Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti qürur mənbəyimizdir

 

 

Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyubbu imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq, xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır”.

Yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən Prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı vurğulayıb ki, əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan Ana dilimizdir, Ana dilimizin - Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri olduğunu qeyd edən Prezident İlham Əliyev bir sıra vacib məsələləri nəzərə çatdırıb. Qeyd olunub ki, son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Dövlət başçısı bildirib ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla - Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır.

Azərbaycanın zəngin ədəbiyyatı var. Müxtəlif dönəmlərdə yaşamış böyük şairlərimiz xalqı dünyada tanıdıblar. Bu ilimiz onlardan birinin - dünyaşöhrətli şair Nizami Gəncəvinin adı ilə bağlı olacaq.

Azərbaycanın ədəbiyyatı kimi, musiqi sənəti də zəngindir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən musiqi sənətimiz bizi dünyada tanıdır.  Azərbaycan xalqı, Azərbaycan dövləti milli sərvətimiz olan muğama, musiqi sənətimizə böyük dəyər verir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələrinin, beynəlxalq muğam festivallarınin təşkili musiqi mədəniyyətimizin təbliğinə və inkişafına böyük töhfələr verir.

Prezident İlham Əliyev fəxrlə söyləyib: “Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə üstünlük verirlər, yəni bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Mən çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar. Bildiyiniz kimi, mənim sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır - Bakı şəhərində, AğdamFüzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır”.

Prezident İlham Əliyev təkrarolunmaz aşıq sənətindən də söz açıb. Bildirib ki, haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. O, milli musiqimizin çox zəngin olduğunu, geniş auditoriya cəlb edə bildiyini söyləyib.

Azərbaycan xalçaçılıq sənəti ilə də dünyada tanınır. Dövlət başçısı açıqlayıb ki, dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil, onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyinin bizim mədəni zənginliyimizi göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu sənətə göstərilən qayğıdan da danışıb. İllər öncə muğam sənətimizə, eləcə də xalçaçılığa olan laqeyd münasibət bu sahələrin inkişafına mane olur, yavaş-yavaş unudulmasına yol açırdı. Dövlət başçısı o vaxtlar yaranmış bir problemi də xatırladıb: “Gənclər xalçaçılıqla məşğul olmağa həm həvəsli deyildilər, həm də ki, imkanları yox idi. Biz bu imkanları yaratdıq. Xalçaçılıq sənəti əbədi yaşamalıdır”.

Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və digər memarlıq abidələrimiz Azərbaycan mədəniyyətinin böyüklüyünün, möhtəşəmliyinin nümunəsidir. Sevindiricidir ki, ölkəmizdə son illər ərzində də dəyərli müasir memarlıq əsərləri yaradılıb.

Azərbaycanda dini dəyərlər hər zaman yüksək tutulur. Son illər dövlət başçısının göstərişi ilə dini abidələrimiz simasını qorumaq şərtilə əsaslı təmir olunub, bir çoxları yenidən tikilib. Prezident İlham Əliyev deyib: “Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur”.

Ötən il azərbaycanlıların yurd həsrətinə son qoyulub. 44 gün davam edən Vətən müharibəsində qazandığımız zəfərlə otuz ilə yaxın davam edən erməni işğalı başa çatıb. Ancaq erməni işğalçıları tərəfindən həmin yerlər illər boyu talan edilib, evlərimiz, memarlıq nümunələrimiz dağıdılıb. Yerləyeksan edilən tikililər arasında Azərbaycan xalqının mədəni sərvəti olan tarixi abidələrimiz, məscidlərimiz də var. İşğaldan qurtulmuş yerlərimizdə həyat canlandıqca bu sahədə də bərpa, tikinti işlərinə başlanılacaq.

Hazırda bütün dünya COVID-19 bəlası ilə mübarizə aparır. İlham Əliyev ümid etdiyini bildirib ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya yavaş-yavaş yoxa çıxacaq. Bundan sonra həyatımız yenidən öz axarına düşəcək. Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması üçün müxtəlif tədbirlər həyata keçiriləcək. Yenidən müsabiqələr, festivallar təşkil olunacaq. Prezident açıqlayıb ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Prezident İlham Əliyev bir zamanlar ənənəvi olan, son illər erməni işğalı nəticəsində isə keçirilməyən mədəni tədbirlərin də müjdəsini verib. O, yeni təyin etdiyi mədəniyyət nazirinə bu məsələlərlə bağlı da tapşırıqlarını çatdırıb: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. “Xarıbülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir - “Xarıbülbül” festivalı və Vaqif poeziya günləri”.

Azərbaycan üçün yeni bir dövr başlayır. Bütün sahələrdə yeni işlər planlaşdırılır. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə Füzulidə beynəlxalq aeroport tikiləcək. Prezident açıqlayıb ki, indi yerlər seçilir, minalardan təmizləmə işləri aparılacaq.

Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bütövlükdə dağıntıların siyahıya alındığını deyib: “Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”.

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 9 yanvar.- S.1;5.