Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
tabeliyində “Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya
Mərkəzi” publik hüquqi
şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən
Dördüncü Sənaye
İnqilabında Azərbaycan
Respublikasının mövqeyinin
gücləndirilməsi və
bu sahədə aparıcı ölkələr
arasında yer almasının təmin edilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin
tabeliyində “Dördüncü
Sənaye İnqilabının
Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Dördüncü Sənaye
İnqilabının Təhlili
və Koordinasiya Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan
Respublikası ilə Dördüncü Sənaye
İnqilabı sahəsində
fəaliyyət göstərən
beynəlxalq təşkilatlarla
əməkdaşlığı və bu sahədə
əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların
və layihələrin
təhlilini və koordinasiyasını həyata
keçirən publik hüquqi şəxsdir;
2.2. Mərkəzin
fəaliyyətinə ümumi
rəhbərliyi və
nəzarəti həyata
keçirmək məqsədilə
3 (üç) üzvdən
ibarət Müşahidə
Şurası yaradılır;
2.3. Mərkəzin
fəaliyyətinə cari
rəhbərliyi İcraçı
direktor həyata keçirir.
3. Mərkəzdə təsisçinin
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
3.1. Azərbaycan
Respublikasının Prezidentinə:
3.1.1. Mərkəzin yenidən təşkili və ləğvi;
3.1.2. Mərkəzin idarəetmə
orqanlarının yaradılması;
3.2. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyinə:
3.2.1. Müşahidə Şurasının
sədrinin və digər üzvlərinin, İcraçı direktorun
vəzifəyə təyin
və vəzifədən
azad edilməsi;
3.2.2. bu Fərmanın
3.1-ci bəndində qeyd
edilənlər istisna
olmaqla, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
4. Mərkəzin saxlanılması
və fəaliyyəti
nin təmin edilməsi, o cümlədən
müvafiq beynəlxalq
öhdəliklərdən irəli
gələn xərclərinin
ödənilməsi dövlət
büdcəsinin vəsaiti,
habelə fəaliyyətindən
əldə edilən gəlir, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına
həyata keçirilir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Mərkəzin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
6.1. Mərkəzin nizamnaməsini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;
6.2. Mərkəzin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;
6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 yanvar 2021-ci il
Azərbaycan.-2021.- 8 yanvar.- S.7.