlət büdcəsindən transfertin məbləği
azalmış və ümumilikdə 570 milyon manat vəsait
dövlət büdcəsinə qaytarılmışdır.
Siz qeyd etdiyiniz kimi, İkinci Qarabağ müharibəsində
şəhid olan, müharibədə iştirak edən,
yaralanan əsgərlərimizin ailələrinə dəstək
verilməsi üçün də mexanizmlər
hazırlanmışdır və Sizin Sərəncamınızla
dekabrın 31-də şəhid ailələrinin təqaüdü
500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü
400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü
350 manata, 3-cü qrup əlillərin təqaüdü isə
300 manata qədər artırılmışdır. Milli qəhrəmanlarımızın
təqaüdləri 1800 manata
çatdırılmışdır və Sizin Sərəncamınızla
yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına
Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis
olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən
edilmişdir. Təqaüdlərin artırılması,
ümumilikdə 100 minədək insanı əhatə edir.
Burada müxtəlif kiçik məbləğli müavinətlər
və pensiya əlavələri vahid təqaüd məbləğində
birləşdirilmiş və məbləğlər
artırılmaqla bu rəqəmlər təsdiqlənmişdir.
Bundan əlavə,
İkinci Qarabağ müharibəsi döyüşlərində
iştirak edən və ya şəhid olan vətəndaşlarımızın
ailələri ilə bağlı son bir ayda
görülmüş işlər 7 min şəxsi əhatə
etmişdir. 2300 şəxsə sosial ödənişlər təyin
olunmuşdur. 2000 şəhid ailəsi və müharibə
iştirakçısının ailəsi özünüməşğulluq
proqramlarına cəlb edilmiş, 2700 nəfərə isə
sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilmişdir.
Əlavə olaraq mülki şəhidlərimizin sosial ödənişlərinin
hamısı prioritet qaydada tam şəkildə təmin
olunmuş, onlara sosial-psixoloji reabilitasiya xidmətləri təqdim
edilmişdir. Bu məqsədlə xüsusi işçi qrupu
yaradılıb. İşçi qrupunda bütün aidiyyəti
dövlət qurumlarının üzvləri var və əlaqələndirilmiş
iş nəticəsində şəhid ailələrinin,
müharibədə yaralanan şəxslərin, müharibə
iştirakçılarının sosial təminatı, sosial
ödənişləri, məşğulluq tədbirləri
sürətlə aparılır.
Qeyd
etdiyiniz kimi, 1500 şəhid ailəsinə, müharibə əlilinə
mənzillərin və evlərin verilməsinə dair cari il
üçün planımız var idi. 1450 mənzil və fərdi
ev artıq bu şəxslərə təqdim edilib və
növbəti 10-15 gün ərzində - 15 yanvaradək 1500
evin hamısı təqdim olunacaq.
Avtomobillərin
verilməsi proqramı da davam etdirilmiş və il ərzində
400 müharibə əlilinə və əlilliyi olan şəxslərə
avtomobillər təqdim olunmuşdur.
Məruzə
edim ki, məşğulluq proqramlarımız da davamlı
şəkildə icra olunub və məşğulluq mərkəzləri
tərəfindən 1000 nəfər vətəndaşımız
işlə təmin edilib, 12 min ailə isə
özünüməşğulluğa cəlb olunub.
Özünüməşğulluq proqramı İşdən
Sığorta Fondu ilə yanaşı, BMT İnkişaf
Proqramı, yerli banklarımız, Heydər Əliyev Fondunun dəstəyi
ilə icra edilib.
2021-ci il
üçün hədəfimiz, əlbəttə ki, Sizin
tapşırıqlarınıza uyğun olaraq bu proqrama cəlb
olunan ailələrin sayının artırılmasıdır
və 16 min ailənin əhatə edilməsi
planlaşdırılır. Haqqıödənilən ictimai
işlər proqramı icra olunur və yaradılmış 38
min daimi iş yerindən 98 faizi işçilərlə təchiz
edilib. Pandemiyanın fəsadlarının aradan
qaldırılması ilə bağlı tədbirlər
planına əsasən yaradılmış 50 min ikiaylıq
müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilmişdir.
Dövlət
şirkətlərində yaradılan 26 min ictimai iş yerinin
də DOST İş Mərkəzinə ötürülməsinə
dair tapşırığınız artıq icra olunur. Bu ildən
ictimai iş yerləri də DOST İş Mərkəzi vasitəsilə
təmin ediləcəkdir. Bütün bu proqramların şəffaflığının,
ictimai açıqlığının təmin edilməsi
üçün müvafiq elektron portal da yaradılıb. Həm
özünüməşğulluq proqramı, həm də
ictimai iş yerləri üzrə aktiv şəxs və ya
işə cəlb edilən vətəndaşlar haqqında
bütün məlumatlar ictimaiyyətə onlayn qaydada
açıqlanır və hər kəsin istənilən məlumatı
almaq imkanları var.
Cənab
Prezident, Sizin tapşırığınızla pandemiya
dövründə həssas təbəqədən olan
insanlarımıza dəstək tədbirləri də icra
olundu. 600 min işsiz, qeyri-formal işləyən şəxsə
birdəfəlik ödəmə proqramı 190 manat məbləğində
icra edildi. Bu məqsədlər üçün 450 milyon manat
vəsait sərf olundu. Sosial tərəfdaşlarımızın
dəstəyi ilə 110 min aztəminatlı ailəyə 3 dəfə
ərzaq yardımları verildi. 65 yaşdan yuxarı və tənha
yaşayan şəxslər daimi sosial xidmətə
götürüldü və müxtəlif sosial xidmət
müəssisələrində həssas kateqoriyadan olan insanlarımıza
dəstək tədbirləri təqdim edildi. Bu proqramlar cari
ildə də davamlı olaraq icra ediləcəkdir. Həm
sosial xidmət müəssisələrimizin, həm
reabilitasiya mərkəzlərimizin şəbəkəsinin
genişləndirilməsi ilə daha çox əhaliyə
xidmət göstəriləcək. Məşğulluq
proqramlarımız isə Sizin
tapşırığınıza uyğun olaraq, ilk növbədə,
prioritet əsasda həm işğaldan azad olunmuş ərazilərimizdə,
həm də onlara yaxın regionlarımızda üstün
şəkildə təmin ediləcəkdir.
x x x
Prezident
İlham Əliyev: Mən giriş sözümdə meşələrin
qırılması ilə bağlı məlumat verdim və
eyni zamanda, söylədim ki, dəymiş ziyan
hesablanmalıdır. İstəyirəm bütün Azərbaycan
xalqı bilsin ki, indi azad edilmiş ərazilərdə 1988-ci
ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci
ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə
fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin
növbəti nümunəsidir. Ona görə bu məsələ
çox ciddi təftiş edilməlidir. Qeyd etdiyim kimi, həm
dəymiş ziyan hesablanmalıdır, eyni zamanda, bu meşə
fondunun bərpası ilə əlaqədar aidiyyəti qurumlar,
ilk növbədə, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, həmçinin Kənd Təsərrüfatı
Nazirliyi, İqtisadiyyat Nazirliyi xüsusi proqram tərtib etməlidirlər
ki, biz ermənilər tərəfindən
dağıdılmış meşələri bərpa edək.
Azad
edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət
qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da
Azərbaycan xalqına çatdırmaq istəyirəm.
Laçın rayonunda Qaragöl Dövlət Təbiət
Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var
idi, tamamilə məhv edilib, talan olunub və bütün
ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay
Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
yaradılıb. Bu, Avropada unikal meşə sayılır və
burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı
əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu,
erməni vəhşiliyinin növbəti təzahürüdür.
Bu, onu göstərir ki, onlar başa düşürdülər
və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar.
Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi
dağıdıblar, məscidlərimizi dağıdıblar,
meşələrimizi də dağıdıblar. Nadir
çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da
mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş
aparılmalıdır və bu qoruq bərpa edilməlidir.
Qubadlı
Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə
yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci
ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb,
talan edilib.
Daşaltı
Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə
Heydər Əliyev tərəfindən
yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var
idi, hazırda 350 hektardır. Burada da 50 hektar
dağıdılıb.
Laçın
Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə
yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi.
Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən
məhv edilib.
Zəngilan
rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı
1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi.
Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv
edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky”
peykindən götürülüb və mənə təqdim
edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar
ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir,
bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın
növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır.
Azad
edilmiş torpaqlarda böyük əkin sahələri
vardır. Mən Kənd Təsərrüfatı Nazirliyinə
və Prezident Administrasiyasına göstəriş verdim ki,
vaxt itirmədən keçən il və bu il müəyyən
dərəcədə payızlıq əkini aparılsın.
Düzdür, bunun üçün biz, ilk növbədə,
o əraziləri minalardan təmizləməliyik və
artıq müəyyən dərəcədə işlər
görülüb. İstərdim ki, həm bu məsələ
ilə bağlı, həm də ümumiyyətlə,
keçən il görülmüş və bu il görüləcək
işlər barədə məlumat verilsin, o cümlədən
azad edilmiş torpaqlarda. Çünki bizim əsas
hazırlıq işlərimiz yaz mövsümünə qədər
aparılmalıdır. Kənd təsərrüfatı naziri,
məlumat verin.
x x x
Kənd təsərrüfatı
naziri İnam Kərimov çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident, ölkədə ərzaq təhlükəsizliyinin
təmin olunması məqsədilə müəyyən
etdiyiniz vəzifələrə uyğun olaraq bu il də tədbirlər
davam etdirilib. Sizin rəhbərliyinizlə müzəffər
Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlar aqrar
sektorun inkişafı üçün qarşımızda
yeni vəzifələr qoyub, həmçinin yeni imkanlar
yaradıb.
Kənd təsərrüfatı
üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə
də davam edib və bu sahə üzrə 2 faiz artım,
bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9
faiz artım olub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti
mövcud çağırışlara uyğun qurulub və kənd
təsərrüfatı məhsullarının fasiləsiz
istehsalı təmin edilib. 2020-ci ildə 1 milyon hektardan
artıq sahədə taxıl əkini həyata keçirilib
və işğaldan azad edilən ərazilər hesabına
növbəti illərdə bu sahənin əkin
balansının təqribən 10 faiz artırılması nəzərdə
tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi
taxılçılığa təsirsiz ötməyib, 100
hektardan çox sahədə çıxış
alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq
ölkə üzrə 31,2 sentner təşkil edib. Qeyd etmək
istərdim ki, suvarma problemi yaşanmayan əksər regionlarda
məhsuldarlıq xeyli yüksək olub və bir çox
rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra
özəl və pilot təsərrüfatlarda taxıl üzrə
məhsuldarlıq hətta 60 sentnerə qədər
çatıb. Digər bitkiçilik məhsulları
istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə
görə, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2,5 faiz çox tərəvəz, 4,2 faiz
çox meyvə və giləmeyvə, 15 faiz çox
tütün, 2,1 faiz çox kartof istehsal edilib. Həmçinin
pambıq sahəsində yüksək nəticə əldə
olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan
çox məhsul istehsal edilib və pambıq üzrə orta
məhsuldarlıq əvvəlki illə müqayisədə 4
sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil
edib. Həmçinin tütün üzrə məhsuldarlıq
2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə,
şəkər çuğunduru üzrə məhsuldarlıq
328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq
29,9 sentnerdən 32,8 sentnerə yüksəlib.
Yüksək
əlavə dəyər yaradan sahələrdən biri kimi,
intensiv bağçılığın inkişafı da
müsbət nəticələr verib. 2020-ci ildə intensiv və
superintensiv bağlar ümumi bağların 14 faizini təşkil
edib. Cənab Prezident, bu il Sizin
tapşırığınıza uyğun olaraq, intensiv
üsulla fındıq, zeytun, nar və sitrus
bağlarının salınmasına görə birdəfəlik
əlavə maliyyə dəstəyi göstəriləcək.
Heyvandarlıq
sahəsində də müsbət dinamika saxlanılıb və
ət istehsalında ilkin nəticələrə görə
3,1 faiz artım, süd istehsalında isə 1,7 faiz artım əldə
olunub.
2020-ci
ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi
yeni qaydalara əsasən həyata keçirilib və alternativsiz
olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən
aparılıb. Bu günədək elektron kənd təsərrüfatı
sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib.
Fermerlərin kənd təsərrüfatı texnikasına
olan tələbatını ödəmək məqsədilə
nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən
100-dən artıq özəl şirkət vasitəsilə 3
min fermerə 7260 kənd təsərrüfatı
texnikasının, həmçinin 8758 baş damazlıq
heyvanın satışı maliyyələşdirilib.
Keçən il 3400-dən çox fermerə mikrokreditlər
verilib.
Fermerlərin
təbii fəlakətdən və digər risklərdən
qorunması üçün aqrar sığorta sistemi
formalaşdırılıb. Ötən ilin noyabrından
heyvandarlıq və bitkiçilik sahəsi üzrə
sığorta məhsulu fermerlərə təqdim edilib. Su məsələləri
komissiyasının koordinasiyası ilə fermerlərin suvarma
suyuna olan tələbatını ödəmək məqsədilə
tədbirlər davam etdirilib. “Meliorasiya və Su Təsərrüfatı”
ASC ilə birlikdə mövcud suyun ədalətli və
vaxtında bölüşdürülməsi
üçün 57 rayon üzrə 674 mindən çox su
qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc
olunub. Hazırda payızlıq əkinlərin su tələbatının
formalaşdırılması üzrə işlər davam
etdirilir.
İşğaldan
azad edilmiş torpaqlarda kənd təsərrüfatının
inkişaf etdirilməsi ilə bağlı verdiyiniz
tapşırıqlara uyğun olaraq, işlərə artıq
başlanılıb. Nazirlik “Azərkosmos” ASC ilə birlikdə
azad olunmuş ərazilərdə faktiki əkinaltı
torpaqların da çoxillik əkmələrin peyk təsvirləri
əsasında xəritələşməsini aparıb.
Hazırda həmin torpaqlarda əkinlərin aparılması, o
cümlədən çoxillik əkmələrə
aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə
ilkin işlərə başlanılıb.
Möhtərəm
cənab Prezident, bu il Sizin aqrar sahədə həyata
keçirdiyiniz islahatlardan bəhrələnərək
nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə
fermerlərə məsləhət və informasiya xidmətinin
gücləndirilməsinə, xidmətlərin daha əlçatan
edilməsinə, innovativ üsulların tətbiqinə və
əlbəttə, ən ümdə vəzifələrdən
biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin
bərpasına yönəldəcək. Sizi əmin edirik ki,
bu sahədə qarşıya qoyduğunuz vəzifələri
layiqincə yerinə yetirmək üçün bütün
səylərimizi göstərəcəyik.
Çox
sağ olun.
x x x
Prezident
İlham Əliyev: Azad edilmiş torpaqlarda kənd təsərrüfatının
inkişafı sistemli xarakter almalıdır və hökumət,
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat
Nazirliyi bəri başdan prioritetlər seçməlidir.
İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin
edilməsi üçün hansı məhsullar əkilməlidir.
Azad edilmiş torpaqların həm bitkiçilik, həm də
heyvandarlıq sahəsində çox böyük
potensialı var. Kəlbəcər, Laçın
rayonlarında çox böyük örüş sahələri,
otlaq sahələri vardır. Azad edilmiş torpaqlarda sovet
dövründə taxılçılıq,
pambıqçılıq, üzümçülük,
tütünçülük, baramaçılıq,
bağçılıq, heyvandarlıq çox geniş vüsət
almışdı. Nəzərə almalıyıq ki, indi
bizim yeni texnologiyalarımız var. Məsələn, keçən
il biz pambıqçılıqda rekord göstəriciyə
nail olduq. Xüsusilə nəzərə alsaq ki, 4-5 il bundan əvvəl
dövlət pambıqçılıqla ciddi məşğul
olmağa başlayanda hektardan məhsuldarlıq təqribən
14-15 sentner idi. Biz yavaş-yavaş məhsuldarlığı
33,5 sentnerə çatdırdıq. Deyə bilərəm ki,
sovet dövründə xüsusilə
pambıqçılığın sürətlə
inkişaf etdiyi 1970 və 1980-ci illərin əvvəllərində
2, yaxud 3 il cəmi 30 sentnerdən çox məhsul
götürülmüşdür. Amma bu da son hədd deyil.
Çünki mən pambıqçılıqla məşğul
olan rayonların siyahısına baxdım. Orada bir neçə
rayonda məhsuldarlıq çox aşağıdır və əkin
sahələri də çox kiçikdir. Ona görə siz
yenidən baxın, misal üçün, indi Samux rayonunda, Cəlilabad
rayonunda, bəzi başqa rayonlarda əkin sahələri
heç 1000 hektar da deyil, bəlkə orada, ümumiyyətlə,
pambıqçılıq inkişaf etməməlidir, məhsuldarlıq
da çox aşağı səviyyədədir. Biz o
torpaqları başqa kənd təsərrüfatı sahəsinə
çevirə bilərik.
Azad
edilmiş torpaqlara gəldikdə, biz burada bu işləri
planlı şəkildə görməliyik. Birincisi, ərzaq
təhlükəsizliyi üçün. İkincisi, ixrac
potensialımızın artırılması
üçün. Biz burada da ixrac potensialımızı
şaxələndirməliyik. Çünki bu yaxınlarda
Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə,
bizim üçün çox gözlənilməz
olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl
Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt
sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı
məhsullarının ixracını artırsın. Məhz
ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl
və keçən il Rusiyaya pomidor ixracına baxsaq,
böyük fərq görərik. Əgər o qadağa
qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi
artıq götürülüb, - keçən il bizim
ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də,
hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan
əvvəl daha aşağı idi. Yəni, demək istəyirəm
ki, biz kənd təsərrüfatı ixracına yenidən
baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq ki, belə
xoşagəlməz hallarla üzləşməyək, həm
də kənd təsərrüfatı məhsullarının
çeşidini artırmalıyıq. Ənənəvi
bazarlar qalmaq şərti ilə biz yeni bazarlara
çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş
torpaqlarda kənd təsərrüfatı xüsusilə
bağçılıq sahəsində çox ciddi
inkişaf edə bilər. Çünki meyvə məhsulları
istənilən bazarda qəbul olunur. Burada ənənəvi
bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə
ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət
apara bilməz.
Tərəvəzə
gəldikdə, indi istixanalar var. Düzdür, indi burada iqlim
şəraiti də var, bizim tərəvəz təbii ki, daha
keyfiyyətli və daha ucuzdur. Ancaq, eyni zamanda, ənənəvi
bazarlarda bizim tərəvəzimizlə yerli məhsul rəqabət
apara bilər. Amma bağçılıqda, meyvə
istehsalında bizimlə heç kim rəqabət apara bilməz.
Üzümçülüyün
böyük potensialı var. Sovet dövründə
böyük üzüm bağları var idi. Mənə “Azərkosmos”dan
məlumat verilib ki, cəmi 1200 hektar üzüm bağından
qanunsuz yollarla məhsul götürülürdü. Amma
böyük taxıl sahələri var. Təqribən 100 min
hektar və ya 90 min hektar taxılçılıq
üçün nəzərdə tutulurdu. Bu, bizim
üçün böyük imkanlar yaradır. Siz də
baxın, bizə taxılçılıq üçün bu
qədər hektar lazımdır, yoxsa yox, bəlkə
başqa sahələrə yönəldək. Amma onu da bildirməliyəm
ki, bu, Ermənistan üçün böyük itkidir.
Çünki Ermənistanda, ümumiyyətlə, taxıl
altında təqribən 200 min hektar var idi, yəni, azad
edilmiş torpaqlarla bir yerdə. Ermənistanda təqribən
100 min və o vaxt işğal edilmiş torpaqlarda da təqribən
90 min. İndi onlar bundan məhrum olublar. Əlbəttə ki,
onların böyük problemləri, bizim isə böyük
üstünlüyümüz yaranacaq. Ona görə bu amilləri
nəzərə alın. Əlbəttə ki, azad edilmiş
torpaqlara qayıdacaq insanlar üçün də biz indi
tövsiyələr hazırlamalıyıq, məsləhətlər
verməliyik. Əlbəttə ki, orada subsidiyalaşma
ümumi sistemə inteqrasiya olunacaqdır. Ancaq dövlət, -
hələ ki, indi vətəndaşlar oraya qayıtmayıb,
- öz tərəfindən bütün bu işləri
görür və görməlidir. Biz, o cümlədən
payızlıq və yaz əkin mövsümlərinə
hazırlaşmalıyıq. Bizim kifayət qədər
imkanımız var ki, azad edilmiş torpaqlardan bu ilin
mövsümündə bol məhsul götürək.
Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Birincisi, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Bu stansiyalar işə başlayandan sonra bizə düşən enerji gücləri təqribən 100 meqavatdan çox olacaqdır. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Mənfur düşmən bu torpaqlardan çıxanda bütün su elektrik stansiyalarımızı da məhv edib. Ermənilər 13 su elektrik stansiyasını dağıdıblar, məhv ediblər. Görün, evləri yandırıblar, meşələri qırıblar, su elektrik stansiyalarını dağıdıblar, özlərini vəhşi kimi aparıblar. Eybi yoxdur, biz o stansiyaları yenidən quracağıq. Ona görə ərazilərin bərpası proqramında bu məsələ üçün vəsait ayrılmalıdır. Mütəxəssislər yerində baxmalıdırlar, təkliflər verməlidirlər. Əlbəttə ki, bu stansiyaların nə vaxt işə düşəcəyi ardıcıllığı müəyyən edilməlidir. Çünki hələ ki, orada əhali yoxdur. Bu stansiyaların işə düşməsi oraya əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşmalıdır. Amma bu işlər mütləq indidən görülməlidir. Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Digər layihə - 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır. Biz öz enerji potensialımızı gücləndiririk. İndi gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir və bu, bizim enerji potensialımızı gücləndirəcək. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır. Göstəriş verilib, artıq Şuşa şəhərinə iki xətt çəkilir, biri “Azərenerji”, digəri “Azərişıq” tərəfindən. Əlbəttə, biz bunu operativ qaydada icra etməliyik. Çünki hazırda Şuşada ancaq generatorlar işləyir. Amma azad edilmiş bütün torpaqlarda bizim enerji sistemimizə inteqrasiya edilmiş, bir-biri ilə bağlı olan enerji sistemi yaradılmalıdır. Bu sahədə həm görülmüş işlər, həm də planlar haqqında məlumat vermək üçün söz energetika nazirinə verilir.
x x x
Energetika naziri Pərviz Şahbazov çıxış edərək dedi:
-Təşəkkür edirəm, möhtərəm cənab Prezident.
44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan tarixi Qələbədən sonra digər sahələrdə olduğu kimi, energetika sahəsinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirmisiniz. Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir. Həmin vəzifələrin icrası üçün, ilk növbədə, enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır.
Cənab Prezident, Şuşa şəhərinə, Siz qeyd etdiyiniz kimi, 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək.
Energetika sahəsinin ötən ildəki fəaliyyəti ilə bağlı da qısa məlumat vermək istərdim. Cənab Prezident, giriş nitqinizdə də qeyd etdiyiniz kimi, OPEC+ məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 faiz azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 faiz artaraq 13,8 milyard kubmetr təşkil edib. Bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub. Siz qeyd etdiyiniz kimi, 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Bu, bir daha göstərdi ki, möhtərəm cənab Prezident, Sizin irəli sürdüyünüz bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1,15 milyard kilovat-saat olub. Elektrik enerjisi generasiya güclərinin yaradılması və bərpası sahəsində də iş davam edib. Belə ki, müvafiq proqramlar çərçivəsində, ümumilikdə 1300 meqavat güc bərpa olunub, 385 meqavatlıq “Qobu” elektrik stansiyasının və yarımstansiyasının tikintisi davam etdirilir. Yeni SCADA sistemi də qurulmaqdadır. Xarici investisiyaların cəlbi ilə istehsal gücü 550 meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür.
Qanunvericilik bazasının təkmilləşdirilməsi çərçivəsində dörd yeni qanun layihəsi hazırlanıb. Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının layihəsi üzərində iş aparılır. Cənab Prezident, elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması ilə bağlı Sizin irəli sürdüyünüz vəzifənin icrası məqsədilə qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanıb. Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcək. Növbəti layihə, “Günəş” layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu il mart ayının 1-dək yekunlaşdırılmalıdır və bu istiqamətdə də işlər aparılır.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.
Prezident İlham Əliyevin yekun nitqi
- Bizim 2021-ci ildə işlərimiz çoxdur, həm ənənəvi işlər, hansılar ki, dövlət investisiya proqramında təsbit olunub, eyni zamanda, azad edilmiş ərazilərdə görüləcək işlər, mən əsasən bu haqda sözümü demək istərdim. Çünki bizim ənənəvi infrastruktur layihələrimiz demək olar ki, başa çatmaq üzrədir. Əgər azad edilmiş torpaqları istisna etsək, indi qazlaşdırma səviyyəsi 96 faizə çatıbdır. Elektrik enerjisi ilə heç bir problem yoxdur, əksinə, mən Davos Forumunun hesabatını Azərbaycan xalqının diqqətinə çatdırdım, biz burada ikinci yerdəyik. Avtomobil yollarının böyük hissəsi artıq inşa edilib, qalan layihələr də plan üzrə gedir. Dəmir yolları xətləri və digər infrastruktur layihələri, o cümlədən suvarma ilə bağlı layihələr plan üzrə gedir və demək olar ki, başa çatmaq üzrədir. Ona görə bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Çünki Şuşa şəhərinə ənənəvi yollar hazırda bizim üçün o qədər də məqbul deyil. Düzdür, biz bu yollardan istifadə edirik. Ancaq biz bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə istifadə edirik - həm Laçın dəhlizindən, həm də Qırmızı Bazar ərazisindən. Gələcəkdə əlbəttə ki, biz bu yollardan da sərbəst şəkildə istifadə edəcəyik, o cümlədən Ağdam-Xankəndi-Şuşa yolundan da istifadə edəcəyik. Noyabrın 10-da imzalanmış Bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq və beləliklə, müəyyən müddətdən sonra bu yollardan getmək də problemli olmayacaq. Ancaq bu gün Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişi mütləq lazımdır və biz bu sahədə işlərə artıq start vermişik. O çox çətin layihədir, relyef də çox çətindir və xüsusilə indi hava şəraiti də imkan vermir. Ancaq Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur və hesab edirəm ki, nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcək.
Digər vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur. Bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir. Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq. Eyni zamanda, mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, - yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ bölgəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında. Eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir. İlk növbədə, bizim aviaşirkətimiz “AZAL” bu məsələ ilə bağlı ciddi işləsin ki, aeroport açılandan sonra dərhal bizim qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatı təmin edilsin.
Hesab edirəm ki, iki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək. Eyni zamanda, insanlar oraya qayıdandan sonra onların rahatlığı üçün də bunun böyük əhəmiyyəti olacaqdır.
Elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Bir daha demək istəyirəm, - indi nazir də məlumat verib, - həm ənənəvi, həm bərpaolunan enerji növləri orada geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcəkdir.
Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək.
Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək. Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək.
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün suvarma işləri sürətlə getməlidir. Bu barədə artıq danışıldı. Ən müasir suvarma sistemləri təşkil edilməlidir. Nəzərə alsaq ki, su mənbələri də kifayət qədər çoxdur.
Enerji təchizatı ilə bağlı artıq burada məruzə edildi, bütün göstərişlər verildi. Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq.
Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Çünki bizim Ermənistanla 100 kilometrlərlə sərhədimiz yaranıb. Yəni, artıq bu sərhəd bizim nəzarətimizə keçib. Orada bütün sərhəd infrastrukturu təşkil edilməlidir. Dövlət Sərhəd Xidmətinə müvafiq göstərişlər verilib. Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər. Gələcəkdə bu məsələyə də baxılacaq. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək.
Eyni zamanda, Azərbaycan Respublikası İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa edib. 132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb. Mən Xudafərin körpüsünə gedərkən bildirmişdim ki, bu sərhəd dostluq sərhədidir. Həqiqətən belədir. Amma sərhəd sərhəddir və sərhəd infrastrukturu mütləq yaradılmalıdır. Bu məsələlər üçün də vəsait ayrılmalıdır.
Şəhərsalma qaydalarının tətbiq edilməsi ilə bağlı artıq bütün göstərişlər verildi. Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Misal üçün bu ay ICESCO-nun nümayəndə heyətinin səfəri gözlənilir. Yaxşı olardı ki, nümayəndə heyətinin bəzi üzvləri azad edilmiş ərazilərə getsinlər, ermənilərin, Ermənistan rəhbərliyinin dağıtdığı məscidlərə də baş çəksinlər, o məscidlərin qalıqlarına da baxsınlar və bütün dünya müsəlmanlarına bu barədə daha dolğun məlumat versinlər. Nəinki dünya müsəlmanlarına, bütün dünyaya ki, bizim tarixi, dini abidələrimiz düşmən tərəfindən necə dağıdılıb.
Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək.
Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.
Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.
İl başlayıb, bizim hamımıza
uğurlar, Azərbaycan xalqına cansağlığı,
xoşbəxtlik arzulayıram. Keçmiş
köçkünlərə tezliklə öz doğma
torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan
dövləti əlindən gələni edəcək ki, bu
gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti
bundan sonra uğurla, inamla inkişaf edəcəkdir. Sağ
olun.
Azərbaycan.-2021.- 8 yanvar.- S.1-5.