Döyüşkən xalqın igidlərindən biri

 

Xocalıda doğulmamış xocalılı Tural düşməndən qisasını aldı

 

 

Sentyabrın 27-də ermənilərin təxribatlarına qarşı əks-hücuma keçən müzəffər Azərbaycan Ordusu 44 gün ərzində böyük qələbə ilə düşmən tapdağı altında qalan torpaqlarımızı azad etdi. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə yüzlərlə gəncimiz böyük şücaət, mərdlik, igidlik göstərdi. Onlardan biri də vətənpərərliyi, torpağa bağlılığı ilə fərqlənən cəsur doyüşçü Tural Qəhrəmanovdur.

Əslən Xocalı rayonunun Cəmilli kəndindən olan Tural Ramiz oğlu Qəhrəmanov 26 aprel 1997-ci ildə Gəncənin Hacıkənd qəsəbəsində dünyaya göz açıb. 2004-2015-ci illərdə Xocalı rayonu Yaloba kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili müəllimliyi ixtisasına qəbul olunub. 2019-cu ildə ali təhsilini bitirib. Elə həmin ilin martında ailə həyatı qurub, iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ildə hərbi xidməti başa vurub. Lakin o, Vətən üçün bu peşənin necə əhəmiyyət daşıdığının həmişə fərqində olub. Buna görə də hərb peşəsinin ardınca getmək qərarına gəlib. Onu hərbçi peşəsinə yiyələnməyə sövq edən əsas səbəblərdən biri dədə-baba torpaqlarının düşmən tapdağından azad edilməsi idi.

Zamanı gəldikdə düşmənə zərbə vurmağı özünə borc bilən bu vətənpərvər gənc çox keçmədən öz arzusuna nail oldu. Öncədən xidmət etdiyi N saylı hərbi hissəyə müraciət edən Tural 24 sentyabr 2020-c il tarixdən “Həmlə” briqadasında müddətdən artıq həqiqi hərbi xidmətə başladı.

 27 sentyabrda Vətən müharibəsi başlayan vaxtdan Tural Qəhrəmanov öz cəsarəti, çevikliyi ilə seçilib. O, Murovdağ istiqamətində, Ömər zirvəsi uğrunda gedən şiddətli döyüşlərdə qorxmaz hərbçi kimi irəli atılıb. Daha sonra Tural Füzuli, Xocavənd və Kəlbəcər istiqamətlərində hərbi əməliyyatlarda igidliklər göstərib. Füzulinin Yuxarı Veysəlli kəndinin, Xocavəndin və Kəlbəcərin yüksəkliklərinin alınmasında rəşadətlə vuruşub. 10 noyabr kapituliyasiyasından sonra şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında iştirak edib. Hazırda Kəlbəcərdəki N saylı hərbi hissədə xidmətini davam etdirməkdədir.

Tural Qəhrəmanovun Uğur adlı oğul balası var. Balaca Uğur  adı kimi Vətəninə atasına uğur gətirib.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən, Füzuli Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik şücaət nümayiş etdirmiş TuralFüzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görəKəlbəcərin azad edilməsinə görəmedalları ilə təltif edilib.

Bu, Ali Baş Komandanımız İlham Əliyevin cəsur, vətənpərvər oğulların Vətən müharibəsindəki xidmətlərinin unudulmamasının bariz nümunəsidir. Azərbaycan Prezidentinin sərəncamları ilə təltif edilən igidlərimizin hamısı bu Qələbə sevincini yaşamasalar da, onlar xalqımızın yaddaşında əbədi qalacaqlar. Həmin təltif siyahılarında sıravidən generaladək döyüşərək Qarabağa sülh gətirən, ərazilərimizi işğalçılardan azad edən igidlərin adlarının olması bir daha Xalq-Ordu-Dövlət birliyi deməkdir.

 

 

 

Qalib BƏYMƏMMƏDOĞLU,

“Xocalının səsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Azərbaycan.-2021.- 8 yanvar.- S.10.