Azərbaycan pandemiyaya qarşı çevik tədbirlər görür

 

 

Artıq 1 ildir ki, dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Buna baxmayaraq, COVID-19 hələ də Yer üzündə yayılmaqda davam edərək sürətlə yoluxma sayını artırır, hər gün yüz minlərlə insan bu təhlükəli virusa yoluxur.

Dünyanın ümumi bəlasına qarşı Azərbaycanda hərtərəfli mübarizə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlətimiz pandemiyanın qarşısının alınması istiqamətində ilk zamandan etibarən qətiyyətli və çevik tədbirlərə start verib.

COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən, virusun hələ sərhədlərimizdən xeyli uzaqda olduğu zamandan dövlət başçısının tapşırığına əsasən, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb.

Təhlükədən maksimum qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınaraq, sərhədlərimiz qapanıb, bütün təhsil müəssisələrimiz bağlanıb, kütləvi tədbirlər, idman yarışları təxirə salınıb.

 

 

 

Qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirilib

 

 

 

Tez bir vaxtda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi isə pandemiyaya qarşı mübarizəni xeyli gücləndirib. Virusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmasında vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsi baxımından böyük rol oynayan modul tipli xəstəxanalar inşa edilib. Ümumilikdə, respublikamızda 10-dan çox yeni müasir xəstəxana tikilib ki, bunun sayəsində virusa yoluxan xəstələr üçün 10 mindən çox çarpayı yeri yaradılıb.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, eyni zamanda maska istehsalı müəssisəsinin açılması, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilib, təcili tibbi yardım avtomobillərinin təminatı kimi mühüm əhəmiyyətli işlər həyata keçirilib.

Qısa zaman ərzində laboratoriyaların sayı 8 dəfə artırılıb. Qeyd edək ki, ötən müddət ərzində respublikamızda koronavirusun aşkarlanması üçün, ümumilikdə, 2 milyondan çox test aparılıb. Bu addımın atılması isə xəstəliyin erkən aşkarlanmasında və lokallaşdırılmasında müstəsna rol oynayır.

Paralel olaraq həkim çatışmazlığının qarşısının alınması istiqamətində mühüm işlər görülüb. Bəzi ölkələrlə bu sahədə əməkdaşlıq üçün operativ danışıqlar aparılıb, 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət edilib.

Görülən tədbirlərin nəticəsidir ki, indiyə qədər virusa yoluxan 200 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb. Onu da bildirək ki, bu müddət ərzində koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırılıb, əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar.

 

 

 

Vəziyyət nəzarətdədir

 

 

 

Birbaşa ölkə rəhbərinin ciddi nəzarəti və tapşırıqlarına əsasən, pandemiyaya qarşı həyata keçirilən mühüm çevikoperativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb. Əminliklə demək olar ki, koronavirusla əlaqədar dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qoruyub. Azərbaycan COVID-19-la mübarizəni bütün sahələrdə uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer alıb.

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatdakı müşavirədə Prezident İlham Əliyev də vurğuladı ki, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət tam nəzarətdədir: “Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu”.  Vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəlmiş məqsədyönlü strategiya hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edilir. Ümumdünya Səhiyyə Təşkilatı bir neçə dəfə bu sahədə respublikamızda atılan addımlara yüksək qiymət verib, Azərbaycanın təcrübəsini digər ölkələrə nümunə göstərib.

 

 

 

İqtisadiyyata 2,5 milyard manatdan artıq dəstək göstərilib

 

 

Dünya ölkələrinin təcrübəsindən bəlli olduğu kimi, COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində görüləcək ən effektiv vasitələrdən biri sərt məhdudiyyətlərin tətbiqidir. Buna görə ölkəmizdə yoluxma səviyyəsi nəzərə alınaraq virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm addımlar atılıb, ümumi karantin rejimi yanvarın 31-dək uzadılıb. Ayın 18-dək isə sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilib.

Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olub. Buna görə də pandemiyadan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Karantin dövrü ərzində pandemiyadan əziyyət çəkən insanlara maddisosial yardımlar edilir.

Bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata, ümumilikdə, təqribən 2,5 milyard manatdan artıq dəstək göstərilib. Xüsusilə işsiz yerini müvəqqəti itirmiş şəxslərə dörd dəfə 190 manat birdəfəlik ödəmə verilib. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.

Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Prezidentin fərmanı ilə yaradılmış xüsusi fonda isə 114 milyon manatdan artıq vəsait yığılıb.

 

 

 

Əhalinin təhlükəsizliyi və sağlamlığı prioritetdir

 

 

 

Yaxın dövrdə ölkəmizə COVID-19-a qarşı vaksinin gətiriləcəyi də gözlənilir. Yanvarın 6-da keçirilən videoformatdakı müşavirədə Prezident İlham Əliyev dedi: “Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.

Göründüyü kimi, respublikamızda qlobal böhranın aradan qaldırılması istiqamətində görülən işlər infeksiyanın nəzarət altında saxlanmasına, əhalinin təhlükəsizliyinin və sağlamlığının etibarlı təmininə yönəlib.

Vətəndaşlar da qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, sadə gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalı, ehtiyac olmadıqda evdən çıxmamalıdırlar.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 9 yanvar.- S.1;6.