Kəlbəcəri görməyən
gənclərin yurd sevgisi
Müzəffər Ordumuzun Bakıdakı Azadlıq meydanında keçirilən Qələbə paradına dünya baxdı, dost xalqlar sevindi, düşmən və onun arxasında dayanan qara qüvvələr bəlkə də hiddətləndi! Bizə zəfər yaraşır deyən Ali Baş Komandanımız İlham Əliyevlə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tribunada qoşa ulduz kimi türk dünyasına şəfəq saçmasından nəinki Bakı, Azərbaycan, dünyaya səpələnmiş 50 milyon soydaşımız qürur duydu.
Qarabağımıza sülh gətirən Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun bu yolda verdiyi şəhidlərimizin və qazilərimizin adları hərb tarixinə qızıl hərflərlə yazıldı. Unutmamalıyıq ki, Qələbəmizin qazanılmasında şəhidlərimizlə bərabər, qazilərimizin də qanı ana torpağa axıb: kimi qolunu, kimisi ayağını... bu yolda Vətənə qurban verib, sağlamlıqlarını itiriblər.
İkinci Qarabağ müharibəsinin qazisi Xətayi Quliyevlə Kəlbəcər rayonu 99 saylı orta məktəbdə eyni sinifdə oxumuşam. Kəlbəcərdə doğulmasaq da, valideynlərimizdən eşitdiklərimiz doğma ata yurdumuza qəlbimizdə sevgini birəmin artırıb.
Ali məktəbdə təhsil alsam da, bir neçə dəfə əlaqədar ünvanlara, səlahiyyətlilərə müraciət etdim, lakin məni döyüşə aparmadılar: “Hələ gözlə, çağıracağıq”,-dedilər. Təssüflənirəm ki, mən də sinif yoldaşım Xətayi ilə eyni səngərdə, ön cəbhədə, döyüşdə ola bilmədim. Uşaqlıqdan bir yerdə böyümüşük, əslən kəlbəcərli olsaq da, məcburi köçkünlük taleyimizlə əlaqədar Gəncənin Hacıkənd qəsəbəsində dünyaya göz açmışıq.
Xətayi Quliyevin ata-anası Kəlbəcər rayonunun Dərəqışlaq kəndindəndir. O, döyüşlərin ilk günündən könüllü olaraq ön cəbhəyə yollandı. Səhhətimlə bağlı onunla səngər dostu ola bilmədim. Lakin ötən hər gün Xətayinin, eləcə də onun döyüş dostlarının sağ-salamat olması, düşmən üzərində qələbə çalmaları üçün dua edirdim.
Xətayi Quliyevin atası Qəzənfər kişi də Kəlbəcərin mühasirə illərində könüllü olaraq ön cəbhədə qulluq göstərib, Qarabağ əlilidir. Vətənpərvər oğlu Xətayi də ilk dəfə Murovdağın azad edilməsi əməliyyatında yaralanıb. Tamamilə sağalmamış yenidən ön cəbhəyə qayıdıb. Bunu Türkiyənin “A Haber” televiziya kanalında Xətayini görcək öyrəndik. Ön cəbhədə Azərbaycan Ordusunun rəşadətindən, əsgərlərimizin, könüllülərimizin əzmkarlığından, düşmən əsarətində bir qarış da torpağımızın qalmayacağını əminliklə söyləməsi bir daha məni qürurlandırdı.
Dədə-babalarının yurdlarını görməsə belə, həmin cənnət guşələr üçün düşmənə layiq olduğu cavabı verənlərin hünəri qarşısında baş əydim. Xətayi Quliyev də doğma ata-anasının yanına qazi kimi qayıdıb. Bədənində gəzdirdiyi qəlpələrin ağrısını hiss etsə də, o, bunu büruzə vermir. Deyir ki, biz gənclər həmin yerlərdə doğulmadıq, lakin, dədə-babalarımız, ata-anlarımız oradan, tarixi yurdlarımızdan zorla qovuldular: “Dədə-babalarımızın doğulduğu yurdlar bizə dünyanın hər yerindən əzizdir. Son nəfəslərinədək gözləri yollarına dikili qaldı. Onlar yurd deyə-deyə dünyalarını dəyişdilər. Bu, bizə bir ağır dərd idi, heç kimlə bölüşməyir, içimizdə çəkir, qisas üçün fürsət axtarırdıq. Çox şükür, Ali Baş Komandanımızın döyüş əmri bizə o şəraiti yaratdı. Biz düşməndən nəinki Xocalının, Ağdabanın... qisasını aldıq, həm də tapdaqda qalan yurdlarımızı azad etdik. Döyüşlərə ürəklə, ölümün gözünə dik baxa-baxa atılırdı hamı: komandirlərimiz də, əsgərlərimiz də. Qarşıdakı düşməni o qədər aciz, qoxaq görürdük ki, bu da bizi qələbəyə daha çox ruhlandırırdı. Ona görə bizim irəliləməyimizdən düşmən vahimələnir, tab gətirə bilmirdi. Hərbi texnika və sursatlarını atıb qaçırdılar. Necə deyərlər, doğrudan da, biz onları iti qovan kimi qovurduq...”
Ələkbər
SADIQZADƏ,
Kəlbəcər
rayonu Otaqlı kəndinin sakini
Azərbaycan.-2021.- 8 yanvar.- S.10.