Azərbaycan
diplomatiyası keçən il zirvədə
oldu
Yola
saldığımız 2020-ci il ölkəmizin
həm qədim, həm də müasir tarixində möhtəşəm
zəfər ili kimi yadda qaldı. 44 gün davam
etmiş Vətən müharibəsi 30 ilə yaxın erməni
işğalı altında qalmış əzəli
torpaqlarımızın düşmən tapdağından
qurtulması ilə yaddaşlara həkk olundu.
Yeni tip
koronavirus pandemiyasının dünyanı çənginə
aldığı ağır dövrdə səbir kasası
çoxdan dolmuş Azərbaycan xalqının sosial
sifarişi ilə Silahlı Qüvvələrimiz təcavüzkar
Ermənistanın ardı-arası kəsilməyən təxribatlarına
birdəfəlik son qoymaqdan başqa çıxış yolu
görünmədiyindən Prezident, Ali Baş Komandan İlham
Əliyevin əmri ilə hərəkətə keçib
düşmənin daşını daş üstündə
qoymadı.
Azərbaycan rəhbərliyinin belə bir qəti qərarı
erməni təcavüzkarının başını
sığallayan müəyyən beynəlxalq dairələri
çaş-baş saldı. Rəsmi İrəvan
və Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində
vasitəçilik edən böyük dövlətlər
hesab edirdi ki, Bakı işğal altında qalan ərazisini hərbi
güc tətbiq etməklə işğalçılardan təmizləməyə
cəsarət etməyəcək, yaranmış reallıqla əvvəl-axır
barışmalı olacaq. Hərçənd Prezident
İlham Əliyev dəfələrlə
xatırlatmışdı ki, münaqişənin hərbi həlli
yolu da var. Bakının zaman-zaman səsləndirdiyi belə bəyanatlara
cavab verilirdi ki, Azərbaycan müharibə barədə
düşünməməlidir, çünki silaha əl atsa,
nail olduğu
inkişaf tempindən geri qalar.
Təcavüzkar Ermənistan da güclü
havadarlarına bel bağlayıb ümid edirdi ki, Azərbaycanla
yenidən silahlı qarşıdurma yaransa, təcavüzkar
dövlətin havadarları dərhal ayağa qalxıb İrəvanın
yanında yer alacaqlar. Lakin Ermənistan faşist rejimi anlamaq istəmirdi
ki, hər dövlətin öz milli maraqları var və bu
maraqları kiməsə qurban vermək fikrində deyil. Azərbaycan Cənubi Qafqazda kilid dövlət kimi
mövqe qazanmışdı və onunla hesablaşmaq məcburiyyətində
qalan ölkələrin sayı get-gedə artırdı.
Üstəlik, Birinci Qarabağ müharibəsindəki
dövrdən fərqli olaraq Azərbaycan güclü ordu
yaratmışdı və onun Silahlı Qüvvələri məqam
gələn kimi işğal altındakı ərazilərini
erməni işğalçılarından təmizləmək
iqtidarında idi. Eyni zamanda təcavüzkar
tərəf belə bir mif yaratmışdı ki, Azərbaycan
əsgərinin erməni təcavüzkarı ilə
döyüşmək hünəri yoxdur və ona görə
də müharibənin yenidən alovlanmasını gözləmək
yersizdir.
Əslində
düşmənin özü Azərbaycan Ordusunun hərəkətə
keçməsinə fürsət verdi: təcavüzkarın
növbəti təxribatı onun darmadağın olması ilə
nəticələndi. Təbii ki, Vətən
müharibəsinin gedişində Ermənistanın
havadarları əl-ayağa düşüb “ərköyün
uşağ”ını xilas etməyə cəhd göstərdilər.
ATƏT-in Minsk qrupunun həmsədri qiyafəsi
geymiş Fransa xüsusi canfəşanlıq nümayiş
etdirir, Azərbaycan Ordusunu hər vəchlə
dayandırmağa çalışırdı. Qərbin bir sıra digər dövlətləri də
susmur, Ermənistan-Azərbaycan münaqişəsi cəbhəsində
atəşkəsə nail olmaq üçün dəridən-qabıqdan
çıxırdı.
Belə bir şəraitdə Azərbaycan Ordusu ilə
yanaşı, Azərbaycan diplomatiyası da hərəkətə
keçdi. Ayrı-ayrı dövlətlər,
bütövlükdə dünya ictimaiyyəti hadisələrin
mahiyyəti barədə yetərincə məlumatlandırıldı,
erməni tərəfinin uydurmaları ifşa edildi. Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı
başlayandan bəri bəyan edirdi ki, Azərbaycan hərbi əməliyyatı
dayandırmağa hazırdır, bir şərtlə ki, Ermənistan
tərəfi işğal etdiyi torpaqlardan çıxmaq
qrafikini təqdim etsin. Məlum olduğu kimi, Azərbaycan
istəyinə nail oldu və ötən il
noyabrın 10-da imzalanmış Azərbaycan-Rusiya-Ermənistan
müştərək Bəyanatına uyğun olaraq
Dağlıq Qarabağ bölgəsinin ətrafında
işğal altında qalmaqda olan üç rayon - Ağdam,
Laçın və Kəlbəcər döyüşsüz
Azərbaycana qaytarıldı.
Ümumiyyətlə, Vətən müharibəsinin
gedişində Azərbaycan əsgəri ilə bərabər,
Azərbaycan diplomatiyası da vuruşurdu. Prezident
İlham Əliyev diplomatik mübarizənin ön səngərində
idi. Dövlət başçısı
istər ayrı-ayrı ölkələrin rəhbərləri
ilə telefon danışıqlarında, istərsə də
dünyanın çoxsaylı media orqanlarına müsahibələrində
həqiqəti dünya ictimaiyyətinə
çatdırır, Ermənistan və onun
havadarlarının irəli sürdükləri iddiaların əsassız
olduğunu sübut edir, onların kütləvi informasiya vasitələrini
işə salıb Azərbaycana qarayaxma kampaniyasını
puç edirdi.
Azərbaycanın bədxahları ordumuzun ard-arda
qazandığı qələbələrə kölgə
salmaq üçün cürbəcür uydurmaları
dövriyyəyə buraxmaqdan çəkinmirdilər. Bu istiqamətdə
Fransanın hərəkətləri xüsusilə qərəzli
görünürdü. Sözügedən dövlət
beynəlxalq vasitəçi kimi neytrallığını
tamamilə unudub Ermənistanın ekspansionist planlarını
birmənalı şəkildə dəstəkləyir, Azərbaycanın
suverenliyini açıq-aşkar şübhə altına
alır, Dağlıq Qarabağdakı
separatçı-terrorçu rejimi az qala
beynəlxalq hüququn subyekti kimi təqdim etməyə
çalışırdı.
Fransa prezidenti Emmanuel Makronun bu məzmunda bəyanatları
Bakının sərt reaksiyası ilə
qarşılaşdı. Prezident İlham Əliyev fransız həmkarının
nəzərinə çatdırdı ki, münaqişə
zonasında döyüş əməliyyatlarının yenidən
başlamasına Ermənistan rejiminin qeyri-konstruktiv mövqeyi
səbəb olmuşdur. Belə ki, rəsmi
İrəvan şüurlu şəkildə
danışıqlar prosesini pozmuşdur. Ermənistan
rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistandır”
bəyanatı danışıqlara ciddi zərbə
vurmuşdur. Digər tərəfdən,
“Azərbaycan Dağlıq Qarabağla danışıqlar
aparmalıdır” bəyanatı danışıqlar
formatını dəyişdirmək cəhdidir ki, bu da qəbuledilməzdir.
Belə bir yanaşmanı ATƏT-in Minsk qrupu da
rədd etmişdir.
Erməni
“bacı”sını düşdüyü ağır vəziyyətdən
çıxarmağa çalışan Fransa həddini
aşanda Prezident İlham Əliyevin kəskin bəyanatı
illə qarşılaşdı: “Kiminsə tarixi, hüquqi Azərbaycan
torpağında erməni dövləti yaratmağı bizdən
tələb etməsi heç bir məntiqə, heç bir ədalətə
sığmır. Sizin bizim torpağımızda nə
işiniz var? Min kilometrlərlə məsafədə
yerləşən ölkələr indi qanunlar qəbul edirlər,
parlamentlər bu məsələni müzakirə edirlər.
Nə işi var Fransa parlamentinin bizim məsələ
ilə əlaqədar? Neçə ildir
Fransa Minsk qrupunun həmsədridir? Daşı
daş üstə qoyub? Bir məsələnin
həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra
görün nələr baş verir? Fransa
Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ
tanınsın. Sizin onlardan xoşunuz gəlirsə,
verin Marsel şəhərini, onun adını dəyişdirin,
onlara orada ikinci dövlət yaradın. Amma bizim
işimizə heç kim qarışa bilməz”.
Fransa və Ermənistanın digər havadarları Azərbaycanın
haqq işini başqa istiqamətlərə yönəltməkdən
də çəkinmirdilər. Məsələn, guya
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
və ona bitişik rayonlarında xristian irsinə təhlükə
yarana bilər və ona görə də müvafiq tədbirlər
görülməlidir. Bu iddiaya ifrat həyasızlıqdan
başqa ad vermək mümkün deyil. Axı,
bütün dünyaya, o cümlədən Fransa və ona dəm
tutan Rusiyaya yaxşı məlumdur ki, Azərbaycan tolerant
ölkədir, burada hansısa dini dözümsüzlükdən
söhbət gedə bilməz. O da məlumdur ki, Azərbaycan
rəhbərliyi nəinki ölkə daxilində, eləcə
də xaricdə, o cümlədən Fransada xristian məbədlərinə
qayğı ilə yanaşır, onların təmir və bərpasına
vəsait ayırır. Görəsən, bu, nə
tez Makronun yadından çıxdı? Azərbaycan
tarixinin hansı mərhələsində yerli əhali dini,
yaxud etnik azlıqlara başqa gözlə baxıb?
Hamı bilir ki, belə bir faktı heç kim
axtarıb tapa bilməz.
Bədxahlarımız Vətən müharibəsinin gedişində Azərbaycana qarşı başqa bir ittihamla da “silahlanmışdılar”: guya ki, Azərbaycan Ordusunun sıralarında Yaxın Şərqdən, daha doğrusu, Suriyadan gətirilmiş terrorçular vuruşurlar. Özü də heç bir dəlil-sübut gətirmədən. Buna deyirlər ki, adımı sənə qoyum, səni də yana-yana. Amma bu cür cəfəng uydurmalar, ağ yalanlar qarşısında Azərbaycan yana-yana qalan deyildi. Prezident İlham Əliyev dünyanın bir sıra aparıcı KİV-inə verdiyi müsahibələrdə bu sərsəm iddianı qətiyyətlə rədd edirdi: “Fransa Prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırmışam. Əvvəla, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var”. Dövlət başçısı həmsöhbət olduğu xarici jurnalistlərə xatırladırdı ki, Azərbaycan xaricdən başıpozuq silahlı birləşmələr gətirməyə ehtiyac duymur, çünki ehtiyac yarananda ehtiyatda olan on minlərlə adamı cəlb etmək mümkündür.
Eyni zamanda Azərbaycana da, onun bədxahlarına da sirr deyildi ki, Dağlıq Qarabağda Silahlı Qüvvələrimizə qarşı təkcə Ermənistan ordusu yox, həm də xaricdən gəlmiş muzdlu silahlılar vuruşurdular. Prezident İlham Əliyev bu məqamı da beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır. Dövlət başçısı bildirirdi ki, Ermənistanın əcnəbi silahlı muzdlulara ehtiyacı var, çünki bu ölkənin əhalisinin sayı ildən-ilə azalır, indi 2 milyon nəfərdən çox deyil: “Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır”.
Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın müvafiq hakimiyyət orqanları Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatı zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyi göstərilməsinin qarşısının almaq məqsədilə “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlayaraq BMT-nin üzvü olan ölkələrdə maliyyə monitorinqi həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim etmiş, fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlər görməyi tələb etmişdir. Amma Azərbaycana qara yaxmaqdan başqa heç bir iş-güc tapa bilməyən məlum dairələr hələ də bu faktlardan yan keçib susur. ATƏT-in Minsk qrupundan da səs çıxmır. Azərbaycanın belə bir vasitəçilik missiyasına bundan sonra, çox güman, ehtiyacı qalmayacaq.
Bütövlükdə ötən il Azərbaycan diplomatiyası zirvədə oldu. Dövlətimiz haqq işini ordusu ilə yanaşı, diplomatiyası ilə müdafiə etdi. Bu, xarici siyasətimizin parlaq qələbəsi idi. Eyni zamanda Azərbaycan Vətən müharibəsinin gedişində həm dostlarını, həm də düşmənlərini bir daha tanıdı. Dostlar çox idi, düşmənlər isə iqtisadi-hərbi baxımdan güclü olsalar da, ədaləti üstələyə bilmədilər. Azərbaycanın haqq işinə qarşı çıxanlar heç nə qazanmadılar, onlar ölkəmizin timsalında sadiq dost, etibarlı tərəfdaş itirdilər.
Allahverdi
MEHDİYEV
Azərbaycan.-2021.- 9 yanvar.- S.3.