Milli Kitabxanada “Bəxtiyar Sadıqov - 70” adlı virtual sərgi təqdim olunub
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi tamam olub. Bəxtiyar Sadıqov jurnalist və baş redaktor kimi Azərbaycan tarixinin, xüsusən XX əsrin sonlarında baş verən hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi rol oynayıb.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər tanınmış jurnalistin
yubileyi ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında təşkil olunan virtual sərginin təqdimatında
diqqətə çatdırılıb.
Qeyd edilib ki, dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və sosial məsələlər onun tez-tez toxunduğu mövzulardan olub. Onun publisistikası həmişə aktuallığı, müasirliyi, ümummilli mövqeyi, vətənpərvərliyi, mübarizliyi ilə seçilir. Bu xüsusiyyətlər daim yaradıcılıq axtarışında olan Bəxtiyar Sadıqovun məqalələrinin, müəllifi olduğu kitabların qayəsini təşkil edən dəyərlərdir.
Milli
Kitabxananın əməkdaşları tərəfindən
hazırlanan “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual
rejimdə istifadəçilərə təqdim edilib. Kitabxananın
rəsmi saytındakı virtual sərgidə
Bəxtiyar Sadıqovun məqalələri, müəllifi və
redaktoru olduğu kitablar, həyatı və
yaradıcılığı haqqında yazılar, fotoşəkillər
nümayiş olunur.
Azərbaycan.-2021.- 8 yanvar.- S.9.